“Sənətimi ailəmə
qurban verdim”
Gülnar
İsayeva: Efirdə, gündəmdə olmasam da, heç zaman
muğamımızı, müəllimlərimdən öyrəndiklərimi
unutmaram
Gənc xanəndə Gülnar İsayeva ötən həftə qardaş ölkə Türkiyənin "TRT Müzik” kanalının "Könül bağı” proqramında qonaq oldu. Azərbaycan mahnı və muğamlarını ifa edən xanəndə uzun müddət idi ki, gündəmdə yox idi. Qeyd edək ki, 2005-ci ildə Üzeyir Hacıbəyovun 120 illiyinə həsr olunmuş muğam müsabiqəsinin laureatı olan Gülnar İsayeva davamlı olaraq konsertlərdə çıxış, müxtəlif görüş və səfərlərdə iştirak edib.
Ailə qurduqdan sonra Qazax rayonunda yaşayan
ifaçı bu günlərdə "Kaspi”nin
suallarını cavablandırıb. Ailə dəyərlərinin
hər şeydən üstün olduğunu deyən
müsahibimiz artıq yaradıcılığında
dönüş etdiyini bildirir:
- Türkiyənin "TRT Müzik” kanalında
iştirakım tam təsadüf nəticəsində baş
verdi. Belə ki, yazarımız Nigar İsfəndiyar mənim
həmin verilişdə iştirak etməyim üçün əlindən
gələni etdi. Mən də təklifi qəbul etdim və
çox sevinclə verilişdə qonaq qismində
çıxış etdim. Veriliş öncəsi məşq
prosesləri oldu, mahnılarımız, ifamız maraqla
qarşılandı. Orada ifa olunan mahnıları
özümüz seçdik. Onların da
tanıdığı məşhur xalq mahnılarını
ifa etmək istədik. Çünki mahnı ifa edərkən
bizi onların musiqiçiləri müşayiət edəcəkdilər.
Daha çox həmin çalğıçıların
bildikləri, bələd olduqları mahnıları oxuduq.
Öz musiqiçilərimiz olsaydı, təbii ki, bəlli bir
proqramla gedərdik.
- Sizi necə
qarşıladılar?
- Bizi çox gözəl
qarşıladılar. Onların yaradıcı kollektivi
mehriban və səmimi idi. Mən bir az sakit təbiətli
olduğum üçün düşünmürdülər
ki, belə mahnılar oxuya bilərəm. Bilirsiniz ki, "TRT
Müzik” dövlət kanalıdır və onlar öz işlərində
çox məsuliyyətlidirlər. Hətta mən verilişə
dəvət almamışdan öncə onlar Nigar
xanımın vasitəsilə səsimi dinləmişdilər.
- Azərbaycan
muğamına maraqları necədir?
- Onlar bizim muğamı heyranlıqla dinləyirdilər.
Muğam oxuyarkən ortaya qoyduğum xırdalıqları və
zəngulələri maraqla qəbul edirdilər.
Bacardığım qədər ifa etdiyim mahnıları
olduğu və müəllimlərimdən öyrəndiyim
kimi təqdim etməyə çalışırdım.
- Bildiyimiz qədərilə,
Qazaxda yaşayırsınız. Sizi qardaş ölkəyə
dəvət etdikdə, ailəniz hansı reaksiyanı göstərdi?
- Türkiyədə bir verilişə dəvət aldığımı deyəndə ilk olaraq ailədə bunu çox aqressiv qəbul etdilər. Zaman keçdikdən sonra gördülər ki, bunu çox istəyirəm. Yoldaşımı yaxşı mənada yola gətirdik, o mənə dəstək oldu. Yoldaşım dayım oğludur və biz bir-birimizi yaxşı anlayırıq. Sonradan onlar məni efirdən zövqlə, sevərək izləyiblər.
- Hər insan bu qədər məşhur olduğu halda, ailəsinə görə yaradıcılığının üzərindən xətt çəkib bölgədə yaşamaz. Siz bu addımı atmısınıza, demək ki, ailənizə böyük dəyər verirsiniz.
- Elədir. Mən bu qərarı verərkən
hər şeyi gözə aldım. Elə məqamlar olur ki,
onun sonunu düşünmədən addım atıram. Ancaq
ailə məsələsində insan düşünür, nə
də olsa bundan sonrakı həyatım verəcəyim qərarımdan
asılı idi. Mənim üçün ailə çox dəyərlidir.
Qadın üçün ailə hər şeydən önəmli
olmalıdır. Biz nənələrimizdən də belə
görmüşük.
- Ailə qurduqdan
sonra həyatınızda nələr dəyişdi?
- Çox şey. Ailə qurduqdan sonra həyat
yoldaşım mənə bəzi qadağalar qoydu. Təxminən
iki ildən çox sənətdən uzaq qaldım. Bilirsiniz
ki, bu sənətdən uzaq qaldıqda insanların
yaddaşından silinirsən, unudulmaq təhlükəsi ilə
üz-üzə qalırsan. Ancaq ailə ilə bərabər
mənim sənətimə də böyük sevgim var və həyat
yoldaşım bunu görürdü. Ona görə bəzi tədbirlərə
iştirak etməyimə razılıq verdi. Ancaq ailə mənim
üçün dəyərli olduğundan, hər şeyi ona
qurban verdim. Mənim üçün əsas qarşı tərəfə
olan inamdır. Həyat yoldaşımın mənə
inamı sonsuzdur. Əgər bu gün o desə ki, oxuma,
oxumaram. Şükürlər olsun ki, iki övladım var və
xoşbəxt ailəyə sahibəm. Övladlarım
dünyaya gələndə hiss etdim ki, yenidən
doğulmuşam. İndi övladlarım üçün
yaşayıram.
- Qeyd etdiniz ki,
bir-iki ay səhnədə olmayanda ifaçı unudulur. Bəs
2 il səhnədə olmayan bir xanəndə muğamın
xırdalıqlarını, qəzəlləri necə,
unudurmu?
- Əsla. Muğam mənim qanımda,
canımdadır. Bunu o qədər beynimə, fikrimə
hopdurmuşam ki... Düzdür, xanəndə hər gün məşq
etməli və özünü daha da inkişaf etdirməlidir.
O zaman ifası qüsursuz olur. Ancaq mən efirdə, gündəmdə
olmasam da, heç zaman muğamımızı, müəllimlərimdən
öyrəndiklərimi unutmaram. Bu proseslərin hamısı
öz adım kimi yadımdadır. Dəsgahlar heç vaxt
yadımdan çıxmır.
- Muğam
müsabiqəsində müəllimləriniz sizi müasir
Ərəbzəngi adlandırırdı. Bu gün Opera və
Balet Teatrında həmin obrazı gənclər ifa edir. Onlara
baxanda düşünürsünüzmü ki, onların
yerində ola bilərdiniz?
- Açığını desəm, bəzən
elə təəssüf hissi keçirdiyim anlar olur. Ancaq
heç vaxt nəyəsə görə israr etməmişəm.
Özümü kiməsə göstərməyi,
xatırlatmağı sevən biri deyiləm. Əgər məndə
səs varsa və kiməsə lazımamsa, belə bir təklif
mənə olunacaq. Müsabiqədə müəllimlərim
tərəfindən belə bir fikir səsləndirilmişdi.
Sonra heç bir təklif və dəstək olmadı. Bəlkə
də bu sözün arxasınca özüm getməli idim,
amma getmədim. Heç zaman məşhur olmaq, tanınmaq
arzusunda olmamışam.
- Səbəb?
- Çünki tanınmış insanların
özəl həyatında bəzi problemlər yaşanır.
Mən o problemlərin öhdəsindən gələ bilmərəm.
Daha çox diqqətli olmağa məcbursan, bəzən
haradasa bilmədən diqqətsiz olursan. Elə bir məqam
olur ki, kimlərinsə xətrinə dəyirsən. İstəmirəm
ki, məni ətrafdan pis insan kimi qiymətləndirsinlər.
Kiməsə salam verməyəndə, bunu saymamazlıq kimi dəyərləndirəndə
mənə xoş gəlmir. Heç zaman böyük səhnələrin
arxasınca qaçmamışam. Ancaq bu sənətə gələn
hər bir xanəndənin arzusudur ki, Leylini, Ərəbzəngini
canlandırsın. Leyli obrazında özümü sınamaq
istəsəm də, gərək xanəndənin də səs
imkanları buna imkan versin. Ancaq müəllimlərim mənim
səsimin Ərəbzəngiyə uyğun olduğunu deyiblər.
İstəyərdim canlandırım, ancaq olmadığı
üçün o qədər də təəssüf hissi
keçirmirəm.
-
"Könül bağı” verilişi ilə
yaradıcılığınıza geri döndünüz.
Bundan sonra hansı işləri görmək istəyirsiniz?
- Mütəmadi sənətdə olmaq, efirlərə,
muğam verilişlərinə dəvət almaq istəyərəm.
İndi efirə çıxmaq, orada yalnız sənət
nümayiş etdirmək müşkül məsələyə
çevrilib. Efirlərdə çıxış etmək
çox çətindir. Bu gün tanışlar, dostlar, sənət
adamları sənə dəstək olmasa, təkbaşına
nəsə etmək təbii ki, çətindir.
- Hazırda
Qazaxda el şənliklərinə gedirsinizmi?
- Getmirəm. Bakıda olanda çox nadir
hallarda gedirəm.
- İki oğul
övladınız var. İstəyərsinizmi ki,
övladlarınız sənətinizin davamçısı
olsunlar?
- Təbii ki, istəyərəm. Onlar bir
mahnı ifa edəndə, qürur hissi keçirirəm.
Düşünürəm ki, mən də mahnı ifa edəndə
valideynlərim mənimlə qürur duyublar. Adi bir
mahnını mızıldananda, ürəyim o qədər fərəhlənir
ki, qız övladım olsa belə mən onun ifaçı
olmasını istərdim. Təbii ki, bu, uşaqların
öz istəyindən asılıdır. Əgər istəsələr,
mən onlara dəstək olaram. Mən bu sənəti sevəndə
valideynlərim mənə dəstək oldular,
arzularımı həyata keçirməyə imkan
yaratdılar. Mən bu sənətdə qalmağı hər
şeydən çox istəmişəm.
- Hədəfləriniz
nələrdir?
- Çox böyük hədəflər arzusunda deyiləm. Sadə, rahat bir həyatımın olmasını istəyirəm. İstəyirəm ki, övladlarıma diqqət yetirim. Onların rahat yaşaması üçün ömrümü onlara həsr edim. Sənətimdə ucalmaq və ustadlarımın yolunu davam etdirmək istəyirəm. Hədəfim tarixdə muğamın daşıyıcısı kimi adımın qalmasıdır. Bunun üçün çox çalışmışam. Mən buna görə bir az gec ailə həyatı qurdum. Həyat yoldaşım mənə dəstək olur. Məsləhətli şəkildə ailə qurmuşuq.
Xəyalə Rəis
Kaspi 2018.- 26 oktyabr. - S.11.