Ömür sual kimi

Əlabbasın "Şəbi-hicran” kitabının müzakirəsi

"Müzakirə” adlı layihəyə start veririk. Layihə müddətində ədəbiyyatşünasların yeni çıxan əsərlər barədə məqalələri dərc olunacaq. Layihənin məqsədi yeni nəşr edilən kitabları oxucuların diqqətinə çatdırmaqdır. Müzakirə olunacaq kitab yazıçı Əlabbasın "Şəbi-hicran” hekayə və povest kitabıdır. Ədəbiyyatşünaslar kitabdakı 4 hekayə –"Gəlin”, "Qul, "Ovçu”, "Arvanada dəfn” hekayələrini təhlil edirlər.

Hər yazıçının içində, yazı təfəkküründə bir janrın modeli oturur. Düşünürəm ki, Əlabbasın hekayələri də ("Gəlin”, "Arvanada dəfn”, "Ovçu”, "Qul”) ya bir povestin eskizləridir, ya monoloq tipli roman üçün "darıxan” mətnlərdir, yəni hekayə qəhrəmanları ilə daha geniş epik təhkiyə məkanında oyun apara bilər.

     Bu hekayələrdə Əlabbas nəsr taktikası üçün səciyyəvi priomları görmək olar. Əlabbasın yazı texnikası, lirik, həzin intonasiyası burda da özünü göstərir.

Əlabbas ən kiçik personajı belə qəhrəman səviyyəsində görür. Onun üçün ikinci dərəcəli personaj yoxdur. Tale varsa, qəhrəman da olmalıdır.

Əlabbasın hekayələri iki od qalan həyatında bir dönüş nöqtəsinə ümid bəsləyən və ondan çıxış axtaran insanların taleyi haqqındadır.

Əlabbas mənəvi normalar, həyat mövqeləri toqquşdurur. Çünki onu psixoloji süjetin gərginliyi maraqlandırır. Bu hekayələrin, belə demək mümkünsə, düşüncə – hərəkət sferasını ritorik suallar təşkil edir. Bəlkə çağdaş Azərbaycan nəsrinin heç bir nümayəndəsinin qəhrəmanları bu qədər gərgin "düşünmürlər”, sualların tünlüyündə vurnuxmurlar. Sual Əlabbas nəsrində psixologizmin vacib şərtidir. (F.Dostoyevskinin "Bəyaz gecələr” romanında olduğu kimi!). İnsanların düşdüyü ağır, acınacaqlı vəziyyətdən çıxış yolunun axtarışıdır. Sorğu ömür-gün labirintində azmış insanların ən güvənli ritorikasıdır. Xarici dialoq ya iç dialoqun davamı olur, ya da ondan sonra gəlir. Əlabbasın nəsrində düşüncənin səsini danışığa, sözə çevirir. Suallar səs deyil, söz səviyyəsində eşidilir.

Müəllif sanki suallarla öz qəhrəmanlarının əməlinə, davranışına bəraət qazandırmaq istəyir. "Axırda yükü də aşırıb ələk-vələk elədi. Xəyalında o ki, axı hansı bəd əməlin, pis niyyətin yiyəsidi ki, iki balası gözünün qabağında sağalmaz dərdə tutulub, o isə yadların yadı kimi durub baxır, görsün nə olacaq? Kömək ummağa, imdad diləməyə də bir kimsə yoxdu” ("Gəlin”), yaxud: "Fəzl həm də ona yanırdı ki, niyə hər şeyin növrağı belə tez və heç nədən pozuldu? Özü də yenə naxələf oğulun ucbatından. Bir nəfərlə bir kəlmə sözü olmayan bu adamı niyə axı itin-qurdun ayağına verdi bu nankor övlad? Niyə qoymadı öldüyü yerdə ölə? Bu qoca çağında lazım idi ora-bura ayaq döyüb, qapılarda can çürütsün? ("Gəlin”)

Əlabbasda sosial həssaslıq güclüdür, ona görə də qəhrəmanlarının sosial portretini təfərrüatı ilə təqdim edir. Erkək Ağca bir mikromətn "Qul” hekayəsində bağa işləməyə aparılan işsizlərin – qulların maşında dialoqu mənə 90-cı illərdə, sovet hökumətinin dağıldığı dövrdə Bakıda geniş yayılan F.Mehdinin "Dilən, professor, dilən” şeirini xatırlatdı. Cəmiyyətin sosial problemləri personajların şüuraltına sıxışdırılır.

Əlabbasda maraqlı bir "zaman kəsimi” var. Onun personajları keçmişdən "yol gəlirlər”. Keçmiş  ya xatirə, ya da qəfil, gözlənilməz bir görüş səviyyəsində onların  qarşısına çıxa bilir. Bağa "qul” kimi aparılmış müəllimin keçmiş sevgilisinə rast gəlməsini xatırlayın.

Əlabbasın yazı poetikasının bir gözəlliyi də ondadır ki, bir sehrbaz kimi feli mübtədaya, xəbərə, təyinə çevirə bilir. Təhkiyənin bütün yükünü fellər çəkir. Başqa nitq hissələrini xəsisliklə fellər arasına buraxır. Onun nəsr dünyasında hər şey hərəkət mahiyyətlidir. Məsələn: "Kimsə dillənmədiyindən onun dediklərini hətta hamıdan axıra qalan Dəftər arvad da apaydın eşitdi. Dolama getsələr, fikirləşdi, yol ikiqat uzanacaq” ("Avranada dəfn”).

Bütün kişilərin yaddaşında bir qadının obrazı var. Ömrün o tayında qalmış bu qadınlar kişilər üçün artıq bir ilğıma dönür. "Otuz il əvvəl və indi! Əgər üz-üzə gəlsəydilər, bəlli idi ki, tamam özgə bir Sənubərlə qarşılaşardı. Amma nədənsə xəyalında həmişəlik on altı, on yeddi yaşlı gülərüz bir növrəstə qalmışdı” ("Ovçu")

Peyzaj təqdim olunan hadisənin ovqatından və hardasa yazıçının yaddaşında, ruhunda dərin şırım açmış peyzaj xatirəsindən asılıdır. Maraqlıdır ki, peyzaj qavrayışında yazıçı heç vaxt təkrarlanmır.

       Qəhrəmanın taleyi onun sosial statusundan başlayır: qul, ovçu, gəlin... Əlabbas üçün sosial status çox önəmlidir. Bioqrafiya da ondan törəyir. Əlabbası hər şeyi məntiqi sonu süjetin sonudur. Son ya ölümdür, ya ölüm ərəfəsidir. Son tövbə, etiraf məqamıdır, içdəki sualların Göylərə xitaba, nidaya çevrilməsidir: "Lənət şeytana, - deyib quru-quru tüpürdü və bircə anda qərar verməyimə də elə o vaxt qıtlığı, dar macal səbəb oldu: qismət Allahdandı, hansı tez çatır-çatsın, ona da minib gedəcək, nə ola, ola...” ("Qul”); "O səsdəki yad xalları duysa da, Fəzl dərhal anlaya bilmədi ki, gəlin tövbə kimi səslənən o sözləri qapıdan çıxhaçıxda üzünü və əllərini göyə tutuban deyəcəklərini gözünə qatmaq üçün elə pıçıldayır:

– Keç günahımdan, xudaya – pərvərdigara!!! ("Gəlin”).

Mən Əlabbas qəhrəmanlarının suallarına inanıram...

 

Rüstəm Kamal

Kaspi  2018.- 20-22 oktyabr.-  S.11.