“Uşaqlar üçün
yazan ancaq mənəm”
“Sehrli dünya”
jurnalının baş redaktoru Gülzar İbrahimova
haqqında yazılan tənqidləri ədalətli hesab etmir
Son dövrlər sosial mediada dərsliklər və
uşaqlara aid digər ədəbiyyat nümunələri ilə
bağlı müəyyən fikirlər paylaşılır.
Yazılanların çoxu da neqativ xarakterli olur.
Narazılıqlardan biri də müəllifi Gülzar
İbrahimovanın olduğu 2000-ci ildə böyüklər
üçün yazılan "İlanlı dərənin
sirri” nağılı ilə bağlı idi. Əslində
uşaqlar üçün yazmaq, onların maraq
dünyasına daxil olmaq elə də asan iş deyil.
Çünki uşaqlara hər hansı bir kitabı sevdirmək,
onların diqqətini cəlb etmək böyük ustalıq tələb
edir. Biz də Gülzar xanımla əlaqə saxlayıb onunla
uşaq ədəbiyyatının hazırkı vəziyyəti
haqqında həmsöhbət olduq.
- Uşaqların
inkişafında, mütaliəsində uşaq
jurnallarının rolunu necə qiymətləndirirsiniz?
- Cəmiyyətin normal inkişafını,
uşaqların dünyagörüşünün
formalaşmasını uşaq jurnalı olmadan təsəvvür
etmirəm. Düşünürəm ki, bu jurnallar
uşaqların maariflənməsində dərslik qədər
vacibdir. Məncə, məktəblərdə rus dilinə
axın ona görədir ki, rus dilində uşaqlar
üçün istənilən yüksək səviyyəli
bədii ədəbiyyat və jurnallar var.
- Neçə illərdir ki, uşaq
jurnallarına rəhbərlik edirsiniz. Baş redaktoru
olduğunuz "Sehrli dünya” jurnalının növbəti
buraxılışını oxucular səbirsizliklə gözləyirlər.
Rəhbərlik etdiyiniz jurnalın oxuculara maraqlı olması
üçün hansı işləri
görürsünüz?
- Kim uşaq
jurnalı nəşr etdirmək istəyirsə, o da öyrənsin
(gülür). İlk olaraq jurnalın üz
qabığında cəlbedici rəsm olmalıdır. Sonra da
içərisində rəngarəng şəkillər yerləşdirilməlidir.
Daha sonra nağıllar maraqlı olarsa, özünü
uşağa sevdirər. Öyrədici müsabiqələr,
krossvordlar, yumorlar və başqa əyləncəli səhifələr
olarsa, uşaq hər ay jurnalı səbirsizliklə gözləyəcək.
Əlavə olaraq da jurnalın üstünə kiçicik
bir hədiyyə qoyularsa, bu, uşağı daha da sevindirər.
- Sizin jurnalın
digər uşaq jurnallarından fərqi nədir?
- Biz, yəni rəssam, dizayner və mən
jurnalımızı çox sevirik, ona ürəyimizi qoyuruq.
Bu, çox vacibdir. Bizim üçün önəmli olan
uşaqlara və işimizə olan sevgidir. Uşaq
jurnallarında təbii ki, onlara maraqlı olan mövzulara
üstünlük verilməlidir. Bunu uşaqlar özləri
deyir. Görüşlərdə oluruq, onlarla söhbət
edirik, arzularını öyrənirik. İstədikləri
mövzuda nağıllar, hekayələr yazırıq. Abunə
yazılanların fikrini soruşuruq, nə cür jurnal istəyirlərsə,
onu da oxucuya verməyə çalışırıq.
- Jurnalın
müəlliflərini və mövzularını necə
seçirsiniz? Yəni hansı nüansları əsas
götürürsünüz seçim edərkən?
- Mən özüm hər ay jurnala təzə
nağıllar yazıram. Təzə nağıl
uşaqların çox xoşuna gəlir. Bir də xarici ədəbiyyatlardan
uşaqlar üçün nağıl və hekayələr
tərcümə edirik. Nağıl ya öyrədici, nəsihətedici olmalıdır,
ya da əyləncəli və gülməli. Onda daha çox
uşaqların marağına səbəb olur.
- Əvvəllər
Abbas Səhhət, Abdulla Şaiq kimi uşaq ədəbiyyatı
yazarları vardı. Bu gün isə sanki meydan boşdur. Nə
üçün bu sahədə olan yazarlar azdı, varsa, belə
demək olar ki, nə böyüklər nə də
uşaqlar onları tanımır. Bununla bağlı nə
düşünürsünüz?
- Çünki yazan bir mənəm. Yarım
saata bir nağıl yazıram. Mənim üçün ən
asanı yazmaqdır. Bir kitabı ərsəyə gətirənədək
kifayət qədər maliyyə xərcləyirəm, əziyyət
çəkirəm. Onu bir uşağa pay verirəm. Uşaq
kitabı görəndə sevincək alır əlinə,
oxuyur, gecə yatanda qucağında yatır. Amma bəziləri
iddia edirlər ki, "İndiki uşaqlar mütaliə
etmir!”. Çünki onların özləri kitabı sevmirlər,
mütaliə etməyiblər, heç bilmirlər ki,
uşağa hansı bədii ədəbiyyatı vermək
lazımdır ki, oxusun. Uşaq jurnalı məktəbə
girə bilməz! Uşaq jurnalı köşkdə satıla
bilməz. Bəs uşaq jurnalı haradan almalıdır? Məktəb
rəhbərləri abunəyə kömək etməkdənsə,
jurnalın satışına qadağa qoyurlar.
- Əvvəllər
məktəblərdə, oxu zallarında uşaq yazarları
ilə görüşlər keçirilirdi. Bu gün də
bu görüşlər olurmu? Olmursa, nə üçün
olmur?
- İndiki dövrdə şəhər məktəblərində
yazıçı ilə görüş çox da dəbdə
deyil. Şəxsən mənimlə şəhər məktəblərində
görüşlər az-az keçirilir. Bir il cəmi 5 məktəbdə
görüşdə olmuşam. Amma Sumqayıt məktəblərində,
müasir özəl məktəblərdə və region
kitabxanalarında tez-tez görüşlərə dəvət
edilirəm.
- Hazırda sosial
mediada dərsliklərdə, jurnallarda olan uşaq şerləri,
mətnləri ilə bağlı narazılıqlar səslənir.
Bu günlərdə sizin "İlanlı dərənin
sirri” nağılınız da bir sosial media istifadəçisi
tərəfindən tənqid edilib. Müəllif olaraq bu məsələyə
fikriniz necədir?
- Elə adamlar var ki, heç bir iş görə
bilmirlər, yalnız görülən işlərdə
nöqsan axtarırlar. Tapmayanda da, özlərindən bir
böhtan uydurub, hamını ona inandırmağa
çalışırlar. Baxmayaraq ki, Təhsil Nazirliyi mənim
jurnalıma abunə olmağa köməklik göstərmir,
amma mən həqiqəti dana bilmərəm. Son bir neçə
ildə bu qurum təhsil sahəsində həm kadr siyasətində,
həm də elmi-inkişaf baxımından nə qədər
yeniliklər edib. Gərək nə qədər pis olasan ki,
bunu görməyəsən. Niyyəti qara adamlar isə onu
görə bilmirlər. Bu cür şəxslər ətrafa
pislik səpməyə, insanların qanını qaraltmağa
çalışırlar. Onlardan biri mənim 2000-ci ildə
böyüklər üçün yazdığım
"İlanlı dərənin sirri” nağılımın
bir hissəsini kopyalayıb, şantaj üçün feysbuka
qoyub. Altından da yazıb ki, guya, bu nağıl ibtidai sinif dərsliyində
verilib. Çoxları ona inanmasa da, inananlar da oldu. Mən
feysbuk istifadəçi olmadığımdan müzakirədən
bir az gec xəbər tutdum. Xəbər tutan kimi də cavab
yazdım ki, nağıl 2000-ci ildə yazılıb.
Böyüklər üçündür. Heç bir dərsliyə
qoyulmayıb. Daha sonra Yazıçılar Birliyinin
tanınmış tənqidçisi Vaqif Yusifli nağıl
haqda böyük bir məqalə yazıb bildirdi ki, bu
nağıl tarixi-bədii əsərdir. Onu nəinki
uşaqlara, hətta böyüklərin də oxuması
üçün tövsiyə edirik.
-
Yaradıcılığını uşaqlara həsr edən
xanımı belə söz-söhbət ruhdan sala bilərmi?
- Heç vaxt! Biz uşaqlara məhəbbətdən
yaranmışıq. Bizi heç kəs ayıra bilməz.
Əksinə, belə pisliklər məni daha da çox
yazmağa, uşaqları sevməyənlərdən qisas
almağa çağırır.
-
Yaratdığınız "Sehrli dünya”nın
"Youtube” səhifəsində baxış sayınız 5
milyona çatır. Bu rəqəmlə kifayətlənirsiniz,
yoxsa, işinizi böyütməyi
düşünürsünüz?
- Yeni planlarımız, layihələrimiz var.
İnşallah balalarımız bu işimizdən daha çox
sevinəcəklər. Onları sirr dolu daha gözəl
nağıllar gözləyir.
Günel Azadə
Kaspi.-2018.-31 oktyabr.-S.11.