“Şövkət Ələkbərovanın
xeyir-duası ilə ailə qurdum
Xan Şuşinskinin qızı:
“Atam oxuyanda rəfdəki qablar cingildəyirdi”
Uşaqlıqdan çiyinlərində məsuliyyət
olub. Dahi sənətkarın qızı olmaq, sonradan sənətkarla ailə qurmaq, o qədər də asan deyil. Deyir ki, bu məsuliyyəti
dərk edib, geyimində, davranışında,
yaşayış tərzində
atasının qızı
olduğunu unutmayıb.
Müsahibimiz Azərbaycan muğam sənətinin korifeyi Xan Şuşinskinin qızı, Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım
Verdiyevadır. Həmsöhbətimizlə uşaqlıq illərindən,
Xan əminin xatirələrindən danışdıq.
"Ömrü başa
yetirmişəm, balam
hanı?”
Atasının həsrətlə gözlədiyi
övladı olub. 57 yaşında atasına atalıq hissini yaşadıb. Bəlkə
də, elə bu səbəbdən ata-qız bir-birlərinə
çox bağlı olublar: "Atam həmişə deyərdi
ki, "Süsən sünbül bitirmişəm,
ömrü başa yetirmişəm, balam hanı?” mahnısını
oxuyanda sanki öz taleyimi oxuyurdum. Deyirdi o vaxtlar Allah mənə övladdan başqa hər şey verdi. Uzun illərdən
sonra dörd övladının olması
onu çox xoşbəxt edib. Mənə anasının, qardaşım
Aslana atasının, bacılarıma xalalarının
adını qoydu.
Xoşbəxt insanam ki, böyük nəslin nümayəndəsiyəm. Atam Qarabağ xanlığının
təməlini qoyan Pənahəli xan Cavanşirin kötücəsidir”.
Həmsöhbətimizin uşaqlığı
dahi insanların əhatəsində keçib:
"Bu gün adları
tarixə düşən
insanlarla təmasda olmuşam. Uşaqlıqdan gözümü açandan musiqi içində böyüdüm.
Elə bir gün yox
idi ki, bizim
evimizdə musiqi səsi gəlməsin.
Bizdən yuxarı küçədə bəstəkar
Süleyman Ələsgərov,
Tofiq Quliyev, Əşrəf Abbasov, Bəhram Mansurov, əmim tarzən Allahyar Cavanşirov, bizdən bir küçə aşağıda
tarzən Qurban Pirimov yaşayırdı.
Hər gün bizə yığışar, çalıb-oxuyardılar.
O vaxt insanlar arasında elə səmimiyyət var idi ki... Atamın gözəl
şair dostları var idi. Səməd Vurğunla qardaş kimi idilər. Məmməd Rahim, İlyas Əfəndiyev, Süleyman Rüstəmlə
dost idilər. Bizdə ata-övlad
arasında o qədər
məhəbbət olub
ki, məni iştirak etdiyi bütün tədbirlərə,
məclislərə aparıb.
Demək
olar ki, Azərbaycan Dövlət Filarmoniyasında böyümüşəm.
Atamla küçədə
gedəndə insanlar,
az qala,
onun qarşısında
baş əyirdilər.
Çox
böyük hörmətlə,
sevgiylə görüşərdilər.
Atam elə bir insan olub
ki, vəfatından 40
il keçir,
amma hələ də, hamı tanıyır. Elə gün yoxdur
ki, televiziyada, radioda adı çəkilməsin. Bu, övlad kimi məni qürurlandırır.
Anlayıram ki, atam dünyasını dəyişməyib,
yaşayır. Onu yaşadan
dövlətimiz, xalqımızdır”.
"Ata laylasi ilə böyüdüm”
Həmsöhbətimiz deyir ki, ana laylasıyla
deyil, ata laylası ilə böyüyüb: "Çox
uşaqlar ana laylası ilə böyüyüblər, mən
isə ata laylasıyla... Atam hər axşam
başımı dizinin
üstünə qoyub,
saçımı sığallaya-sığallaya
qədim el havalarıyla
məni yatırdardı.
Elə türk mahnıları oxuyardı ki, mən hələ də onları eşitməmişəm. Həmin vaxtlar
türk mahnılarını
oxumaq qadağan idi”.
"Səsindən qablar cingildəyirdi”
Dahi muğam ustası qızı Bəyimxanım
üçün mahnı
da yazır: "Atam Moskvada keçirilən
Azərbaycan mədəniyyəti
və incəsənəti
on günlüyündə iştirak
edirdi. Mən o vaxt çox
körpə idim, atamı televizorda görəndə ekrana yaxınlaşıb, barmaqla
"Bax, dədə” demişəm. Moskvaya
da xəbər göndərirlər ki, qızın Bəyimxanımın
dili açıldı,
sənə "dədə”
dedi. Atam da ordan qayıtdıqdan sonra
1959-cu ildə mənə
"Ay qəşəng ceyran”
mahnısını yazır”.
Atasının xatirələrindən danışan müsahibimiz
deyir ki, sənətkarın səsi
o qədər güclü
olub ki, səsin gücündən
rəfdəki qablar bir birinə dəyib əks-səda veriblər: "Atam öz xatirələrində
yazırdı ki, səsim o qədər güclü idi, evdə oxuyanda rəflərdəki qablar cingildəyirdi. Ona görə evdən
qaçıb, dağ
başına çıxıb
oxuyurdum ki, məni heç kəs eşitməsin”.
"Məktəbdə məni
ulduz kimi qarşılayırdılar”
Həmsöhbətimiz istər məktəbdə, istərsə
də universitetdə atasının adına
layiq övlad olmaq üçün çalışıb. Deyir
ki, onun oxumamağa, məsuliyyətsizlik
etməyə haqqı
olmayıb: "Atamız
içəri girəndə
biz ayağa qalxırdıq.
Böyüyə hörmət var
idi. Bizə heç kim
demirdi ki, bunu etmək olmaz. Uşaq olsaq da, dərk edirdik. Atam kənardan nə qədər zəhimli görünsə də, çox sadə, səmimi böyüklə
böyük, kiçiklə
kiçik idi. Məni məktəbə özü
aparıb-gətirirdi. Birinci sinifdən təhsilimə
məsuliyyətlə yanaşmışam.
O vaxt məktəbin fəalı idim. Komissiya gələndə məni lövhəyə çıxarırdılar.
3-cü sinifdə oxuyarkən uşaqların
ana dili dəftərini mən yoxlayır, müəlliməyə
kömək edirdim.
Amma etiraf edim ki,
Xan Şuşinskinin qızı olduğum üçün məni məktəbdə ulduz kimi qarşılayırdılar
(Gülür-A.Ə)”.
"Hər gün 6 saat muğama qulaq asırdım”
Müsahibimiz musiqiçi ailəsində
böyüsə də,
professional musiqi təhsili
almayıb. Deyir ki, evləri əsl konservatoriya idi: "Hərdən məndən musiqi təhsilimin olub-olmadığını
soruşurlar. Mənim musiqi
təhsilim evimizdə
olub. Təsəvvür edin, doğum
günlərimin birində
atam mənim üçün gözəl
bir fortepiano almışdı,
heç bir musiqi təhsili görməyən balaca bir uşaq kimi
pianonun qapağını
açıb, "Cücələrim”
mahnısını ifa
etmişdim. Hamı məəttəl
qalmışdı. Elə gün
olmazdı bizim evimizdə musiqi gecəsi keçirilməsin.
Asəf Zeynallı
adına musiqi məktəbi evimizə yaxın idi. Atam tələbələrə evdə
dərs deyirdi. Təsəvvür edin, hər
gün 6 saat muğama qulaq asırdım. Hətta başqa
sənətkarlar da gəlib, atamın dərslərində otururdu”.
"Şövkət Ələkbərovanın
xeyir-duası ilə evləndik”
Yazının girişində qeyd etdiyimiz kimi, həmsöhbətimiz korifey
qızı olmaqla yanaşı, həm də respublikanın Xalq artisti Fikrət
Verdiyevin həyat yoldaşıdır. Müsahibimizlə
həyat yoldaşının
tanışlıq tarixçəsindən
də danışdıq:
"Məktəbi bitirdikdən
sonra İqtisad Universitetinə daxil oldum. Birinci kursda oxuyarkən
atamla Hökumət Evinə gedəsi olduq. O vaxt "Göy göl” ansamblı çox məşhur idi. Fikrət Verdiyev onun yaradıcısıdır.
Hökumət Evinə gələndə,
Fikrətlə rastlaşdıq.
Onu televiziya efirlərindən
tanıyırdım. Bizə yaxınlaşdı,
atamla görüşdü.
Atamla söhbət edərkən
qəribə baxışlarla
mənə də baxırdı. Sonra biz evə
gəldik. Bir neçə
dəqiqə sonra telefona zəng gəldi. Dəstəyi götürdüm, xəttin qarşı tərəfində Şövkət
Ələkbərova idi.
Dedi qızım, Bəyimxanım, sənsən?
Dedim bəli. Dedi ki, Xan
evdədir? dedim
bəli. Soruşdu ki, o bu gün hara getmişdi.
Hökumət Evinə
getdiyimizi Şövkət
xanıma dedim və mənə dedi ki, atana
de tərpənməsin gəlirəm.
Şövkət xanımla bizim
evimiz arasında xeyli məsafə var. Çox keçmədən
bizə gəldi və qonaq otağına
keçib qapını
bağladılar. Çay
gətirərkən eşitdim
ki,
Şövkət xanım deyir ki, mən Fikrətə
başımla cavabdehəm
onun üzərində
10 mərtəbəli ev
tikmək olar. Sonradan məlum oldu ki, fikir nədən
ibarətdir. Tanış olduq,
Şövkət Ələkbərovanın
xeyir-duası ilə ailə qurduq”.
"Özünə inamı olmayan qadın qısqanar”
Bəyimxanım Verdiyeva özünü xoşbəxt qadın hesab edir. Deyir ki, ailə qurarkən ömür-gün yoldaşı seçdiyinin fərqinə varmalısan: "Ailənin xoşbəxtliyində qadının rolu böyükdür. İndi ailələr ona görə dağılır ki, gənclər hər şeyə yüngül yanaşırlar. Qadın yeri gələndə həyat yoldaşının dostu, qardaşı, yeri gələndə anası kimi olmalı, nəvaziş göstərməlidir. Kişi işdən evə yorğun gələndə rahatlıq hiss etməlidir ki, evdə onu gözləyən, sevən var. Kişilər bir az ərköyün olurlar, onların nazını çəkmək lazımdır. Qadın bu səbəbdən çox güclü olmalıdır. Ailədə qısqanclıq lazım deyil. Mənə görə, həyat yoldaşını özünə inamı olmayan qadın qısqanır. Qadın ilk növbədə özünə dəyər verməli və qiymətləndirməlidir. Ailə problemlərini heç kimlə məsləhətləşməməlidir. Hər bir insan daxilində özü ilə söhbət etməyi bacarmalıdır. Mənim daxilimdə ikinci Bəyimxanım var. Hər problemimi onunla məsləhətləşir, həll edirəm. Həyat yoldaşım isə ən böyük dayağımdır. İndiki gənclər ailəyə ciddi yanaşmırlar. Kiçik bir problemi dostları, rəfiqələri ilə bölüşürlər, səhv yönləndirilirlər”.
Sonda gənclərə məsləhət verən müsahibimiz vurğuladı ki, gələcək onların əlində olduğu üçün çiyinlərində böyük məsuliyyət var: "Gələcək gənclərindir. Mən ölkəmizdə zəif, savadsız, zövqsüz gənclər görmək istəmirəm. İnsanın püxtələşməsində elmin çox böyük rolu var. Təhsil alsınlar. Zövqlərini bayağı mahnılarla korlamasınlar. Bizim beynimizə, qanımıza, canımıza hopan mahnılarımız var. Onları araşdırsınlar və ən əsası, Vətəni sevsinlər. Çünki gələcəyimiz onlardan asılıdır”.
Aygün ƏZİZ
Kaspi 2018.- 7 sentyabr.- S.12.