“Güzgüyə baxanda
özümdən səksənirdim”
Eldar Qasımov:
“Nigarla yenidən birlikdə mahnı ifa etsək, bütün
Avropa mediasının diqqəti bizdə olacaq”
"Musiqi ritmdir, musiqi zövqdür, musiqi
keyfiyyətdir”. Bunu bizə "Eurovision-2011” mahnı
müsabiqəsinin azərbaycanlı qalibi Eldar Qasımov deyir.
"Kaspi”nin suallarını cavablandıran ifaçı
yaradıcılığındakı ən son yenilikləri
bizimlə bölüşdü. Qeyd etdi ki, beynəlxalq
mahnı müsabiqəsindəki tərəfdaşı Nigar
Camalla həyata baxışları fərqli olsa da, dost
münasibətləri indi də davam edir.
- Eldar bəy, yeni mövsümə yeniliklərlə geri döndünüz. Sizin sosial şəbəkədəki hesabınızdan yay tətilini köhnə dostlarınızla uzaq bir adada keçirdiyinizi izlədik. Hətta bu paylaşımlarınızdan sonra sizi zadəgan adlandıranlar da tapıldı.
- Yayı dostlarla gözəl keçirdik.
İstirahət etməyə on gün qalmış
planlaşdırdıq ki, imkan daxilində həyatda bir dəfə
də olsa Yunanıstanın Mykonos adasında olaq. Ora turistik
bir bölgədir. Həmin ərazilər çox
abadlaşdırılıb və mükəmməl
görüntüsü var. Bütün ada ağ-göy və
tünd qırmızı rənglərə
boyanmışdı. Yunanıstanın məşhur dar
küçələri məhz orada yerləşir. Həqiqətən
də çox maraqlı bir yerdir. O adanı çox
böyük zövqlə gəzdik.
- Bu istirahətdə tərəfdaşınız Nigar Camal sizi tək qoymadı. Bu paylaşımlar sizin ayrılmadığınızı, hələ də dost münasibətində olduğunuzu sübut etdi.
- Əlbəttə ki, biz Nigarla hələ də
dostuq. Kim deyir ki, biz onunla danışmırıq və
bir-birimizə qarşı kinimiz var, bu səhvdir. Bizim
aramızda heç bir mübahisə olmayıb. Ola bilər
ki, Nigarla fərqli düşüncə sahibləriyik. Həyata
baxışımız, düşüncələrimiz
üst-üstə düşmür. Nigarla musiqi zövqlərimiz
də fərqlidir. Ancaq bu o demək deyil ki, bir-birimizi
danışdırmırıq, küsülüyük. Sənət
baxımından ayrı-ayrı yollarla gedirik. Həyat fəlsəfəmizin
dostluğumuza aidiyyəti yoxdur. Aramızdan heç bir soyuq
külək əsməyib.
- Nigar Camalla yenidən
işbirliyiniz olacaqmı?
- Bu barədə düşünürük.
Hesab edirik ki, bizə uğur gətirən "Running Scared”
mahnısından daha möhtəşəm bir mahnı
olmalıdır ki, tamaşaçılar bu mahnını yenidən
sevsin. Kiçik addımlarla nəsə etməyə
çalışırıq. Həmin mahnıdan sonra yeni bir
mahnı oxumaq hər ikimizdən məsuliyyət tələb
edir. Çünki biz yenidən birlikdə mahnı ifa etsək,
bütün Avropa mediasının diqqəti bizdə olacaq. Ola
bilsin ki, nə zamansa yeni bir mahnı oxuyaq. Əslində,
yarışmadan sonra Nigarın albomunda yer alan bir-iki mahnını studiyada
yazdırdıq ki, duet kimi ifa edək.
- Çox zaman
deyirlər ki, "Eurovision” mahnı müsabiqəsində
iştirak edən ifaçılarımız müsabiqədən
sonra qeybə çəkilirlər. Bəs siz bu haqda nə
düşünürsünüz?
- Mən də bu cür fikirləri eşidirəm.
Davamlı olaraq medianı izləyirəm. Azərbaycanda
çalışan müğənnilərin ifa tərzi
"Eurovision” müsabiqəsinə və Avropa musiqisinə
ziddir. Orada Avropasayağı, xarici mahnılara daha çox
üstünlük verirlər. Çünki bu daha keyfiyyətli
alınır. Biz bu mahnılarla özümüzü
tanıda bilərik. Burda hələ ki dəb halını
almayıb. Peşəkar Avropa mahnısının
ifaçıları azdır. Bizdə müasir Qərb
musiqisi üstün deyil. Mən tam olaraq deyə bilmirəm ki,
bu, yaxşıdır, bu, pisdir. İnsanlar kimi zövqlər də
müxtəlifdir və bizim məmləkətdə insanlar
daha çox etnik və milli musiqilərə
üstünlük verirlər. Ancaq çox şadam ki, izləyicilərim
və dinləyicilərim var. Onlar mənim musiqimi dinləyirlər.
- Avropaya ayaq
açdıqdan sonra məşhurlaşmaq şəraiti və
imkan əldə etdiniz. İndi hansı ölkənin sənətçiləri
ilə birlikdə çalışırsınız?
- Bilirsiniz ki, mən daha çox İsveçdə
və Ukraynada çalışıram. İndi isə
qazaxıstanlı partnyorlarımız məni Asiya musiqi
bazarına çıxarırlar və bundan sonra onlarla da
işləyəcəyik. Orda sistem başqadır. Prodüser,
musiqiçilərlə studiyaya gedib, 10-15 mahnı
yazdırırsan, sonra onu musiqi nəşriyyatlarına
göndərirsən. Həmin nəşriyyatlar da
mahnını alıb qısa zamanda məşhurlaşdırırlar.
Və sən ondan gəlir əldə edirsən. Həm sən,
həm də musiqi prodüserləri qazanır. Eyni zamanda, səninlə
bərabər bəstəkarlar və söz yazarları da
buradan qonorar əldə edir. Əvvəlcədən heç
kim pul almır. Çünki bu, sonu görünməyən
bir işdir. Burda bazar başqa cürdür.
- Avropaya gedəndə
sizi tanıyırlarmı?
- Deyilənə görə tanıyırlar.
Orda insanlar bir az komplekssizdir. Ancaq buna baxmayaraq, gözləmirlər
ki, hansısa bir tanınmış insan onlara
yaxınlaşsın. Onlar çalışırlar ki, bir az məsafə
saxlasınlar. Məsafə deyilən bir şey var, bəlkə
mən istəmirəm ki, mənə yaxınlaşsınlar və
söhbət etsinlər. Ancaq hərdən
yaxınlaşıb fikirlərini bildirirlər.
- Çətin ki, sizi bu imiclə tanısınlar...
- Bəli, bu imic mənim çoxdankı istəyim
idi.
- Saçlarınızı bəyaz rəngə boyamaq yəqin ki, cəsarət tələb edir.
- Əslində bu mənim arzum idi. Bir ilin arzusu
idi ki, saçımın rəngini dəyişim. Bu mənim
çox xoşuma gəldi. Özümü başqa cür
hiss edirəm. Saçlarımı boyadıqdan sonra ilk iki
gün güzgüyə baxanda özümdən səksənirdim.
Deyirdim, görəsən bu kimdir? Ancaq indi
alışmışam və bu rəngi çox bəyənirəm.
- Sizi bu saç
rənginə görə qınayanlar olubmu?
- Siz mənə baxın. Görün heç
bu mənim vecimədir? Mən həmişə öz istədiyimi
seçmişəm. Müsahibəmizi oxuyanlara demək istəyirəm
ki, həyat insana bir dəfə verilir. Bizə 60 ömür
verilməyib. Əlbəttə ki, çərçivələri
olan, etnik qaydalara riayət edən həyatda
yaşayırıq. Bizi xoşbəxt edən və heç
kimə maneçilik törətməyən əməlləri
etməliyik, çünki bu, bizi xoşbəxt edir. Bizi nə
xoşbəxt edirsə, onu da etməliyik və həyatın
bizə verdiyi fürsətdən faydalanmalıyıq. Bizə
verilən bu həyatı zövqlə yaşamaq
lazımdır.
- Adətən keçmişdə bir kişi saçına xına qoyanda, onu qınayırdılar.
- Desinlər. Eşitmişəm ki, bizim
kişilər də saçlarını boyayıb.
- Ancaq ağ rəngə boyayana rastlaşmamışıq.
- (Gülürük) Ola bilər. Kimsə
saçlarını rəngləyir və heç kimə
demir ki, rəngləyib. Deyir ki, öz saçımdır. Mən
heç kimin yanında bu kompleksi yaşamıram.
Açıq-aydın deyirəm ki, saçlarıma rəng
qoymuşam.
- Azərbaycanda
ifaçılar gəlirini toylardan əldə edir. Bir Avropa
ifaçısı olaraq sizin gəliriniz hardandır?
- Mən toylara gedirəm, ancaq diskoteka və
parti olan hissələrə.
- Bu gün sosial
şəbəkələri və "Youtube” portalını
bayağı mahnılar bürüyüb. Avropa musiqisinin
ifaçısı kimi, sizin o mahnılara münasibətiniz
necədir?
- Biz hazırda peşəkar musiqi sahəsində
bir az axsayırıq. Çünki qarşımıza bənzərsiz
və səviyyəli mahnılar çox nadir hallarda
çıxır. İstedadlı və peşəkar musiqi
zövqü yüksək olan insanlar da çox azdır. Biz
hamımız bunun üzərində işləyirik. Yəqin
ki, bu mahnılar kiminsə xoşuna gəlir. Heç nə
durduğu yerdə reytinq gətirmir. Bu kiməsə
lazımdır ki, dinləyir. İnsanlar bu mahnını dinləməsə,
onlar da bu qədər məşhur olmazlar. Tələbat
olduqca, bu kimi mahnıların sayı daha da artır.
Düşünürəm ki, belə hallarda yüksək səviyyəli
musiqiyə, mədəniyyətə cavabdeh olan insanlar öz
mahnılarını, keyfiyyətli işlərini təqdim etməlidirlər
və bu işdə siz medianın da böyük rolu var. Bir
mahnını davamlı olaraq çox dinlədikdə, istər-istəməz
hitə çevrilir. Zövqün tərbiyəsi məhz
medianın əlindən keçir. Sosial şəbəkələrdə
paylaşılır və məşhur olur.
- İndi məşhurlaşmaq daha asan və tez başa gəlir. Bəlkə də onun üçün gənclər bu üsula əl atırlar.
- Razıyam və bütün bunların səbəbkarı
sosial şəbəkələrdir. Ancaq qeyd edim ki, tez məşhurlaşan
o insanlar tez də unudulurlar. Musiqi təhsili, zövqü olan və
bu sahədə özünü inkişaf etdirən
musiqiçilər unudulmur və o ifaçılar heç
vaxt bir-iki günlük olmur. 10 ildən sonra belə onlar
xatırlanır. Çünki onun arxasında istək,
iş, əmək dayanır.
- Avropa şou aləmini
görən bir ifaçı kimi, Azərbaycan şou aləmini
necə qiymətləndirirsiniz?
- Əslində bu çox fərqli masştablardır. Deyə bilmərəm ki, hansı şou aləmi daha yaxşıdır. İnsanların yanaşmasından asılıdır. Avropadakı sənətçilərin şouya, səhnəyə yanaşması tam fərqlidir və bu da məni qane edir. Avropa şou aləmində çalışmaq mənim üçün daha rahatdır. Ancaq hansının yaxşı, hansının pis olduğunu deyə bilmərəm.
- Hazırda yeni
mahnı varmı?
- Sonuncu mahnım mart ayında
çıxdı. Həmin mahnı xarici bazarlar
üçün hesablanıb. Mən İsveçdə bu
ayda bir mahnı yazdırdım. Yəqin bu yaxınlarda
çıxacaq. Yeni bir mahnı var, onu Azərbaycan dilində
oxuyacağam. Bu mahnının ingilis versiyasını da ifa etməyi
düşünürəm. Avropadan mənə deyirlər ki, əgər
bu mahnı ingiliscə olsa, daha uğurlu olar, onlar
mahnını sata bilərlər. Sizə eksklüziv olaraq
mahnının adını deyəcəyəm. Mahnı "Məsafələr”
adlanır. Çox həzin və maraqlı bir
mahnıdır.
-
Maraqlıdır. Kiminlə aranızda məsafə
saxlayırsınız?
- Ümumiyyətlə, insanların arasında
olan məsafələr haqqındadır. Hansı nöqteyi-nəzərdən
oxuduğuma, siz mahnını dinlədikdən sonra qərar
verə bilərsiniz.
Xəyalə Rəis
Kaspi.-2018.-31 oktyabr.-S.12.