Lyudmila Kloçko

  Lyudmila Leonidovna Kloçko 1990-cı ildə Belarusun Borisov şəhərində anadan olub. 2012-ci ildə Belarus Dövlət Texniki Universitetini bitirib. 2012-ci ildə Y.Kupala və Y.Kolasın 130 illiyinə həsr edilmiş Minsk şəhəri ədəbiyyat müsabiqəsinin "poeziya” nominasiyası üzrə qalib olub. L.Kloçko "Nyoman”, "Yujnoe siyanie”, "Naş sovremennik”, "Neva”, "Yunost” kimi qabaqcıl ədəbi jurnallarda dərc olunmuşdur. "Bir-iki kəlmə...”, "Kiçik şeir toplusu” kitablarının müəllifi, Belarus Yazıçılar Birliyinin üzvüdür. Minskdə yaşayır.

  ***

Daxilimdə yaşayan hər iki qadın

əzab çəkirlər yaman.

Onlara görə tonqalda yanır,

Üşüyürəm durmadan.

Biri pakdır. Cənnət bağı

bəxşişdir ona.

Digəri qorxmadan gedər cəhənnəmə –

doğma məkanına.

Hər ikisi bir-biri üçün

Həm yırtıcı, həm qəfəsdir –

Həm çəkib ardınca aparır,

Həm də üstündə əsir.

Birisi səmaya, digəri yerin təkinə –

İkisi də məhvə gedir.

Hər biri də təkcə onu –

Yəni digərini sevir.

  ***

– Mən yadına düşürəmmi? – bir səs gəldi zülmətdən...

Yadımdadı: sərxoş gözlərindəki mübahisə.

Yadımdadı: sözlərinin səbirsiz, xəsis qulaqlarımdakı

xışıltını boğması...

Yadımdadı: sənin qucağının gücü qarşısında

dizlərimin taqətdən düşməsi...

Yadımdadı: ovucların elə böyük idi ki...

Yadımdadı: səni özümə bağışladım.

İndi hər axşam çiyinlərini aramaqdayam!

Düz dörd dəfə ayrılmışıq səninlə –

Yadımdadı: ayaqlarım üstə güclə dayanıb

kandarda səninlə vidalaşmağım...

Yadımdadı: günlərin dağınıqlığı...

Yadımdadı: istəklərim elə müdhiş idi ki...

– Mən yadına düşürəmmi? – bir səs gəldi gecədən...

Cavab vermirəm... Özün fikirləş...

***

 Marina Svetayeva üçün

Söylə mənə, doymusanmı rahatlığından?

Gəlir budaqlardan şaqqıltı səsi...

Başqa bir adama çevrilsəm belə,

Yenə də sənindir mənim nəfəsim.

Ruhunun öpüşləri xatirimdədir,

Qəlblərimiz yad olsa da biri-birinə!

Üzərindən əsən o küləyin də,

İnanma səninçün əsəcəyinə.

Görürsənmi, heç möhkəm belə deyildir

Ayağın altdakı o doğma torpaq.

Üzülmüş boğazın susub dayanıb,

Əlinsə yazmağa çalışır ancaq.

  ***

Bağışla məni.

Qurtar məni günahdan.

Daxilimdəki kölgələri yox et,

Qopar məni içimdəki qaranlıqdan.

Dəf et yoxluğu.

Bağışla məni.

Tövbəmi qəbul et –

Rəhm et çarəsizə,

İnandır zavallını,

Özünə inandır.

Bağışla məni.

Dilə gətirərəm əzabı,

Unudaram gələcəyi.

Uyuyaram.

Bağışla məni.

Bağışla.

Bağışla...

  ***

Məndən soruşursan, nəylə məşğulam,

Nə zaman, harada görüşəcəyik?

İnan, heç özümdə deyiləm bu an,

Gah günəşli olur qəlbim, gah da kölgəlik...

Amma sənə həsr edərəm bir günü...

Mənim taleyimin kimə nə dəxli –

Xoşbəxtliyə doğru addımlayıram.

Elə arzuladım səni görməyi,

Əvvəldən deməyi doğru saymıram

Amma sənə həsr edərəm bir ili...

Ətrafı düşünmədən yaşayaq birgə,

Əllərim çiynində söykənəm sənə...

Qorxuram illərin "an” olmasından.

"Nolar, çıxıb getmə” söyləsən mənə

Durub bağışlaram bütün ömrümü...

   ***

Qonşuluqda savaş gedir nə vaxtdır,

Duyulur çəkmələrin tappıltıları.

Kilidsiz otaqda yaşayıram ki,

Hər yandan eşidim iniltiləri.

Haqlını, haqsızı necə tanıyım,

Evin sahibi kimdir, kim qonaq gəlir?

Gecəyədək söndürmürəm işıqlarımı,

Mənim də əhvalım heç yaxşı deyil.

 

Amma günahım yox... yoxdur günahım....

Qapımın arxasında kimdir dayanan?

Qonşuluqda savaş gedir nə vaxtdır,

Görəsən, görəsən gedər hayana?

  ***

Şəhərin mərkəzindəki kafedə əyləş –

Yanından keçəcək bütöv bir şəhər.

Bir müddət də əyləş, bir az da gözlə,

Az sonra həyat da yanından keçər.

O zamansa onun arxasınca get,

Ən azı bilərsən getdiyi yeri.

Növbəti bir ilin yayında isə

Küçəyə masalar düzülən kimi

Şəhərin mərkəzindəki kafedə əyləş.

Baxmağı unutma keçib gedənə.

Bəlkə də o anda ötən birisi

Bir ömür yoldaşı olacaq sənə.

  ***

Günbəgün, günbəgün, günbəgün...

Bircə cavab belə tapa bilmirəm...

Ondan bəhs edirəm bayaqdan sənə.

Məni bu küləkdən qoru, demirəm.

Ən azı lap bircə saatlığa gəl!

Görürsən, daha heç sevinmirəm də...

O, boyu bəstədi, sən də həmçinin...

Nə səfeh tapmaca alındı həm də!

Elə danışırsan, günəşdən, aydan...

Söhbət nə başlayıb, nə bitəcəkdir...

Dedim axı, dostumdur o adam mənim.

Sən allah, soruşma bu nə deməkdir...

  ***

Gəl, qarşılayım səni.

Söz tək dərindir həyat.

Elə yaxşı olur ki,

Beyin olanda rahat.

Gitaranı götür gəl!

Evimə gəl bu dəfə.

Yaxşı ki, nə qocasan,

Nə də ki, gəncsən daha.

 

  ***

Nankorluq böyük günahdır.

Tanrım, bağışla bizi.

Sadə balıqçının

Müdrik təbəssümünü duyaq –

Ovlayıb qızıl balığı,

Sonra buraxır suya.

Rus dilindən tərcümə edən: Xatirə Nurgül

Kaspi 2018.- 27-29 oktyabr.- S.16.