“Yaşıllıq, tarixilik,
ucuzluq və Qara dənizə
doğru”
Bolqarıstanda hər hansı
suala “bilmirəm” cavabı vermək nəzakətsizlik sayılır
Bolqarıstana "Buta Airways” aviaşirkətinin aşağı büdcəli (low cost) biletləri satışa çıxarılanda səyahətsevən Azərbaycan vətəndaşları xəbəri böyük sevinclə qarşıladılar. Ölkəyə daxil olmaq üçün milli viza əldə etmək çətinliyini, təbii ki, 29 avroya satılan biletlərin sevinci üstələdi. Belə ki, Bolqarıstana xüsusi icazəni əldə etmək üçün Şengen vizası əldə etməyə bərabər vaxt, maliyyə və sənəd toplamaq tələb olunur. Ancaq Sofiyaya birbaşa uçuş, üstəlik, biletin ucuz olması göydəndüşmə kimi insanları cəlb edir. Onu da qeyd edək ki, hazırda Bolqarıstan yalnız milli viza verir ki, bu da Şengen zonasına daxil olmaq hüququ vermir. Amma Şengen ərazisi olmasa da, multiviza ilə ölkəyə daxil olmaq mümkündür.
2018-ci il üçün Avropanın ən ucuz turizm istiqaməti elan olunması da Bolqarıstanı turistlər üçün cəlbedici məkana çevirib. Bu ilin reytinq cədvəlində birinci olan Sofiya şəhərinin günlük xərcləri 43,75 lev (25 dollar) təşkil edib.
Bolqarıstan Avropanın ən yaşıl ölkələrindən hesab olunur. Elə təyyarədən paytaxt Sofiyanın hava limanına enəndə, şəhəri ağuşuna alan yaşıllıq diqqəti çəkir. Hava limanından şəhərin müxtəlif istiqamətlərinə metro və avtobusların işləməsi isə turistlərin işini həm vaxt, həm də maliyyə baxımından xeyli asanlaşdırır. Yoxsa əlində baqaj daşıyan turistlər "şəhərə 40-50 avro” deyə eynən bizdəki kimi təkrarlayan taksi sürücülərinin əlindən çətin qurtulalar.
Hər cibə uyğun
Sofiya doqquz min illik tarixi olan yaşayış məskənidir. Turistləri bu ölkəyə cəlb edən təkcə ucuz ölkə elan edilməsi yox, həm də tarixin bir parçası olması, müxtəlif dönəmlərə şahidlik etməsidir. "Bolqarıstanı nə üçün seçmisən” sualına turistlər "yaşıllıq, tarixilik, ucuzluq və Qara dənizə doğru” deyə cavab verirlər. Ona görə hər il Sofiya aeroportunun xidmət etdiyi sərnişinlərin sayının artması da ölkənin turistik məkan kimi zənginləşməsində rol oynayır. 24 aviaşirkət, o cümlədən WizzAir və RyanAir Avropa və Yaxın Şərqin 68 şəhərinə birbaşa uçuşlar həyata keçirir. Şəhər Roma, Osmanlı dövrünün izlərini qoruyub saxlayır. 250-dən artıq tarixi və memarlıq abidələri Sofiyanın Avropanın ən qədim şəhərlərindən biri olduğunu deməyə əsas verir. Təbii ki, şəhər sovet dövrünün izlərinə də sadiqliyini itirməyib. Kommunist Partiyasının köhnə Mərkəzi Komitəsinin binası kimi Stalin dövrünün tikililəri, avtomaşınlar, rus dilində yazılan reklamlar, xüsusən yaşlı əhalinin "rus dilində danışın” deyə cavabları da maraqla qarşılanır. Təkcə Sofiya deyil, ümumilikdə Bolqarıstan rus turistlərinin sevimli məkanıdır. Sofiyada və digər şəhərlərdə yolboyu rus dilində danışan turistlərlə qarşılaşınca özünü az qala Rusiyanın şəhərlərindəki kimi hiss edirsən. Rus mətbəxindən ibarət restoran və kafelər bu münasibətləri daha da sıxlaşdırır.
Qiymətlərin bütün sahələrdə münasib olması da turistlərə əl verir. Sofiyada oteldə 2 nəfərlik otaq 30, apartmentlər 30-40, hostellər isə 8-10 avrodan başlayır. Turizm məkanı kimi formalaşdığından otellər müxtəlif ulduzlar üzrə çeşidlənir. Bu da turistlərə ciblərinə uyğun hərəkət etməyə imkan yaradır. Milli valyutaları (lev) təxminən Azərbaycan manatı ilə eynidir.
Şərq və Avropa mədəniyyətlərinin birləşmə nöqtəsi
Ölkə əhalisinin 96 faizi
bolqarlar, təxminən 4 faizi
türklərdir. Qaraçılara da hər
addımbaşı rast gəlinir.
Bolqarıstan miqrantlara qucaq
açmayan ölkələrdəndir. Səbəbi
də aydındır: əhalinin özünün
yaşayış səviyyəsi o qədər
də yüksək deyil. İstehsal sahələrinin
bir çoxu da sovet sistemi
ilə birgə dağılıb. Düzdür, ölkə öz ayaqları üstündə
dayanmaq üçün
iqtisadiyyatını özünə
bəs edəcək səviyyədə qurmağa
çalışır. Kənd təsərrüfatını, sənayeni
inkişaf etdirir.
Sofiyaya daxil olandan sonra
ölkənin turizm hesabına da yaşadığına əmin
olursan. Küçələrdəki çoxsaylı turistlər
bunu deməyə əsas verir. Otellərin rezervasiya üçün
məşğul olması
xüsusən iyun-avqust
və dekabr aylarını əhatə
edir. Ancaq bu o demək
deyil ki, turistlər Sofiyaya ilboyu səfər etmirlər. Zəngin və fərqli
tarix, möhtəşəm
dağ təbiəti Sofyanı əsl səyahətsevərlər üçün
cazibədar şəhərə
çevirib. Unikal divar
rəsmləri küçələrdəki
əksər binaları,
keçidləri bəzəyir.
Üzərində qrafiti sənətinin
gözəl nümunəsi
olmayan tikiliyə rast gəlmək çətindir. Şəhərdə bir çox kilsə və tarixi arxitekturanın gözəl nümunələri
saxlanılıb. Sofiya şəhəri
maraqlı mədəni
mərkəz, Şərq
və Avropa mədəniyyətlərinin birləşmə
nöqtəsi, gözəlliklər,
azad ruhla dolu şəhərdir.
Sofiyanın küçələri tarixi məkanları maraqla izləyən turistlərlə doludur.
Dünyanın ən böyük pravoslav kilsələrindən sayılan
Aleksandr Nevski Katedralı, Müqəddəs
George Rotunda kilsəsi, erkən
xristian dövründən
qalan ən qədim Sankt-Corc kilsəsi, bir çox məşhur Batı markası və kafe və
restoranlarla dolu olan, üstəlik, Milli Mədəniyyət Sarayı, Sveta Nedelya Pravoslav Kilsəsi və Sofiya Ədalət Sarayının sıralandığı
Vitoşa Bulvarı turistləri cəlb edir. Məşhur Osmanlı strukturlarından
biri olan Banyabaşı məsçidində
700 nəfər ibadət
edə bilir. 1576-cı ildə memar Sinan tərəfindən
inşa edilən tikili yeganə müsəlman ibadət yeridir.
Milli Təbii Tarix Muzeyi, Arxeoloji Muzey, İvan Vazov Milli Teatrı,
Milli Sənət Qalereyası, memarlıq üslubu ilə Sofiyanın ən zərif kilsəsi sayılan Rusiya kilsəsi, xüsusən gənclərin və uşaqlı ailələrin
şəhərdə ən
çox maraq göstərdiyi Zoopark, üç mərtəbəli
Sofiya Mərkəzi Bazarı ilə yaxından tanış olmaq üçün turistlərə 2 gün vaxt lazımdır. Sofiyanın qədim vaxtlardan müxtəlif müalicəvi
xüsusiyyətləri olan
bir çox soyuq və termal
mineral bulaqları ilə
məşhur olması
da xüsusən Avropa turistlərini bu şəhərə çəkir.
Tarator, rakı, qızılgül
yağı
Sofiyanın turistləri cəlb edən şəhərə
çevrilməsi üçün
vacib komponentlərdən
biri də dadlı mətbəxi sayılır. Restoranlar öz milli yeməkləri ilə yanaşı başqa xalqların mətbəxlərini
də təklif edirlər. "Happy” restoranlar şəbəkəsi
yerli sakinlərlə bərabər turistlərin
ən çox üz tutduğu məkandır. Peşəkar səviyyədə xidmət,
işçilərin cəldliyi,
müştəri ilə
ünsiyyəti xidməti
cəlbedici edir.
Milli yeməklərindən olan
soyuq tarator supu çox məşhurdur. Təxminən bizdə hamının hazırlaya biləcəyi
atlamaya bənzəsə
də, qoz, yoqurt və zeytun yağı əlavə olunması yeməyə fərqli tam verir. Restoranlarda 10-25 lev ödəməklə
yemək sifariş etmək olur. Mətbəxlərində müxtəlif salatlar,
balıq və ət yeməkləri üstünlük təşkil
edir. Supların da çeşidləri
boldur. Rakı bolqarların sevimli
içkisidir. Çayı o qədər sevmirlər.
Restoranlarda, kafelərdə
az qala
yarım stəkan çay üçün
3-5 lev ödəmək
lazım gəlir. Küçələrdə kiçik şirniyyat
dükanlarının vitrinlərindən
çox da baha olmayan, dadı
sovet dövründəki
bulkaları xatırladan
şirniyyatlar adamı
cəlb edir. Dünyanın hər yerində qiymət və çeşid baxımından əlçatanlığı
ilə diqqət çəkən türk mətbəxləri də
az deyil.
10-15 lev ödəməklə
doyumluq yemək mümkündür. Nəqliyyatı Avropa ölkələrində
olduğu kimi mükəmməl qurulub.
Birdəfəlik gediş üçün
1.6 lev ödəmək
lazımdır. Gündəlik kartlardan isə gün ərzində istifadə etmək mümkündür. Xüsusən sovet dövründə tikilən metro öz təmizliyi, xətlərinin
çoxluğu və
xidmət səviyyəsi
ilə seçilir.
Sofiyadan hər gün İstanbula avtobuslar işləyir. 50 lev
ödəməklə turistlər
Bolqarıstandan sultanlar
şəhərinə səfər
edirlər. Yerli sakinlər
də alış-veriş
məqsədi ilə Türkiyəyə yollanırlar.
Qonşu
ölkənin tekstili onlara daha sərfəli
başa gəlir.
Şəhərdə uşaqların oynadığı,
qocaların dincəldiyi,
gənclərin söhbətləşdiyi,
sevgililərin görüşdüyü
yaşıl parklar çoxdur. Amma şəhərin bir çox küçələrində
rast gəlinən zibilləri Parisdə olduğu kimi, turistlərin çoxluğu
il əlaqələndirirlər.
Bolqarıstanın qızılgül yağları
dünya bazarında yüksək qiymətləndirilir. Bu təbii komponentin istehsal mərkəzi Kazanlıq şəhəri
yaxınlığındakı qızılgül vadisidir.
Hazırda dünyada gül
yağı istehsalının
85%-i Bolqarıstanın
payına düşür.
Küçələrdə əlində xəritə
tutub gəzən turistlərin ən çox üz tutduğu yerlər üzərində "Roza”
yazılan kosmetik dükanlardır. Digər məhsullar
o qədər baha olmasa da, təxminən
30 lev ödəməklə
kiçik bir flakonda qızılgül yağı almaq olur. Yağlar xüsusən parfüm
və kosmetikada geniş istifadə olunur. Yerli mağazalarda bu
yağla geniş çeşiddə assortimentlərə
rast gəlmək mümkündür. Əl və
üz kremləri, duxilər, kosmetik təmizləyicilər, efir
yağları mağazaların
vitrinlərini bəzəməklə
yanaşı, ətrafa
yayılan qoxuları ilə yoldan keçənləri uzaqdan
cəlb edir.
Şengen
məkanına hazırlıq
Şəhərin qonaqları Sofiyanın yerli sakinlərinə tez qaynayıb-qarışır. Bolqarlar mehriban,
səmimidirlər. Bu ölkədə hər hansı suala "bilmirəm” cavabı vermək nəzakətsizlik
sayılır. Odur ki, yerli sakinlər turistlərin istənilən
sualına cavab vermək üçün
bəzən yalan danışmağa da üstünlük verirlər.
Hansısa məkanı soruşanda
məmnuniyyətlə vaxt
ayırıb bələdçilik
də edirlər.
Parklarda dincələn səliqəli
geyimli qocalar turistlərlə söhbət
etməyə meyllidirlər.
Şəhərin küçələrində insanlar çox rahat görünür.
Siqaret və pivə isə həm qadınların, həm də kişilərin əsas vərdişidir.
Bu ölkəyə
gələnlər, əlbəttə,
Sofiya qarışıq,
bütün şəhərlərdə
kök salan qaraçılardan ehtiyatlanırlar.
Hətta
onların kompakt yaşadıqları yerlərə
gündüzlər də
ayaq basmaq istəmirlər.
Bolqarıstanın 2007-ci ildən Avropa İttifaqına qəbul olunması ölkəyə bir sıra üstünlüklər verib. Bolqarıstan Şengen məkanına daxil olmağa hazırdır. Ölkə bunun üçün qarşısına qoyulan tələblərə riayət etməyə çalışır...
Təranə Məhərrəmova
Bakı-Sofiya
Kaspi 2018.- 4 sentyabr.-
S.9.