Araz çayı və Xudafərin körpüsü sahillərinin qanlı günləri

21 kənd məhv edilmiş, 8-10 minə qədər insan qətlə yetirilmişdir

İşğalçı çar Rusiyasının Qafqaz Hərbi Dairəsinin Hərbi-topoqrafik şöbəsinin 1903-cü ildə tərtib etdiyi Cənubi Qafqazın ictimai-siyasi xəritəsinə əsasən 1867-ci ildə Azərbaycanın inzibati ərazisində yaradılmış  Cəbrayıl (Qaryagin) qəzasının (mərkəzi Qarabulaq, indiki Füzuli şəhəri olmaqla) sərhədləri daxilində 1200 kv.km-ə qədər sahə (100-ə qədər yaşayış məntəqəsi) mövcud olmuşdur. Təbii sərhədləri əsasən şərq hissədə Qarabağ düzü, Örənqala qədim şəhər qalıqlarından Araz çayı qırağındakı Qaradağlı kəndinədək istiqamətdə, qərbdə isə Həkəri çayının sol sahilindəki Xəndək kəndindən Şərifan kəndinədək olan xətt üzrə keçməklə, şimaldan Ziyarət dağı (2478 m) boyunca Mil düzünədək uzanmışdır. Qəzanın əlverişli təbii-coğrafi şəraiti onun strateji hərbi-siyasi yükünü xeyli dərəcədə artırmış (Cənubi Azərbaycanla birbaşa əlaqənin Xudafərin körpüsü ilə həyata keçirilməsi, Qarabağın dağlıq hissəsinin Araz çayı ətrafı bölgələrlə geniş açılması, qonşu Zəngəzur və Naxçıvan  qəzalarına sərbəst keçid, körpü rolunu oynaması) və tarixən düşmən hədəfinə tuş gəlməsinə səbəb olmuşdur (keçmiş qəzanın tərkibinə daxil olan ərazilər hazırda Qubadlı, Cəbrayıl və Füzuli rayonlarının inzibati-ərazi bölgüsü daxilindədir.)

Bu baxımdan hay-daşnak, rus-bolşevik və ingilis-fransız birləşmiş silahlı qüvvələrinin 1918-1920-ci illərdə Cəbrayıl qəzasına qanlı hücumlarının bir məqsədi də dinc sakinlərin soyqırımını keçirməklə, əhalinin ərazi kütləvi tərk etməsinə nail olmaqla yanaşı, qonşu nahiyələrdə də qorxu-vahimə yaratmaq və mənfur xislətlərini həyata keçirmək idi. Zəngəzur qəzasının hay-daşnak tayfaları yaşayan  Qafan, Gorus, Qacaran və  Qarakilsə (Sisyan) nahiyələrinin Sevakar, Zeyvə, Ağavurd, Qızıldaş, Şirnuxu kəndlərindən quldurbaşı A.Ozanyanın (Zaqafqaziyada Antanta qoşunlarının baş komandanı, general-mayor V.M.Tomson onu general-qubernator təyin etmişdi) və Q.Nijdenin, Qarabağın dağlıq hissəsindən isə Şuşa və Cəbrayıl nahiyələrinin hayəsilliləri yurd salan Sur, Danabaşı, Binnətli, Şəyax, Mülkədərə, Dolanlar, Zamzur, Xocaberd, Ağcakənd, Tağ, Cilan, Ağbulaq, Edilli, Axullu kəndlərindən isə cəllad Dronun rəhbərliyi ilə Naxçıvan-Zəngəzur-Qarabağ bölgəsində, o cümlədən Cəbrayıl qəzasında günahsız dinc sakinlərin soyqırımı həyata keçirilmişdir. Ümumilikdə Cəbrayıl, Şuşa və Cavanşir qəzalarında 21 kənd məhv edilmiş və 8-10 minə qədər insan qətlə yetirilmişdir.

    Bu faktlar o dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyasının üzvü N.M.Mixaylovun (1867-1920) hesabatlarında, eləcə də tədqiqatçı-publisist Nazim Tapdıqoğlunun "Azərbaycan faciələrinin təqvimi (hər bir azərbaycanlı üçün yaddaş kitabı)” əsərində əks etdirilmişdir. Cəbrayıl qəzasının daha çox qətliama məruz qaldığı yaşayış məntəqələri sırasında Məzrə, Sirik, Qışlaq, Süleymanlı, Şıxlar, Məlikli, Tatar, Balyand, Qaracallı, Doşulu kəndləri olmuşdur ki, bu kəndlər haylar yaşayan kəndlərlə (bu kəndlərin sakinləri XIX əsrin əvvəllərində Cənubi Azərbaycandan və Osmanlı Türkiyəsinin ərazilərindən köçürülmüşlər idi) qonşu olmuş, aralarındakı məsafə 5-10 km-ə çatmışdır. 1918-ci ilin dekabr ayında bu kəndlərə başlamış hücumlar 1919-cu ilin yanvar-fevral aylarında xüsusilə amansız xarakter almışdır. Silahlı quldurların 1919-cu ilin fevral ayının 23-də Qarabağın dağlıq hissəsindən Xudafərin körpüsünədək olan əraziləri işğal etmək planının alt-üst edilməsi, ilk növbədə 1919-cu ilin 15 yanvarında yaradılmış Qarabağ Quberniyasının rəhbəri Xosrov bəy Sultanov və qardaşı, el qəhrəmanı  Sultan bəyin, eləcə də yerli özünümüdafiə qüvvələrinin igid döyüşçülərinin şücaəti ilə mümkün olmuşdur.

    Göründüyü kimi, Cəbrəyıl qəzasının əhalisi (100 minə qədər) üçün ən faciəvi dövr keçən əsrin əvvəli - 1918-ci ilin sonları - 1919-cu ilin  başlanğıcı olmuşdur. 1918-ci ilin dekabr ayının 2-də adları yuxarıda qeyd edilən Məzrə, Məlikli və Tatar kəndlərinə edilən quldur-silahlı hücumlar nəticəsində Məzrə kəndində  6 nəfər qətlə yetirilir, o biri kəndlərdə isə 2 qadın güllə yarası alaraq şikəst qalırlar.

    Cəbrayıl rayonu, Yuxarı Məzrə kənd sakini, 83 yaşlı Xanoğlan Təhməz oğlu Əliyevin söylədiyinə görə, o vaxt bu kənddə  35-40 ev olub. Əhali sığınacaq məqsədilə başqa kəndlərdə olduğu kimi Arazqırağı kəndlərə - əsasən Şahvəlli kəndinə (25 km-lik məsafədə) köçmüşdülər: "Kənddə qalan ana babam Səfəralı Gülməmməd oğlunu (1873-1918) quldurlar öldürmüş və qoyun sürülərini aparmışlar. Bu kənd hayların yaşadıqları Daşbaşı kəndi ilə (əvvəllər Hadrut rayonuna aid olub, indi Xocavənd rayonunun tərkibindədir) qonşu olduğundan, əsas hücumlar bu kənddən (orada 45-50 ev vardı)  olub. Quldurlar bu kəndə girəndə məscidi dağıdıblar, sökmək istəyiblər, bacarmayıblar. Kəndin varlı sakini Qurbanəli Əli oğlunun (1865-1935) mülkün uçurmaq məqsədi ilə bünövrəyə "Yal arxı”nın suyunu buraxaraq, evi və su dəyirmanını dağıdıblar. Bu qalıqlar keçən əsrin 50-ci illərinədək  görünürdü”.

    Kəndin günbatan hissəsində 10 hektar sahədə qoz ağacları salınıb, ərazi meşə-dərə olduğundan "Qozlar dərəsi” adlanır. 1918-ci ilin dekabr ayında haylar yaşayan Mülkədərə kəndindən hücum edən quldurlar bu ağacların hamısını kəsib aparıblar, təkcə bir ağac qalıb. Ən acı hallardan biri sonrakı dövrlərdə yaşanıb. Adı türk mənşəli olan Mülkədərənin ("bərəkətli, mülklü, varlı torpaq, yer”  mənasındadır) hay əsilli əhalisi keçən əsr boyunca müsəlman kəndləri olan Məlikli və Yuxarı Məzrə kəndlərindən keçərək (30 km məsafədə) gəlib bu kəndlərdən 5 km aralıda kələsər bağı salmışdılar, məhsulundan istifadə edirdilər.

    Qəzanın Qışdağ kəndi ( o illərdə 35-40 ev olub) isə ən çox haylar yaşayan Sur kəndinin (aralarında 1 km məsafə olub) hücumlarına məruz qalıb. Bu cür silahlı basqınlar 1905-1907-ci illərdə də baş vermişdi. O zaman bütün evlər yandırılmış və yerlə-yeksan edilmişdi. Kəndin ağsaqqalları Qurban Məşədi Qara oğlunu (1865-1905) və Alı Molla Abbas oğlunu (1855-1905) qətlə yetirmişlər, sonuncunun meyitini qonşu Qaracalılar kəndinin sakinləri götürüb dəfn edə bilmişlər. Bu kəndin əhalisi qonşu Daşkəsən, Quycaq, Böyük Mərcanlı kəndlərində özlərinə sığınacaq tapıblar. Bundan istifadə edən məkrli və xəbis  düşmən bütün həyətyanı bağ sahələrində şəlləri - qoz, tut, gilas ağaclarına boy verən üzüm tənəklərini kəsiblər ki, hamısı məhv olsun. Qışdağ kəndinin su dəyirmanları (Aslan Hüseynalı oğlunun (1840-1920) və Həzi Şükür oğlunun (1865-1924), qəbiristanlığı və məscidi, eləcə də müqəddəs ziyarətgahları ("Yel ocağı”, "Dalaq daşı”, İspirə ocağı”) da düşmən tərəfindən dağıdılmış, yandırılmış, mal-mülkü isə qarət edilmişdir. 1918-1919-cu illərdə bu kəndin 30-a qədər dinc sakini quldur haylar tərəfindən qətliama məruz qalmışdır.

 

   Həmin qanlı-qadalı illərin şahidləri olmuş kənd sakinlərindən Hümbət Kərim oğlu Kərimovun (1870-1948), Məmməd Rüstəm oğlu Nəsirovun (1875-1956), Süleyman Əsəd oğlu Səfərovun (1880-1970) bu barədə xatirələri indi də  yaddaşlarda yaşamaqdadır (keçən əsrin 90-cı illərində Hadrut rayonundan olan silahlı haylar Qışdağ kəndində toy zamanı 20 nəfəri girov götürərək aparıblar). 

   Fövqəladə Təhqiqat Komissiyasının üzvü N.M.Mixaylovun yazılı məruzəsində  Cəbrayıl qəzasının dinc sakinlərinə qarşı törədilmiş soyqırımın, yaşayış məntəqələrinin, tarixi maddi-memarlıq adidələrin, ictimai xarakterli tikililərin yerlə-yeksan edilməsində, dağıdılmasında, əhalinin mal-mülkünün qarət edilməsində başlıca rol oynayan silahlı hay quldurlarının adı, soyadı (54 nəfər)  və ünvanları (Düdükçü, Kemrakuç, Edilli, Çirakuz, Qoqa, Çanaxçı, Mülkədərə, Dolanlar, Daşbaşı, Zamzur, Ağcakənd Cilan kəndləri) açıq-aydın çəkilmişdir.

    Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun qalibiyyətli döyüşlərinin sırasında Cəbrəyaıl qəzası da   xüsusi yer tutur. Müzəffər türk döyüşçüləri hay-daşnak və bolşevik-rus qüvvələrini qəzanın müharibə meydanı olan kəndlərində (Sirik, Məzrə, Qışdağ, Balyand, Süleymanlı... Cəbrayıl şəhərində) darmadağın etməklə, yerli müsəlman-türk soylu əhalinin doğma yurd-yuvalarına və müqəddəs ocaqlarına qayıtmalarını öz canları və qanları bahasına təmin etmişlər. Hərbi qərargahları Cəbrayıl şəhərində yerləşsə də, qanlı səngər döyüşlərinin getdiyi yerlər qəzanın hər guşəsinə paylanmışdı (Qışdağ kəndinin günbatanında "Qanlı dağı” (bu yerdə 1905-ci il savaşlarında kənd sakini Qurban Məşədi Qara oğlu (1865-1905) da şəhid olmuşdur), "Uzun dərə”ni  göstərmək olar).  Şəhid türk məzarları Məzrə, Şıxlar, Şahvələdli, Qışdağ kəndlərində qorunub saxlanılmış və müqəddəs yerlər kimi ziyarət edilmişdir.

Qafqaz İslam Ordusunun əsgər və zabit heyəti ilə çiyin-çiyinə səngər döyüşlərində yerli özünümüdafiə dəstələrinin üzvləri və qəhrəman el döyüşçüləri də düşmənə layiqli cavablar vermiş, onların məhv edilməsində yaxından iştirak etmişlər. Unutmayaq ki,   Qafqaz İslam Ordusu gələnə qədər mənfur düşmənlə üzbəüz qalan, silah-sursat baxımından zəif təchiz edilən, lakin onlara layiqli cavab verənlər yerli igidlər olmuşdur. Bu cür qəhrəmanlardan Qışdağ kəndindən  Zeynal Məhəmməd oğlu İbişovun (1890-1970), Əlirza Ağamirzə oğlu Bədirxanovun (1888-1968), Məzrə kəndindən Abbas Molla Məhəmməd oğlunun (1855-1929),  Quşçular kəndindən Kor Abdullanın, Sirik kəndindən qaçaq Süleymanın və qardaşı Salmanın, qaçaq İsmayılın, Qalacıq kəndindən qaçaq Babaş Cəbrayıl oğlunun (1890-1977), qardaşı Tanrıverdinin, Harovlu kəndindən Qulu Məmmədəliyevin, Əziz Allahyar oğlunun və başqalarının adları hörmətlə çəkilir, xatirələri yad edilir. Türk döyüşçülərindən Ər-Əziz əfəndi isə sonrakı həyatını Cəbrayıl rayonunda  keçirmiş və burada ömür-gün sürmüşdür.

Qismət  Yunusoğlu, 

BDU-nun müəllimi

Kaspi.-2018.-31 oktyabr.-S.15.