“6 milyonu heç gözləmirdim...”    

 

 “Badamı”nın müəllifi Fərhad Xəlif: Bu mahnıya vəsait xərcləmədim

 

Artıq yeni mövsüm başlayıb. İsti yay günlərinin ən çox dinlənilən mahnısı, siması o qədər də məşhur olmayan Fərhad Xəlifin "Badamı” mahnısı oldu. İki ay ərzində 6 milyondan çox izləyici toplayan mahnının müəllifi F.Xəlif "Kaspi”nin qonağı oldu.

 

- Səsinizin olduğunu nə zamandan hiss etdiniz?

- Əvvəllər bir qrupda çıxış edirdim. Əslində onda da səsimin olduğunu düşünmürdüm. Qrup dağıldıqdan sonra bir mahnını zümzümə etdim və bu mahnı bəyənildi. Daha sonra solo fəaliyyətə başladım. Əslində babam aşıq, əmim isə qəzəlxan olub. Bu istedadın mənə gendən gəldiyini düşünürəm. Özümün də söz yazarlığım var.

 

- Yəqin ki, "Badamı” mahnısının sözlərini də siz yazmısınız.

- Elədir.

 

- Niyə məhz badamı?

 - Gözlər qəlbin aynasıdır. Gözə aid mahnı yazmaq istəyirdim. Düşündüm ki, ala gözlərə mahnı yazılıb. Qara gözlər haqqında kifayət qədər mahnılarımız var. Badamı gözlər haqqında isə mahnı azdır. Onun üçün belə bir mahnı yazdım. Əslində mahnını 1 il bundan qabaq yazmışdım. Bir dəfə də onun studiyada səsyazmasını etdirmişdik. Ancaq həmin səsyazma ürəyimcə olmadığı üçün yenidən hazırladıq. Bu işdə mənə aranjemançı Ələkbər Əhmədzadə və Nail Yusifov kömək etdi. Mahnını indiki formaya gətirdik.

 

- "Badamı”nın İran mahnısı olduğu da deyilir.

- Bunu birinci dəfədir eşidirəm. Əslində onu türk mahnılarına bənzədənlər olub, amma İran mahnısı deyənlərlə rastlaşmamışam. Bu mahnı bizimdir, yerli istehsaldır. 

 

- Mahnının bu qədər dinləniləcəyini gözləyirdinizmi?

- Düzünü desəm, gözləmirdim. Mahnını ifa edəndə düşünürdüm ki, ən çoxu 100 000 baxış sayı olar. Artıq mahnının izlənmə sayı 6 milyonu keçib. Bu çox sevindirici haldır. Mahnı tanımadığım insanlar tərəfindən paylaşılır, dinlənilir. Getdiyim məkanlarda, yolda gedərkən maşınlarda, sosial şəbəkələrdə mahnımı eşidirəm. Bir ifaçı üçün bundan gözəl heç nə ola bilməz.

 

- Bu gün sənətə yeni gələn ifaçının tanınması üçün sosial şəbəkələrin rolu nə qədərdir?

- Mən buna bariz nümunəyəm. Sosial şəbəkə bir meydandır. Hansı ki, bu meydanda sizi redaktorlar deyil, xalq seçir və o dəstəkləyir. Orta və yaşlı nəsil günün çoxunu sosial şəbəkədə keçirir və orada seçim imkanları daha çox olur. Düzdür efir, televiziya, radioların da ifaçının tanınmasında böyük rolu var. Ancaq mənim üçün tamaşaçılarla daha yaxın olmağın ən asan və sadə üsulu elə sosial şəbəkələrdir. Çünki tamaşaçı ilə ünsiyyət qura və onların fikirləri ilə tanış ola bilirsən. Bu baxımdan sosial şəbəkələrin bizə yaratdığı imkanlardan istifadə etməyə üstünlük verirəm.

 

- Televiziyalar sizi efirə dəvət etmək üçün ödəniş haqqı tələb edirlərmi?

- Olub ki, məndən efirə çıxmaq üçün pul istəsinlər. Hətta əvvəllər deyirdilər ki, sizi efirə dəvət edirik. Hamıya baha qiymətə olsa da, mahnınız sevildiyinə görə sizi ucuz qiymətə dəvət edirik. Heç vaxt bunu qəbul etməmişəm, çünki pul verib efirə çıxmağı özümə sığışdırmıram. Bunu məhsulumu pis yolla satmış kimi qiymətləndirirəm. Ancaq indi qonaq olaraq məni efirlərə ödənişsiz dəvət edirlər. Haqqımda verilişlər hazırlanır və tək olaraq o verilişə dəvət alıram.

 

- Qeyd etdiniz ki, uzun müddətdir mahnı ifa edirsiniz. Ancaq araşdırma etdikdə, çox az mahnılarınızın olduğunu görürük.

- "Youtube”da olan mahnılarımı bilərəkdən silmişəm. Çünki "Badamı”dan əvvəlki mahnılarım mənə uğur gətirməmişdi. Uğursuz olduqları üçün ləğv etmək qərarına gəldim. Bəzi materialları saxlamışam. Bundan sonra daha keyfiyyətli, uğurlu mahnılarımı təqdim edəcəyəm.

 

 - "Badamı” mahnısı kimə yazılıb?

 - Dəqiq bir insana ünvanlanmayıb. Şeiri, qeyri-real kimisə nəzərimdə tutub yazmışam. Bu mahnının obrazı yoxdur. Mövzunun ideyası gəlib, ona uyğun yazmışam.

 

- Qeyri-real da olsa, o xanım kimdirsə sizi çox məşhurlaşdırıb.

- Allah onun canını sağ eləsin (gülürük).

 

- Məşhurluq sindromu sizi tutmayıb ki?

- Bu anlayışı qəbul edə bilmirəm. Amma dəyişmək lazımdır. Elə məqamlar olur ki, orada insanlar sənin sadəliyindən istifadə edirlər. İstifadə olunmağı isə sevmirəm. Bunun üçün bəzi şeylərə sərhəd qoyuram.

 

- Misal üçün nələrə?

- Hər hansı birinə salam verəndən sonra daha səmimi olmağa, özlərini doğma hiss etməyə başlayırlar. Onların hərəkətləri, lazımsız yerdə mənə qarşı rəftarı heç də xoş olmur. Hər zaman sadə olmuşam və sadəliyin tərəfdarıyam. Məni tanıdan, Fərhad Xəlif edən xalq olub və mən o insanlara borcluyam.

 

- Düşünürsünüzmü ki, bundan sonra ifa edəcəyiniz mahnı "Badamı” qədər dinləniləcək?

- Əgər bir ifaçının mahnısı hit olursa, o, 2-ci mahnı haqqında düşünməlidir. İfa edəcəyim növbəti mahnımın bunun qədər olmasa da, seviləcəyinə inanıram. İkinci mahnını qorxaraq, bir az da həyəcanla ifa edəcəm. Həmin effekti verə biləcəyini öncədən demək olmaz. Artıq yeni mahnı hazırdır - adı "Sən”dir. Mahnıya ad seçərkən uzun cümlələr qurmağı sevmirəm. Qısa və konkret olmalıdır. Mahnıda 3 xarakter var: söz, musiqi və onun PR-ı.

   

- "Badamı”-nın PR-nı sizmi aparmışdınız?

- Bu mahnıya demək olar ki, vəsait xərcləmədim.

 

- Yayın isti günlərində, hər kəsin istirahət etdiyi bir zamanda mahnınız hitə çevrildi. Sizcə, meydanın boş olduğu bir zamanda mahnı ərsəyə gəldiyi üçünmü bu qədər sevildi?

- Mən elə düşünmürəm. Nəinki yerli tamaşaçılar mahnını sevir, hətta xaricdə yaşayan vətəndaşlar da mahnını orda dinlədiklərini qeyd edirlər. Bu da Allahın qismətidir. Qismətdən qaçmaq olmaz.

 

- Bəzən olur ki, ifaçıların bir mahnısı tutduqdan sonra növbəti mahnını da həmin ruhda ifa edirlər. Sanki mahnı özünü təkrarlayır.

- O, bir az qorxulu məsələdir. Qulaq artıq həmin mahnını eşidir və ehtimallar qorxuludur. Yeni mahnım başqa bir formada olacaq. Ancaq o mahnını dinləyən biləcək ki, oxuyan  kimdir. Həmin mahnıda "Badamı” mahnısının izi azacıq da olsa seziləcək. Ancaq mahnının ritmi tamamilə fərqlidir.

 

 

 

- Bu mahnıdamı o qıza həsr olunub?

- Kimə?

 

- Badamı gözləri olana.

- Bu, başqasına həsr olunub.

 

- Tanındıqdan sonra yəqin "dostlarınız” da çoxalar.

- Elədir. Hətta yeni qohumlarım, iş yoldaşlarım peyda oldu. 20 ildir görmədiyim sinif yoldaşlarım məni axtarmağa başlayıb. Əslində mən bunlara normal baxıram.

 

- Bəs sosial şəbəkədə?

- Sosial şəbəkədə izləyicilərimin sayı artdı. "İnstagram”da yeni səhifə açdım. Bundan əvvəl başqa bir səhifəm var idi. Orda cəmi 300 izləyicini xahişlə yığmışdım (gülürük). Mahnı çıxdıqdan sonra yeni bir səhifə açdım və hazırda izləyicilərimin sayı 7000-ə yaxındır. Süni izləyici toplayan səhifə deyil.

 

- Yəqin ki, oradan sizə yazanlar da az deyil.

- Bəli, mənə yazıb xoş sözlərini bildirirlər. 

 

- Sevgi etirafı edənlər necə?

- Sevgi etirafı edən yoxdur. Hərdən evli olub-olmadığımı soruşurlar. Açığı, bu mövzu ilə bağlı danışmağı sevmirəm. Daha çox isə hansı bürcdən olduğumu, neçənci ildə doğulduğumu, hətta ayaqqabımın ölçüsünü belə soruşanlar olur. Yazılan mesajları oxuyuram.

 

- Mahnını sevənlərlə bərabər, sevməyənlər də var. Belə ki, "Badamı”nın həddindən artıq çox səsləndirildiyini və mahnıdan bezdiklərini dilə gətirirlər.

- Mən da rastlaşmışam belə insanlarla. Onların fikirləri mənə stimul verir. 2001-ci ildən indiyə qədər çalışıram. Əvvəllər uğursuzluqla qarşılaşdığımda, gülürdüm. Düşünürdüm ki, daha da prinsipial olmalıyam. İnsan əziyyətinin bəhrəsini görəndə ondan həzz alır. Uğursuz olduqda, daha da həvəslənirdim. Tez həvəsdən düşsəydim, indi "Badamı” mahnısını oxumazdım.

 

- Mahnıya klip çəkdirməyi necə, düşünürsünüzmü?

- Açığını desən, klip çəkdirmək istəmirəm. Bu mahnıya pulsuz klip çəkəcəklərini mənə söz vermişdilər. Ancaq bu, söz olaraq qaldı. Klip mahnının ikinci nəfəsi kimidir. İfa edəcəyim "Sən” mahnısını kliplə təqdim edəcəm.

 

- Bu mahnı sizi tanıtmamışdan əvvəl harda çalışırdınız?

- Bir şirkətdə korporativ satış və marketinq üzrə direktor idim. Orda rahatlıq tapa bilmədiyim üçün öz istəyimlə ayrıldım. Çünki zamanımın çoxunu işdə keçirdiyim üçün musiqi ilə məşğul ola bilmirdim.

 

- Bu işdə pul olmasa, geri qayıdarsınız?

- İnanmıram. Marketinqi düzgün qurduqdan sonra niyə də olmasın.

 

- Mahnınız bu qədər izlənildiyi üçün "Youtube” kanalı sizə ödəniş edirmi?

- Etmir. Çünki mahnı başqa bir rəsmi kanalda paylaşıldı. Öncədən də kanalla danışmadıq. Bundan sonra öz kanalımı açacam. Mahnılarımı orada paylaşacam. "Yotube”un bəzi şərtləri var ki, onlara əməl edilməlidir. Hazırda bunun üzərində iş gedir.

 

- İfa etdiyiniz mahnıda simanız görünmür. Ona görə də səsiniz simanızdan məşhurdur.

- Həmin şəkli özüm seçdim. Səbəb isə üzümün düşməməsidir. Tamaşaçılara maraqlı qalsın ki, o mahnını oxuyan kimdir. Elə olub ki, yolda gedərkən qarşıma mahnıya qulaq asaraq keçiblər, ancaq məni tanımayıblar.

 

- Bu yolda sizə kim dəstək olub?

- Mənə heç kim dəstək olmayıb. Qohumlarım, dostlarım arasında bu sahənin adamları olub ki, kömək edə bilərlərdilər, ancaq etməyiblər.

 

Xəyalə Rəis

 

Kaspi  2018.- 5 sentyabr.- S.12.