Milli təhsil quruculuğu
tarixi
Və ya Azərbaycan
Xalq Cümhuriyyəti dövründə müəllimlərin
ilk qurultayı
Azərbaycan
Xalq Cümhuriyyəti dövründə (1918-1920) 1918-ci
il dekabrın 13-dən 28-dək olan müddətdə milli təhsil quruculuğu tariximizdə əhəmiyyətli
rolu olmuş xalq və ali-ibtidai
məktəb müfəttişlərinin, müəllim və pedaqoqların, təhsil işçilərinin ilk qurultayı keçirilmişdir. Həmin əlamətdar hadisədən 100 il
keçməsinə
baxmayaraq Bakı şəhərində, 2-ci real məktəbinin zalında
Xalq Maarif Nazirinin
müavini Həmid bəy Şahtaxtinskinin sədrliyi ilə
keçirilmiş qurultayın
materialları müasir dövrdə
də unudulmur və bu gün də dərin hörmət və ehtiramla
öyrənilir, tədqiq edilir
və gənc nəslin elmi - pedaqoji biliyinin
artırılmasında
istifadə edilir. Azərbaycan
xalq maarifi və məktəbinin bu və ya digər tarixi mərhələlərdə
necə inkişaf etdiyini, hansı inkişaf mərhələlərindən
keçdiyini öyrənmək hər zaman olduğu kimi, bu
gün də zəruridir. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: "Azərbaycan təhsil
tarixi hər birimizin fəxr
etdiyi nailiyyətlərlə zəngindir. Azərbaycan müəllimləri
bütün tarix boyu, təhsildə varisliklə
novatorluğu, ənənə ilə islahatın vəhdətini
öz fəaliyyətlərində əks etdirmişlər....”
"Təhsil əsri” adı qazanmış XXI əsr Azərbaycan
təhsilinin də yeniləşməsini və müasirləşməsini
tələb edir”.
Cümhuriyyət dövründə
çağırılmış ilk qurultayın təhsil
tariximizdəki əhəmiyyətli rolunu
nəzərə alaraq,
onun fəaliyyətinə bir daha nəzər salmaq və
milli təhsil quruculuğunda
xidmətləri olmuş
tanınmış maarif fədailərini böyük
hörmət və ehtiramla yad etmək, həmçinin gənc
nəslin elmi-pedaqoji biliyinin
artırılması məqsədilə arxiv sənəd və
materialları əsasında hazırladığım bu məqaləni
hörmətli
oxucularımızın diqqətinə
çatdırıram:
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin
qarşısında duran ən vacib məsələlərdən
biri də yenicə yaradılmış respublikada xalq
maarifi və təhsilinin inkişafına,
savadsızlığın və geriliyin aradan
qaldırılmasına, məktəb-təhsil işinin
geniş surətdə yayılmasına nail olmaqdan ibarət
idi. Qarşıda duran məqsədlərə çatmaqdan
ötrü xalq maarifinin yayılması üzrə
çoxşaxəli tədbirlərin, o cümlədən ibtidai, ümumi
orta, texniki və peşə təhsili üzrə anadilli məktəblər
şəbəkəsinin yaradılması, məktəb və
təhsil işinin milli köklər üzərində yenidən qurulması, ana dilində milli
proqram və dərsliklərin işlənib hazırlanması
və nəşr edilməsi, qadınların dünyəvi təhsil
alması üçün
müvafiq təhsil
ocaqlarının açılması,
yaşlıların təhsili üzrə lazımi tədbirlərin
həyata keçirilməsi təxirəsalınmaz bir vəzifə kimi
milli hökumətin və Xalq
Maarif Nazirliyinin qarşısında dayanırdı. Bu vəzifənin
ölkəmiz üçün nə qədər
böyük əhəmiyyət
kəsb etdiyi, respublikamızın Dövlət Arxivi və
Dövlət Tarix Arxivinin
müvafiq fondlarında
saxlanılan tarixi sənədlərdə
öz əksini tapmışdır. Məsələn, Azərbaycan
Respublikası Xalq Maarif Naziri N.b.Yusifbəylinin 1918-ci ilin dekabr
ayında Bakı Qubernatoruna göndərdiyi məktubda qeyd
edilirdi: "1917-ci il çevrilişinədək Rusiya hökuməti özünün
xüsusi siyasi niyyətlərini əldə rəhbər
tutaraq, xalqın maarifləndirilməsi işinə çox az
qayğı göstərmişdi. Ölkədəki məktəblərin
vəziyyəti olduqca acınacaqlı idi. Xalq məktəbləri
özünün dözümlüyü baxımından
dövlət orqanizmindəki "sağalmaz yaranı"
xatırladırdı. Çar hökuməti bununla
barışmağa məcbur idi və eyni zamanda məktəbləri məhdud
çərçivədə saxlamaqdan ötrü müxtəlif
tədbirlər həyata
keçirirdi. Xalq maarifinin daşıyıcıları
olan xalq müəllimləri çar hökuməti tərəfindən müxtəlif
təhqir və təqiblərə məruz qalırdılar... Həmin hökumətin ucbatından hazırda Azərbaycanın
bütün ərazisi boyu məktəblərə
böyük ehtiyac duyulur və indi Nazirlik bütün qüvvəsini
yeni məktəblərin, müəllim kurslarının və s. açılmasına yönəldərək,
mümkün qədər qısa müddətdə ölkədə
maarif və təhsil işini
lazımi səviyyədə qurmağa çalışır.
Çünki, indiki zamanda yalnız savadlı xalqın sərbəst
yaşamağa hüququ və imkanı vardır. Xalqın
mövcud vəziyyətə ayıq münasibət göstərməsi
və onun vətənə şüurlu məhəbbət ruhunda tərbiyə olunması
vacibdir. Bu işin öhdəsindən xalq maarifi və onun
daşıyıcısı olan
xalq müəllimləri gələ
bilərlər. Vətənin mövcudluğunu və
tərəqqisini əziz tutan hər bir vətəndaşın mənəvi borcudur ki, bütün
qüvvəsini fəaliyyətdə olan məktəblərə
dəstək olmağa yönəltsin və yeni məktəblərin
açılması işinə əlindən gələn
köməkliyi etsin. Təbiidir ki, xalq müəllimlərinə,
onların böyük və
ağır əməyinə cəmiyyətdə layiqli
yüksək yer ayrılmalıdır”. Məktubda Bakı qubernatorundan həmçinin
xahiş edilirdi ki, onun tabeçiliyində olan bütün təşkilatların
rəhbərlərinə tapşırılsın ki, onlar
ölkədə məktəblərin açılması və
onların fəaliyyətinin təmin edilməsi, məktəb rəhbərlərinin və xalq müəllimlərinin
bütün ehtiyaclarının ödənilməsi işinə
dəstək olsunlar ki, müəllimlər
də öz müqəddəs vəzifələrini layiqincə yerinə yetirə
bilsinlər. Ölkənin gələcək
taleyi bu işlərin müvəffəqiyyətindən
çox asılıdır.
Azərbaycan Respublikasının Dövlət
Arxivlərində mühafizə edilən arxiv sənəd və
materiallar və digər tarixi mənbələr təsdiq
edir ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti
yarandığı ilk vaxtdan etibarən xalq maarifi, təhsil və mədəniyyətinin
inkişaf etdirilməsini taleyüklü məsələ kimi
ön cərgəyə çəkmişdir.
Çünki, respublikada, xalq maarifi qarşısında duran məsələləri həll etmədən müstəqilliyini
yenicə əldə etmiş
ölkənin gələcək inkişafını təmin etmək, onun iqtisadi qüdrətini
möhkəmləndirmək
mümkün deyildi. Respublikada
maarif, təhsil, təlim-tərbiyə işinin ən
aktual məsələlərini yubanmadan müzakirə etmək və həlli
yollarını tapmaqdan ötrü, Xalq Maarif Nazirliyinin təşəbbüsü
ilə Bakı şəhərində
2-ci real məktəbin zalında, 1918-ci il dekabr ayının
13-dən 28-dək olan
müddətdə Xalq Maarif Nazirinin müavini, Həmid bəy Şahtaxtinskinin sədrliyi
ilə xalq və ali-ibtidai məktəb
müfəttişləri və müəllim seminariyaları
direktorlarının qurultayı
çağırıldı. Azərbaycan hökumətinin 17
dekabr 1918-ci il tarixli qərarı ilə bu qurultaya ezamiyyə
edilmiş şəxslərin həmin müddətdə
yaşayış xərclərinin ödənilməsi
üçün Xalq Maarif Nazirinin sərəncamına 24 min
publ həcmində pul vəsaiti
ayrıldı.
Ölkəmizdə tanınmış
pedaqoqların, maarif və təhsil xadimlərinin - Həmid bəy Şahtaxtinski, Azad bəy Əmirov,
Rəşid bəy Əfəndiyev, Soltan Məcid Qəniyev,
Abdulla bəy Əfəndiyev, Firidun bəy Köçərli,
Cavad Cuvarlinski, Səməd bəy Acalov, Əhməd
ağa Mustafayev, M.Mahmudov, N.Nərimanbəyov,
Ş.Səfərəlibəyov və başqalarının
iştirakı ilə
keçirilmiş həmin qurultay böyük əhəmiyyətə
malik olmuşdur. Qurultayda
müzakirə ediləcək məsələlərin
siyahısı Xalq Maarif Nazirliyinin xalq təhsili üzrə
baş idarəsinin rəisi Azad
bəy Əmirov tərəfindən
qurultay iştirakçılarına əvvəlcədən göndərilmişdi. Azərbaycan
Respublikası Dövlət Tarix Arxivinin müvafiq
fondlarında saxlanılan sənədlər araşdırılarkən, xalq təhsili
üzrə baş idarənin rəisi A.b. Əmirovun Qazax müəllimlər
seminariyasının direktoru F.b. Köçərliyə göndərdiyi
siyahı aşkar edilmişdir.
Həmin siyahıda qurultayın
müzakirəsinə çıxarılmış məsələlərin aşağıdakılardan ibarət
olduğu göstərilirdi:
I. Maliyyə məsələləri.
1919-cu ilə dair xərclər smetasının müzakirəsi: 1) ibtidai məktəblər üzrə; 2) ali-ibtidai məktəblər üzrə; 3) Maryinski məktəbləri üzrə; 4) sənət məktəbləri üzrə; 5) xalq məktəb müfəttişlərinin dəftərxanaları üzrə.
Qurultayda xərclər smetasının müzakirəsi ilə
əlaqədar müəyyən vəzifələrin ləğvi və
yeni vəzifələrin təsis
edilməsi məsələlərinə baxılması da nəzərdə tutulmuşdur.
II. İnzibati məsələlər:
Xalq məktəbləri müfəttişlərinin ali-ibtidai, Maryinski və sənət məktəbləri, habelə digər
aşağı
kateqoriyalı məktəblərə olan
münasibəti. Yuxarıda
adları sadalanan məktəblər üzrə ayrılan
xərclərə dair izahatın
verilməsi.
III. Proqram məsələlər:
İbtidai məktəblərin eynitipliliyi (zemstvo,normal,prixod /məhəllə/
və s; İbtidai məktəblər üçün proqram
və dərsliklərin tərtib
edilməsi.
IV. Ümumi
xarakterli məsələlər:
Müəllim
kursları və onun bəndləri; Rayon qurultayları; Dəftərxana yazışmalarının üsulları və əsasən də
pul hesabatlarının aparılması yolları
ilə tanış olması
məqsədilə müəllimlər üçün kursların keçirilməsi; Kənd sakinləri üçün mütaliələrin keçirilməsi; Əlifba məsələsi; müəllimlərin hərbi
mükəlləfiyyətə
münasibəti; Peşə
təhsilinin təşkili;
Sinifdən xaric oxu; Uşaq bağçaları; Məktəb və
pedaqoji muzeylər; Məktəb və müəllim ekskursiyaları; Məktəb dərman
qutuları; Məktəb əmanət kassaları; Hərbi və
digər gimnastika;
Coğrafi, tarixi və
digər müsəlman xəritələri; Səyyar müsəlman əlifbaları; Xalq məktəbləri müfəttişləri
nəzdində dərs vəsaiti
anbarları.
Siyahıda qeyd olunan məsələlər ölkəmizdə maarif, təhsil, məktəb-tədris və təlim-tərbiyə işinin aktual və həlli yubanmadan tələb olunan tapşırıqlar kimi qurultayın müzakirəsinə çıxarılmışdır. Qurultayın müzakirəsinə çıxarılmış məsələlərin çoxşaxəli və mürəkkəb olduğunu nəzərə alaraq, həmin məsələlərin ətraflı müzakirə edilməsi və praktiki əhəmiyyətə malik qərarların qəbul edilməsi üçün dekabrın 17-də keçirilmiş 3-cü iclasda müxtəlif sahələr üzrə təcrübəli pedaqoq və təhsil mütəxəssislərindən ibarət səriştəli komissiyaların yaradılması haqqında qərar qəbul edildi. Həmin komissiyalar ayrı-ayrı sahələr üzrə aşağıdakı tərkibdə yaradılmışdır:
1. Ali-ibtidai məktəblərin smetasının işlənib hazırlanması üzrə komissiyanın tərkibi: S. Acalov; A. Mahmudov; Ə.Mustafayev; M.b.Əfəndiyev; B.Kiçikxanov.
2. Maryinski və sənət məktəbləri üzrə smetanın işlənib hazırlanması üzrə-V.Y.Vasilyev; H.Nərimanbəyov; İ.Qəbulov və C.Cuvarlinski.
3.
Müfəttişlərin dəftərxanalarının
smetasının işlənib hazırlanması və
ali-ibtidai, sənət və Maryinski məktəblərinin
müfəttişliyə münasibəti üzrə - Ş.Səfərəlibəyov;
A.Minasazov; M.b.Quliyev; A.Qiyasbəyov; M.Mahmudov; A.Mustafayev.
4. Aşağı ibtidai məktəblərin eynitipliliyi üzrə- Gəncə müəllimlər seminariyasının direktoru V.Y.Vasilyev; Xalq məktəbləri inspektorları: -Nuxa qəzası üzrə Abdulla bəy Əfəndiyev, Naxçıvan qəzası üzrə Rəşid bəy Əfəndiyev; Gəncə qəzası üzrə Cavad bəy Cuvarlinski və Zaqatala quberniyası üzrə İsmayıl bəy Qəbulov.
Məktəb və
müəllimlərin əməli fəaliyyətlərinə
kömək göstərəcək qərarların qəbul edilməsi məqsədilə,
Qurultayın gündəliyinə
çıxarılmış yuxarıda qeyd olunmuş məsələlər
üzrə ətraflı müzakirələr
aparılmışdı. Qurultayda iclasların gün ərzində fasiləsiz olaraq gərgin
keçdiyi barədə hökumətin mətbu orqanı olan
"Azərbaycan” qəzetində də məlumat
verilmişdir. Qurultayda "Aşağı ibtidai məktəblərin
eynitipliliyi” məsələsi
üzrə yaradılmış komissiyanın dekabrın 17-də
keçirilmiş iclasında qurultayın sədri, Xalq Maarif Nazirinin
müavini Həmid bəy Şahtaxtinskinin "zemski”,
"normal”, "prixodski” adlanan aşağı ibtidai məktəblərin
eynitiplilik prinsipinin həyata keçirilməsi haqqında təklifi
dinlənildi. Komissiya üzvləri məktəblərin vahidliyinə
nail olmaqdan ötrü belə nəticəyə
gəldilər ki, respublikada fəaliyyət göstərən
və son nəticə etibarı ilə eyni məqsəd
güdən bütün aşağı ibtidai məktəblər
"Azərbaycan Respublikası Xalq Maarif Nazirliyinin
aşağı ibtidai məktəbləri" vahid termin
altında birləşdirilsin və onların saxlanması
üçün tələb olunan xərclər dövlət xəzinəsindən maliyyələşdirilsin. Komissiya
aşağıdakı
amillərə əsaslanaraq belə
bir nəticəyə gəlmişdir:
1) Hazırda "zemski” adlandırılan aşağı ibtidai məktəblərin müəyyən bir qrupunun dövlət xəzinəsindən maliyyələşdirilməsi, habelə "zemski” rüsumlarının xəzinənin mədaxilinə yönəldilməsi haqqında qurultayın qərarından sonra həmin məktəblərin "zemski” adlandırılmasına əsas və ehtiyac qalmır. Çünki, həmin məktəblər yalnız bir əlamətinə görə - "zemski” rüsumlarından asılılığına görə, "zemski” məktəbləri termini altında ayrıca bir qrupda birləşdirilmişdir.
2) 1828-ci ilin nizamnaməsinə görə, "prixodski” adlandırılan məktəblərdə təlim-tərbiyə işinin
müasir qoyuluşu onun
yaradılmasının
ilkin məqsədlərindən çox
uzaqlaşdırıldığından, indi həmin məktəbləri
1828-ci ilin nizamnaməsinə görə "prixodski” adlandırmaq doğru
olmazdı. Komissiya həmin addan imtina etməyi və
bu adda fəaliyyət göstərən məktəbləri digər
aşağı ibtidai məktəblər kimi "Xalq
Maarif Nazirliyinin aşağı ibtidai məktəbləri”
adlandırmağı qərara aldı.
3. Komissiya, "normal” kənd məktəbləri
məsələsi üzrə
1873-cü ildən Zaqafqaziya diyarında, o cümlədən
Azərbaycanda meydana gəlmiş "normal kənd məktəbləri”
terminologiyasını da ləğv etmək qərarına
gəlmişdir. Komissiyanın bu qərara gəlməsinə
başlıca səbəb, həmin məktəblərdə
çalışan müəllimlərin hüquqi vəziyyətinin
digər xalq müəllimlərinin hüquqi vəziyyəti
ilə ədalətli müqayisəsi olmuşdur.
Yaranmış vəziyyəti nəzərə alaraq, komissiya
belə qənaətə gəlmişdir ki, xalq müəllimləri
arasında ayrı seçkiliyə yol vermək olmaz. Normal kənd
məktəblərinin də təxirə salınmadan
aşağı ibtidai məktəblərin ümumi vahid ailəsinə
daxil edilməsi vacib sayılsın və aşağı
ibtidai məktəblərdə çalışan
bütün müəllimlərin dövlət
qulluğunda olduğu tanınsın, onlara dövlət
qulluğuna aid hüquq və imtiyazlardan həm işlədikləri
müddətdə, həm də təqaüdə
çıxarkən istifadə etmək hüququ verilsin.
Səfərov, Rafiq
Kaspi 2018.- 23 oktyabr. - S.15.