Sevgiyə tapınanlar

Və ya Dövlət Musiqili Teatrının "Bağdada bir gün"ü

Əslində ilin-günün bu vaxtında, bir  çox ənənə və dəyərlərimizin gözgörəsi Novxanı çimərliyinin kəhraba qumu kimi əlimizdən süzülüb getdiyi bir  dövrdə, kimisə teatrın cazibəsində saxlamaq, bütün tamaşaçılar bir günlük də olsa nağıllar, əfsanələrlə isitmək lap nağılların sehrinə inanmaq kimi  inanılmaz və çətin bir nəsnədir. Ancaq diyarından daha çox qan-qada, müharibə, onminlərlə köçkün və qaçqın qarğaşası ilə dünyanın eyninə belə gəlməyən kimsəsiz, yoxsul bir ölkəyə çevrilən İraqın xoşbəxt dövrünə, bu gün artıq tarixi daş yaddaşına qovuşan illərin sevgi və bolluq içində cilvələnən məşhur Bağdadı səyahətə çıxmağa gəlmişdilər. Sarayları, al-əlvan rənglərə bürünmüş küçə və meydanları, təkrarsız şərq bazarının ağılagəlməz təzadları ilə baş-başa qalmağın sevincinə və sevgisinə şahid olacaqdılar bu axşam! 21-ci əsrin bu sərsəri və başgicəllədən inkişaf sürətinin ritminə uyğunlaşmağa çalışdığımız bir dövrdə müsəlman aləmini islamafobiya təhdidi ilə hədəfə alan qərbin hiyləgər planlarının nədən ibarət olmasını sadalayıb teatr təəssüratını pozmaq niyyətində deyiləm, ona görə də bu siyasi gəzişmələrimə unudulmaz bəstəkarımız Emin Sabitoğlunun əsrarəngiz və təkrarsız musiqisinin sədaları altında bir qədər unutdurmağa çalışacam. Bu dünya belədir. Gücünün yetmədiyi elə məqamlar var ki, içindəki ağrını, acını, etirazı sözlə, səslə, musiqi ilə ovutmağa çalışırıq, yəni sadəcə insanlıq halı...deyib də keçək mətləbə.

    Özünün yeni - 109-cu mövsümünün ilk premyerası ilə tamaşaçılar qarşısında yeni bir sənət imtahanı verən Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi bir daha Emin Sabitoğlu yaradıcılığına müraciət edib. Musiqi sənətimizin istedadlı nümayəndəsi, Xalq artisti, Dövlət mükafatı laureatı, "Şöhrət" ordenli sənətkarı əslində tamaşaçı və dinləyicilər daha çox lirik mahnıların müəllifi kimi tanıyır və sevirlər.

     Xatırlatmağı vacib bilirəm ki, görkəmli bəstəkar 1961-ci "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru kimi işə başlayıb, sonralar Dövlət Filarmoniyasında bədii rəhbər, Üzeyir Hacıbəyov adına Dövlət Konservatoriyasında (indiki Musiqi Akademiyasında) müəllim işləyib. Bir simfoniya, üç simfonik poema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün poema yazıb. 600-dən artıq mahnının, 9 musiqili komediyanın, 40-a yaxın filmin musiqi müəllifidir.

Musiqili teatrın səhnəsində bəstəkarın musiqili komediyaları böyük uğurla tamaşaya qoyulub. İllər sonra "Bağdada bir gün" əsəri Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluşunda səhnəyə qayıdıb. Rejissor da, bütün yaradıcı heyət də əsəri müasir tamaşaçı auditoriyasının zövqünü nəzərə almaqla hazırlamağa nail olublar. Emin Sabitoğlunun hər kəsə tanış olan mahnılarının ahəngi hər notunda hiss edilən operetta bir nağıl dünyasının qapılarını açır hər kəsin üzünə. Şərqin rəngarəng və təkrarsız koloritli həyatının göstərisi olan səhnə tərtibatı, bu gözəlliyi tamamlayan al-əlvan rəqslər, hadisələrin gedişinin bir-birini ritmik əvəzləməsi, aktyorların şövqlü və ilhamlı ifası sözün həqiqi mənasında min bir gecə nağılları təsiri bağışlayır. Əslində əvvəldə də qeyd etdiyim kim Bağdadın tarixi ilə azacıq tanış olanlar onu şərqin mədəniyyət mərkəzi kimi yaddaşlarda yaşadır. Tarixin müxtəlif dönəmlərində bir sıra güclü dövlətlərin himayəsində olan bu torpaqlarda yaşayan yerli sakinlərlə bərabər burada hökmranlıq etmiş xəlifələrin, şahların, padşahların və onların əsabələrinin - elm xadimlərinin, yazıçı və şairlərin, rəssam və memarların, sənətkar və tacirlərin bu xalqın mədəniyyətinin formalaşmasında və zənginləşməsində müstəsna rolu olub. Son dönəmlərdə bu şəhərin və ölkənin yaşadıqları faciələrə rəğmən yenə Bağdad və onun nağıllar aləmi unudulmur, unudulmayacaq da.

Tamaşanın əsas qəhrəmanları bəlkə də müasir tamaşaçı üçün adiləşən, gözəlliyini və ülviliyini hər gün bir az da itirən sevgiyə tapınanlardır. Bağdad bazarında 2 at oynadan Rəhim də (Əliməmməd Novruzov), bu köhnə bazara təzə nırx qoymaq həvəsi ilə alışıb yanan Səlim də ( Emil Heydərov), xəlifənin qızı Leylaya  (Mehriban Zalıyeva) aşiq olan kasıb məhəlləli Bəhram da (Pərviz Məmmədov), gözəl, cazibədar, məlahətli olduğu qədər də tədbirli, şux, ən çətin məqamlarda belə işin içindən çıxmağı bacaran Afət də (Əməkdar artist  Svetlana Bullax), işvəsi, nazı, ədası ilə hər kəsin ağlını başından alsa da Səlimə sevgisini gizlətməyən Züleyxa da (Əməkdar artist Yuliya Heydərova), təğyiri-libas olub (libasını dəyişib) dükan-bazarı gəzərək həmşəhərlilərinin nə etdiklərini, necə yaşadıqlarını öyrənməyə çalışan Harun Əl-Rəşid də (Əməkdar artist Anton Ferşdant), vəzir Masrur da (əməkdar artist Boris Qrafkin), xacə obrazlarını özünələrinəməxsus komik boyalarla ifa etməyə nail olan xacələr-Telnaz Hüseynova və Nadejda Povelitsina da sadəcə sevgi, səadət arzusunda və axtarışında olan insanlardır. Onların hər birinin xoşbəxtliyə gedən yolu bir məkanda - xəlifənin sarayında birləşir. Tamaşa boyu səhnədə cərəyan edən  hadisələrin təsir gücünü artıran Emin Sabitoğlu musiqisinin bəzən lirik, bəzən dinamik notları təsir gücünü daha da artırır. Bütün nağıllar kimi Bağdadda izlədiyimiz bir günlük əfsanəvi nağıl da tamamlanır. Tamaşaçıların məmnun siması, gur alqışları tamaşanın alındığına işarədir. Bu uğur, bu alqışlar  təkcə bu teatrının səhnəsində quruluş verdiyi bir-birindən maraqlı tamaşaların müəllifi Əsgər Əsgərovun, unudulmaz bəstəkarın musiqisini qüsursuz və ilhamla ifa edən orkestrin rəhbəri, teatrın baş dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevin, aktyorların ünvanına deyil, həm də rəngarəng kostyumların yaradıcısı, Əməkdar rəssam Nabat Səmədovanın, quruluşçu-baletmeystrlər, əməkdar artistlər Zakir və Yelena Ağayevlərin, xormeystr, Əməkdar artist Vaqif Məstanovun, konsertmeysteri Kamil Həsənovun, rejissor assistenti Tamilla Aslanovanın, bir sözlə, yeni səhnə əsərinin araya-ərsəyə gəlməsində zəhməti olan hər kəsin ünvanınadır. Bir mühüm məqamı da qeyd edim ki, tamaşa teatrın rus bölməsində hazırlansa da, aktyorların bir çoxu həm də Azərbaycan bölməsində oynanılan əsərlərdə gözəl obrazlar yaradırlar.

Bu yağışlı, yağmurlu payız günlərində istirahətinizi daha yaddaqalan, daha maraqlı və səmərəli keçirmək istəyirsinizsə, çoxdan ünvanını unutduğunuz teatra gəlin! Teatr da həyatın bir parçasıdır ki, biz ona kənardan baxanda daha cazibədar, daha maraqlı görünür. Çiçək almasanız da olar, elə sizin alqışınız və sevginiz hər axşam öz ömrünün kifayət qədər çox sayda problem və qayğılarını palto əvəzinə teatrın başlandığı asılqana asıb qrim otaqlarına, oradan da səhnəyə - özgə talelərini yaşamağa tələsənlər üçün ən qiymətli hədiyyədir.

Telli Pənahqızı

Kaspi.-2018.-23 oktyabr.-S.11.        

 

 

 

.