“Axı Zauru sevirəm...”
Natavan Gümet: “Tamaşaçı
ən çox “tələsmə, Zaur”u kimin deyəcəyini
gözləyir”
Yeni mövsüm yeni seriallar, yeni layihələrlə
gəldi. Onlardan özünü doğruldanlar da oldu, tez
yanıb tez sönənlər də. Yenilərdən ATV
telekanalında yayımlanan "Təhminə və Zaur”
serialı isə daha çox səs saldı. Serialın Təhminəsi
Natavan Gümet redaksiyamızın qonağı oldu. Aktrisa
bizimlə söhbətində müasir Təhminə
olmağın özəlliyindən danışdı.
- "Təhminə
və Zaur” serialı bizi bir anlıq illər əvvəl
çəkilmiş həmin o məşhur filmə apardı.
Bu gün Təhminə obrazını canlandırmaq aktrisadan
böyük məsuliyyət tələb edir.
Maraqlıdır, bu obraza necə təsdiqləndiniz?
- İlk dəfə bu serialda Firəngiz
obrazına dəvət almışdım. Rejissorla
danışdıq, 4 gün sonra mənimlə əlaqə
saxladılar və bildirdilər ki, məni bu rola çəkməyəcəklər.
Mən də yaradıcı kollektivə uğurlar arzuladım
və növbəti layihələrdə birgə işləməyi
arzu etdim. Bildirdilər ki, əksinə, mənimlə
vidalaşmırlar, Təhminə obrazında məhz məni
görüblər və bu rol üçün təsdiqlənmişəm.
Bunu eşidəndə həqiqətən də çox
sevindim. Biz uşaqlıqdan "Təhminə və Zaur”
filmini izləyərək böyümüşük. Bu rolu
canlandırmağı çox istəyirdim. Düzdür,
filmdəki açıq-saçıq səhnələr
üstüörtülü olsaydı daha yaxşı
olardı.
- Bəs siz belə
səhnələrə çəkilməzdiniz?
- Təəssüflər olsun ki, çəkilə
bilmərəm. Xaricdə olsam, bəlkə də çəkilə
bilərəm. Ancaq milli mentalitet deyilən bir şey var. Yəqin
ki, o bizə bunu qadağan edər (gülürük).
- Bundan öncə
tərəf müqabiliniz, Zaur rolunun ifaçısı
Cövdət Şükürovla "Dəfnə
ağacı” serialında sevgili rolunu
canlandırırdınız. İndi isə iki qəhrəman
yeni serialda qarşımızdasınız. Sizcə,
tamaşaçı bu cütlüyü sevdiyi
üçünmü yenidən onu efirə qaytardılar?
- Cövdətlə ikinci dəfə tərəf
müqabili olmağımız təsadüf nəticəsində
oldu. Tamaşaçılar
"Dəfnə ağacı” serialından bu
cütlüyü çox bəyənmişdi. Cövdət
serialdan gedəndə "Dəfnə Ağacı”nın
reytinqi düşdü və tamaşaçılardan mənfi
fikirlər aldıq. Düzdür, zamanla reytinqlər yerinə
qayıtdı və Cövdətin zamanında
aldığımız reytinqdən də çox reytinq
qazandıq. Amma onun serialdan getməsi izləyicilərin
qınağına səbəb olmuşdu.
- Qismətdə Cövdətlə "Təhminə
və Zaur” olmaq da var imiş...
- Mənə görə, "Dəfnə
ağacı” serialındakı obrazımız daha çox
sevildi. Çünki həmin vaxt ATV telekanalında iki serial
vardı. Şükürlər olsun ki, bu gün
seriallarımızın sayı çoxalıb və rəqiblərimiz
də az deyil. Biz artıq bir serialla deyil, bir neçə
serialla rəqabət aparırıq. Bu da kino aləmində
çalışan insanlara stimul verir.
- Serialın Zauru
ilə dil tapa bilirsiniz?
- Biz onunla heç tələbə vaxtından
dil tapa bilməmişik. Seriala görə birtəhər dil
tapırıq. Onunla az dalaşmamışıq
(gülürük).
- Cövdət müsahibələrinin birində deyib ki, Natavan öz üzərində işləsə, tanınmış aktrisa ola bilər.
- Onu düz deyir. Yəqin demək istəyib ki,
Natavan üzərində işləsə aktrisa ola bilər
(gülürük). Nə edək? Eybi yox, qoy desin.
Yaxşı edir, amma düz etmir.
- Təhminənin
yerində olsaydınız, hansı qərarı verərdiniz?
- Əlbəttə, yenə Zaura dönərdim,
axı Zauru sevirəm. Spartakı neynirəm? Təbii ki, burada
söhbət obrazdan gedir. Təhminəni əsərdə də,
filmdə də mənfi obraz kimi qəbul ediblər. Mənfi
obraz olmasına baxmayaraq, çox sevilir.
Tamaşaçılar bizə fikirlərini yazırlar, deyirlər
ki, Təhminə filmdə daha gözəl oynayır. Ancaq həmin
filmdə açıq səhnələr həddindən
artıq çoxdur. Zamanında bu obrazı oynaya biləcək
cəsarətli aktrisa olmadığı üçün onu
Türkiyədən dəvət etmişdilər.
- Təhminəni cəmiyyət əxlaqsız qadın kimi qəbul edir.
- Serialda Təhminə heç də əxlaqsız
qadın deyil. Ailə qurub boşanmış, həyatını
yenidən qurmağa çalışan bir xanımdır. Onun
mənfi cəhətləri isə içki içməyi,
siqaret çəkməyi, evə gec gəlməyidir. Azərbaycanda
bu gün içki qəbul edən, siqaret çəkən xanımlarımız
azdırmı? Məgər onlar əxlaqsızdır? Bu
onların özəl həyatıdır və mən də
buna pis baxmıram. Məgər "Qaynana” filmində Nəsibə
Zeynalova müştük istifadə etməyibmi? Düzdür,
qadına yaraşdırmırlar, ancaq hər kəsin öz
fikri var. Mən də bəzi kişilərə çox şeyi
yaraşdırmıram. Ancaq bunu qloballaşdırıb, təhqiredici
sözlər demirəm ki. Təhminə bütün ailənin
yükünü çiyinlərində daşıyan və
gözəlliyi başına bəla olan bir xanımdır.
Düzdür, "Təhminə və Zaur” filmi tarixə
düşdü, olduqca sevildi və sevilir də.
- Filmdən fərqli
olaraq serialın ssenarisi tam başqadır.
Tamaşaçı sevdiyi filminin səhnələrinin
uzadılmış və bir qədər əlavələr
edilmiş variantını qəbul edə bilirmi?
- Tamaşaçı ən çox gözləyir ki, "tələsmə, Zaur”u kim deyəcək (gülürük). Rejissorumuz Şahin Qəhrəman çalışır ki, milli mentalitet, ailə dəyərləri məsələlərində çərçivədən kənara çıxmasın və o, açıq səhnələri sevməyən insandır. Bizim açıq səhnələrimiz Spartakla olub. Zaur olan yataq səhnəsində biz artıq geyimdə olmuşuq. Spartakla yataq səhnəsində isə mən ayağımın bir hissəsini çıxardım və bununla ötüşdürdük. Bunu normal hal kimi qəbul etmək lazımdır. Mən də, Zaur obrazının qəhrəmanı da real həyatda ailəliyik. İnanmıram ki, burda açıq-saçıq səhnələri tamaşaçı qəbul etsin. Biz türk seriallarında belə səhnələri izləyir və heç də təəccüblənmirik. Bəlkə də serialı izləyərkən elə bu səhnələri gözləyirik. Həmin seriallarda aktyorlar bu səhnələri o qədər təbii oynayırlar ki, hətta onların sonradan həyatlarında özəl münasibət yaranır. Aralarında yaranan bu qığılcım o qədər təsirli olur ki, onlar ailələrindən boşanıb bir-birləri ilə evlənirlər.
- Bizim Təhminə
və Zaurumuzda bu mümkündürmü?
- Əsla, belə şey mümkün deyil.
- Həyat
yoldaşınızın Təhminə obrazına münasibəti
necədir?
- Yaxşı ki, Türkiyədə bizim ATV
kanalı yoxdur, orada göstərmir. Təbii ki, zarafat edirəm.
Həyat yoldaşım bilir ki, bu mənim sənətimdir. Bu
rola çəkilmək üçün təklif alanda
yoldaşımla bir az sözümüz üst-üstə
düşməmişdi. Qayınatam dedi ki, oğlum ailə
quranda bilirdi ki, kiminlə ailə qurub. Bu sənin sənətindir.
Sən istəmədiyin müddətcə,
yoldaşının təkidi ilə belə bu sənətdən
getməməlisən. İki aydan bir mən Türkiyəyə
gedib-gəlirəm. Çünki yoldaşım Türkiyədədir.
- Ancaq siz Türkiyədən gələndə söz-söhbətlər gəzirdi ki, artıq həyat yoldaşınızdan boşanmısınız.
- Bu, boş söhbətlər, şayiədir.
Sadəcə, bu layihəyə təklif aldım deyə gəldim.
Təbii ki, mənə təklif olunan bütün obrazları
birinci həyat yoldaşımla məsləhətləşirəm.
- Siz
özünüz də Türkiyədə
yaşayırsınız və orada həyat
yoldaşınızla film sektorunun içindəsiniz. Nə
üçün serial və filmlərə rol
almadınız?
- Türkiyədə adaptasiya olmağa
başlayanda artıq uşaq gözləyirdim. Ona görə
bir müddət ara verdim. Bir də ki, orda aktrisaları baş
rola çəkərkən daha çox 20-23 yaşlı
xanımlara üstünlük verirlər. 30 yaş artıq
onlar üçün gecdir. Əsas işi aktrisa deyil,
prodüserlər həll edir. Prodüser deyəndə, bizim
prodüserlər kimi deyil. Bizim aktrisaların 95 faizində
prodüser deyilən bir şey yoxdur. Orda prodüser
aktrisanın bütün yaradıcılığını həll
edir. Aktrisanın yerinə iclaslara gedir, onunla bağlı məsələləri
həll edir, yeri gələndə aktrisanın geyiminə, gedəcəyi
məkana, kiminlə söhbət edəcəyinə qədər
hər bir işinə müdaxilə edir. Aktrisanı xammal
kimi götürür və onu yenidən yetişdirir. Təminat
verir ki, 5 ilə sən bu zirvəyə çatacaqsan.
-Təhminə
obrazını canlandıran Meral Konratla
görüşmüsünüzmü?
- Onunla heç bir görüşüm
olmayıb.
-
Görüşsəniz, ilk sözünüz nə olar?
- Deyərdim ki, bir zamanlar Azərbaycanda bu obraza
çəkilməyə heç kim risk etməmişdi.
Artıq yeni bir gənc Təhminə var. Bəlkə onun qədər
sevilməyəcəm. Ancaq onun qədər sevilsəm, mən
Natavan olmaram. Mən Natavan olmağa və onun simasında yeni
bir Təhminə canlandırmağa çalışıram.
Obrazıma yeni nəfəs verərək yeni Təhminəni
sevdirməyə cəhd göstərirəm. Biz
tamaşaçıdan mənfi də, müsbət də
fikirlər alırıq. Serialda bəzən Təhminə
siqaret çəkir və başlayırlar sosial şəbəkələrdə
ona mənfi rəylər yazmağa.
- Mənfi rəyləri
oxuyursunuzmu?
- Oxumuram. Mən aqressiv insanam və hər
şeyi ürəyimə salıram. Biri var tənqid, biri də
var təhqir. Savadsız və bisavad insanlar bunları səhv
salırlar. Kimisə təhqir etməyə heç kimin
haqqı yoxdur. Bu gün şəhərin mərkəzində
qızlarımız siqaret çəkir, içki içir.
Onları tənqid edən varmı?
- Bəs deyirlərmi
ki, siz o Təhminə ola bilməzsiniz?
- O qədər... Deyirlər ki, "bu nə Təhminədir?”,
"Azərbaycanda serial aləmi heç vaxt inkişaf etməyəcək”.
Yazılan rəylərdə bizi daha çox Türkiyə ilə
müqayisə edirlər. Türkiyədə öpüşmə
və yataq səhnəsinə ağzıaçıq
baxırlar, ancaq Azərbaycanda əlində siqaret olan Təhminəyə
qıyqacı yanaşırlar. Daha anlamırlar ki, məhz
onların sayənizdə biz inkişaf edib,
özümüzü göstərə bilmirik.
Seriallarımızın və kinomuzun zəif inkişaf etməyinin
səbəbi məhz onlardır.
- Türkiyəyə gəlin köçəndən sonra sanki dostlarınıza qarşı bir az soyumusunuz.
- Hamı məni olduğum kimi qəbul etməyə
məcbur deyil. Hər kəs səhv edə bilər və səhvsiz
insan yoxdur. Mən özümdə heç bir səhv
görmürəm. Onu da unutmasınlar ki, mənə
qarşı haqsızlıq olmasa, mən haqsızlıq etmərəm.
Məndən heç kəsə pislik gəlməz, çox
insandan pislik görsəm də. Çox ani əsəbiləşirəm,
sakitləşəndən sonra "kaş onu etməzdim” deyirəm.
Ana olduqdan sonra daha da aqressivləşmişəm. Bəlkə
çox haqsızlıqlar gördüyümə görədir.
Eqoist olmağa başlamışam. Əvvəl hər kəsin
dərdini dinləyir, kömək etməyə
çalışırdım. Ancaq yanıma gəlib, dərdini
tökən insanın aurasını üzərimə
götürmək istəmirəm. Hər şeyə daha
pozitiv yanaşmağa çalışıram.
- Təhminə obrazının hansı məqamları Natavanın həyatı ilə üst-üstə düşür.
- Bir çoxu. Təhminənin ürəyi
yumşaqdır. Mən elə deyiləm, bəlkə ailə
həyatı qurduqdan sonra gördüyüm
haqsızlıqlara görə belə qəddarlaşmışam.
Hər günün üzərinə gün gəldikdən
sonra daha da əmin oluram ki, mən güclü qadınam, məndə
olan güc heç bir kişidə yoxdur. Mənim
yaşadığım problemləri onlar yaşasaydı tab gətirə
bilməzdilər. Təhminən yaşadığı həyatla
mənim həyatım üst-üstə düşür.
Ondan fərqli olaraq övladım var. Oğlum mənim ən
böyük mükafatımdır.
- Bir oğul
anasısınız, oğlunuz real həyatda Təhminəni
alsa, qəbul edərsiniz?
- Əlbəttə, yetər ki, oğlum
xoşbəxt olsun.
- Ana olduqdan sonra
həyatınızda nələr dəyişdi?
- Çox şey. Nə qədər gözəl
bir həyat yaşasam da, övladımı qucağıma
alanda anladım ki, həmin günə qədər
yaşamamışam. Övladını qucağına almaq,
ona toxunmaq, qoxusunu içinə çəkmək tamam
başqa bir hissdir. Bunu ana olmayan anlamaz. Ana olduqdan sonra məsuliyyət
hissim daha da artdı. Belə ki, yolu keçərkən,
maşın sürərkən özümü qorumağa
çalışıram ki, mən övladıma lazımam.
Xəyalə Rəis
Kaspi.-2018.-23
oktyabr.-S.12.