Özümü Selincerin ruh əkizi
sayıram
Mustafa Məstur: “Təbiət
iki insanın tamamilə bənzər olmasını istəmir”
Artkaspi.az "Kaspi” qəzeti
dünyaca məşhur İranlı yazıçı Mustafa
Məsturun Türkiyənin "Kültür atlası” dərgisi
üçün yazar Zeynəb Özələ verdiyi
müsahibəni təqdim edir:
– "Mümkün olanın ən
yaxşısı” adlı kitabınızı tərcümə
edərkən olduqca təsirləndiyimi etiraf etməliyəm.
Aylarla kitabdakı obrazlarla yaşadım.
Yazıçılıq macəranız necə
başladı?
–
"Mümkün olanın ən yaxşısı”nda bir yerdə
deyirəm ki: "Həyat heç də
planlaşdırdığımız kimi olmur”. Bu, mənim həyatıma
da aiddir. Balaca vaxtı yazmağı və sözləri
çox sevərdim, sanki sözlərlə
yaşayırdım, amma yenə də heç vaxt
yazıçı olmaq barədə düşünməmişdim.
Əslində, film çəkmək istəyirdim. Hətta ilk
gənclik illərimdə bir-iki qısa film çəkib
mükafat da almışdım. Lakin qısa müddətdə
bu işin mənim üçün uyğun
olmadığını anladım. Film çəkmək
üçün diribaş olmaq lazım idi. Mən isə
uşaqlığımdan bəri özünəqapanıq və
utancaq idim. Hələ də eləyəm. Bundan sonra tərki-dünya
ruhuma uyğun yazmağı sınamaq qərarına gəldim.
Əvvəllər hekayələrimin çap edilməsi belə
məni utandırırdı. İndi isə nadir hallarda bu
hissi keçirirəm. Amma fikrimcə, yazmaq film çəkməkdən
daha asandır. Ən azından bir qrup insanla işləmək
məcburiyyətində olmursunuz. Yazmaq üçün bir az
sakitlik, yalnızlıq və bir neçə səhifə
kağız kifayət edir.
– Daryuş Şayeqan Prustu, Qonkur
qardaşlarını, Sen Simonu, Floberi təqlid edə-edə
özünəməxsus bir üslub
formalaşdırdığını dilə gətirmişdi.
Bu metod haqqında siz nə düşünürsünüz?
Və sevdiyiniz yazıçılar kimlərdir?
– Yer üzündə
yaşayan milyardlarla insan arasından bir-birinə bənzər
iki nəfər tapa bilməzsiniz. Hətta əkizlər belə
fərqlənir. Yəqin bu keçmişdə də belə
olub. Ehtimal ki, gələcəkdə də dəyişməyəcək.
Bunları qeyd etməklə demək istəyirəm ki, təbiət
iki insanın tamamilə bənzər olmasını istəmir.
Sənətin özəlliyi də fərdiliyindədir. Təqlidlə
o fərdilik yoxa çıxır və yaranan şey artıq
sənət olmur. Təbii, bəzi adamların zehni, ruhi və
hissi oxşarlığına təqlid deyə bilmərik.
Amerikalı yazıçı Selinceri çox sevməklə
kifayətlənməyib, bənzər şeylər barədə
düşündüyümüzə də inanıram, amma
heç vaxt onu təqlid etmək istəmərəm.
Polşalı rejissor və ssenarist Kyeslovskini də çox
sevirəm, ancaq onun üslubunu təqlid etmərəm.
İkisi də mənim hekayələrimi oxusaydılar bəyənərdilər,
amma əminəm; heç biri məni təqlid etmək istəməzdi.
Bunu "ruh əkizliyi” adlandıra bilərik. Mən də
özümü Selincerin, Kyeslovskinin ruh əkizi sayıram.
– İlk hekayəniz olan "Şiraz”ın ithaf hissəsində müxtəlif qəzalarda ölən uşaqlıq dostlarınızı nəzərdə tutaraq belə deyirsiniz: "Əslində, bu hekayəni – əllə işlənmiş hədiyyə kimi – uşaqlıq dostlarım Əsi, Rəsul və Aydiyə ithaf eləyəcəkdim, amma sonra fikrimdən daşındım. Hekayələrin dəyəri ilə bağlı həmişə narahat olmuşam. Elə bu davranışın altında yatan kobud, axmaqca özündənrazılığa görə də sonra fikrimi dəyişdim. O fikrə gəldim ki, onların ölümünə hekayə ithaf etmək, mənim sağ qalmağımla öyünməyim mənasına gəlir. İllər sonra bu üç dostuma "divar arxası”ndan belə səslənmək istəyirəm: "Uşaqlar, sizin üçün bu qədər çox darıxacağımı heç fikirləşməmişdim...”. Təsirlidir... Doğurdan da, Aydi, Əsi və Rəsul uşaqlıq dostlarınızmı idi və sonları hekayədəki kimi oldumu?
– Sanki
uşaqlığım çox uzun keçib Macəra dolu və
aktiv. İndiki uşaqlar kimi evdən məktəbə,
ana-atayla kinoteatra, ya da restorana gedib, bir istixanadakı kimi
böyümürdük. Uşaqlığım xurma və tut
ağaclarının təpəsində, yan-yörəsində
keçib. Pişiklərlə, küçədə futbol
oynamaqla, həyəcan, qorxu və macəralarla
iç-içə. Yoxsulluq və səfalət içindəydik,
fəqət çox yaxşı dostlarım var idi. Bəzisi
sonradan oğru və qaçaqmalçı oldu, bəzisi də
Avropa və Amerikaya immiqrant kimi getdi, bəziləri də
müharibədə öldü. Əsi, Rəsul və Aydi
dostlarım olmasalar da, bütün uşaqlıq
dostlarımın simvollarıdırlar. Daha öncəki hekayələrimdə
də Əsi, Rəsul və Aydidən dəfələrlə
bəhs etmişəm.
– Mühəndis olmağınız
hekayə yaradıcılığınıza təsir edirmi?
– Fizika və
riyaziyyatla tanışlıq zehni məntiqli və sistematik
formaya salır. Hekayə qurmaq üçün əvvəlcə
süjet lazımdır. Mən də yazmamışdan əvvəl
həmin süjeti planlaşdırıram. Hekayənin
quruluşunu, xarakterləri və detalları müəyyənləşdirirəm,
hətta bəzən hekayədəki mühiti memarlıq
baxımından da ətraflı təsvir edirəm. Hekayəni
fiziki və duyğu şəklində beynimdə
canlandırmadıqca yazmıram.
– "Tehran” hekayənizdə müxtəlif ölkələrdə yaşayan uşaq və nəvələrinə görə yalnız qalan yaşlı qadının həyəcanlarını, narahatlıqlarını çox gözəl əks etdirmirsiniz: "Eskalatora hər dəfə minəndə, ayağını kəndirbaz kimi diqqətli və ehtiyatlı şəkildə pilləyə qoyurdu... Yeməkdən sonra oturacağından qalxıb eləcə tərpənmədən masanın arxasında dayandı. Dənizin ortasında, ən adi bir hərəkətlə alt-üst olacaq qayığın ağırlıq mərkəzində durmuş kimiydi...” Bir az da dünyasını dəyişmiş ananızla münasibətlərinizdən danışardınız...
– Dediyim kimi
özünəqapanıq biriyəm və sosial həyatdan
uzağam. Yəqin buna görə kişilərdənsə
qadınlara, onların problemlərinə, ruh hallarına və
fikirlərinə daha yaxınam. Onsuz da, yaşlı qadın və
kişiləri çox sevirəm və onlarla saatlarla söhbət
edə bilərəm. Məsələn, anam sağ olanda onunla
çox danışardım. Adətən, onun
üçün çox önəmli, mənim
üçün isə elə də vacib olmayan
mövzulardan...
– Bu kitabınızdakı ən fərqli
hekayəniz "Bəndər Ənzəli”dir. Siz bir obrazı
eyni zamanda üç fərqli xarakterdə, bambaşqa həyatlarda,
bir aşiq kimi yaratmısınız. Əslində, bu
üç eyni insan fərqli talelər yaşayır, amma
"Bəndər Ənzəli”də
qarşılaşdıqları zaman özlərini
güzgüdə bir başqasının gözüylə
görmüş kimi olurlar. Qəribə quruluşdur. Bu hekayəniz
haqqında nə fikirləşirsiniz?
– Hekayələrimi
şərh etmək, fikrimcə, heç də yaxşı
bir şey deyil. Sadəcə "Bəndər Ənzəli”
zahirən aşiqanə bir hekayə kimi görünsə də,
əslində, müharibə əleyhinə hekayədir.
Əgər müharibə olmasaydı, hekayənin qəhrəmanı
o üç sevgi dolu həyatdan, hətta həyatlardan birini
yaşayacaqdı, amma 17 yaşında müharibədə
öldüyü üçün bu fərqli həyat
seçimlərini itirir. Terrorda, ya da müharibədə
ölən hər gənc, əslində, onu gözləyən
həyatın təbii ləzzətlərinə çata
bilmir. Hər gün dünyanın dörd bir yanında minlərlə
gənc hədər yerə həyatın gözəlliklərindən
məhrum olur. Mən bunları nə vaxtsa bir yerdə
hayqırmaq istədim və "Bəndər Ənzəli”
hekayəsi tam da o yer idi...
– Kinematoqrafiya ilə
maraqlandığınızı söylədiniz. Ən son
hansı filmi izləmisiniz? Ən sevdiyiniz rejissorlar kimlərdir?
– Filmləri
çox sevirəm, amma, sözün əsl mənasında, bəyəndiyim
filmlərin sayı azdır. Ən son "Üç Billboard
Ebbing Çıxışı” və "Mission”u bəyənərək
izlədim. Ayrıca şiddət əleyhinə olan Mike Leighin
filmlərini də sevirəm. Richard Linklaterin "Gün
Çıxmadan, gün batmadan və gecə yarısından
öncə” seriyasını və xüsusilə Funny Gamesi ilə
Michael Hanakeyi çox sevirəm. Spilberqin "Şindlerin
siyahısı”, "Sıravi Rayanı xilas etmək” filmləri
də olduqca yaxşıdır. Kyeslovski filmlərini də hədsiz
sevirəm və çox izləmişəm. Bir neçə
il əvvəl Yılmaz Güney haqqında yazılmış
"Yol” adlı kitabı İngiliscədən Farscaya tərcümə
etmişəm. "Yol”u izləmişdim və bəzi səhnələrini
hələ də xatırlayıram. Yazı üslubumu
formalaşdırmağımda kinonun təsiri olduğu qənaətindəyəm.
Bu, dünyagörüşü qazanmağıma, təəssüratlar
və təsvirə önəm verməyimə səbəb
oldu. Bir yandan da bəzi səbəblərdən hekayələrimi
bəyaz pərdədə görmək kimi bir həvəsim
yoxdur.
– İrandan xarici ölkələrə
sənətçi axını var. Lakin mühacirət etsələr
də, farsca yazmağa davam edirlər. Sizcə, mühacirət
dönəmində ortaya daha yaxşı mətnlər
çıxırmı? İranda yaşayan bir
yazıçı kimi özünüzü təzyiq
altında hiss edirsinizmi?
– Məncə,
yazıçılar İrandan ayrılıb fərqli ölkələrdə
məskunlaşdıqdan sonra ədəbi güclərində
bir zəifləmə müşahidə olunur. Bir səbəbi,
yazdıqlarının bu cəmiyyətdə kök
salmış olmasıdır. Torpaqdan ayrılan kök quruyur.
İrandan köçdükdən sonra ruhən daha rahat olan
bir yazıçı tanımıram. İranda isə senzura
var. Bəzi qiymətli əsərlər işıq
üzü görmür, ya da orijinalının təhrif
olunmasına gətirib çıxaran bəzi müdaxilələrdən
sonra çap edilir. Keçən il çap prosesindəki son
romanımdan ("Eşq və digər şeylər”) bəzi
bölümləri çıxartmağımı istədilər.
Mən də qəbul etməyərək mediada
etirazımı ifadə edən bir açıqlama verdim və
dedim: "Əgər Mədəniyyət və
İslami-İrşad Nazirliyi kitabımın çap
olunmasına icazə verməsə onu tərcümə etdirib
xaricdə yayımlayacam”. Bir neçə gün sonra həmin
nazirlik kitabın çapına razılıq verdi. Bəzi
adamların müəyyən kürsülərdə əyləşib
şəxsi meyarları əsasında hansısa kitabın
çapına icazə verib-verməməsi ilə
razılaşmaq olmaz.
Türkiyə türkcəsindən
uyğunlaşdıran: Cahanxanım Seyidzadə
Kaspi 2018.- 20-22 oktyabr. - S.15.