Folklor işığında
Oxucularımız çox yəqin
xatırlayırlar. "Kaspi” qəzeti ötən ay (27
sentyabr) Beynəlxalq Mətbuat Mərkəzində baş tutan
Folklor İnstitutunun örnək bir layihəsini
işıqlandırmışdı. Əlbəttə,
reportajdan agah olan ədəbiyyatsevərlər bu seminarın
daha böyük təşkilinin Azərbaycan Universitetində
baş tutacağından xəbərdar idilər.
Dediyimiz həmin tarix (12 oktyabr) yetişdi. Getdim
Azərbaycan Universitetinə. Sözü gedən universitetdə
artıq ikinci dəfə idi ki, tədbir
iştirakçısı olurdum. Sizi bilmirəm, elm
ocaqları mənə başqa atmosfer təsiri
bağışlayır.
İki ildir uzaq düşdüyüm tələbə
kollektivinin var-gəl etdiyi dəhlizlərə baxıram. Sinif
otaqlarındakı divarların şüşədən
olmasına, müəllimlərin bir şüşə o
yandan saf niyyətlərinə – öyrətmək
şövqlərinin yaratdığı mükəmməl tabloya
baxıram.
Yaddaşınızı təzələyib,
bir daha qeyd edim ki, sözü gedən konfrans Azərbaycan
Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi
ilə "Folklorun və Ədəbiyyatın
İnkişafına Yardım” İctimai Birliyi tərəfindən
azsaylı xalqlara məxsus folklor nümunələrinin təbliğinə
həsr olunmuşdu.
Konfransı Universitetin "Azərbaycan dili və
ədəbiyyat” kafedrasının müdiri Ülviyyə Rəhimova
açıq elan etdi. O, "folklorun tədqiqi XX əsr
dünya elmində yeni səhifə açdı. Bu
baxımdan folkloru araşdırmaq, ona yenidən təkrar-təkrar
qayıtmaq hər zaman faydalıdır. İsveçrə psixoloqu Karl
Qustav Yunqun məşhur anadangəlmə fikir və təəssüratlar
– arxetip nəzəriyyəsinin də kökündə mif –
folklor dayanır. Gəlin keçmişimizi dərk edək
ki, gələcəyimizi müəyyənləşdirək”
– deyə salamlama nitqini yekunlaşdırdı. Və Azərbaycan
universitetinin rəhbərliyi adından konfransa gəlib
iştirak edən qonaqlara minnətdarlığını
bildirdi. Həmçinin çox faydalı layihələrinin
uğurla başa
çatması münasibəti ilə təşkilatçıları
ürəkdən təbrik edib, konfransın işinə
uğurlar arzu etdi.
Daha sonra AMEA-nın müxbir üzvü, Azərbaycan
Universitetinin professoru, Əməkdar elm xadimi Kamran Əliyev
konfransın məqsədi haqqında tələbələri
məlumatlandırıb, layihənin məqsədinin
azsaylı xalqlara məxsus folklor nümunələrinin
toplanılması, tədqiqi və gələcək nəsillərə
çatdırılması” olduğunu vurğuladı.
"Lahıc folklorunun özəllikləri” adlı məruzəsi
ilə tələbələrə geniş məlumat verən
Kamran müəllim AMEA-nın Folklor İnstitutunun əməkdaşları,
eləcə də Azərbaycan Universitetinin tələbələrinin
qədim dövr şəhərsalması və
memarlığının orijinal abidəsi sayılan
Lahıcın tarixi və təbiəti ilə tanış
olub, bu unikal məkanın folkloru, adət-ənənələri
ilə bağlı xeyli material topladıqlarını qeyd
etdi. Bundan başqa dövlət tərəfindən tarixi
memarlıq abidəsi kimi qorunan bu məkanın Böyük
İpək Yolu üzərində beynəlxalq turizm
marşrutuna daxil edildiyini, azsaylı xalqların dilinin, mədəniyyətinin,
məişət həyatının qorunub
saxlanılmasında onların yaratdıqları folklor
nümunələrinin böyük rolu olduğunu tədbir
iştirakçılarının nəzərinə
çatdırdı.
Bundan başqa konfransın digər məruzəçisi
– AMEA Folklor İnstitutunun "Azsaylı xalqların folkloru”
şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə
doktoru, dosent Afaq Ramazanova idi. Afaq xanım "Azərbaycanda
yaşayan xalqlar SMOMPK məcmuəsində” adlı məruzəsini
qonaqlara təqdim etdi. Məruzəçi sözünə Azərbaycan
Respublikası Konstitusiyasının 44-cü maddəsi ilə
başladı. Azərbaycanın hər zaman multikultural
yaşam məkanı olduğunu vurğulayan natiq Azərbaycan
multikulturalizminin aktiv səciyyəsini göstərərək
azsaylı xalqlara olan dövlət dəstəyindən
danışdı. Multikulturalizm siyasətinin uğurulu nəticələri
kimi, 2014-cü ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
yaradılmasını, Azərbaycan Prezidentinin Sərəncamı
ilə 2016-cı ilin Multukulturalizm ili elan edilməsini, nəhayət,
Folklor İnstitutunda "Azsaylı xalqların folkloru”
şöbəsinin açıldığını bildirdi.
Həmçinin A.Ramazanova XIX əsrin
sonlarında Tiflisdə nəşrə başlayan SMOMPK məcmuəsi
haqqında məlumat verərək, bu məcmuədə Azərbaycanda
yaşayan azsaylı xalqlar barəsində olan materialların
statistik təhlilinini apardı. Bəlli oldu ki, SMOMPK-da Azərbaycanda
yaşayan tatlar, udilər, talışlar, yəhudilər,
molokanlar, almanlar barəsində zəngin və qiymətli
materiallar toplanmışdır.
Afaq xanımın dəyərli məlumatlarından
sonra çıxış sözü AMEA Folklor
İnstitutunun "Mifologiya”
şöbəsinin müdiri, filologiya elmləri doktoru,
professor Seyfəddin Rzasoya verildi. Professor "Lahıc
bayatılarının lirosemantikası” adlı məruzəsində
Lahıcın Azərbaycan etno-mədəni sistemində
regional koloritin mahiyyət və funksionallığının
parlaq şəkildə qorunduğu mühitlərdən biri
olduğunu qeyd etdi. Seyfəddin müəllim, "Bu mühit zahirən "Lahıc”
adlanan yol lövhəsindən başlansa da, əslində,
onun "sərhədləri” bu lövhənin işarələdiyi
inzibati ərazidən qat-qat böyük olub, görünməz
tellərlə Azərbaycanın tarixi və mədəni
reallığına bağlıdır” kimi fikirlərini dəvətlilərlə
bölüşdü. Dəyərli alim, eyni zamanda bayatının lirik
özünüifadə kodu olduğunu qeyd edib, bir səciyyəvi
Lahıc bayatısını
Bu dağın o yüzündə,
Ceyran otlar düzündə.
Mən balamı tanıram,
Qoşa xal var üzündə
tələbələr qarşısında təhlil
etdi. Və buradakı "qoşa xal” ifadəsini "Əsli
və Kərim” kimi əzəmətli məhəbbət
dastanı ilə əlaqələndirdi.
Növbəti çıxış isə AMEA
Folklor İnstitutunun "Folklor və yazılı ədəbiyyat”
şöbəsinin böyük elmi işçisi, filologiya
üzrə fəlsəfə doktoru Aytac Abbasovanın idi. Gənc
alim, Lahıcdan toplanmış folklor materiallarının bir
neçəsinə əsasən mərasim folklorunu Azərbaycanın
digər bölgələri ilə müqayisəsini konfrans
iştirakçılarının diqqətinə
çatdırdı. O, Lahıclı söyləyicilərdən
öyrəndiyi Ramazan və Novruz bayramına hazırlıq adətlərinin
necə yerinə yetirilməsindən, bayramın mahiyyətinin
və keçirilən adətlərin digər bölgələrimizlə
eynilik təşkil etdiyini qeyd etdi. Belə ki,
lahıclılara görə bayram tonqalı evin damının
üstündə qalanır. Bayram süfrəsində hər
kəsin adına şam
yandırılır. Aytac xanım lahıclıların bayram
səhəri kəndin girişində balaca çayın
üzərinə gedib, su içmək və ailənin hər
bir üzvünün adına bir daş götürüb
çaya atmaq ritualını da tələbələrə məlumat
verdi.
Çox maraqlı məqamlardan bir də bu
layihənin təşkilinə tələbələrin biganə
qalmaması idi. Universitetin "Azərbaycan ədəbiyyatı”
ixtisası üzrə təhsil alan magistratura tələbəsi
Reyhan Mənəfovanın "Lahıc folklorunda
bayatıların bədii xüsusiyyətləri” və filologiya
ixtisası üzrə IV kurs tələbəsi Afaq
Aslanovanın "Lahıc lətifələrinin özünəməxsusluğu”
adlı məruzələri bu fikrimə bir azda əminlik
qatdı. Reyhan xanım, öz məruzəsində Lahıc
bayatılarının forması, quruluşu, məzmunu
haqqında ətraflı məlumat verdi. Bu bayatıların Azərbaycanın
digər rayonlarına xas folklor nümunələri ilə
müqayisəsindən maraqlı faktlar açıqladı.
Digər bölgələrdən fərqli olaraq Lahıc
bayatılarında hecaların sayının müxtəlif
olması və məzmununda daha çox kədər, qəm,
giley, həsrət ifadə etdiyini də xüsusi
vurğuladı. Məruzəçi həmçinin bir
çox bayatılarda birbaşa xalqın mifoloji təfəkkürünün
məhsulu olan obraz və əlamətləri təhlil edib, bu əlamət
və obrazları "Qurani-Kərim" və "Kitabi Dədə
Qorqud" dastanıyla müqayisəli şəkildə təqdim
etdi. A.Aslanova isə tədbirin ən gənc məruzəçisi
idi. O, heç yerdə çap olunmayan, Lahıc məsəllərini,
lətifələrini öz çıxışında qeyd
elədi. Maraqlısı budur ki, o, bu layihəyə
könüllü qoşulub, yay tətilini məhz bu
araşdırmalarla məşğul olub.
Əlbəttə,
Afaq xanım bu yola çıxanda ona istiqamət verən
insanlarla – müəllimləri ilə məsləhətləşib.
Məhz həmin müəllimlər ona yol olub. Bu hələ
başlanğıcdır. Əgər eyni həvəs, iradə
ilə irəliləyərsə, onun gələcəkdə dəyərli
folklorşünas alimlərimizin sırasına
qoşulacağı şübhəsizdir. Afaqın
timsalında bu cür gənclərin xoş sədasını
eşitmək necə gözəldir, nə qədər
xoşdur!
Kamran müəllim
sonda bütün konfrans iştirakçılarını
sertifikatla təltif edib, əməyi keçən hər bir əməkdaşa
öz dərin təşəkkürünü bildirdi.
Hazırladı:
Aysu Kərimova
Kaspi 2018.- 20-22 oktyabr.- S.13.