Əlyazmalar arasında
yaşanan həyat
O, institutun
canlı ensiklopediyası, sütunlarından biridir
Dünya yaranandan, ilk insan həyatı dərk
edəndən, ilk sənət və sənətkarlar meydana
çıxandan bu günə kimi hər bir sahənin
xridarı olmuşdur. Kimi yenilməz sərkərdə, kimi
texniki kəşflər şahı, kimi söz ustadı, kimi
də elm dünyasının sultanı kimi tarixdə iz qoymuşdur.
Elə sadə peşələr də olub ki, ona ürəklə
yanaşan ustası, "kərpickəsən kişi” kimi həmin
sənəti zirvələrə qaldırıb. Ancaq burada da fərq vardır. Bir var ki,
hər hansı bir sənəti sevəsən, gecə-gündüz
mənimsəməyə çalışaraq sirlərini
öyrənib mütəxəssis olasan, bir də var ki, həmin
sənət sənin alın yazın, Allah vergisi olsun. Mənim
qəhrəmanım ikinci qisimdəndir. Allah ona elə bir
istedad verib ki, onu bu sahədə çalışan hər kəsdə
görmək mümkün deyildir. Tək-tək olan belə
nadir istedadlardan biri, bizim hər iş günü
gördüyümüz, görməyəndə nigaran
qaldığımız, tez-tez narahat etdiyimiz Arif müəllim
Ramazanovdur.
Həyat salnaməsi rəngarəng olan Arif
müəllimin atası Feyzulla Xəlil oğlu Qərbi Azərbaycanda,
dədə-baba yurdu İrəvan şəhərində anadan
olmuşdur. Anası Zərnişan
xanım Mehrəli qızı isə əslən Gəncədəndir.
Təsadüf elə gətirir ki, bir-birini tanımayan iki ailə
1918-ci ildə erməni-müsəlman davası başlayanda
İrana köçürlər. 1920-ci ildə Xəlil
kişi ailəsini götürüb Bakıya qayıdır.
Müəyyən müddət İranda yaşadıqlarına
görə, ailə üzvləri həmin ölkənin
pasportunu daşıyırdılar. Artıq yeniyetməlik
yaşında olan ailənin oğlu Feyzulla 1943-cü ildə
Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olur. Lakin ailənin sakit həyatı
uzun çəkmir. 1938-ci ildə, IV kursda oxuyarkən ölkədəki
ictimai-siyasi vəziyyətdən asılı olaraq aparılan
təşviqatlar nəticəsində İran İslam
Respublikasının pasportunu daşıyan bir çox ailələr
kimi, Xəlil kişinin ailəsi də İrana deportasiya olunur
və Tehranda məskunlaşır. Bu zaman Zərnişan
xanımın da ailəsi burada idi. Doğma diyardan gələn
hər iki qərib ailə bir-birinə isinişir və
onların bu yaxınlığı qohumluqla nəticələnir.
Belə ki, 1940-cı ildə Feyzulla ilə Zərnişan
xanım ailə həyatı qururlar. Artıq tibb təhsili
olan Feyzulla, 1943-cü ildən 1961-ci ilə qədər
Qırmızı Aypara Cəmiyyəti tərəfindən
sovetlərin burada inşa etdiyi
xəstəxanada həkim kimi
çalışmışdır. 1945-ci ildə dünyaya gələn
Arif müəllim ibtidai təhsilini Tehranda alır. Ailə təxminən
iyirmi iki il vətən həsrəti ilə burada
yaşayır. Ölkədə siyasi vəziyyət sabitləşəndən
bir qədər sonra Azərbaycana qayıdırlar.
Azərbaycan
Dövlət Universitetinin (BDU) şərqşünaslıq
fakültəsinin fars filologiyası şöbəsinə
daxil olan Arif Ramazanov, 1967-ci ildə oranı müvəffəqiyyətlə
bitirir və həmin ildən bu günə kimi Azərbaycan
Milli Elmlər Akademiyası Məhəmməd Füzuli
adına Əlyazmalar İnstitutunda çalışır.
Əlyazmalar İnstitutunda baş laborant kimi əmək fəaliyyətinə
başlamış, bu günə kimi baş biblioqraf,
kiçik elmi işçi, şöbə müdiri
("Materialların ilkin elmi və texniki işlənməsi”
şöbəsi 1973-1980), böyük elmi işçi vəzifələrində
çalışmışdır. Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunda əlyazma
kataloqlarının, əlyazmalar əsasında yazılan
kitabların tərtibində və
aparılan tədqiqatlarda Arif müəllimin rolu danılmazdır.
A. Ramazanov institut ekspert komissiyasının katibidir. O, əlyazmaların
toplanması, yeni alınan materialların
aktlaşdırılması, qiymətləndirilməsi və
ilkin işlənməsi, əlyazma kitablarının
inventarlaşdırılması və inventar
kitablarının yazılması sahəsində xüsusi fəaliyyət
göstərir. Fond materiallarının zənginləşdirmək
məqsədi ilə Azərbaycanın rayonlarında
ekspedisiyalarda olmuş, əlyazma, qədim çap kitabları
və digər tarixi sənədlər əldə etmişdir.
Elmi fəaliyyətinə gəlincə, o, iyirmidən
artıq elmi məqalənin müəllifidir. Əllidən
artıq kitabın tərtibi, transfoneleterasıyası və
ya tərcüməsinin əziyyətini çəkmişdir.
Belə ki, M.Y.Şirvaninin "Tibnamə”, Mir Mehdi Xəzaninin
Tarixi-Qarabağ”, Baharın "Əhvalati-Qarabağ”, Mirzə
Rəhim Fənanın "Tarixi-cədidi-Qrabağ”, M.M.Nəvvabın
"1905-1906-cı illərdə erməni-müsəlman
davası” (K.K.Şərifovla birlikdə) və "Məzlumnamə”
əsərlərini çapa hazırlayaraq nəşr
etdirmişdir. Axund Əbdüssəlam Axundzadənin
"Müqəddəs peyğəmbərlər tarixi”, M.Y.
Qrabağinin "Məcmueyi-Vaqif və müasirini-digər”,
Seyidəli ibn Kazımbəyin "Cəvahirnameyi-Lənkəran”,
Əliverdibəyovun "Rəsimli musiqi kitabı”,
Etimadüs-Səltənənin "Xeyrati-hissan” və ”XIX-XX əsr
uşaq ədəbiyyatı tarixi müntəxəbatı” və
Abbas Ağa Nazir Qaibzadənin "Əsərləri”ni redaktə
etmişdir. Arif müəllim 2009-2014-cü illər ərzində"Dərbəndnamələr”
(Bakı, 2010), Məczub Təbrizinin "Divanı” (Bakı,
2013), Marağayinin "Əmsal və nəsayihi- türki”
(Bakı-2012), İbrahim Tahirin "Əsərlər”i
(Bakı-2012), Təsir Təbrizinin "Türkcə şeirləri” (Bakı-2011), "Məhəmməd
Füzulinin biblioqrafiyası” (Bakı-2011), Şeydanın
"Gülşəni-maarif” təzkirəsi (Bakı-2014) kimi
kitabların tərtib, tərcüməsi Arif müəllimin
zəhmətidir. A.Ramazanov Abbasqulu Ağa Bakıxanovun
"Riyazül-Qüds” əsərini transfoneliterasiya edərək
çapa təqdim etmişdir.
1982-1984-cü illərdə
Əfqanıstanda hərbi xidmətdə olarkən hərbi tərcüməçi
kimi fəaliyyət göstərən Arif Ramazanov müharibə
veteranıdır.
Sinxron tərcüməçi
kimi birincilər sırasında olan Arif Ramazanov respublikada
keçirilən yüksək səviyyəli görüş
və tədbirlərdə səlis tərcüməsi ilə
yadda qalmışdır. Təsadüfi deyildir ki, ümummilli
lider Heydər Əliyevin, Azərbaycan Respublikasının
Prezidenti kimi fəaliyyətə başladıqdan iyirmi gün
sonra, 1993-cü il, oktyabr ayının 23-də böyük bir
nümayəndə heyəti ilə ölkəmizə gəlmiş
İran İslam Respublikasının prezidenti Ə. Rəfsəncani
ilə keçirdiyi bütün görüşlərin tərcüməçisi
məhz Arif Ramazanov olmuşdur.
Fars dilinin gözəl bilicisi olan Arif müəllim Əlyazmalar İnstitutunun farsdilli əlyazmalar kataloqunu fars dilinə tərcümə etmişdir. Kataloq 2000-ci ildə İran İslam Respublikasında çap olunmuşdur. O, SSRİ Elmlər Akademiyası S.Şedrin adına kitabxanada və Şərqşünaslıq İnstitutunda saxlanılan fars əlyazmalarının kataloqlarını fars dilinə tərcümə etmişdir. Hər iki kataloq İran İslam Respublikasında 2000-ci ildə çap olunmuşdur. Əbülhüseyn Kaşaninin "Səfərnameyi-İsfəhan” əsərinin birinci cildini və Özbəkistan Şərqşünaslıq İnstitutunda mühafizə olunan farsdilli əlyazmaların kataloqunu da fars dilinə tərcümə etmişdir. Farsdilli mütəxəssis kimi dəfələrlə İran İslam Respublikasına elmi ezamiyyətlərə göndərilmişdir. 1990-cı ildə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında bağlanılan əməkdaşlıq müqaviləsinə əsasən, 1993-cü ilin noyabr ayında altı aylıq müddətə İrana ezam edilmişdir. Burada bir sıra əlyazma xəzinələrinin fondları ilə tanışlıq imkanına malik olmuşdur. Həmin müqaviləyə əsasən, 1996-cı ildə yenidən, Qum şəhərində yerləşən Mərəşi adına kitabxanaya üç ay müddətinə ezam olunmuşdur. 2006, 2011-ci illərdə də İran İslam Respublikasına ezam olunan Arif Ramazanov, əlyazma xəzinələri, oradakı iş prinsipi ilə tanış olur, azərbaycanlı müəlliflərin əlyazmaları ilə maraqlanır, institut əməkdaşlarının ehtiyacı olan əlyazmaların əldə olmasına çalışır və qayıdarkən özü ilə xeyli elmi ədəbiyyat, əlyazma mikrofilm və kataloqları gətirmişdir.
O, son illərə qədər institutun
ekspozisiya zalının yeganə farsdilli tərcüməçisi
olmuşdur.
Arif müəllim Əlyazmalar İnstitutuna gələn
qonaqlara, lazım olan materialları əldə etməkdə həmişə
yardımçı olmuşdur. Təsadüfi deyil ki, biz
Amerikada olarkən bir əlyazmanın izi ilə başqa bir
şəhərə zəng
vurmalı olduq. Xəttin o başındakı şəxs Azərbaycandan
olduğumuzu bildikdə, Bakıda olarkən əlyazma mütəxəssisi
kimi ona kömək etmiş Arif müəllimi xoş sözlərlə
xatırladı və salamını çatdırmağı
xahiş etdi.
Azərbaycan
radiosunun xarici dillər şöbəsi ilə uzun müddət
əməkdaşlıq edərək institutun əlyazmalar xəzinəsi
ilə bağlı verilişlərdə dolğun
çıxışları ilə yadda qalmışdır.
O, Azərbaycanda fəaliyyət göstərən
bütün muzeylərdə ərəb əlifbası ilə
işlənmiş eksponatların və arxiv
materiallarının oxunmasında əməkdaşlara mütəmadi
olaraq köməklik göstərir. Bir neçə muzeyin, o
cümlədən, Ü.Hacıbəylinin və C.Məmmədquluzadənin
Ev Muzeylərinin, Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyi yanında Muzey Eksponatlarının Bərpası Mərkəzinin
və Respublika Milli Kitabxanasının ekspert
komissiyasının üzvüdür. A.Ramazanov Heydər
Əliyev Fondunun təşəbbüsü ilə Xəzər
rayonunun Qala qəsəbəsində yaradılmış Qala
Əntiq Əşyalar Muzeyindəki bütün
eksponatların ərəb əlifbası ilə olan qeyd və
tarixlərini müəyyənləşdirərək
oxumuşdur. Arif müəllim Əlyazmalar İnstitutunun
canlı ensiklopediyası, sütunlarından biridir. Elə bir əlyazma
oxuyan tapılmaz ki, heç olmasa, bircə dəfə Arıf
müəllimi narahat etməmiş olsun. Əlyazmaların
sirrini açmaq istəyən hər kəsin ürəyindən,
ən çətin anlarda Arif müəllim keçir.
"Aparım bir Arif müəllimə göstərim” deyir. Nəinki,
bizim institutda, bütün şəhərdə, bölgələrdə
ərəb əlifbası ilə yazılmış hər
hansı çətin oxunan bir ifadə olduqda, son güman yeri
Arif müəllimdir. Təsadüfi deyildir ki, 2003-cü ildə
institutda keçirilmiş attestasiyanın nəticələrinə
uyğun olaraq, abidələrin oxunmasında əməkdaşlara
yaxından köməyinə görə, Arif müəllimə
minnətdarlıq bildirilmişdir.
Arif Ramazanovun əməyi dövlət tərəfindən
qiymətləndirilmişdir. O, 1980-ci ildə "Əməkdə fərqlənməyə
görə” medalı və 1983-cü ildə isə
"Qırmızı Ulduz” ordeni ilə təltif
edilmişdir. Bu günlərdə
Arif müəllimin 73 yaşı tamam olur. Ümid edirik ki, o,
daha böyük mükafatları bundan sonra alacaqdır. Ən
böyük mükafatı isə bu gün kollektivin ona olan
sevgisidir. Biz əlyazma xiridarı Arif müəllimə
Allahın ən gözəl neməti olan can
sağlığı arzulayırıq.
Zəkiyyə
Əbilova,
AMEA Məhəmməd
Füzuli adına Əlyazmalar
İnstitutunun
aparıcı elmi işçisi, fəlsəfə üzrə
elmlər doktoru
Kaspi 2018.- 25 oktyabr. - S.15.