Sizə ən çətin
sualı verirəm: Kimdir Dunqa?
Gənc yazar Tapdıq Türksoyun "Dunqa” kitabı haqqında "Kimdir Dunqa” adlı məqaləsini təqdim edirik:
Bəlkə, o heç yoxdu.
– Siz onun olmadığına əminsiniz?
– Yox. Bilmirəm.
– Mən də bilmirəm.
Yaddaşınızı təzələməyə
çalışmayın. Böyük ehtimalla, nəşriyyatın
iyi hələ üstündən çəkilməmiş bu əsərlə
tanış olmağa imkan tapmamısınız. Beyin təmrinini
sevirsinizsə, sizə başqa bir tapşırıq verim: necə
düşünürsüz, 85 səhifəlik balaca bir
kitabın təxminən ortalarında
qarşılaşdığım bu kiçik dialoq
parçasında söhbət nədən gedir? Kontekst? Yəni
ciddidən kontekst önəmlidir? Önəmlidirsə, elə
özüm deyim: balıqdan, qızılquyruq adlı
balıqdan. Diqqətli oxucu belə cavab verərdi. Mən yox.
Mən diqqəti dağılan adamlardanam. Sözlərdən
başqa sözlərə, mətləblərdən başqa
mətləblərə keçmək – dünyada heç nə
bu zövqü vermir. Kitabın arasına əlfəcin qoyub
düşünmək anını deyirəm. Mövzudan, mətləbdən
aralanmağı. Düşünürəm ki, ən
uğurlu əsərlər fikri cəmləyən yox, onu
dağıdan əsərlərdir. Tərəddüd yaradan,
sual doğuran, daxili dialoqa sövq edən mətnlərdir...
Yaxşı, mətləbə qayıdaq. Yeri gəlmişkən,
söhbət – yəni mətləb kitabdır. Tapdıq
Əhmədin yenicə çapdan çıxan povesti –
"Dunqa". Amma tutalım, konteksti bilmirik, elə
qarşımıza lapdan bu dörd cümlə
çıxıb. Mövzu hər şey ola bilər. Elə
deyil? İman, arzu, sevgi, xoşbəxtlik və bu kimi
çoxlu mücərrəd anlayışlar. Bəs
reallıq? Aha, burada məsələ qəlizləşir.
Bizim reallıq kimi qəbul elədiyimiz hər şey təxəyyül
məhsuludursa? Zaman, məkan, sürət, məsafə
yalnız insan beyninə hesablanıbsa? İnsandan, onun
qavramından, beynindən kənarda hər şey başqa
cürdürsə? Bilmirik. "Bilmirəm" – inkarla təsdiqin
gücünün bərabərləşdiyi yeganə nöqtədir.
Bilmirik. Buna görə də insanın bildiyi yerə – zamana,
məkana qayıtmalı oluruq. Tekstə və kontekstə. Nədir
mövzu? Niyə özümü də, sizi də bu qədər
çətinə salmışam? Ona görə ki, Tapdıq
Əhməd adlı dostumuz söhbətə (əsərə)
belə başlayıb: "Dunqa hər gün Rapota
çayında balıq tuturdu". Kimdi Dunqa? Rapota
çayı haradadı? Hansısa Dunqanın bizə naməlum
olan çaýın sahilində balıq tutub-tutmamasının
məsələyə nə dəxli var? Niyə məhz bu
cümlədən başladım? Tələsməyin, mətləb
öz-özünə aydın olacaq. Dunqa mənəm. Dunqa mənim
dostumdur. Əgər bu yazı diqqətinizi çəkibsə,
deməli, sizin özünüzü də elə Dunqa
adlandırmaq olar. Bir az da səbir, hər şey sizə
gün kimi aydın olacaq. Təsəvvür edin ki, bildiyimiz bəzi
sözlər öz mənasını dəyişib. Məsələn,
"Dunqa" deyəndə yalnız yazıçını
nəzərdə tuturuq. "Rapota çayı" ədəbiyyat
deməkdir. "Balıq tutmaq" – şeir yazmaqdır.
İndi bu cümləni yenicə öyrəndiyimiz dildə
oxuyaq: "Dunqa hər gün Rapota çayında balıq
tuturdu". Amma məsələ ondadır ki, Dunqanın Rapota
çayı sahilində balıq tutması (oxu:
yazıçının əsər yazması) ətrafdakılar
üçün mənasız vərdişdir. Daha doğrusu,
burada vərdiş məfhumu da öz ilkin mənasını
itirir. Vərdiş artıq həyat tərzinə
çevrilib. Çünki qəhrəmanın bütün
yaşamı bu vərdişdən asılıdır. Onun
başqa heç bir arzusu, niyyəti, işi yoxdur. Bəs niyə
mənasızdır? Çünki bu iş heç nəyə
yaramır. Dunqa balıq yemir. Çünki onun
yaşadığı Qivna qəsəbəsində (dünyada)
balıq yemək qadağandır. Səbəb yoxdur. Belə qəbul
olunub, vəssalam... İndi gəlin əsərin ilk cümləsini
başqa bir yozumda oxuyaq: Dunqa – adi bir insandır. Rapota
çayı – ölümdür. Dunqanın
yaşadıgı Qivna qəsəbəsi – həyat. Balıq
tutmaq – arzudur (onu yemək olmaz – arzuya çatmağın
mümkünsüzlüyünə işarədir).
Qızılquyruq mövcuddurmu? Dunqanın tilovu
axtardığı bu naməlum balığın
ağırlığına dözəcək qədər
möhkəmdirmi? Son ucu ölümlü dünyadakı ənənələr,
onların kəşiyində duran cəmiyyət,
qayğılarla dolu həyat və bu həyatın içərisinə
necə düşdüyünü doğru-dürüst
anlamayan fərd, onun istəkləri, arzuları, fəaliyyəti,
fəaliyyətsizliyi. Bunların hansı güclüdür?
Hansı böyükdür? Ölümə qalib gəlmək
mümkündürmü? Bu sualların cavabını siz də
axtara bilərsiniz. Amma daha maraqlısı, sizin öz yozumunuz
və öz suallarınız ola bilər. Əlbəttə, zəhmət
çəkib, kitabı alsanız və oxusanız... Dunqa onu
yaradan müəllifdən maraqlıdır. Çünki onun
yerinə düşünmək, onunla danışmaq imkanı
həmişə var. O sənə həmmüəlliflikdən
daha artığına imkan verir. İmprovizəyə. Qəhrəmanın
taleyini, onun motivlərini başqa cür yozmağa. Öz
istedadını, təxəyyülünü, məntiqini
işə salmağa. Ayrıca dünya yaratmağa. Olduğun
hər yeri ədəbiyyata çevirməyə. Bax elə
buna görə ədəbiyyat həyatdan maraqlıdır. Ora
müdaxilə imkanı həmişə var.
Rəbiqə
Nazimqızı
Kaspi.-2018.-20-22
oktyabr.-S.11.