Niyə həmişə yox, ancaq yubileydən yubileyə?

Kitabı yaradan müəllif, müəllifin taleyini yaradan isə cəmiyyətdir

"Yaşadığımız binanın altında (Biləcəridə) Hüseyn Cavid adına kitabxana fəaliyyət göstərir. Məni həmin kitabxanaya dəvət etmişdilər. Mərhum Xalq yazıçısı İsa Muğanna (Hüseynov) ilə bağlı tədbir keçirilirdi. Bu il ölkəmizdə yazıçının 90 illiyi qeyd olunur. Getdim, çıxış da  etdim. Tədbirdə yazıçının oxucuları da iştirak edirdi. Şükür, bizdə hələ ədəbiyyatı sevən adamlar qalmaqdadır”. Yazıçı dramaturq Firuz Mustafanın "Facebook” səhifəsində paylaşdığı bu status "nə ucun ədəbiyyat adamlarını daha çox yubileydən yubileyə xatırlayırlar, ayrı vaxt onlarla bağlı görüşlər, tədbirlər keçirmirlər” sualını "Kaspi”nin "Müzakirə”si üçün aktual etdi.

"Rəsmilər”ə aid

Sualımızı da elə öncə Firuz Mustafaya ünvanladıq: "Prezident bu yubileylə bağlı 1-2 ay əvvəl sərəncam verib. Bizim xalqımızın əksər nümayəndələri aşağıda oturub, yuxarıdan göstəriş gəlməsini gözləyir. Bu, əlbəttə "rəsmilər”ə aiddir. Adi oxucu isə göstərişsiz də mütaliə edir, oxuyur. Səbəb budur. Vəssalam”.

Mənəvi dəyərlərə zidd

"Doğrudan da əksər ədəbiyyat adamlarını, ümumiyyətlə, yaradıcı adamları yalnız yubileylərdə yada salırlar” deyən yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı bu müşahidənin həqiqət olduğuna təəssüfləndiyini bildirdi: "Bir daha təəssüf ki, bu "xalaxətir” diqqət də hamının yox, yalnız müəyyən qisim adamların payına düşür. Ədəbiyyatımızda elə ləyaqətli simalar var ki, heç yubileylərində də xatırlanmırlar. Məsələn, bir neçə il əvvəl İsa İsmayılzadənin, Tofiq Abdinin, Eyvaz Borçalının 75 yaşı tamam oldu, mətbuatda bir-iki yazıdan başqa kimsə onları xatırlamadı. Ancaq imkanları, havadarları olanların az qalırlar hər il yubileylərini keçirsinlər. Bu, əlbəttə, mənəvi dəyərlərə zidd olan hallardır”.

İnformasiya cəmiyyətinin günahı

"Mirzə Fətəli Axundovun, Həsən bəy Zərdabinin, Mirzə Cəlilin, Hüseyn Cavidin, Mirzə Ələkbər Sabirin və yüzlərlə dərin zəka sahiblərinin arxasında dövlət dayanmasaydı, onlara diqqət və qayğı göstərilməsəydi, cəmiyyət onları bəlkə də çoxdan unutmuşdu. Acı da olsa, həqiqətdir” deyən yazıçı-tərçüməçi Kamran Nəzirli hesab edir ki, ədəbiyyat adamlarına bu cür münasibətin səbəbləri çoxdur: "Deyəcəklərimin mövzu ilə birbaşa əlaqəsi olmasa da, dolayısı ilə çox bağlılığı var, hətta deyərdim, daha çox. Hüqodan bir sitat gətirmək istəyirəm: kitabı yaradan müəllif, müəllifin taleyini yaradan isə cəmiyyətdir. Bu və ya digər mənada, cəmiyyətdən çox şey asılıdır. Bizim kəskin oxucu problemimiz olduğu kimi, tamaşaçı, dinləyici problemimiz də var. İnsanlar tədbirlərə, xüsusilə teatrlara, yaradıcı adamlarla görüşlərə, yazıçı və şairlərlə canlı təmaslara az maraqlıdır. Ümumiyyətlə, dünyada da bu problem var, amma keçmiş sovet respublikalarının əksəriyyəti üçün daha çox xarakterikdir, o cümlədən, bizim üçün də. Bunun da səbəbləri çoxdur”.

Yazıçı keçən günləri ədəbiyyata verilən dəyər kimi xatırlayır: "Mənim yaşıdlarımın əksəriyyətinin yadında olar: yetmişinci illərdə Azərbaycanda çox maraqlı, həm də faydalı bir ənənə vardı - şəhər və rayonlarımızda tez-tez ədəbi görüşlər keçirilərdi, yazıçı və şairlərimiz camaatla birbaşa təmasda olar, onlara öz kitablarını hədiyyə edərdilər. Bundan başqa, kitab günləri, bayramları, ədəbiyyat və incəsənət günləri keçirilərdi. Hətta bu ənənənin Azərbaycandakı təşəbbüskarı və yaradıcısı ulu öndərimiz Heydər Əliyev rayon və şəhərlərə gedəndə ədəbiyyat və incəsənət adamlarını da aparardı, onlara sağlığında da, ölümündən sonra da xüsusi diqqət göstərilməsini tələb edərdi. Ulu öndər özü nümunə göstərirdi, bununla da şəhər və rayonların katiblərinə, rəhbərlərinə bildirirdi ki, siz xalqın işıqlı zəka sahiblərinə, elm, mədəniyyət, ədəbiyyat adamlarına xüsusi diqqət göstərməlisiniz, çünki bu xalqı, bu cəmiyyəti maarifləndirən, onu dünya mədəni ailəsinə qovuşduran, dünya mədəniyyəti ilə milli mədəniyyət arasında körpü yaradan məhz bu adamlardır. Məncə, yaxın keçmişimizin müsbət təcrübəsindən yararlanmaq lazımdır”.

K.Nəzirli məsələyə daha geniş aspektdən yanaşmağa çalışır: "Müasir texnoloji inqilablar insanın həyat-ölüm mübarizəsində ona lazım olan əsl diqqət və təminatı verə bilirmi? İnsan ətraf aləmdən təcrid olunmur ki? Reallıq qorxulu vədlər verir. Kompüter, internet, telekommunikasiya sistemləri insanı robotlaşdıra bilər. Əlbəttə, bu fikrimə qarşı çıxanlar da ola bilər. Və deyə bilərsiniz ki, bunun mövzu ilə nə əlaqəsi var? Məncə, var. Bəri başdan deyim ki, bunlar təbii inkişafın amilləri olsa da, insanı, daha geniş götürsək, cəmiyyəti tənbəlləşdirir, kütləşdirir, onun fəal və canlı tamasalarını, ünsiyyətlərini sükunətə, ətalətə qərq edir, hətta bu sükunətli "sms danışıqları" şifahi nitqi belə öldürür, görürsən, uşaqların, tələbələrin, xüsusilə gənclərin əksəriyyətinin nəinki yazı savadı, heç nitq mədəniyyəti, cümlə qurmaq, ifadə etmək, incələmək qabiliyyəti də korşalır,  onda texnoloji vasitələrə kortəbii, ya da elə təbii aludəçilik yaradır. Nəticədə həm də o baş verir ki, onun duyğu və hissləri ölür, laqeydləşir, qəddarlaşır, azğınlaşır, nəhayət, robotlaşır. Buna görə də, bizim bəh-bəhlə dediyimiz "informasiyalı cəmiyyət"i formalaşdıran və təkmilləşdirən alətlər - kompüterlər, sosial şəbəkələr, telefonlar həm də təhlükə mənbəyinə çevrilməkdədir. Məncə, onların kütləvi istehsalını azaltmaq, minimuma endirmək lazım... Əlbəttə, belə bir şirnikləndirici aludəçilik vasitələri, özü də sənin evinin içində olursa, insan ədəbiyyat adamının yubiley tədbirinə gələrmi heç? Yaxud yazıçı, şair, alimlə canlı təmas qurmağa can atarmı? Sizin qaldırdığınız məsələnin bir tərəfi də məncə, budur. İnsanın sosial-mədəni həyatı ilə onun mənəvi-əxlaqi dəyərləri arasında məsafələr qısalmaq əvəzinə, daha da uzanır. Bəlkə elə buna görədir ki, şüurlarda və psixikalarda pozuntular çoxalır”.

Yazıçı hesab edir  ki, canlı tədbirlər tez-tez keçirilməlidir: "Televiziya kanallarında, radio dalğalarında, teatr səhnələrində, mədəniyyət saraylarında, kitabxana salonlarında ədəbiyyat adamlarının nəinki yubiley tədbirlərini keçirmək, onlarla xalqın, ictimaiyyət nümayəndələrinin görüşlərini intensiv şəkildə təmin etmək lazımdır”.  Tarixən Azərbaycanda elm, mədəniyyət, ədəbiyyat, incəsənətin böyük inkişaf yolu keçdiyini və keçməkdə olduğunu deyən yazıçının fikrincə, bu yolda süni əngəllər törədən amilləri aradan qaldıra bilsək, sözün həqiqi mənasında daha varlı xalq ola bilərik: "Sonda bir sitat da Ayzek Əzimovdan gətirmək istərdim (yeri gəlmişkən, "Mət Robotam", "Həyat və Zaman", "Allahların intiqamı" və s. kimi məşhur elmi-fantastik romanlar müəllifi Əzimov 1920-ci ildə Belarusun Petroviçi kəndində doğulub, üç yaşında ABŞ-a köçən yazıçının valideynləri bizim Quba rayonundandır, dağ yəhudilərindən olub): "Robot, bizim üçün çox qiymətli olan insanla müqayisəyə belə gələ bilməz, qətiyyən gələ bilməz! Biz robota gözəl hiss və duyğuları, estetikanı və dini-mənəvi dəyərləri yeridə bilmərik!... Elmə məlum olmayan anlaşılmaz hadisələr hələ də çoxdur. Gözəllik, sevgi, xeyirxahlıq, sənət, incəsənət nədir axı? Biz əbədi olaraq bu sahələrin anlaşılmaz sərhədlərində vurnuxuruq, axtarırıq, anlamağa çalışırıq, amma biz beynimizin əslində nədən qaynaqlandığını, ya da qidalandığını axıradək anlamırıq... Bizi insan edən də məhz elə budur!”

Bizdə həmişə gözləyirlər ki...

Yazıçı-dramaturq Seyran Səxavət Yazıçılar Birliyi səviyyəsində yubileylərin tez-tez qeyd edildiyini deyir: «Hesab edirəm ki, ədəbiyyat adamlarına birlik tərəfindən diqqətin göstərilməsi mühüm amildir». Yazıçının fikrincə, ədəbiyyat adamlarının yubileylərinin hər hansı təşkilatlarda və ya müəyyən dairələrdə qeyd olunması üçün heç də xüsusi göstərişlər gözləmək lazım deyil: «Ancaq bizdə həmişə gözləyirlər ki, ölkə başçısının sərəncamı olsun və ondan sonra hansısa ədəbiyyat adamının yubileyini qeyd etməyə başlasınlar. Əslində isə belə olmamalıdır. Cəmiyyətin sevdiyi yazıçı və şairlərə elə cəmiyyətin özü də diqqət göstərməlidir. Bizdə isə münasibət fərqlidir. Yalnız dövlətin və hökumətin diqqət göstərdiyi insanlara cəmiyyət də diqqət göstərir. Azərbaycanda ədəbiyyatın ağırlığı çiynində olan insanlar həmişə olub və bu gün də var. Onların bəziləri dünyadan köçüb. Bəziləri ümumiyyətlə, yada düşmürlər, yubileyləri keçirilmir. Buna yalnız təəssüf etmək olar».

Təranə Məhərrəmova

Kaspi.-2018.-27-29 oktyabr.-S.10.