GERİ BAXMAQ ANI
Qrafika ustası
Arif Hüseynovun yubiley portreti
Çoxəsrlik tarixə və zəngin bədii
ənənələrə malik olan Azərbaycan təsviri sənətinin
mənəvi yükünü bu gün şərəflə
daşıyan sənətkarlardan biri də Xalq rəssamı,
professor Arif Hüseynovdur. Bu günlərdə anadan
olmasının 75 illiyini qeyd edən görkəmli qrafika
ustasının professoru olduğu Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasında ictimaiyyətə özünün hesabat sərgisini
təqdim etmişdir.
Qənaətimizcə, sərginin
ekspozisiyasına yaşına uyğun olaraq 75 əsər daxil
edən yubilyar, onların yaradıcılığının
bütün mərhələlərini əhatə etməsinə
diqqət yetirməklə, əslində bir rəssam kimi
formalaşdığı dövrə əyanilik gətirmiş,
sənətkar "mən”inin təsdiqinə yönəli
axtarışlarının nəticəsini nümayiş
etdirmişdir.
Qənaətimizcə,
75 yaşında arxaya baxmağa – ərsəyə gətirdiklərinin
ictimailəşdirilməsinə qərar verən rəssamın
zamansızlığa qovuşdura bildiyi bədii irslə
qürur hissi keçirməyə haqqı çatır.
Həyat və
yaradıcılığının həm də təzadlı
hadisələrindən "boylanan” bu yetmiş beş qrafika
nümunəsi retro xarakterli olduğundan, tamaşaçı
rəssamın keçdiyi axtarışlarla zəngin
yaradıcılıq yolunu bütün aydınlığı
ilə görməyə və dəyərləndiməyə
imkan verir. Öncədən deyək ki, ağ-qara cizgilərin
hökmranlıq etdiyi bu dəzgah və kitab qrafikası
nümunələrdə dəst-xətt evolyusiyasını həm
də sənətkar "mən”inin təsdiqinə yönəltməyi
bacaran rəssamın müasir qrafika sənətimizin
danılmaz liderlərindən sayılır.
Hələ tələbəlik
illərindən məşhur "Göyərçin”
jurnalı ilə əməkdaşlığa başlayan və
hazırda onun baş rəssamı vəzifəsini
daşıyan Arif Hüseynov ədəbiyyata bağlı sənətkarlarımızdandır.
Rəssamın hələ yetmişinci illərdə
R.Rzanın "Vaxt var ikən” kitabına çəkdiyi
illüstrasiyalardan başlanan və A.Məsudun "Hekayələr”inə
kimi davam edən "kitab həyatı” onu kifayət qədər
məşhurlaşdırmışdır. Təbii ki, bu
şöhrəti ona təkcə kitaba adi marağı verməyib.
Heç şübhəsiz vurğuladığımız rəğbət
və təqdiri şərtləndirən başlıca səbəb,
onun bədii tərtibat verdiyi kitablara özünəməxsus
yaradıcı münasibət göstərməsi, ədəbi
mətnin – müəllif fikirlərinin alt qatına nüfuz
etməklə, onun cəlbediciliyi ilə yanaşı, həm
də düşündürücülüyünü təmin
etməsidir. Onun 1980-ci ildə M.Ə.Sabirin "Hophopnamə”sinin
"Yazıçı” nəşriyyatında hazırlanan
yeni nəşrinə verdiyi orijinal tərtibatın müxtəlif
dairələrdə səs-küy yaratması indi də
xatırlanmaqdadır. Dahi Ə.Əzimzadədən sonra məşhur
əsərə illüstrasiyalar çəkən gənc rəssam,
onu təkrarlamaqdan uzaq olmaqla, "gülər-ağlar” şairin
dərdlərimizə sərt "bədii güzgü” tutan
şeirlərinin psixoloji-fəlsəfi qatına əyanilik gətirmiş,
təsvirlərlə oxucu-tamaşaçı arşında
düşündürücülüyə köklənmiş
dialoqun yaranmasına nail olmuşdu.
"M.Ə.Sabir mövzusu” rəssamın yaradıcılığından qırmızı xətt kimi keçir. Müxtəlif illərdə təkrar-təkrar dahi söz xiridarı ilə "dərdləşməyə” üstünlük verən Arif Hüseynov 2012-ci ildə "Hophopnamə”nin yubiley nəşrinə çox əhatəli tərtibat verməklə, yaratdığı 40 əsərlə kitab qrafikası saxlancımıza əvəzsiz töhfələr verdiyini sərgiləmişdir.
"XalqBank”ın 2017-ci ildə nəşr etdiyi
"Aşıq ədəbiyyatı antologiyası”
üçcildliyinə illüstrasiyalar çəkən Arif
Hüseynov, əslində, zamanında özünün "Azərbaycan
nağılları”na göstərdiyi bədii münasibətlə
anım yaradan ifadə vasitələrini palitrasına gətirməklə
məntiqli yaradıcı addım atdığını təsdiqləmişdir.
Qədim mədəniyyətimizin və şifahi xalq ədəbiyyatımızın
bu iki sahəsindəki özünüifadə
formalarındakı oxşarlığı incəliklə
duyub, dəyərləndirən rəssam, onlardakı bədii
yığcamlığı, rəmz və işarələrlə
"danışmağı” rənglərə-cizgilərə
köçürməyə nail olmuşdur. Bunu həm
"Aşıq poeziyası”, həm də "Qəhrəmanlıq
dastanları” və "Məhəbbət dastanları” cildlərinə
daxil edilmiş çoxsaylı illüstrasiyalarda izləmək
mümkündür.
Onun Nizami Gəncəvi, Məhəmməd Füzuli, Hüseyn Cavid, Səməd Vurğun və digər məşhurların poetik aləminə bədii münasibətində də mətnə yaradıcı yanaşma duyulur. Çox vaxt o, həmin söz xiridarlarının kitablarına illüstrasiyalar çəkməklə yanaşı, onların yaddaqalan portretlərini də yaratmağa nail olmuşdur.
Onun Nizami,
M.Füzuli, M.Gəncəvi, M.Ə.Sabir, M.S.Ordubadi, S.S.Axundov,
A.Səhhət, L.N.Tolstoy, H.K.Andersen, Ə.Kürçaylı
və başqalarının obrazlarına bədii
yanaşmasının nəticəsi olan əsərlərində
də həmin şəxslər yalnız zahiri cizgilərinin
dəqiqliyi ilə deyil, həm də onların daxili aləminə
yaradıcı nüfuzun yaddaqalan ifadəsi ilə diqqət
çəkirlər.
Arif Hüseynovn yaradıcılığı həm
də təzadlı hadisələrlə dolu tariximizə, onun
zəngin etnoqrafiyasına, adət-ənənələrinə
geniş yer ayrılması ilə başqalarından fərqlənir.
Bu mənada onun "Azərbaycan nağılları”,
"Novruz”, "Bakı və baklılar”, "Qala kəndinə
ithaf”, "Qarabağnamə-tarixin səhifələri” və
s. silsilələrinin adını qeyd etmək istərdik. Rəssamın
son işlərindən sayılan "Qarabağnamə”nin
adını xüsusilə vurğulamaq istərdik.
Azərbaycan xalqının uzaq-yaxın
keçmişinə cəlbedici və yaddaqalan "bədii
güzgü” tutan "Qarabağnamə – tarixin səhifələri”
silsiləsini, sözün əsl mənasında,
tamaşaçısını duyğulandıra biləcək
sənət nümunəsi hesab etmək olar. Yaradılan hər
bir əsəri rəssam düşüncəsi ilə cəmiyyət
arasında körpüyə bənzədən Arif
Hüseynov, bu səbəbdən üç il ərzində
baş-başa qaldığı Qarabağ mövzusunu –
yaşanmaqda olan torpaq itkisinin ağrılarını fərdi
yaradıcı təxəyyülünə bələməklə,
düşmən məkrini ifşa edə biləcək
çox təsirli bədii-tarixi mənəvi qaynaq
yaratmağa nail olmuşdur. Ağ-qara cizgilərdən
"boylanan” bu bədii görüntülərin bənzərsiz
dəyərə malik olması, onların
daşıdığı qürurdoğurucu və
ifşaedici tarixiliyin təkzibolunmaz faktlara – sənədlərə
əsaslanmasıdır. Bu mənada tanınmış qrafika
ustasının ensiklopedik tutuma malik olan "Qarabağnamə”sini
bədii duyğulandırma gücünə görə hər
birimizin mübarizə himninə çevrilən, ruhumuzu
qidalandıran "Qarabağ şikəstəsi” ilə
müqayisə etmək olar. Belə ki, Arif Hüseynovun Azərbaycan
– Qarabağ tarixinin qabarıq görünən, bəzən də
az təbliğ olunan səhifələrinə tutduğu
obrazlı – sərt "bədii güzgü”də yer
almış gözoxşayan və
düşündürücü bədii məqamlar məşhur
şikəstədə olduğu kimi mübarizə
ruhludurlar...
Daima milli
mövzulara müraciət etməsi ilə başqalarından
fərqlənən Arif Hüseynovun
yaradıcılığında yeni səhifə sayılacaq
bu silsilə həm əhatəli bədii-tarixi tutumuna, həm
də özünəməxsus şərhinə – bədii
xüsusiyyətlərinə görə seçilir. Belə
ki, say etibarilə əvvəlki silsilələrini duyulası
dərəcədə üstələyən bu qrafik əsərlər
məcmusu mahiyyətcə sənədli– bədii tutumludurlar.
Başqa sözlə desək, rəssam bu əsərlərdə
qədim Albaniya dövründən Xocalı faciəsinə qədər
davam edən təzadlı tariximizə işıq
salmışdır. Qarabağ tarixinə bu bədii
yanaşmada demək olar ki, onu hər şey
maraqlandırıb. Elə rəngarəng tutumlu qrafik lövhələrdə
Qarabağla bağlı müxtəlif uzaq-yaxın hadisələrin,
onun qədimiliyinə dəlalət edən memarlıq tikililərinin,
maddi-mədəniyyət nümunələrinin, musiqiçilərin
və sənətkarların yaradıcılığının
əksi də bunu təsdiqləyir. Qrafik cizgilərin
özünəməxsus ritmində görüntüyə gətirilən
"I Pyotrun məktubu”, "Türkmənçay müqaviləsi”,
"Gəncəsər monastrı”, "Alban abidələrinin
erməniləşdirilməsi”, "Daşnakların
"Böyük Ermənistan” xülyası”, "Güllələnmiş
heykəllər”, "Qarabağ müharibələri”, "Pənahəli
xan”, "Xalq musiqiçiləri”, "Kəlbəcər
qadınları”, "Qarabağ atları” və s. lövhələrdə
tarixi sənədlərin-həqiqətlərin rəssam təxəyyülü
ilə uğurlu qovşağından ərsəyə gətirilən,
Azərbaycan və ingilis dillərində yazılmış mətnlə
tamamlanan təsvirlər kifayət qədər cəlbedici və
yaddaqalandırlar. Bu əsərlərin ideya tutumunu
bütünlükdə təcavüzkar xislətini zaman-zaman
sərgiləyən ermənilərin ifşası təşkil
etdiyindən, onlar yüksək bədii dəyəri ilə
yanaşı, həm də tarixi əhəmiyyət
daşıyırlar. Rəssamın hər bir kompozisiyada
obrazı və yaxud abidəni, eləcə də süjeti aid
olduğu dövrün müxtəlif hadisələri ilə vəhdətdə
təqdim etməsi, Azərbaycan qrafika sənəti
üçün yeni olmaqla, həm də bədii
görüntünün daha əhatəli olmasını şərtləndirmişdir.
Sonda deyək ki, uzun illərdir ki, müxtəlif miqyaslı yerli və beynəlxalq sərgilərdə iştirak edən Arif Hüseynov Azərbaycan təsviri sənətində özünəməxsus dəst-xətli qrafika ustası olduğunu təsdiqləyə bilmişdir. Rəssamın "Bakılı” cəmiyyətinin təsis etdiyi beynəlxalq "Humay” mükafatına (1995) layiq görülməsi, ona əvvəlcə Azərbaycan Respublikasının əməkdar rəssamı (1992), sonra isə Azərbaycan Respublikasının xalq rəssamı (2006) fəxri adlarının verilməsi, 2008-ci ildən isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olması bunun göstəricisidir. Hazırda Arif Hüseynovun dəzgah və kitab qrafikası sahələrində yaratdığı müxtəlif mövzulu əsərlər Bakı və Moskvanın nüfuzlu muzeylərini, yerli və xarici kolleksiyaların saxlanclarını bəzəyir...
Ziyadxan Əliyev
Kaspi 2018.- 20-22 oktyabr.- S.24.