Bolqarıstan inciləri - Varna, Nesebr, Burqas...

 

Günəşli sahil, qızılı qumlar, tarixi məkanlar, yaşıl parklar və sadə, mehriban xalqın səmimiyyəti

 

Varnaya getmək üçün 10 səbəb sırasında Qara dəniz və Qızılı qumlar başlıca yer tutur. Ta sovet dövründən məşhur olan Varna kurortlarında insanlar istirahət etməyə, günəşdən qaralmağa, termal sulardan müalicə olunmağa üstünlük verirlər. Bolqarıstanın dəniz paytaxtının, illər keçsə də turizm məkanı kimi şöhrəti azalmır, əksinə, artmaqda davam edir. İllərdir ki, Varna şəhəri yay istirahəti üçün əla seçimə çevrilib.

 

Paytaxt Sofiyadan bu şəhərə təyyarə ilə bir saatlıq yoldur.   Ölkənin ən böyük limanına malik Varna həm də məşhur kurortlar şəhəri, nəhəng maliyyə və mədəni mərkəzdir. Əhalisinə görə ölkənin üçüncü böyük şəhəridir.

 

Musiqiçilərin, rəssamların və teatr xadimlərinin görüş yeri

 

İctimai nəqliyyat əsasən avtobusdur. Maraqlıdır ki, Bolqarıstanın bütün şəhərlərində ictimai nəqliyyatda nəzarətçilər yalnız yaşlı qadınlardır. Üzləri acıqlı nəzarətçilər avtobusa daxil olan kimi sərnişinlərin başının üstünü kəsdirirlər. Yəni Bolqarıstanın heç bir şəhərində bəzi Avropa ölkələrində olduğu kimi, nəqliyyatdan sui-istifadə etmək halları mümkün deyil. Hava Limanından şəhərə işləyən avtobusa 3 lev (təxminən 3 manat) ödəmək lazımdır. Şəhər daxilində əlində baqaj avtobusa daxil olan sərnişin isə yük üçün də əlavə bir lev ödəməlidir. Yəni bolqarlar nəqliyyat xidmətinin qiymətlərində nəinki turistlərə, heç öz sakinlərinə də güzəşt getməyi xoşlamırlar.

 

Varnanın tarixi, əsrlərin dərinliyinə söykənir. Artıq VII əsrdə bu yerlərdə Odessos qalası tikilib. Şəhər IV əsrdə Makedoniyalı İsgəndər tərəfindən zəbt edilib. Daha sonra  Roma imperiyasının  tərkibinə daxil olduğu illər tarixinin səhifələrində yer alıb. 13-cü yüzillikdə isə nəhayət, ölkə Bolqarıstan çarlığına daxil olub. Bu dövr Varnanı böyük ticarət mərkəzinə çevirib.

 

XX əsrə  - turistlərin sevimli məkanına çevrilənə qədər təlatümlü dönəmlər yaşayıb.  Şəhərin küçələrini gəzdikcə həmin dövrlərin silinməyən izləri ilə tanış olmaq mümkündür. Tarixi binaları, kilsələri, bədii qalereyaları, böyük və yaşıl parkları turistlərin böyük maraqla  səfər etdiyi  yerlərdir.  Varnanın muzeylərində şəhərin bütün tarixi dövrlərini əks etdirən minlərlə eksponatlar sərgilənir. Varnada həyat olduqca qaynardır. Kafelər, restoranlar gecə yarısına qədər turistlərə qulluq edir. Mərkəzi meydanda yerli sakinlərin və turistlərin əlindən tərpənmək mümkün deyil.  Dünyanın hər yerindən turistlər dincəlmək üçün Varnanı seçirlər. Bu, təkcə Varnanın sovet dövründən turizm məkanı kimi formalaşmağa başlayan statusu ilə bağlı deyil, həm də mükəmməl xidmətlərindən, infrastrukturundan qaynaqlanır. Varnada turistlərin istifadəsi üçün kirayə verilən evlər, hostellər,  otellər fəaliyyətdədir. Dünya mətbəxinin müxtəlif çeşidlərini təklif edən restoranlar gecələr də işləyir. Hətta bir çoxlarına bir gün öncədən yer sifariş etmək lazımdır.

 

 

 

Turistlər üçün Qızılı qumlu sahil ideal istirahət mərkəzi sayılır. Bu məşhur sahillərə yol şəhərə qucaq açan yamyaşıl meşələrin içərisindən keçir.  Mülayim iqlimi, Qara dənizin ilıq suları havanın temperaturu ilə harmoniya yaradır. Yerli sakinlər deyir ki, Varnanın qışı da mülayim olur. Nadir hallarda yağan qar tez də əriyir.

 

Qara dənizin Varnanın qızılı qumlarını  yuyan sahillərində hasarlar gözə dəymir. Hətta ödənişli çimərliklər də pulsuz çimmək istəyənlərə yer ayırır. Əgər istirahətə gələn "lejanka” və çətir üçün 10 lev ödəyirsə, bu pulu xərcləmək istəməyənlər elə həmin yerdə qızılı qumların üzərinə dəsmal sərib günəş vannası qəbul edə bilərlər. Dənizin sahili tərtəmizdir. Beynəlxalq ekoloji sistemin mavi bayrağı bu sahillərdə elə-belə dalğalanmır. İnsanlar yedikləri qarğıdalının kötüyünü, su və ya dondurma qabını yerə deyil, ətrafda sıralanan zibil qutularına atırlar.

 

Çimərliyə lap yaxın məsafədə  restoranlar, kafelər, marketlər, suvenir dükanları sıralanıb. Turistlər səhərdən axşama qədər bu məkanda ideal səviyyədə istirahətin dadını çıxara bilərlər.

 

Varnanın axşam həyatı çox rəngarəngdir. Turistlərin əyləncəsi üçün xüsusən yay dövründə müxtəlif mədəni tədbirlər, konsertlər keçirilir. Varna öz üzümü və çaxırı ilə məşhurdur. Hər il bolqar assosiasiyasının təşkil etdiyi "Şərab və yemək festivlı”na minlərlə turist qatılır.

 

Şəhərdə canlı konsertləri dinləmək üçün pul ödəmək lazım gəlmir. Əksər restoranların səyyar zallarında canlı musiqilər ifa olunur. Varna  may ayından başlayaraq oktyabra qədər musiqiçilərin, rəssamların və teatr xadimlərinin, küçə musiqiçilərinin görüş yerinə çevrilir. Şəhər Bolqarıstanın dənizkənarı sahillərində bu tip əyləncəli tədbirlərə liderlik edir. Gecələr klub və diskotekalar onların üzünə açıqdır. Hər addımbaşı kazinolara rast gəlinir. Varna həmçinin sərfəli alış-veriş məkanıdır. Şəhərdə yerləşən 3 böyük alış-veriş mərkəzində müxtəlif brend mağazalar çeşidli mallar təklif edirlər.

 

Keçən il isə şəhər Avropa gəncləri üçün paytaxt elan olunub. Elə Varnanın küçələrində görünən dünya gənclərinin çoxluğu bu seçimə əsas verib.

  

Qara dənizin incisi

 

Varnadan Nesebr şəhəri yaxınlığındakı Günəşli sahilə 12 lev ödəməklə hər saatdan bir avtobusla getmək mümkündür. Çox da hündür olmayan, qırmızı kirəmitli ikimərtəbəli evləri, qaraçı məhəllələrini geridə buraxıb Qara dənizin incisi sayılan məkana çatırsan. Günəşli sahildə üçulduzlu otellərdə iki gün gecələmək üçün yay aylarında təxminən  56 avro ödəmək lazımdır.

 

 

 

Günəşli sahil ideal çimərlik kurortudur. Demək olar ki, hər bir detal turizm üçün hesablanıb. Təbii ki, turizmin bu miqyasda inkişafı 5-10 ilin söhbəti deyil, çoxdan yaranan ənənənin yenidən bərpası və inkişafıdır.

 

Dörd bir tərəfi əhatə edən, bir-birinin ardınca sıralanan saysız - hesabsız otellər, dünyanın hər yerindən axışan turist kütləsi Varnadakı qaynar həyatla demək olar ki, eynidir. Sərhəd ölkələrindən gələn məktəblilər, tələbələr,  yeniyetmələr Günəşli sahilin sükutunu pozurlar. Gənclərin səhərəcən eşidilən gülüşü, musiqi səsləri bu sahilləri daim oyaq saxlayır.

 

Günəşli sahildə istirahət edənlər dəniz taksilərinə 10 lev ödəməklə 40 dəqiqə ərzində qədim Nesebr şəhərinə çatırlar. Yeri gəlmişkən, avtobuslar sərnişinləri 1 levə həmin məkana daşıyır.

 

Üç min il əvvəl qurulan şəhər Avropanın ən qədim məskənlərindən hesab olunur. Böyük bir yarımadada yerləşən qədim Nesebr bütünlüklə YUNESKO-nun qoruma siyahısındadır və muzey-şəhər hesab olunur. Qədim hissədə yunan, Roma və Osmanlı dövrünün abidələri qorunur. Sonradan bərpa olunan abidələr antik binalardan daha çox orta əsrlər tikililərinə bənzəyir. Qədim Nesebri yeni şəhərdən ayıran avtomobil və piyada körpüləri var. Dar, koloritli labirint yollarda saatlarla gəzmək adama ləzzət edir. Deyilənə görə, əvvəllər qədim hissə daha geniş olub. Amma zəlzələ nəticəsində şəhərin bir hissəsi dağılıb, müəyyən hissəsi də sulara qərq olub.

Şəhərdə çox sayda kilsələr və muzeylər var. Muzeylərə daxil olmaq üçün biletlər 2- 3 levdir.

 

Nesebrin görməli yerlərindən biri də türk fontanı və hamamı sayılır. Bunlardan başqa, türklərin uzun illik hakimiyyətlərindən burada heç nə qalmayıb. Demək olar ki, hər bir binanın aşağı mərtəbəsində suvenir dükanları, kafelər və restoranlar fəaliyyətdədir. Fərqli interyerlərə malik restoranların dənizə açılan füsunkar mənzərələri ən soyuqqanlı turisti də ayaq saxlamağa, çeşidli dəniz məhsullarından hazırlanan yeməklərdən dadmağa  məcbur edir. Bütün  turistik bölgələrə xas olduğu kimi, bu yerlərdə də qiymətlər nisbətən bahadır. Məsələn, yemək üçün 20-25 lev ödəməlisən. Günəşli sahildə dincələnlər  restoranda yemək istəmədikləri halda, marketlərdə satılan bolqar mətbəxinin çeşidlərindən dada bilərlər. Çeşidli balıq və ət yeməkləri, salatlar vitrinləri bəzəyir. Bu isə turistlərə daha sərfəlidir. Təbii ki, milli mətbəxin dadına baxmaq da turist üçün maraqlıdır.

 

Nesebr turistlərə bol əyləncə və əsl istirahətin dadını bəxş edir.

  

Dəniz turizminin mədəniyyət mərkəzi

 

Nesebrdən Bolqarıstanın digər kurort bölgəsinə - Burqasa 6 lev ödəməklə bilet əldə edib 40 dəqiqəlik məsafə qət etmək lazımdır. Burqas da ölkənin ən mühüm iqtisadi, mədəni və inzibati mərkəzlərindən biridir və böyüklüyünə görə dördüncü şəhərdir. Burada ilk beynəlxalq hava limanı yerləşir.  Burqas inkişaf etmiş dəniz turizm mədəniyyət mərkəzidir.  

 

Burqasa çatanda şəhər beynəlxalq folklor festivalına hazırlaşırdı. Küçələrdə asılan iri reklamlar turistlərə xoş əyləncələr vəd edirdi.

 

Varna və Nesebr kimi, insanlarla qaynayan şəhərdən sonra Burqas bir qədər inzibati və sakit təsir bağışlayır. Ancaq Qara dənizin qara qumlu sahillərinə enəndə, ilk baxışdan Bakı bulvarını xatırladan Dənizkənarı parka baş çəkəndə, mərkəzi küçədə insanlara qarışanda bu şəhərin də turizm üçün fərqli bir mövqeyə malik olduğuna inanırsan. Maraq çəkən məqamlardan biri səliqəli və nimdaş geyimli qadınlı-kişili yaşlı insanların küçə boyu skamyalarda dincəlməsidir. Bu ölkədə insanların həyat tərzi, kasıblıqları hiss olunsa belə, onların vaxtsız qocalmamaqlarına xidmət edir.

 

Şəhərin gəlir mənbələrindən biri təchizatçısı "Lukoyl” şirkəti olan neft və balıqçılıqdır.

 

Burqas bolqarlara xas olan qonaqpərvərliklə hər gün öz qonaqlarını qarşılayır və yola salır. İnsanlar təkcə bu şəhərdən deyil, ümumən Bolqarıstanın digər şəhərlərindən ayrılanda "əlvida” demirlər. Günəşli sahillər, Qızılı qumlar, tarixi məkanlar, yaşıl parklar, ən əsası sadə və mehriban xalqın səmimiyyəti onları yenə bu ölkəyə səfər etməyə çağırır...

 

Təranə Məhərrəmova

Varna-Nesebr-Burqas

 

Kaspi  2018.- 6 sentyabr.- S.7.