“Özümü səhnəsiz
təsəvvür edə bilmirəm...”
Tanınmış
rəqqasə Kökəb Əliyeva: “Rəşid Behbudov mənə
dedi ki, sən azərbaycanlısan, Özbəkistanda nə
edirsən, gəl gedək vətənə...”
Daşkənddəki Heydər Əliyev
adına Mədəniyyət Mərkəzinin dərnəkləri
sırasında rəqs dərnəyinin xüsusi yeri var. Burada
daha çox özbək uşaqları məşğul olur.
Mərkəzin rəqs dərnəyinin divarlarını Azərbaycanla
bağlı fotolar bəzəyir. İstər-istəməz,
bu otaqda Azərbaycan mühitinə düşdüyünü
hiss edirsən. Otağın girişində oturan valideynlər
oğul və qızlarının əllərindən tutaraq
bu dərnəyə gətirirlər. Burada onlara Özbəkistanın,
Azərbaycanın milli rəqsləri ilə yanaşı,
başqa xalqların da rəqsləri öyrədilir.
Onların məşq prosesini izləyə-izləyə bu
uşaqların gələcəkdə yaxşı incəsənət
ustası ola biləcəyinə şübhə etmirsən.
Tanınmış rəqqasə, Özbəkistanın
və Azərbaycanın Əməkdar artisti Kökəb
Əliyeva uşaqlara bu sənətin incəliklərini həvəslə
öyrədir. O, Mərkəzin nəzdindəki "Azəri
qızları” rəqs ansamblının bədii rəhbəridir.
82 yaşlı Kökəb xanım
ömrünü bu sənətə uşaqlıqdan
bağlayıb. Elə rəqs dərnəyində yerləşən
otağının divarları onun bütün
yaradıcılıq fəaliyyətindən söz
açır. Gənclik dövrlərini əhatə edən
fotolardan füsunkar rəqqasə boylanır. Həmçinin
divarlarda baletmeystr, ölkə incəsənətinin
inkişafı ilə bağlı gördüyü işləri
əbədiləşdirən fotoları yer alıb.
Haqqında yazılan qəzet və jurnalların
sayı-hesabı yoxdur. Elə təkcə onunla bağlı
bu otaqda yer alan əşyalar zəngin bir ömürdən xəbər
verir.
Stolun üzərində aldığı fəxri
fərmanlar, mükafatlar, çoxsaylı medallar diqqət
çəkir. Azərbaycanın və Özbəkistanın
Əməkdar artisti Kökəb xanım, həmçinin
Özbəkistanın "Dostluq”, "Şöhrət” və
"Müstəqillik” ordenləri ilə təltif olunub.
O zaman 10 yaşım vardı...
Kökəb xanımın atası Miri
Əliyev əslən Xocalıdandır. Ancaq İranda
çalışdığı illərdə siyasi hadisələr
onun da həyatından yan ötməyib. 1948-ci ildə ailəsi
ilə birlikdə İrandan qaçaraq əvvəlcə
Aşqabada, daha sonra Özbəkistana pənah aparıb:
"Biz 5 uşaq və anamla birlikdə yük
maşınında Aşqabada, daha sonra Özbəkistana gəldik”
deyə Kökəb xanım xatırlayır: "O zaman mənim
10 yaşım vardı. Baş verən hadisələri o qədər
anlamırdım, amma bunların yaxşı
olmadığını başa düşürdüm.
Böyüdükcə kökümüzün Azərbaycandan
olduğunu öyrəndim və bu ölkəni sevdim”.
Kökəb xanım taleyini rəqs sənətinə
uşaqlıqdan bağlayıb. Pionerlər evinin rəqs dərnəyinə
gedib: "Özfəaliyyət dərnəklərində rəqs
etməyə başladım. Bu mənim üçün ilk rəqs
səhnəsi oldu. Daha sonra Daşkənd Dövlət
Xoreoqrafiya məktəbini bitirməklə ömrümü həmişəlik
bu sənətə həsr etdim. Mənim ifalarımı
görüb Özbəkistanın Estrada Orkestrinə dəvət
etdilər. Özbəkistanda tanınmış Batır
Zakirovun Estrada Orkestrində işləməyə
başladım. 1956-cı ildə ilk dəfə böyük səhnəyə
çıxdım”. Gənc rəqqasənin Moskvaya ilk qastrol səfəri
də uğurlu olur. İfa etdiyi ərəb rəqsi təkcə
çoxsaylı tamaşaçıları məftun etmir, həmçinin
yeni iş təklifləri ilə yadda qalır: "Moskvada
konsertdə "Şələbiyyə” ərəb
mahnısına qurulan rəqsi ifa etdim. Səhəri gün
Qızıl Meydandakı Mərkəzi univermağa gedəndə
bütün adamların mənə diqqətlə
baxdığını gördüm. Artıq bu rəqsdən
sonra məni tanımağa başlamışdılar. Elə
Moskvada ikən Oleq Lundstrem məni özünün estrada
orkestrinə rəqqasə kimi dəvət etdi. Etiraz etmək
istədim, "əmək kitabçam Özbəkistandadır»
dedim. «Bizə əmək kitabçası lazım deyil» - deyə
məni birbaşa öz ansamblına qəbul etdi. İki il
orada çalışdım. Sonradan yenidən atamın təkidi
ilə Özbəkistana qayıtdım. Dövlət Uşaq Rəqs
Ansamblı ilə işləməyə başladım. Batir
Zakirovun vəfatından sonra isə mən solo ifalarımla fəaliyyət
göstərməyə başladım. Çamadanımı,
rəqs paltarlarımı götürüb qastrollara
yollanırdım...”
Kökəv xanım Özbəkistanın incəsənəti üçün çox çalışıb. Rəqqasə kimi dünyanı gəzib. Solo ifaları ilə müxtəlif ölkələrin möhtəşəm səhnələrində çıxışlar edərək tamaşaçıları heyran qoyub. Ərəb, hind, Azərbaycan, özbək və s. ölkələrin rəqslərini özünəməxsus tərzdə ifa edib: «Bir dəfə hind rəqsi ifa etməyə hazırlaşırdım. Başmaqlarımı geyinəndə, içərisinə sındırılmış şüşələrin töküldüyünü gördüm” - deyə xatırlayır: "Ayaqlarım qana boyandı, yeriyə bilmədim. Təcili yardım çağırıb məni xəstəxanaya apardılar. Bir müddət müalicə aldım. Sənətdə bu cür qısqanclıqlarla da qarşılaşırdım”.
Rəqqasənin ifasında «Şələbiyyə»
rəqsi Özbəkistanın Qızıl Fonduna daxil olub:
"Bu rəqs dünyanın bir çox ölkələrinə
gedib çıxdı. Azərbaycanda da bu rəqsi
yaxşı tanıyırlar”.
"Bakını istəyirik...”
Kökəb xanım Moskvada işlədiyi illərdə
bir çox ümumittifaq miqyaslı konsertlərdə
çıxışlar edib. «Lujniki» stadionunda konsert
keçirilirdi” - deyə xatırlayır: "Rəşid
Behbudov, Lyudmila Zıkina da konsertdə iştirak edirdi. Sonra da
mən səhnəyə çıxdım. Rəşid Behbudov
«Sən azərbaycanlısan, Özbəkistanda nə edirsən,
gəl gedək Azərbaycana» - deyə məni dəvət
edirdi”. K.Əliyeva dəfələrlə Rauf Hacıyevin rəhbəri
olduğu Azərbaycan Estrada Orkestrinə də dəvət
alır. Ancaq atası razı olmadığından işləmək
üçün Azərbaycana gələ bilmir. Lakin fəaliyyəti
dövründə dəfələrlə Bakıya qastrola gəlir.
Azərbaycanın Əminə Dilbazi kimi məşhur rəqqasələri
ilə iş birliyində çalışır: «Əminə
Dilbazi də Özbəkistana gəlib burada Azərbaycan rəqsləri
qururdu. Bir-birimizə rəqslərin disklərini göndərir
və əməkdaşlıq edirdik. O zaman onun «Çinar»
ansamblı çox məşhur idi».
Kökəb xanımın Bakıya ilk gəldiyi
gün isə ömürlük yaddaşına yazılıb:
«Azərbaycanın o zamankı rəhbəri Heydər
Əliyev Özbəkistana gəlmişdi. Bizim dövlət
uşaq ansamblı onun qarşısında
çıxış etdi. O, konsertdən sonra qızları
yanına çağıraraq «arzunuz nədir» - deyə
soruşdu. Uşaqlar sevinclə «Bakıya getmək istəyirik»
dedilər. 10 gündən sonra 25 nəfərlik ansamblla
Bakıya dəvət olunduq. 15 gün konsertlər verdik.
İstirahət etdik, muzeyləri gəzdik, sərgilərdə
iştirak etdik. Bakı səfəri hamımızın
yaddaşına ömürlük yazıldı. Sonradan mənim
Bakıya bir neçə dəfə də qastrollarım oldu.
Hər bir səfər soydaşlarımın səmimiyyəti,
məhəbbəti və alqışları ilə yadımda
qaldı”.
Kökəb Əliyevanın Azərbaycan Mədəniyyət
Mərkəzinin açılışı zamanı Daşkənddə
səfərdə olan prezident İlham Əliyevlə
görüşdən də xoş xatirələri var: «Azərbaycanın
dövlət başçısı Mərkəzimizə gəldi
və burada çalışanların hər biri ilə
mehribanlıqla görüşdü, məni qucaqladı.
Prezident bizim fəaliyyətimizlə yaxından maraqlandı.
Azərbaycanın Əməkdar artisti fəxri adını da
onun sərəncamı ilə aldım”.
"Azəri qızları”
Görkəmli baletmeystr hazırda rəhbəri
olduğu "Azəri qızları” rəqs ansamblından həvəslə
söz açır: "Ansamblda 45 uşaq məşğul
olur. Mən onları məktəblərdən toplayıram.
Bir-bir təhsil ocaqlarını gəzərək rəqs etməyi
bacaran və həvəsli uşaqları cəlb edirəm.
Onlar üçün kostyumlar tikilir. Mərkəzin rəhbəri
Samir Abbasov bütün xahişlərimi yerinə yetirir.
Ansamblda əsasən özbək uşaqları oynayır.
Onlar Azərbaycanı sevirlər. Mən öz vətənimə
olan sevgimi bu uşaqlara ötürürəm. Dünyanın
çox ölkələrini gəzmişəm.
Görüb-götürdüklərimi indi bu uşaqlara
öyrədirəm. Daşkənddə yaşayan azərbaycanlılar
da öz uşaqlarını dərnəyə həvəslə
gətirirlər. Onlar birlikdə Azərbaycan milli rəqslərini
həvəslə öyrənirlər”.
K.Əliyeva, həmçinin yetimxanalarla işləyərək
baletmeyster kimi rəqslər qurur. Bu yaxınlarda «Yetimlər
oynayacaq» adlı festival da keçirməyi
düşünür: "Mən o uşaqlar
üçün sponsorlar axtarıb tapıram, hədiyyələr
alıram. Hər bir uşağa hədiyyə verilir. Samir
Abbasov da mənə çox kömək edir. O həmişə
300-dən çox uşaq üçün hədiyyə təşkil
edir. Bundan əlavə, hər bir uşaq evinə televizor,
paltaryuyan maşın və s. məişət əşyaları
alıb hədiyyə edirəm. Bu uşaqlar bu gün rəqs
dərnəklərinə gəlməklə böyüyəndə
ölkənin incəsənətinə töhfə verəcəklər.
Əminəm ki, onların üzərindəki əməyim
itməyəcək”.
K.Əliyeva 2002-2005-ci illərdə "Özbəkistan
– bizim ümumi evimizdir” festivallarının laureatı olub.
Hazırda "Mexrijon” xeyriyyə fondunun həmsədridir. Rəqqasənin
sənətinə olan sevgisi tükənmir. "Heyf ki,
qocaldım” - deyə təəssüfünü dilə gətirsə
də, "amma yenə də gücüm var. Nə zaman səhnəyə
çıxıram, özümü lap cavanlıqdakı kimi
hiss edirəm” sözlərini təkcə təsəlli kimi demir:
"Özümü səhnəsiz təsəvvür edə
bilmirəm. Mən ömrümü səhnəyə həsr
etmişəm. Təkcə rəqslər qurmuram ki, həm də
mahnılar oxuyuram. Həmişə deyirəm ki, mən səhnədə
öləcəyəm...”
Təranə Məhərrəmova
Daşkənd-Bakı
Kaspi 2018.- 30 oktyabr.- S.9.