Azərbaycan gerbinin
hazırlanmasında knyaz izi
Və ya Aleksandr Şervaşidze kim idi?
1918-ci il mayın 28-də Tiflisdə, keçmiş Qafqaz Canişinin sarayında sədr müavini Həsənbəy Ağayevin sədrliyi və M.Mahmudovun katibliyi ilə müsəlman Milli Şurasının keçirilmiş ilk iclasında İstiqlal Bəyannaməsi qəbul edildi. Azərbaycan xalqı keçmiş Rusiya imperiyasının dağıntıları üzərində öz müstəqilliyini elan etdi və yeni müstəqil dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini yaratdı. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra dövlətin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərin-Dövlət Bayrağı, Gerb və Himnin layihələrinin hazırlanması Azərbaycan hökumətinin diqqət mərkəzində oldu. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 23 mart 1919-cu il tarixli qərarı ilə ilk dəfə olaraq Azərbaycan Respublikasının Dövlət gerbinin və möhürünün layihəsinin tərtib edilməsi üzrə müsabiqə elan edildi. Həmin qərarla layihələrin 1919-cu il aprelin 20-ə təqdim edilməsi müəyyənləşdirilmişdi. Ən yaxşı layihələr üçün 2 (iki) mükafat təyin edilmişdir: Birinci mükafat üzrə: gerb üçün - 1min rub., möhür üçün - 500 rubl, ikinci mükafat üzrə gerb üçün 500 rub., möhür üçün 250 rubl müəyyən edilmişdir. Lakin müsabiqəyə təqdim olunmiş layihələr çox guman ki, bəyənilmədiyinə görə qəbul edilməmişdir.
“Azərbaycan” qəzetinin 14 noyabr 1919-cu il tarixli buraxılışında Azərbaycanın gerbi və himn haqqında məlumat dərc edilmişir. Həmin məlumatda bildirilirdi ki, Xalq Maarif Nazirliyi Azərbaycan Respublikasının dövlət gerbi və milli himninin işlənib hazırlanması məsələsi haqqında mülahizələrini hökumətə təqdim etmişdir. Hökumətə təqdim olunmuş mülahizələrdə qeyd edilirdi ki, işlənib hazırlanmış ən yaxşı milli himnin seçilməsi üçün hazırlanmış layihələr 1920-ci il fevralın 1-dək müsabiqəyə təqdim edilməlidir. Ən yaxşı himn üçün mükafat olaraq 15000 min rubl müəyyən edilmişdir. Müsabiqəyə arzu edənləri daha çox cəlb etməkdən ötrü Bakı və Tiflis qəzetlərində müsabiqənin geniş işıqlandırılması nəzərdə tutulmuşdur. Dövlət gerbinin layihəsinin hazırlanması Nazirlik tərəfindən hazırda Bakıda olan və öz əsərləri ilə, xüsusilə də şərq ölkələrinin memarlığı, heykəltaraşlığı və rəssamlığına dair bilgiləri ilə böyük məşhurluq qazanmış rəssam knyaz Şervaşidzeyə həvalə olunması təklif edilmişdi.
Knyaz Aleksandr Şervaşidze (1867-1968) kim idi? İlk dəfə olaraq bu məqalə vasitəsi ilə Aleksandr Şervaşidzenin 1919-1920-ci illərin müəyyən dövründə Bakıda yaşayıb fəaliiyyət göstərməsi haqqında məlumat təqdim edirik. Aleksandr Şervaşidze öz dövrünün tanınmış rəssamı və mədəniyyət xadimi kimi tanınmışdır. Tanınmış rəssam və incəsənət xadimi Àlåêsàndr Êînstàntinîviç Çàçbànın /Şårvàşidzånin/ irsi və estetik baxışları incəsənət tarixi üçün böyük maraq doğurur. İlk növbədə qeyd etmək lazımdır ki, Şårvàşidzå - Çaçba, hakim abxaz knyazlarının soyadının gürcü formasıdır. Rəssam öz əsərlərini /Şårvàşidzå və yaxud Çaçba soyadı ilə imzalamışdır. O, 1907-1918-illərdə Peterburq İmperator teatrında, 1929-1948-ci illərdə isə xaricdə - S.P.Dyagilev adına Rus baletində səhnə - quruluşçusu vəzifəsində işləmiş və həyatını humanist ideallara həsr etmişdir. Onun yaratdığı rəsmlər,qrafiq vərəqlər, çoxsaylı dekorasiya eskizləri, teatr səhnələri üçün koctyumlar, incəsənət əsərləri A.K. Çàçbànı /Şårvàşidzåni/ XX əsrin görkəmli mədəniyyət xadimi kimi xarakterizə edmişdi. Qeyd edək ki, məlum səbəblər ucbatından əvvəllər nəşr olunmuş kütləvi nəşrlərdə, o cümlədən Böyük Sovet Ensiklopediyasında və Azərbaycan Sovet Ensiklopediyalarınnda knyaz Aleksandr Şervaşidze haqqında hər hansı bir məlumat dərc edilməmişdir. İnternet qaynaqlarında isə A.Şervaşidzeyə aid olan bioqrafik məlumatlarda onun 1918-1920-ci illərin müəyyən dövrlərində Bakıda yaşayıb fəaliyyət göstərdiyi haqqında heç bir məlumat qeyd olunmur. Halbuki, Azərbaycan Respublikasının Dövlət Arxivinin müvafiq fondlarında saxlanılan sənədlər təsdiq edir ki, Aleksandr və onun qardaşı Vladimir Şervşidzelər Bakıda yaşayıb fəaliyyət göstəriblər. Arxiv sənədləri araşdırıılarkən knyaz Aleksandr Şervaşidze ilə bağlı maraqlı məlumatlar aşkar edilmişdir. Arxiv sənədləri təsdiq edir ki, A. Şervaşidze 1919-cu ildə Bakıda yaşayaraq uğurla fəaliyyət göstərmişdir. Məsələn, Azərbaycan Respublikası Xalq Maarif Naziri N.b.Yusifbəyli knyaz A.K. Şervaşidzenin mənzillə təmin edilməsi haqqında Bakı Qubernatoruna göndərdiyi 3 dekabr 1919-cu il tarixli 13980¹ li məktubda qeyd edirdi:” Knyaz Aleksandr Konstantinoviç Şervaşidze mənim tapşırığımla artıq iki aya yaxındır ki, mənə həvalə edilmiş Nazirlik üçün Azərbaycan Respublikasında İncəsənət İnstitutunun yaradılmasının layihəsi üzərində işləyir. Adı çəkilən Şervaşidze yuxarıda geyd edilən İnstitutun direktoru vəzifəsinə dəvət edilir və ona görə də o, həmin İnstitutun yaradılması işində və bu məsələ ilə bağlı keçirilən iclaslarda uzun müddətdir ki, iştirak edir. Knyaz Şervaşidzenin “Birjevaya” (indiki Üzeyir Hacıbəyov) küçəsindəki ev 19-da tutduğu iki otaqlı yaşayış mənzili Sizin sərəncamınızla Dövlət qulluqçusunun xeyrinə müsadirə edildikdən sonra Şervaşidze tamamilə mənzilsiz qalmışdır. Yuxarıda qeyd olunanları və mənə həvalə edilmiş Nazirliyin artıq iki aya yaxındır ki, onun əməyindən istifadə etdiyini, eləcə də onun bundan sonra Xalq Maarif Nazirliyi üzrə qulluqçuların siyahısına daxil ediləcəyini və Bakı şəhərində milli bədii qüvvələrin yoxluğu ucbatından Şervaşidzenin icra etdiyi işlərin başqa şəxsə tapşırılmasının qeyri-mümkün olduğunu nəzərə alaraq knyaz Şervaşidzeyə lazım olan yaşayış yerinin ayrılması haqqında sərəncam verməyinizi və nəticəsi haqqında məni məlumatlandırmağınızı xahiş edirəm.” N.b.Yusifbəylinin yazdığı məktuba qubernatorun cavabını Dövlət Arxivinin aidiyyəti üzrə müvafiq fondlarında aşkar etmək mümkün olmadı. Amma sənədlər araşdırılarkən digər maraqlı məlumat aşkar edildi. Belə ki, Azərbaycan Respublikasının Daxili İşlər Naziri əvəzinə imza etmiş general-mayor Haşımbəyov 31 may 1919-cu il tarixdə Bakı Qubernatoruna unvanladığı 4034 ¹li məktubda Bakı Qubernatorundan xahiş edirdi ki, Daxili İşlər Nazirinin Dəftərxana şöbəsinin rəisi Vladimir Konstantinoviç Çacba – Şirvaşidzeyə üç otaqı mənzilin ayrılması haqqında müvafiq sərəncamı versin. Bakı şəhər İdarəsi rəisi Q.A.Qudiyevin 5 iyul 1919-cu il tarixdə təqgim etdiyi orderlə kn. Şirvaşidze Bakı şəhərində Kamenistoy (indiki –Şors) küçəsində mənzillə təmin edilmiş və bu haqda ona order təqdim olunmuşdur. Sənədlərdəki məlumatlara əsaslanaraq qeyd edirik ki, həmin illərdə Bakıda təkcə kn. A. Şervaşidze deyil, kn.V. Şervaşidze də yaşayaraq fəaliyyət göstərmişdilər.
Cümhuriyyət hökuməti hərbi ordenlərin, milli himn, dövlət gerbi və möhürünün layihələrinin hazırlanması haqqında 1920-ci il yanvarın 30-da qərar qəbul etdi. Həmin qərarın 1-ci bəndində qeyd edilirdi ki, 25 min rubl mükafatla ordenlərin layihələrinin hazırlanması üzrə müsabiqənin elan edilməsi Hərbi nazirə tapşırılsın. Layihələrin əsas vəzifəsi Azərbaycanın müstəqillik simvoluna xidmət etmək idi. Qərarın 2-ci bəndində isə 50 min rubl mükafatla milli himnin, 25 min rubl mükafatla isə dövlət gerbinin və möhürünün layihələrinin hazırlanması üzrə müsabiqənin elan edilməsi Xalq Maarif Nazirinə tapşırıldı. Hökumətin 30 yanvar 1920-ci il tarixli qərarına əsaslanaraq Xalq Maarif Nazirliyi dövlət gerbi və möhürünün təsvirinin, eləcə də milli himnin mətninin layihələrinin hazırlanması haqqında 1920-ci ilin fevralın 19-da “Azərbaycan” qəzetində müsabiqə elan etdi. Müsabiqədə iştirak etmək istəyənlər hazırladıqları layihələri mayın 1- dək möhürlənmiş zərflərdə Xalq Maarif Nazirliyinin dəftərxanasına təqdim etməli idilər. Layihələr hazırlanarkən layihələrin hazırlanmasına əsas götürülən tarixi və siyasi şərait və səbəblər də göstərilməli idi. Qalib gəlmiş layihələr Azərbaycan Xalq Cümhuriyyətinin istiqlalının II ildönümünədək təsdiq olunması müəyyənləşdirilmişdi... Lakin 1920-ci ilin aprelində Azərbaycanın sovetləşdirilməsi bunu mümkün etmədi. Həmin tarixi hadisələrin üzərindən 71 il keçdikdən sonra Azərbaycan Respublikası Ali Soveti 1991-ci il fevralın 5-də “Azərbaycan Respublikasının Dövlət gerbinin ən yaxşı təsviri üçün müsabiqənin elan olunması haqqında” xüsusi qərar qəbul etdi. Həmin qərara əsasən Azərbaycan Respublikasının Dövlət gerbinin ən yaxşı təsviri üçün 5 min manat məbləğində mükafat təsis edildi. Xatırladırıq ki, həmin dövrlərdə müxtəlif mətbuat orqanlarında kifayət qədər yeni gerb layihələri dərc olundu. 1993-cü ilin əvvəllərində Azərbaycan Respublikasının Milli Məclisində həmin layihələr, o cümlədən kn. A.Şervaşidze tərəfindən 1919-1920-ci illərdə hazırlanmış gerb layihəsi müzakirə edildi. 1919-1920-ci illərdə A. Şervaşidze tərəfindən işlənib hazırlanmış qerb layihəsinə rəssam – dizayner Rafiq Məmmədov tərəfindən müəyyən düzəlişlər və təkmilləşdirmələr edildikdən sonra Azərbaycan Respublikasının dövlət gerbi kimi təsdiq edildi.
Xatırladırıq ki, Azərbaycan Respublikasının Dövlət gerbi palıd budaqlardan və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanıın üstündə Azərbaycan Respublikası Dövlət bayrağının rəngləri fonunda səkkiz guşəli ağ ulduz, ulduzun mərkəzində alov təsviri vardır. Dövlət gerbinin rəngli təsvirində ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın içərsindəki dairəvi mavi, qırmızı və yaşıl rəng çalarları Azərbaycan bayrağında ifadə olunan türkçülüyü, müasirliyi və İslamı tərənnüm edir. Qalxanın və ulduzun saðanaqları, habelə qalxanın düymələri və palıd qozaları qızılıdır. Rəmzi mənası: Qalxan - müdafiə; üçrəngli dairəvi xətlər - bayraq; Dairəvi xətlərin üstündəki səkkizguşəli ulduz – günəş, səkkizguşəli ulduzun ortasındakı alov dilləri - Odlar Yurdu;
Sünbüllər - bolluq; Palıd budaqları - uzunömürlük rəmzidir.
Rafiq Səfərov
Milli Arxivi İdarəsinin Sənədlərin nəşri və
istifadəsi şöbəsinin
baş məsləhətçisi
Kaspi 2018.- 5 sentyabr.-
S.15.