Azərbaycanın ali təhsilli
ilk peşəkar aktrisası
Fatma Qədridən
bəhs edən maraqlı monoqrafiya haqqında qeydlər
Bu günlərdə fəlsəfə doktoru
İmran Axundovun görkəmli səhnə ustası, xalq
artisti, Azərbaycanda ilk peşəkar ali təhsilli aktrisa kimi
tanınan Fatma Qədrinin həyat və
yaradıcılığından bəhs edən "Fatma Qədri”
adlı elmi monoqrafiyası ilə tanış oldum. ADPU-nun mətbəəsində
100 tirajla çap olunan bu monoqrafiya həm yazılış, həm
də tərtibat baxımından diqqətimi cəlb etdi. Məlumat
üçün deyim ki, elmi monoqrafiyanın redaktoru Əməkdar
mədəniyyət işçisi H. M. Nəbilidir.
Monoqrafiyada bu il 111 yaşı tamam olan, teatr sənətimizin
inkişafında özünəməxsus xidmətləri ilə
tanınan Fatma Qədrinin ömür yolu oxucuya təqdim
edilir. 61 illik ömrünün 40 ilini teatr sənətinə
həsr edən bir xalq artistinin şərəfli ömür
yolu monoqrafiyada müəllif tərəfindən dörd fəsildə
canlandırılır. Xüsusi olaraq qeyd etmək
lazımdır ki, Fatma Qədri maraqlı səhnə
ömrü yaşayan nadir sənətkarlarımızdandır.
Onun klassik və müasir əsərlərdə
yaradığı xarakterik obrazlar qalereyası aktrisanın
daxili zənginliyinin bariz nümunəsi kimi bu gün də səciyyəvidir.
Bildiyimiz kimi, Azərbaycan teatrı 145 illik çətin, lakin
şərəfli bir yol keçməklə bugünkü
inkişaf mərhələsinə çata bilib. Onun
çağdaş uğurlarında, nailiyyətlərində
isə bu görkəmli sənətkarın xidmətləri
misilsizdir.
Monoqrafiyanın birinci fəsli aktrisanın həyatı
və səhnə fəaliyyətinin başlanğıc
dövrünü yəni 1907-1925-ci illəri əhatə edir.
Bu illər ərzində Fatma Qədrinin geniş tərcümeyi-halı
ilə tanış olmaqla səhnə ustasının müəllimləri
olan Moskvadan gəlmiş, Roma Akademiyasının fəxri
üzvü, akademik Vyaçeslav İvanov və Aleksandr
Aleksandroviç Tuqanov, professor Vladimir Vladimiroviç
Sladkopevtsev haqqında olan xatirələri müfəssəl
şəkildə təsvir edilir.
Müəllif aktrisanın sənət müəllimi
Aleksandr Tuqanovun diplom tamaşasında ona Mirzə Fətəli
Axundovun "Hacı Qara” komediyasında Sona obrazını
tapşırması haqqında xatirələrindən bəhs
edir: "Tuqanov bu pyes üzərində çox həvəslə
işlədi. O, bütün işləri bizim öhdəmizə
buraxdı. Ancaq hiss olunmadan, məharətlə hər işə
özü rəhbərlik edirdi. Kostyumları tikib, rekvizit, tərtibat
və bir çox başqa işləri özümüz yerinə
yetirirdik. O, həmişə deyirdi ki, aktyor hər işi
bacarmalıdır. İlk tamaşa günü
yaxınlaşdı. Mən Sona rolunu oynayırdım.
Böyük rol deyildi, ancaq həddindən artıq həyəcanlanırdım.
Nəhayət, tamaşa günü gəlib çatdı.
Tamaşanın başlanmasına iki saat qaldıqda teatra gəldim
və qrimlənməyə başladım. Birinci zəng
çalındı... Tuqanov stoldan stola keçib, bizim qrim və
kostyumlarımızı yoxladı, ürək-dirək verdi.
Ancaq özü də bir az narahat idi. O, bizim Azərbaycan
teatrı tarixinə bir sıra qızıl səhifələr
yazmışdı... Səhnə arxasında və tamaşa
zalında böyük şənlik vardı. Tamaşa
qurtarandan sonra çoxlu gül-çiçəklər gətirdilər.
Hamı bir-birini təbrik edir, qucaqlayıb öpürdü.”
İmran
Axundov monoqrafiyada aktrisanın ilk obrazının uğurlu
alınmasını qeyd etməklə yanaşı, onun ifa
etdiyi Sona obrazının görkəmli teatr pedaqoqu və
rejissoru olan A. Tuqanovun çox xoşuna gəldiyini xüsusi
vurğulayır.
Adilə İsmayılova aktrisanın
yaradıcılığının ilk illərinə nəzər
salarkən deyirdi: "Fatma Qədrinin
yaradıcılığı təbiiliyi, həyatiliyi,
emosionallığı və koloritliyi ilə fərqlənirdi.
Onu hətta dünya teatrının Adelaida Ristori, Eleonora Duze və
Mariya Yermolova kimi sənətkarları ilə müqayisə
etmək olar”.
Ömrünün dördə-üç hissəsini
səhnəyə həsr edən Fatma Qədri geniş
diapazonlu bir aktrisa idi. Onun Azərbaycan, rus və Qərbi Avropa
dramaturqlarının, eləcə də müasir müəlliflərin
əsərlərində yaratdığı bir çox
obrazlar sənətsevərlər tərəfindən hər
zaman maraqla qarşılanıb.
Monoqrafiyanın ikinci fəsli aktrisanın
ömrünün 1926-1933-cü illərini özündə əks
etdirir. Belə ki, bu fəsildə aktrisanın Bakı Türk
İşçi Teatrına necə gəlməsi və
teatrın o zamanlar direktoru olan Məmmədsadıq Əfəndiyevin
aktrisanın həyatındakı müstəsna rolundan
söhbət açılır.
Müəllif aktrisanın xatirələrindən
çıxış edərək yazır: "Əfəndiyev
öz teatrına gənc aktyorları çox dəqiq və
böyük həvəslə seçirdi. O, bizimlə təklikdə
danışdı. Mənimlə çox ciddi söhbət
etdi. Teatrın perspektiv planlarından danışdı və
bildirdi ki, əvvəlcə, bizə çətin olacaq,
çünki işlər çoxdur. Biz kütləvi səhnələrdə
baş rollarda birgə çıxış etməli idik. O
dedi ki, əgər sizi bu çətinliklər qorxutmursa,
qalıb bizdə işləyin. Mən sizin kimi gənclərin
inkişafı üçün hər cür imkan
yaradacağam...”
Qeyd etmək lazımdır ki, Fatma Qədri
Bakı Türk İşçi Teatrında təxminən 6-7
il fəaliyyət göstərib. O, burada irili-xırdalı
müxtəlif xarakterli rollar ifa edib. V. Marqaretin "Fahişə”də
qulluqçu Roza, N. Şaravalenkonun "1881-ci il” tarixi
dramında Knyaginya Yurevskaya, Bill-Beloserkovskinin "Tufan”da Şəhərli
qadın, Yurinin "Şöhrət silahları, yaxud
zorakı igidlik”də Kayna, C.Məmmədquluzadənin
"Anamın kitabı”da Gülbahar, M. F. Axundovun
"Müsyo Jordan və Dərviş Məstəli şah”da
Şərəfnisə, V. Hüqonun "Paris Notrdam kilsəsi”də
Esmeralda, V. Kirşonun "Qızıl trenlər”ində
Lyudmila Mixaylovna, B. Lavrenyovun "Hücum”unda Kseniya, A. Tolstoy və
P. Şeqolyovun "Romanovların son günləri”ndə
Dunya, F. Pavlovun "Çin tanrısı”nda Oa Şen, J. B.
Molyerin "Cancur Səməd”ində qulluqçu Nübar, V.
Kirşonun "Küləklər şəhəri”ndə
Nina, Ə. Hamidin "Hind qızı”da Sürucuini, S. Polivanov
və L. Prozorovskinin müştərək yazdıqları
"İşarə”də Qulka, A.Qlebovun əsəri əsasında
təbdil edilən "İncə”də Yasəmən,
C.Cabbarlını "Sevil”ində Gülüş və
Sevil, S. Rüstəm və H. Nəzərlinin
"Yanğın”ında Ceyran və başqa obrazları Fatma
Qədrinin maraqla baxılan səhnə traktofkası ilə
bir-birindən seçilən obrazları silsiləsinə
daxildir.
1926-cı ildə on dörd dəfə
tamaşaçılara göstərilən V. Marqaretin
"Fahişə” əsəri hələ inqilabdan əvvəl
ayrı-ayrı teatrlarda dəfələrlə tamaşaya
qoyularaq, müvəffəqiyyət qazanıb. İmran Axundov
qeyd edir ki, hətta bu tamaşanın məşqlərinə
başlanmazdan əvvəl aktyorlara "dəri-zöhrəvi
xəstəlikləri” barədə mühazirələr
oxunar, sonra tamaşanın məşqlərinə
başlanardı. "Fahişə” əsərinin mövzusu
müasir idi. Belə ki, tamaşada fransız burjua cəmiyyətində
baş verən əxlaqsızlıq, pulun insanın şəxsiyyətinin
formalaşmasındakı qabarıq rolu kəskin tənqid atəşinə
tutulurdu.
Aktrisa öz xatirələrində bu tamaşa
haqqında yazır: "Paralel olaraq məni artıq göstərilən
tamaşalarda da oyuna daxil etdilər. Məsələn, onda
baş rolu Məxfurə xanım oynayan "Fahişə”
tamaşası gedirdi. Mən bu əsərdə qulluqçu
Roza rolunda çıxış edirdim. Rol kiçik, ancaq
dramatik rol idi”.
Monoqrafiyada həmçinin
Fatma Qədrinin həyatında tərəfmüqabili olmuş
Kazım Ziya, İsmayıl Talıblı, Ağasadıq Gəraybəyli
və başqa aktyorların rolundan söhbət
açılır.
İmran Axundov aktrisanın
yaradıcılığı ilə tanışlıq fonunda
bu illərin ən yaddaqalan yaradıcılıq aspektlərindən
və mövzuya tarixi mərhələlər fonunda
yanaşdığından monoqrafiya daha maraqla oxunur. Müəllif
illərin ardıcıllıq prizmasından daha dəqiq
detalları qabartmaqla dövrün sənət
yaradıcılığını daha geniş bir formada təhlil
edir. Müəllif yazır: "1927-ci ilin ilk premyerası Cəlil
Məmmədquluzadənin "Anamın kitabı” komediyası
ilə baş tutdu. Əsəri A.İvanov tamaşaya qoyaraq,
Gülbahar obrazını Fatma Qədriyə həvalə etdi.
Bu, Fatma xanımın Bakı Türk İşçi
Teatrının səhnəsində, Azərbaycan
yazıçılarının əsərlərində ifa
etdiyi ilk obrazı idi. Osmanlı ləhcəsinin və rus
dilinin Azərbaycan türkcəsini
sıxışdırdığı bir dövrdə
"Anamın kitabı” kimi kəskin konfliktli dramın realist
təfsirdə oyunu ciddi sənət uğuru kimi dəyərləndirildi.
Teatr dramaturq Mirzə Cəlilin ruhunu düzgün tutaraq
qroteskli tragediya oynamağa çalışırdı. Milli
kökə, adət-ənənəyə xor baxmağın tənqidi
tamaşanın mərkəzində dururdu”.
Elmi monoqrafiyanın bu fəslində hadisələr
Bakı Türk İşçi Teatrının 10 illik yubiley
fonunda işıqlandırıldığından daha da
güclü təsir gücünə malikdir.
Monoqrafiyanın üçüncü fəsli
aktrisanın 1933-1934-cü illərdə Azərbaycan Dövlət
Rus Dram Teatrındakı fəaliyyətini özündə əks
etdirir. Müəllif qeyd edir ki, bu illər aktrisanın həyatında
yeni yaradıcılıq dövrü kimi iz buraxır. Bu teatr
onun gələcək fəaliyyətinin düzgün istiqamət
alması və formalaşması, realizm üslubunu mənimsəməsi
işində həlledici rol oynayır. Burada o, rus səhnəsinin
ən yaxşı ustaları ilə birlikdə işləyib,
təcrübə mübadiləsi edir. Teatrın direktoru
Lukiçevin və bədii rəhbər S. A. Mayorovun Fatma Qədrinin
bir sənətkar kimi formalaşmasında xüsusi xidmətləri
var. Müəllif yazır: "Onu bu teatrda çox
mehribanlıqla qarşıladılar və soruşurdular ki,
ilk çıxışın üçün hansı
obrazı seçirsən? Aktrisa isə repertuarda olan Lev
İsayeviç Slavinin "İntervensiya” əsərində
Janna Barbeni obrazını ifa etmək istədiyini bildirir.
Teatrın direktoru və bədii rəhbərinin
baxışlarındakı istehza ona bərk toxundu, fikirləşdi
ki, bu obraza layiq olduğumu onlara göstərməliyəm.
Onların istehzalı baxışları təbii idi. Onlar
Fatma xanımı səhnədə görməmişdilər.
Çox qısa zaman keçdikdən sonra onu bəzi
sınaqlardan keçirirlər. Bundan sonra F.Qədriyə bir
aktrisa kimi hörmətlə yanaşdılar. Hətta bir
neçə gün keçmişdi ki, zəng vurub, teatra gəlməsini
xahiş etdilər. Mayorovun kabinetinə girəndə
teatrın direktoru Lukiçevi və rejissor Ridalı da orada
idi. Bu dəfə onu çox səmimi qarşıladılar.
Görünür, Ridal onun barəsində onlara artıq
danışmışdı. Axı, Fatma Qədiri onunla
işləmişdi. Janna rolunun mətnini təqdim edib, onu
Ridala tapşırdılar. Vaxt təyin olunmadı. Teatrın
tamaşalarına baxmağı xahiş etdilər”.
Elmi monoqrafiyanın dördüncü fəsli
isə 1935-1968-ci illəri əhatə edir. Bu illərdə
Fatma Qədri Azərbaycan Dövlət Akademik Milli Dram
Teatrının səhnəsində fəaliyyət göstərirdi.
Bu illərdə onun haqqında professor Əziz Şərif yazırdı: "Səhnəmizin
ən görkəmli qadın simalarından biri də Fatma Qədridir.
Fatma xanım, yaratdığı surətlərin tipik cəhətlərini
tapıb, onların əsasında romantik surətlər
yaradır. Bu surətlər dərin və
inandırıcı olur, tamaşaçını həyəcanlandırır”.
Və ya Xalq artisti Nəsibə
Zeynalova aktrisa haqqında deyirdi: "Fatma, sənin
ömrün aktrisalıqdan daha çox nağıl qəhrəmanlarının
ömrünə bənzəyir. Sənə yaradanımız
fitri istedad verib. Sən hər bir tamaşaçını
canından artıq sevirdin. Nə qədər xalqımız
var, sən unudulmayacaqsan”.
Müəllif qeyd edir ki, 30-cu illərin
ortalarında Azərbaycan səhnəsində qadın aktrisalar
çatışmırdı. Ona görə də teatrın
peşəkar qadın aktrisalara böyük ehtiyacı var idi.
Düzdür, o dövr ki, Azərbaycan Dövlət Dram
Teatrının (indiki Azərbaycan Dövlət Akademik Milli
Dram Teatrı) səhnəsində Mərziyə Davudova,
Panfiliya Tanailidi, Əzizə Məmmədova, Yeva Olenskaya, Sona
Hacıyeva, Tamara Paşazadə, Qəmər Topuriya, Cəvahir
Hüseynova, Nataliya Lizina və başqa aktrisaların
çalışmasına baxmayaraq, hələ də bu sahədə
boşluq mövcud idi.
Müəllif qeyd edir ki, Fatma Qədri bu
dövrdə ona tapşırılan bütün obrazları
böyük və ya kiçikliyindən asılı olmayaraq
zövqlə ifa edirdi. "Fatma Qədri Azərbaycan Dövlət
Akademik Dram Teatrına gəlir və burada kamil bir sənətkar
kimi məşhurlaşır. Bu vaxta qədər müəyyən
yaradıcılıq təcrübəsi əldə edən
aktrisa Azərbaycan səhnəsinin adlı-sanlı ustaları
ilə birlikdə işləyərək, bir sıra rəngarəng,
bədii cəhətdən dolğun obrazlar yarada bilir.”
Hətta İlyas Əfəndiyev "Səhnəmizin
fəxri” adlı məqaləsində Fatma Qədrinin Xuraman
rolundakı çıxışını xatırlayaraq
yazır: "Mən onu ilk dəfə Xuraman rolunda
görmüşəm. Onun müxtəlif psixoloji anlarda,
tez-tez baş verən ruhi dönüş məqamlarında
göstərdiyi ustalıq, məharət və incəlik mənə
o qədər təsir etdi ki, teatrdan çıxandan sonra da
uzun müddət Xuraman gözümün qabağından
çəkilmirdi. Mənə elə gəlirdi ki,
peşmançılıq əzabları içində
boğulan Xuramanın hıçqırıqlarını hələ
də eşidirəm. Fatma Qədri
bütün bunları nə qədər təbii, nə qədər
gözəl ifa edir...”
Monoqrafiyaya nəzər salarkən bir daha
aydın olur ki, Fatma Qədri sənətini böyük məhəbbətlə
sevən və sevdirməyi bacaran bir aktrisa olaraq yaddaşlarda
yaşayır. Onun sənət yolu realizm yolu idi. İfa etdiyi
hər hansı obrazı yarımçıq yox, bütöv
bir şəkildə tamaşaçılara təqdim edirdi.
Fatma xanım obrazı canlı göstərməyi
bacarırdı. Aktrisanın ifasındakı təbiilik,
canlılıq ifa etdiyi obrazı bütün
varlığı ilə təcəssüm etdirirdi.
Ümumiyyətlə, Fatma Qədri kimi səhnə
xadimlərimizə həsr olunan elmi monoqrafiyalarının
yazılması bir tərəfdən 145 illik tarixi bir yol
keçən Azərbaycan teatrının tarixinə töhfə
olmaqla yanaşı, gənc aktyor və rejissorlara əsər,
obraz üzərində necə işləməyin
yollarının öyrədilməsi baxımından qiymətlidir.
Anar Burcəliyev
Teatrşünas
Kaspi 2018.- 30 oktyabr.- S.10.