Əsərin mətnini
bağlı olduğu tarixçədən kənar tədqiq
etmək mümkünsüzdür
Aslan Salmansoy:
“Yazıldığı dövr, dil və əlifbadan, eləcə
də janrdan asılı olmayaraq, bütün bədii əsərlər
izaha, şərhə möhtacdır”
Müsahibimiz Səməd Vurğunun "Seçilmiş əsərləri” (Şərq-Qərb – 2016) nəşrinin tərtibçisi və nəşrin şərhlərinin müəllifi filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoydur. Aslan müəllimlə bu elmi nəşr haqqında ətraflı söhbət etdik:
– Sizin
hazırladığınız kitab S.Vurğunla eyni dövrdə
yaşayıb-yaradan şairlərin kitablarından tamamilə
fərqlənir: belə ki, şairin müasirlərinin
kitabları, yalnız əsərlərin mətnlərini
oxuculara çatdırdığı halda, Sizin tərtib
etdiyiniz kitabın, təxminən, üçdə biri izahat və
biblioqrafik məlumatlardır. Bunu nə ilə izah edərdiniz?
– Çoxları,
təkcə, qədim və orta əsr mətnlərinin izaha
ehtiyacı olduğunu güman edirlər:
düşünürlər ki, müasir şair və
yazıçılar, o sıradan Səməd Vurğun da bizə,
heç də uzaq olmayan bir dövrdə
(gözümüzün qabağında!), üstəlik də
büllur kimi saf, ana dilimizdə yazıb-yaratdığından
onun əsərlərində oxucuya qaranlıq qalan məqamlar
olmaz.
Əslində isə, belə deyil: doğrudur,
hər bir bədii əsər öz zamanının,
mühitinin məhsulu olduğu üçün,
yarandığı dövrün ideoloji, mənəvi-əxlaqi
və nəzəri-estetik xüsusiyyətlərinin
daşıyıcısı funksiyasını yerinə yetirir.
Bu səbəbdən də əsəri yarandığı
dövrün, mühitin
insanları sonrakılardan daha yaxşı anlayır və dərk
edir: istər nəzəri-struktur, simvolika və semiotik elementlər,
istər dil-imla və qrafik aspektlər, istərsə də,
sırf ideoloji baxımdan olsun, fərqi yoxdur. Əsərlər
yarandığı dövrdən uzaqlaşdıqca, onların
anlaşılması və anladılması da bir o qədər
çətinləşir. Bu mənada ortaçağ, eləcə
də, XVIII-XIX əsrlərdə və XX əsrin əvvəllərində
yaranan ədəbiyyatın, həm dilinin
ağırlığı, həm də sadaladığımız
digər aspektlərdən şərhə ehtiyacı daha
çoxdur. Təkrar edirik ki, mətndəki sözlərin
başa düşülən olması mətnin məzmununun
anlaşılmasında böyük əhəmiyyət kəsb
edir – bunu heç kim inkar etmir və edə də bilməz.
Amma o da gerçəkdir ki, əsərdəki sözlərin
anlaşılan olması mətnin məzmununun tam, axıradək
dərk olunmasına kifayət etmir. Mətnin sözləri
başa düşülə bilər, məzmunu, ideyası,
poetik fiqurları, simvolları isə yox. Deyilənlər, əsərlərində
anlaşılmayan sözə, demək olar ki, təsadüf
edilməyən ustad şair S.Vurğunun əsərlərinə
də aiddir və konkret nümunələr təqdim etməklə
qənaətimizi təsdiq edəcəyik. Amma əvvəlcə
nəzərə alınması zəruri olan bir fakta da diqqət
yönəltmək istəyirik.
Məlumdur ki, bədii əsərlər, təkcə filoloqlar yox, bütün ədəbiyyatsevərlər üçün yazılır və çap edilir. Oxucuların içərisində müxtəlif peşə adamları, tələbələr və şagirdlər də olur, onların isə ədəbiyyat haqqındakı bilgiləri tamamilə fərqlidir. Digər tərəfdən də, son yarım əsrdə humanitar elmlərin, belə demək mümkünsə, "differensiallaşması” – arix-filologiyanın tarixə, ədəbiyyatşünaslığa və dilçiliyə, onların özlərinin də bölmə və yarımbölmələrə ayrılması filoloqların özlərinin də bilik dairəsini xeyli məhdudlaşdırıb – dilçi ədəbiyyatşünaslığı, ədəbiyyatşünas dilçiliyi, hətta, ədəbiyyatşünaslığın, yaxud da dilçiliyin bir şöbəsini bilən digərlərini yaxşı bilmir. Təbii ki, bu "innovasiya” ədəbi mətnlərin anlaşılmasında da problem yaradır. Bu səbəbdən də bədii əsərləri dərk etmək üçün kitablarda elmi-köməkçi aparatın (ilk növbədə izahların) yerləşdirilməsinə, təkcə digər peşə adamlarının, yaxud, şagird və tələbələrin deyil, filoloqların da ciddi ehtiyacı var.
İndi isə yuxarıda dediklərimizi təsdiqə
S.Vurğunun 1934-cü ildə qələmə
aldığı bir qitədən başlayaq:
Üzərimdə qara-qara,
İlan başlı buludlar var.
Gəril, sinəm, hücumlara,
Ayğır dalınca toz qopar.
Bir il sonra isə şair bu qitəni qələmə
alıb:
Döyür pəncərəmi qışın rüzgarı,
Vaxtsız ölümmüdür üstümə gələn?!
Çəkilsin gecənin qaranlıqları,
Ömrə son sözümü deməmişəm mən,
Vaxtsız ölümmüdür üstümə
gələn?!
Göründüyü kimi, bu qitələrdə mənası anlaşılmayan bircə söz belə yoxdur. Amma, oxucuların əksəriyyəti bilmir ki, şair "ilan başlı qara bulud” deyərkən nəyi nəzərdə tutur, ona kimlər, niyə hücum edir? Yaxud, "ömrə son sözünü deməmiş” gənc şairin (bu qitəni yazarkən S.Vurğun 29 yaşın içindəydi) pəncərəsini niyə "vaxtsız ölüm” döyür? O, nədən, niyə narahatdır? Şair "gecənin qaranlıqları” deyərkən nəyə, yaxud, kimlərə işarə edir?
Şair qəzəllərindən birində deyir:
Xoşbəxt elimin, yurdumun öz Vurğunuyam mən,
Bundan da gözəl bir daha dövran ola bilməz.
Əgər, o, doğrudan da "xoşbəxt
elinin xoşbəxt” şairidirsə, onda bu misralar nədir:
... Fəqət, durur gözlərimin qarşısında bu iblislər,
Ürəyimdə külək əsir, yarpaq düşür, çiçək solur.
Gecəm keçir xəyal ilə, sual verir mənə səhər,
Hansı şair, hansı qələm öz
vaxtında xoşbəxt olur?
Yaxud:
Böyük bir hünərim yoxdur, bilirəm,
Bəzən öz-özümə baxıb gülürəm.
Artıq can üstəyəm, artıq ölürəm,
Şöhrətim quru bir səsdir, a
"dostlar”.
Və yaxud:
El istər hər sözüm, şerim cahanda bir şüar olsun,
Paxıllar cəhd edirlər ki, sözüm gülzarı xar olsun.
... Rəzillər can atırlar ki, rübabım sınsın aləmdə,
Nəsibim, taleyim, haqqım – soyuq bir intihar
olsun.
Oxucu bu misralarda da hər bir sözün mənasını
başa düşür, amma şairin biri digərini təkzib
edən fikirlər irəli sürməsinin – bir tərəfdən
"xoşbəxt elinin Vurğunu” olmasından fəxarət
duymasının, digər tərəfdən faciələr
içində çırpınmasının – öz
vaxtında xoşbəxt olmamasının (ikili ömür
yaşamasının) səbəbini anlamır. Bilmir ki,
"ağ günlər şairi” kimi təbliğ və təlqin
edilən "xoşbəxt şair”in "gözlərinin
qarşısında duran iblislər”, şöhrətini
"quru səs”ə döndərənlər, intihara təhrik
edənlər kimlərdir, hansı səbəbdir? Yaxud, niyə
şair çox vaxt əsərlərində zamanın onu
"dəryada yelkən kimi qərq edəcəyini” (Məni
yelkən kimi qərq etsə də, dəryada zaman),
"ömrünün bada gedəcəyini” (Bir qonağam bu
dünyada; Bir gün ömrün gedər bada),
ölümün "əli baltalı cəllad” kimi
başı üzərində dolaşdığını
(Başımın üstünü kəssə də
ölüm; Sağ əli baltalı bir cəllad kimi) dilə
gətirib, xof, təhdid və təzyiq altında
yaşayıb?
Bu misralardakı S.Vurğunu oxucu izahsız
tanıya bilirmi? Bizcə, yox! Çünki, oxucuya S.Vurğun
"sovet quruluşunun tərənnümçüsü,
ağ günlər şairi...” kimi təqdim və təlqin
edilib. Təqdim etdiyimiz parçalardakı Vurğun isə
"oxucunun tanıdığı” Vurğun deyil.
Şübhəsiz, bu əsərlər bica yerə
yaranmayıb və onların hər birinin səbəbi, həm
də ciddi səbəbi var. Bu səbəblərin müəyyənləşdirilməsi,
başqa sözlə, şairin nə demək istədiyinin
anlaşılması və anladılması isə,
yuxarıda da qeyd etdiyimiz kimi, mətnin tarixçəsinin
öyrənilməsindən birbaşa asılıdır.
Bu mənada məzmununun anladılmasına,
şərhinə, ümumiyyətlə tekstoloji
araşdırmaya S.Vurğunun təkcə yuxarıda bir
neçə misrasını təqdim etdiyimiz əsərlərinin
yox, onun qələmindən çıxan bütün əsərlərin,
hətta, dili bulaq suyu kimi saf, axıcı olan "Azərbaycan”
şeirinin də ehtiyacı var.
İndi isə gələk,
sualınızın konkret cavabına: əldə S.Vurğunun,
oxucuların suallarına cavab verə biləcək təkmil nəşrinin
olmaması onun əsərlərinin daha mükəmməl nəşrinin
hazırlanmasına ciddi ehtiyac yaradırdı.
Hazırladığımız kitabın xeyli hissəsinin
izahlar və biblioqrafik məlumatlardan ibarət olmasının
səbəbi də budur.
Ümumilikdə yanaşdıqda,
yazıldığı dövr, dil və əlifbadan, eləcə
də janrından asılı olmayaraq, bütün bədii əsərlər
izaha, şərhə möhtacdır və bu, bir tərəfdən
mətnlərin özünün spesifikliyi–polifonikliyi,
çoxqatlılığı ilə bağlıdırsa, digər
tərəfdən də mətnin anlaşılmasında
tarixçələrinin aydınlaşdırılması zərurəti
ilə əlaqəlidir və bu, bir qanunauyğunluqdur. Bu
qanunauyğunluq təbii ki, S.Vurğunla eyni dövrdə
yazıb-yaradan sənətkarların əsərlərinin nəşrinə
də aiddir.
Onu da qeyd edək ki, təkcə poeziya nümunələrinin
deyil, nəsr əsərlərinin nəşrində də
ciddi dəyişikliklər aparılıb. Məsələn,
S.S.Axundovun "Qaraca qız” hekayəsinin nəşri
zamanı o qədər əvəzləmə və ixtisarlar
aparılıb ki, əsərin son çap nüsxəsi ilk
çap nüsxəsindən ciddi şəkildə fərqlənir.
Çox istedadlı ədəbiyyatşünas Könül Nəhmətovanın
bu sahədəki tədqiqatları, təkcə, S.S.Axundovun
yox, bütün yeni dövr mətnlərinin tekstoloji tədqiqata,
tarixçələrinin öyrənilməsinə ehtiyacı
olduğunu aktuallaşdırır. Eyni fikri digər gənc
istedadlı və zəhmətkeş ədəbiyyatşünas
Afaq Əliyevanın C.Məmmədquluzadə irsinin nəşri
məsələləri ilə bağlı apardığı
ciddi araşdırmalar haqqında söyləmək olar.
Başlıcası isə aparılan tədqiqatların nəticələri
şair və yazıçıların kitablarının
elmi-köməkçi aparatında – izahlarında yer
almalıdır.
– "Mətnin tarixçəsi”
deyərkən konkret olaraq nəyi
nəzərdə tutursunuz?
- Bu sualın qısa cavabı əsərin
müəllifdən başlayıb, oxucuya ünvanlanan yoludur.
Bu yolun özü çox uzun olduğu kimi, "tarixçə”
kəlməsi də bizim işlətdiyimiz kontekstdə çox
geniş anlayışdır. Burada, təkcə əsərin
qələmə alınma tarixi nəzərdə tutulmur. Bu
tarixçəyə əsərin yaranma səbəbindən –
mövzunun müəllif təxəyyülü və təfəkküründə
cücərməsindən başlayaraq, əsərin qələmə
alındığı real tarix (gün, ay, il);
yarandığı mühit, şərait, məkan; əsər
üzərində müəllifin apardığı
yaradıcılıq və qeyri-yaradıcılıq işi;
çapa hazırlıq prosesində əsər üzərində
aparılan tekstoloji araşdırmalar; mətnə senzor,
naşir müdaxiləsi, mətbəə xətaları və
bir çox başqa məsələlər daxildir.
Xatırladaq ki, "mətnin tarixçəsi”
ifadəsi bəzi elmi ədəbiyyatda qədim və yeni
dövr mətnlərinə münasibətdə bir qədər
fərqli mənada işlədilir. Bu ifadə qədim ədəbiyyata
tətbiq edilərkən mətnin tarixçəsinə onu
yaradan müəlliflə yanaşı, onların
üzünü köçürən katiblərin mətnlərdə
apardığı dəyişikliklər də daxil edilir.
Üzünü köçürdüyü mətnlə
katiblərin "sərbəst” davranması, bilərəkdən
– məqsədli olaraq mətnlərdə ciddi dəyişiklik
etmələri bəzən onların "müştərək
müəlliflər” adlandırılmasına da səbəb
olub. Yeni dövr ədəbiyyatında isə "mətnin
tarixçəsi” deyilərkən mətnin, yalnız, müəllif
tərəfindən yaradılması və dəyişdirilməsi
prosesi nəzərdə tutulur. Lakin yeni dövr mətnlərindəki
dəyişikliklər heç də həmişə müəllifə
aid olmur. Mətndə, senzor, redaktor və başqaları dəyişiklik
apara bilir. Senzor və redaktorlar S.Vurğunun əsərlərində
də az dəyişikliklər aparmayıblar.
Yaxud, bir sənətkarın əsərində
başqa bir şair və yazıçının və ya
redaktorun dəyişiklik etməsinə yeni dövr ədəbiyyatında,
o sıradan Səməd Vurğunun da bəzi əsərlərində
rast gəlinir. Məsələn, "Səriyyənin
ölümü” şeirinin son bəndindəki "bədbinliyi
yumşaltmaq üçün” görkəmli ədəbiyyatşünas
Məmməd Arif Dadaşzadə (1930-cu ildə – şeirin
çap olunduğu vaxt "İnqilab və mədəniyyət”
jurnalının əməkdaşı kimi) qələmi əlinə
alıb, şeirə bir neçə nikbin misra
artırmışdı.
Yaxud Aşıq Şəmşir şairin
"Yada sal məni” şeirindəki "Yalçın
qayalardan xəbər al məni” misrasındakı əvvəlki
iki sözü "Kəklikli daşlardan” ifadəsi ilə əvəz
etmiş, "Bəxt məni bu yerə qonaq göndərdi”
misrası ilə başlanan sonuncu bəndi də şeirə əlavə
etmişdi. Bu səpkili əlavə və dəyişikliklərə
şairin iri həcmli əsərlərində də (Məsələn,
"Vaqif” pyesində) təsadüf edilir. Xatırladaq ki, Səməd
Vurğun özü də bəzi şairlərin şeirlərində
düzəlişlər edib. Bütün bu dəyişikliklər
də mətnin tarixçəsinə daxil edilməli, səbəbləri
və səbəbkarları müəyyənləşdirilməli,
barəsində izahlar bölməsində məlumat verilməlidir...
Əslində, mətnin tarixçəsi, elə
mətnin özü deməkdir. Mətn, belə demək
mümkünsə, "tarixçə”dən
"yığılır” – montaj edilir. Mətnsiz əsər
təsəvvürə gəlmədiyi kimi, tarixçəsiz
də mətn ola bilməz. Bu səbəbdən də əsərin
mətnini bağlı olduğu tarixçədən kənar
tədqiq etmək mümkünsüzdür. Onu da nəzərə
almaq lazımdır ki, şair və
yazıçıların yaradıcılığı əsərlərinin
tarixçəsindən, bütün sənətkarların əsərlərindən
isə ədəbiyyatın tarixi formalaşır. Başqa
sözlə, hər bir mətnin özü və tarixçəsi
nəticə etibarilə bütövlükdə ədəbiyyatın
tarixi deməkdir, həm də sonrakı filoloji tədqiqatların
söykəndiyi özüldür. Doğrudur, aparılan elmi
araşdırmaların obyektivliyi əsərlərin əsas mətninin
düzgün müəyyənləşdirilməsindən –
mötəbərliyindən asılıdır. Əziz Mirəhmədov
deyirdi: "Mötəbər mətnsiz, mötəbər elm
də ola bilməz”. Lakin, əsas mətnlərin düzgün
müəyyənləşdirilməsinin təminatçısı
da onların tarixçələrinin dərindən və hərtərəfli
öyrənilməsidir.
– Şairin
yaradıcılıq laboratoriyasında müşahidə
etdiyiniz və oxucular
üçün yeni ola biləcək məqamları,
qısaca da olsa, xatırlatmanız
maraqlı olardı?
– Səməd Vurğunun dilinin bulaq suyu kimi saf,
axıcı, anlaşılan olması
yaradıcılığının başlıca məziyyətlərindən
hesab edilir. O, müasir poeziya dilimizin də
yaradıcısı sayılır. Bu fakt çoxlarında
onun əsərlərini, belə demək mümkünsə,
birnəfəsə yazması qənaətini yaradıb.
"Söz Vurğunun əlində mum kimi idi” deyimini də o
inam yaratmışdı. Sözün Vurğunun əlində
mum kimi olduğuna qətiyyən şübhə etmirik. Amma, o
da var ki, mumu "hala gətirmək” – ondan sənət əsəri
yaratmaq, "öz üslubunu müəyyənləşdirib,
yadigar qoymaq üçün” (Məndən də bu üslub
qalsın yadigar) şair çox çalışıb, gərgin
əmək, böyük zəhmət sərf edib. Biz bunu onun əlyazmalarına
istinadən deyirik: onun əsərlərinin qaralama
avtoqraflarını oxumaq çox çətindir (Yeri gəlmişkən:
mən böyük sənətkar Hüseyn Cavidin bir neçə
şeirinin, o sıradan Səməd Vurğunun adına çıxılan
"Gəlin” şeirinin avtoqrafı ilə də tanış
olmuş və eyni məqamı müşahidə etmişəm).
Elə bil ki, Səməd Vurğun əsərlərini
yazmağa başlamazdan əvvəl barəsində heç
düşünməyib. Söz, misra, bəndlər dəfələrlə
pozulub, sanki sözlər döyüşə gəlib,
istedadla cilalanıb ədalətli Vurğun qələmi yerinə
düşməyənlərin üstündən xətt
çəkib, daha mənalılarını yazıb, bəzən
isə onların yeri boş qalıb, misraların, bəndlərin
kənarında sual işarələri, nöqtələr
qoyulub, "öyrən” sözləri yazılıb, bir
şeir tamamlanmamış başqa şeirə keçilib. Bəzən
eyni şeirin müxtəlif variantları yaranıb, bəzən
şair yazdığı əsərə illər keçəndən,
hətta dərc etdirdikdən sonra bir də qayıdıb,
yenidən işləyib, bəzən də sənətkarın
cəhdinə baxmayaraq, ilham onu yarı yolda qoyub – xeyli
şeiri tamamlanmayıb. Avtosenzura – daxili senzor da az "iş”
görməyib.
Doğrudur, əsərlərin tekstoloji tədqiqində – mətnlərin təkmilləşmə prosesinin izlənilməsində çap nüsxələrinin əhəmiyyəti az deyil. Lakin, əsərlərin doğulma, yaranma prosesini avtoqraflar, özü də qaralama avtoqraflar üzərində müşahidə etmək mümkündür. Mətnlərin tarixçələrinin öyrənilməsində qaralama avtoqraflar daha çox material verir.
Səməd Vurğunun bu və bir sıra
başqa şeirlərini çapa verməməsinin müxtəlif
səbəbləri olub. Əsas səbəb bunların əksəriyyətinin
tamamlanmaması və "oxucu mühakiməsinə veriləsi”
səviyyədə işlənməməsi olub. Şeirlərin
içərisində elələri də var ki, şair
onların həyatı üçün qorxulu
olacağını nəzərə alıb, çapa verməyib.
Burada konkret adamlara həsr edilən elə əsərlər də
var ki, onlarda təsvir edilən hadisələr "isti”
olduğundan, məlum "qəhrəmanlar” istədiyi səmtə
at çapdığından şair onları ya dərc etdirə
bilməyıb, ya da dərc etdirmək istəməyib. Bu
şeirlərin bir qismini ("Sərgüzəşt”, "Zərdüştün
xülyaları”, "Böhtan”, "Böyük revolyusiya”,
"Sən utan!”, "Mıs-mıs”, "Qoca qartal”, "Ah, paxıllar!”,
"Müxənnət”, "A, "dostlar”!” və s.) biz həm
mətbuatda vermişik, həm də hazırladığımız
kitaba daxil etmişik.
Müşahidə
etdiyimiz maraqlı məsələlərdən biri də Səməd
Vurğunun əsərlərinin avtoqraflarının öz, eləcə
də çap nüsxələri arasındakı tekstoloji fərqlərdir.
Şair bəzi başqa əsərləri kimi,
bu şeirinə görə də təqib və təzyiqlərə
məruz qalıb. 1937-ci ilin payızında NKVD-yə
günortadan sonra gedib, "səhər çayı vaxtı”
qayıdan S.Vurğun qardaşına demişdi ki,
"Onlar mənim "Azərbaycan”
şeirimdən bərk yapışıblar. Başa
düşə bilmirlər ki, bu şeir mənim həyatımın və
bütün yaradıcılığımın mənasıdır,
rəmzidir... Mən
bütün insanlara, bütün xalqlara və millətlərə
səadət arzulayıram və
bu yolda çalışıram. Lakin bununla bərabər, məndən
ötrü ən müqəddəs
torpaq Azərbaycandır, ən doğma xalq isə Azərbaycan xalqıdır, onun dili
və şeri mənim vicdan səsimdir, o mənim
doğma anamdır. Əgər
buna görə məni millətçi etmək istəyirlərsə, qoy etsinlər.
Bir gün gələr, tarix həqiqəti
açar” (M. Vəkilov).
Haqqında çox qısaca danışdığımız
bu tip tekstoloji faktlar şairin əsərlərində hədsizdir
və düşünürük ki, heç kəs bu məsələlərin
izaha ehtiyacı olduğunu, eləcə də əsərlərin
izahların köməkliyi ilə daha dərindən
anlaşıldığını – dərk edildiyini inkar etməz.
Məhz, bu səbəbdən də biz şairin arxivindən
yararlanaraq, şeirlərinin tarixçələrinə
hazırladığımız kitabın izahlarında kifayət
qədər yer vermişik.
– Bizə görə,
hazırladığınız kitab Səməd Vurğunun
şeirlərinin ilk elmi nəşridir. Siz necə
düşünürsünüz?
– Kitab Səməd Vurğunun şeirlərinin
elmi nəşridir, amma, ilk yox. Şairin əsərlərinin
elmi nəşrləri haqqında məlumat verəcəyəm,
amma, əvvəlcə "elmi nəşr”in özünün
nə demək olduğuna aydınlıq gətirim.
Elmi nəşr (tənqidi və ya elmi-tənqidi
nəşr də adlandırılır) bədii əsərlərin
elmi-tekstoloji aspektdən, başqa sözlə, əsərlərin
tarixçələri öyrənilərək çapa hazırlanmasıdır. Bu nəşrin
məqsədi: 1) oxuculara və
mütəxəssislərə əsərlərin əsas –
elmi-tənqidi mətnlərini, yəni müəllif mətnlərini
olduğu kimi çatdırmaq; 2) yazıçının
yaradıcılıq laboratoriyasına daxil olub, əsərlərinin
yaranma və təkmilləşmə prosesini izləmək; 3)
müəllifin bir sənətkar kimi formalaşmasını
açıb-göstərməkdir. Bu nəşrlər
oxucuların bütün suallarına cavab verə biləcək
elmi-köməkçi aparatla, xüsusilə də şərhlərlə
təmin olunmalıdır. Nəşrlərin tipini də, ilk
növbədə, bu aspekt, yəni, mətnlər üzərində
aparılan elmi-tekstoloji işin xarakteri, onların tarixçələrinin
öyrənilmə səviyyəsi müəyyənləşdirir.
Qəribə də olsa, elmi nəşrlər
müəllifləri dünyasını dəyişdikdən,
həm də əksər hallarda sənətkarların
ölümündən əsrlər keçdikdən sonra
hazırlanır. Məsələn, Məhəmməd
Füzulinin əsərlərinin ilk elmi nəşri şairin
vəfatından, təxminən 400 il sonra çap olunub. Bu
işlə mətnşünaslar məşğul olur. Burada
xeyirxah niyyət və elmi zərurətlə yanaşı,
bir paradoks da var: qələmə aldığı əsərlərin
tarixçələrini müəllifdən yaxşı
heç kim bilmədiyi halda, onlara şərhi müəlliflərin
özləri yox, başqaları – mətnşünaslar
yazır. Çox vaxt əsərləri nəşrə
hazırlayanlar heç mətnşünas da olmurlar. Mətnşünaslar
əsərlərini nəşrə hazırladıqları
şair və yazıçıların həyatı və
yaradıcılığını nə qədər dərindən
öyrənsələr də, əsərlərin tarixçələrini
onları yaradan – "dünyaya gətirən” müəlliflər
qədər bilə bilməzlər. Paradoks da olsa, gerçək
budur. Hər halda, bizə öz əsərlərinə şərh
yazan, əsərlərini tarixçələri ilə birlikdə
çap etdirən şair məlum deyil.
Sağlıqlarında isə, bəzi
istisnaları – müəllifin vətəndən kənarda
yaşaması, xəstəliyi və s. – nəzərə
almasaq, əsərlərini çapa müəlliflərin
özləri hazırlayırlar – vəfatından sonra bu nəşrləri
də tədqiqatçılar hazırlayır. Bu nəşrlər
bir qayda olaraq, əsərlərin mətnlərini oxuculara
çatdırmaq vəzifəsini yerinə yetirir və nəşrə
hazırlıq prosesində onlar elmi cəhətdən öyrənilmir.
Onların elmi-köməkçi aparatı da – izahlar və
biblioqrafik məlumatlar, lüğətlər və s. olmur. Bu
səbəbdən də həmin nəşrlər kütləvi
nəşrlər hesab olunur. Onlarda, ən yaxşı halda, əsərlərin
yazılma tarixi, bəzən də, yeri qeyd edilir.
S.Vurğunun da sağlığında çap
olunan kitabları, kütləvi nəşrlərdir və
onlar da, elmi-köməkçi aparatdan məhrumdurlar. Təxmini
hesablamalarımıza görə, sağlığında
S.Vurğunun Azərbaycan dilində 100 minə yaxın tirajla
15 adda şeir kitabı çapdan çıxıb. Şairin
əsərlərinin ilk elmi nəşri isə 6 cildliyidir – tərtib
edəni və redaktoru O.Sarıvəlli, "İzahat və
biblioqrafik məlumat”ın müəllifi N.Axundovdur. 1960–1972-ci
illər arasında çapdan çıxmış bu cildlər
şairin əvvəlki kitablarından həm əhatəliliyinə,
həm də tərtibi prinsipinə görə xeyli fərqlənir.
Nəşrin əsas üstünlüyü
ondan ibarətdir ki, şairin arxivi öyrənilib (axıradək
olmasa da), cildlər xronoloji ardıcıllıq əsasında
tərtib edilib, buraya şairin əvvəlki kitablarına
düşməyən bir sıra yeni əsərləri
salınıb. Altı cildlik, şübhəsizdir ki,
şairin əvvəlki nəşrlərindən ən mükəmməlidir.
Bu məziyyətləri ilə yanaşı, cildlərdə
ciddi qüsurlara da yol verilib. Üstəlik nəşr oxuculara
"akademik nəşr” adı ilə təqdim edilib, lakin
adını doğrultmayıb.
Hazırladığımız kitabı isə
biz Səməd Vurğun şeirlərinin mükəmməlləşdirilmiş
elmi nəşri hesab edirik. Bunun şairin ən mükəmməl
nəşri olduğu iddiasından da uzağıq. Əksinə,
əminik ki, gələcəkdə bu nəşr daha da təkmilləşdiriləcək.
Çünki, bütün şair və yazıçılar
kimi, Səməd Vurğunun da yaradıcılığı ilə
bağlı araşdırmalar bu gün də davam etdirilir və
yeni, naməlum faktlar, hətta, onun yeni şeirləri üzə
çıxarılır. Xatırladım ki, şairin
işıq üzü görməmiş şeirləri hələ
də var. Ustad şair haqqında yeni söz deməyə imkan
verən bu ədəbi-tarixi və tekstoloji faktlar, təbii ki,
onun əsərlərinin nəşrinə də öz
müsbət təsirini göstərəcəkdir. Obyektivlik
naminə deyim ki, son 20-25 ildə bir çox məsələləri,
o sıradan bədii əsərlərin nəşri səviyyəsini
və nəşrin tiplərini də maliyyə xərcləri
müəyyənləşdirir. Etiraf edim ki, maliyyə məhdudluğu
üzündən şairin şeirlərini
düşündüyümüz kimi nəşr etdirə bilmədik.
Belə ki, bir sıra şeirləri kitabdan
çıxarmalı olduq, yazdığımız tekstoloji
müqəddiməni verə bilmədik, hətta,
çapı 2016-cı ilə planlaşdırılan kitab iki
il sonra işıq üzü gördü.
Söhbətləşdi:
Fərid Hüseyn, Aytac Quliyeva
Kaspi 2018.- 20-22 oktyabr.- S.16-17.