Abidələşən ömür
Azərbaycan mədəniyyət tarixinə,
kino sənətinə
adı əbədi həkk olunmuş İzzət Orucova görkəmli alim, məşhur kimyaçı
və akademik idi. Amma buna baxmayaraq,
onu xatırlayanda kino sənətinin yaradıcıları sırasında
şərafətli yeri
olan, cəsarəti ilə seçilən bir xanımın həyat yolu göz önündə canlanır. Əslində, İzzət xanım
qeyri-üzvi və fiziki kimya sahəsində
böyük kəşfləri
olan və uzun illər Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri işləmişdir.
O, ixtisasca mühəndis
idi. 1932-ci ildə
Azərbaycan Sənaye
İnstitutunun texnoloji
fakültəsini bitirmişdi.
İlk iş yeri də Elmi-Tədqiqat
Neft Emalı İnstitutu olmuşdur. Onun bir kimyaçı alim kimi elmə
gətirdiyi yeniliklərin
sayı çoxdur.
İzzət Orucovanın kəşfləri
dünya alimlərinə
də yaxşı məlumdur və onlar tərəfindən yüksək qiymətləndirilmişdir.
Texnika elmləri doktoru, professor, Azərbaycan
EA-nın akademiki, Dövlət mükafatı
laureatı, əməkdar
elm xadimi İzzət Orucova xarici ölkələrdə keçirilən
simpoziumlarda, konfranslarda
elmi məruzələrlə
çıxış edirdi.
O, həm də bu sahənin ilkinlərindən sayılırdı.
Maraqlısı odur ki, İzzət
Orucovanın milli kinomuzun inkişafında elə bir xidməti
var ki, hər
dəfə məmnunluqla
xatırlanacaq, ehtiramla
yad ediləcək. O, bizim
ilk kino aktrisamızdır.
Tamamilə tərs mütənasib
olan bu sahələrin
hər ikisində zirvələri fəth edə bilən İzzət Orucova sonralar heç bir filmə çəkilməsə də,
xidmətləri kino tarixində əbədi qaldı.
Ötənlərə boylandıqca heyrətlənməyə
bilmirsən. İzzət Orucova zülmətdə
parlayan işıq ömrü yaşayıb.
O, elə bir vaxtda cəsarətli addım atdı ki, həmin dövrdə Bakıda qadınlar qara çarşablardan çox
uzağa gedə bilmirdilər. İzzəti kinoya dəvət
edən, ondakı qabiliyyəti və istedadı üzə çıxaran isə böyük dramaturq və rejissor Cəfər Cabbarlı idi.
Arxiv materiallarından
bəllidir ki, Cəfər Cabbarlının
"Sevil" pyesinin
ilk tamaşası 1928-ci ilin
oktyabr ayında Azərbaycan Dövlət Akademik Teatrında olmuşdur. Bu tamaşa
teatr tarixinə unudulmayan və möhtəşəm məqamları
ilə daxil oldu. Səhnədə baş verənlər
tamaşaçıları elə məftun etdi ki, pərdə
enməmiş qadınlar
aldıqları emosional
təsirdən ruhlanaraq
çarşablarını başlarından atdılar.
Bu, qeyri-adi və görünməmiş bir
iş idi. Bu, unudulmaz Cəfər
Cabbarlının bir ədib və rejissor kimi böyük
uğuru oldu. Sevil həqiqətən azadlıq
carçısına çevrildi.
Onun sədası Azərbaycanı
deyil, Yaxın Şərqi də bürümüşdü. Fanatiklikdən, cahillikdən,
nadanlıqdan xilas olmağın yolunu təhsildə, maariflənməkdə
axtaran Cəfər Cabbarlı Azərbaycan qadınlarını firavan,
azad, qurub-yaradan, mübariz və sözün həqiqi mənasında geniş dünyagörüşünə malik şəxsiyyət kimi görmək istəyirdi. Bu niyyətlə
də "Sevil" tamaşasından başlayan
niyyətini indi kinoda həyata keçirmək arzusuna düşdü. Çətinlik onda idi ki,
o dövrdə teatrlarda
qadın rollarını
adətən kişilər,
yaxud da yad millətdən olan aktrisalar oynayırdılar. Həmkarları ona neçə yabançı aktrisa məsləhət görsələr
də, Cəfər Cabbarlı inadından dönmürdü. Fikri qəti
idi. "Sevil elə bir fərdi xarakterə malikdir ki, onu mütləq
türk qızı oynamalıdır". O dövrdə
belə bir cəsarət sahibini necə tapmaq olardı? Müsəlman qızlarını filmə çəkilməyə
qoyardılarmı? Bu sahədə ilk addım atan aktyorlar belə qınağa çevrilər, hətta bəzən həyatlarına
qəsd edilərdi.
Məşhur aktyor Hüseyn
Ərəblinski məhz
belə bir nadanlığın qurbanı
olmuşdu. Əlbəttə, ziddiyyətli bir zamanda filmə uyğun aktrisa tapmaq çox müşkül idi.
Cəfər Cabbarlı uzun
müddət axtarışda
oldu. Nəhayət, günlərin birində
öz axtardığını
tapdı. Tələbə İzzət Orucova rəfiqəsi ilə kinoteatrda səssiz xarici filmə baxarkən unudulmaz ədibin diqqətini çəkdi. İri, cazibədar
gözlərin simasında
Sevil obrazını görən Cəfər Cabbarlı qət etdi ki, bu
qız ilk kino aktrisası olacaq və mütləq qadınların əl-qolunu
bağlayan xurafat zəncirlərini məhz
o açacaq. Fikrini
qızın ailəsinə
bildirmək üçün
seans başa
çatandan sonra rəfiqələrin arxasınca
düz onların evlərinə qədər
getdi.
İzzət xanımın atası
Mirzağa kişi
bağban olsa da, geniş dünyagörüşü, mütaliəsi
olan bir adam idi. Elmə, mədəniyyətə
böyük həvəsi
və marağı var idi. Belə bir mühitdə
böyüdüyü üçün
də İzzət Orucova ali
məktəbdə oxuyurdu.
Amma dövrün qanun-qaydaları,
qohum-əqrəbanın fikirləri,
qonum-qonşunun münasibəti
Mirzağa kişinin qarşısına ağır
sədlər çəkirdi.
Teatrı, kinonu sevməsinə
baxmayaraq, ata övladının aktrisa olmasını heç zaman qəbul edə bilmirdi.
Cəfər Cabbarlı isə öz təkidində qalmışdı. Bir neçə dəfə
sənət dostları,
dövrün tanınmış
ziyalıları ilə
Mirzağa kişini dilə tutmağa çalışsa da, heç bir müsbət nəticə
alınmırdı. Həmişə
eyni sual, eyni cavab: "Mən nə edim? Axı kino bizlik deyil". Nəhayət,
inadkarlıqdan yorulmuş
Mirzağa kişi
günlərin birində
Cəfər Cabbarlını
çox mehriban qarşıladı. Bu barədə
İzzət Orucova öz xatirələrində
yazırdı: "Atam
mənim kinoya çəkilməyimə bir
şərtlə icazə
verdi ki,
Cəfərin özü
məni faytonla aparacaq və faytonla da geri
qaytaracaq. Mənimlə söhbətində də atam demişdi
ki, bilirəm, məni danlayacaqlar, amma neyləyim, bu kişinin sözündən çıxa
bilmədim".
Beləliklə, "Sevil" filminin çəkilişinə başlandı. Balaş rolunu
da Ağasadıq Gəraybəyli oynayırdı.
Hələ səsli filmlər
meydana çıxmamışdı.
Bu səbəbdən İzzət Orucovanın çəkildiyi "Sevil"
filmi də səssiz oldu. Ona görə də belə bir filmdə
mövzunun təsirli olması, tamaşaçıya
çatması baş
rolun ifaçılarından
çox asılıdır.
Cəfər Cabbarlı bir
rejissor kimi (o, həmin filmdə ikinci rejissor idi) ekran üçün
nəyin gərəkli
olduğunu dəqiq bilirdi və kino sənətinin imkanlarından məharətlə
istifadə edirdi.
Ssenariyə bir sıra epizodlar, əlavə obrazlar salmışdı.
Bütün bunların da
nəticəsində "Sevil"
uğurlu ekran əsərinə çevrildi.
Əsas odur ki, Cəfər
Cabbarlı istəyinə
çatdı. Film öz tamaşaçısını
tapdı. Ailə-məişət mövzusunda çəkilməyinə
baxmayaraq, "Sevil"
Azərbaycan qadınının
zəngin daxili aləmini, mübarizliyini əks etdirə bilmişdir.
"Sevil"dən sonra İzzət Orucova "Almaz" filminə çəkildi. Əlbəttə, bu filmlər məzmunca bir-birindən fərqli olsa da, ideyaca çox yaxındır. Aktrisa bu obrazı C.Cabbarlının arzusunca yarada bildi. Bu filmi çəkmək və görmək böyük ədibə qismət olmadı. Kinoşünas Aydın Kazımov yazır ki, əslində, bu filmə Cəfər Cabbarlı özü quruluş verməli idi. O, hətta filmin çəkilişi ilə bağlı bütün hazırlıq işlərini də görüb başa çatdırmışdı. Lakin qəfil ölüm onun işini yarımçıq qoydu. Həmkarları, eləcə də rejissor Ağarza Quliyev bu filmi Cəfər Cabbarlının işıqlı xatirəsinə ithaf etdilər. "Almaz" kinomuzun sonuncu səssiz filmi oldu. Dialoqlar yazılar vasitəsilə verilmişdi, filmdə hadisələri yalnız musiqi müşahidə edirdi. Bəlkə də, Cəfər Cabbarlı yaşasaydı, İzzət Orucova aktrisalığa "əlvida" deməzdi. Dramaturqun qəfil ölümü onu bərk sarsıtmışdı. Bu səbəbdən də bir daha kinoya çəkilmədi. Amma onun çətinliklə saldığı cığırlarda kino sənətimizin inkişafında böyük xidmətləri olacaq ardıcılları - Həqiqət Rzayeva, Hökumə Qurbanova inamla addımlayırdılar.
İctimai Televiziyada yayımlanan "Yadıgarlar” verilişinin bir sayını bu unudulmaz sənət və elm fədaisinə həsr etdik. Həmsöhbətimiz, qocaman jurnalist həmkarımız, hörmətli Ülkər Hüseynova maraqlı bir fakt söylədi ki, Bakımızdakı Azad Qadın heykəli məhz İzzət Orucovanın prototipidir. Heykəltəraş Fuad Əbdürrəhmanov bu abidəni işləyərkən İzzət Orucovanın yaratdığı Sevil obrazının cizgilərini əbədiləşdirərək ona belə bir yaşamaq və düşündürmək səadəti bəxş edib. Əlbəttə, aktrisalar da, akademiklər də nəsillər kimi bir-birini əvəz edəcək, amma ilkinlər həmişə yaşar və əvəz edilməzdilər, bizim sevərək xatırladığımız İzzət Orucova kimi...
Flora Xəlilzadə
Kaspi 2018.- 6 sentyabr.- S.13.