Allahdan başqa hər
şeyin dərəcəsinin olduğunu sübut edən
azərbaycanlı
Onun inqilabi nəzəriyyəsi
bütün elmlərə fərqli baxış
formalaşdırdı
Gündəlik həyatımızın bir çox sahələrində istifadə etdiyimiz məişət avadanlıqları, paltaryuyan maşınlar, kondisionerlər, tozsoranlar, soyuducular, foto kameralar və bir çox ev texnikası bulanıq məntiq nəzəriyyəsi ilə çalışır. Bulanıq məntiq nəzəriyyəsi nədir? Bu suala cavab vermək üçün öncə bulanıq məntiq nəzəriyyəsinin banisi Lütfi Zadəni tanımaq gərəkdir.
Lütfəli Rəhim oğlu Ələsgərzadə, qısaca Lütfi Zadə adı ilə tanınan dünya şöhrətli alim 1921-ci ilin 4 fevral tarixində Bakı şəhərində anadan olub. Atası Rəhim Ələsgərzadə birinci dünya müharibəsi zamanı Ərdəbildən Bakıya köçərək ticarətlə məşğul olub. Gənc tacir bir müddət sonra Bakıda tanış olduğu, yəhudi əsilli uşaq həkimi Fanya Koreman ilə ailə həyatı qurub və bu nikahdan Lütfi Zadə dünyaya gəlib. Lütfi ilk təhsilinə Bakıda 16 saylı məktəbdə başlayıb və 4 il bu təhsil ocağında oxuyub. Onların ailəsi 1931-ci ildə Tehran şəhərinə köçüb və o, təhsilini amerikalıların yaratdığı "Albors” missioner məktəbində davam etdirib. Orta təhsilini tamamladıqdan sonra Tehran Universitetinin elektrik mühəndisliyi fakültəsinə daxil olub. Lütfi 1942-ci ildə həmin universiteti müvəffəqiyyətlə bitirib və 1944-cü ildə Amerikaya gedib. Orada Massaçusets Universitetində təhsilini davam etdirib. 1946-cı ildə Massaçusets Texnologiya İnstitutunu bitirib. Lütfi Zadə 1949-cu ildə doktorluq dissertasiyasını müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi adını alıb.
Kolumbiya Universitetində 10 il işləyən Lütfi Zadə əvvəlcə professor köməkçisi, 1957-ci ildə professor vəzifələrini tutub. 1950-ci ildə onun ayrı-ayrı jurnallarda kibernetikanın atası sayılan Norbert Vinerin proqnozlaşdırma nəzəriyyəsini inkişaf etdirən sanballı elmi əsərləri dərc olunub. Daim qərar qəbul edən elektron idarəetmə avtomatın iş prinsipini 1950-ci ildə "ƏGƏR-ONDA” qaydalar əsasında quraraq təsvir edib. 1954-cü ildə Lütfi Zadənin "Sistem nəzəriyyəsi” yaranıb. Həmin illərdə dünya şöhrətli alim Norbert Viner nüfuzlu jurnal səhifələrində Lütfi Zadənin elmi məqalələri ilə tanış olub və onu gələcəyin böyük alimi kimi görüb. 1957-ci ildə Kaliforniya Elmi Mərkəzinin sədri olan Norbert Viner Lütfi Zadəyə məktub yazaraq onu Kaliforniyadakı Berkli Universitetinə işləməyə dəvət edib. 1959-cu ildə Lütfi Zadə ailəsi ilə birlikdə Berkli şəhərinə köçüb və Berkli Universitetində elektrik mühəndisliyi üzrə şöbədə işləməyə başlayıb. 1963-cü ildən həmin şöbəyə rəhbərlik edib və bundan sonra şöbənin adını dəyişdirərək "Elektrik mühəndisliyi və kompüter elmləri” kafedrası adlandırıb. Berkli Universitetində işlədiyi dövrlərdə onun diqqətini əsasən xətti sistemlər və avtomatlar problemi cəlb etməyə başlayıb. Burada o, professor Çarlz Desoer ilə birlikdə xətti sistemlərin təhlili üçün vəziyyətlər fəzası yanaşması probleminin araşdırılması ilə məşğul olub. Beləliklə, "Xətti sistemlərin təhlili üçün vəziyyətlər fəzası” adlı müştərək elmi əsər meydana gəlib. Nəticədə Lütfi Zadə dinamik idarəetmə sistemlərinin əsasını təşkil edən yeni yanaşma metodu təklif edib. Bu metodun mərkəzində Lütfi Zadənin vəziyyətlər fəzası nəzəriyyəsi dayanır.
1964-cü ildə dünya elmində yeni olan qeyri-səlis çoxluqlar nəzəriyyəsi yaranıb. Lütfi Zadə bu nəzəriyyəsini kəşf edəndən sonra onu Riçard Bellmana göstərmək qərarına gəlib. Onun Riçard Bellmanla birlikdə bir neçə elmi işi var idi və R.Bellmanın fikri Lütfi üçün çox önəmli idi. R.Bellmanın Lütfi Zadənin qeyri-səlis çoxluqlar nəzəriyyəsinə fikri belə olub: "Zənnimcə, sizin bu işiniz elmdə inqilaba bərabər bir işdir. Bu iş bütün elmlərə yeni baxış formalaşdırıb çox şeyi kökündən dəyişdirəcək. Hətta insan fenomeni barəsində də təsəvvür yaranacaq”.
1965-ci ildə azərbaycanlı alim Lütfi Zadə tərəfindən tamamilə yeni, çox qiymətli qeyri-səlis məntiq nəzəriyyəsi yaradılıb. Qeyri-səlis çoxluqlar nəzəriyyəsinin mahiyyəti nədən ibarətdir? Bu suala professor Lütfi Zadənin cavabı birmənalıdır: "Qeyri-səlis məntiq, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin mahiyyəti odur ki, mütləq heç nə yoxdur. Hər şey riyazi dillə desək, 0-1 şkalasında müəyyən həddə dəyişir”. Deməli, real dünyanın ümumi mənzərəsi 0 və 1 arasında olan onlarla, yüzlərlə çalarlardan ibarətdir. Bununla da dünyanın təsvir dili olan riyaziyyat ikiləşib, nəticədə klassik riyaziyyat, qeyri-səlis riyaziyyat, qeyri-səlis cəbr, qeyri-səlis məntiq, qeyri-səlis topologiya və sair yaranıb.
Bu gün dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda bu nəzəriyyələr elm və istehsalatda geniş şəkildə tətbiq olunur. Lütfi Zadəyə dünya şöhrəti qazandıran, elmdə inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir. Gündəlik həyatda dilimizdən düşməyən çox terminlər qeyri-səlis məntiq nəzəriyyəsinə uyğun şəkildə istifadə edilir. Hər hansı bir hadisəni açıqlayarkən, əmr verərkən istifadə etdiyimiz bir çox sözlər və rəqəmlər bulanıq, qeyri-səlis ifadələrdir. Nümunə olaraq: yaşlı, gənc, uzun, qısa, isti, soyuq, ilıq, buludlu, günəşli, çox, çox-çox, az, bir az kimi sözlər göstərilə bilər. Biz insanlar bir hadisəni izah edərkən, bir hadisə ilə bağlı qərar verərkən bu cür aydınlıq ifadə etməyən terminlərdən istifadə edirik. Adamın yaşına uyğun olaraq ona yaşlı, orta yaşlı, gənc, çox yaşlı və çox gənc deyirik. Yolun sürüşkən və döngə olmasına görə avtomobilin əyləc pedalına bir az yavaş və ya bir az tez basırıq. Bütün bunlar insan beyninin dəqiqlik olmayan vəziyyətlərdə necə davrandığına və hadisələri nə cür qiymətləndirib, qəbul edib, qərar verdiyinə dair bir nümunədir. Qeyri-səlis nəzəriyyə ilə sistem, performansını artırır, istifadəsi asanlaşır və xərclər azalır. Qeyri-səlis rəqəmlər qarışıq bir vəziyyətdə insanın düşüncə və qərar vermə mexanizminə bənzər şəkildə əgər (if), sonra (then), başqa (else) formasındakı nümunə və qaydalara tabe tutularaq yenə bulanıq nəticəyə varılır. Necə ki, insan qarşılaşdığı bir müşkülü həll edərkən beynindəki məlumat anbarını istifadə edib, bu bilgilər işığında nəticəyə gedirsə, bulanıq nəzəriyyəyə görə işləyən bir sistem də ona daha əvvəldən öyrədilən məlumatları istifadə edərək, yeni vəziyyətə görə bir nəticəyə çatar. Bu vəziyyət insan-texnika əlaqələrinə yeni bir ölçü qazandırıb.
Hal-hazırda qeyri-səlis məntiq sahəsində
edilən araşdırmalar ən azı iki
istiqamətə ayrılır: Qeyri-səlis məntiq geniş mənada (təxmini hesablama nəzəriyyəsi),
qeyri-səlis məntiq məhdud mənada (rəmzi bulanıq məntiq).
Yunan filosofu Aristotelə görə, bir adamın dediyi ya doğrudur,
ya yalan. Aristotel
yalan və doğru kimi kateqoriyalar arasında qalan ara
dərəcələri qəbul
etməyib. Amma dünyada ilk dəfə
Lütfi Zadə Allahdan başqa hər şeyin dərəcəsinin olduğunu
sübut edib. Yəni dünyada rəng olaraq tam ağ və
tam qara deyilən nüans yoxdur. Bu ikisi arasında minlərlə çalar dəyişikliyi – ara nüanslar var. Qısası, Lütfi Zadə gerçəkdə
mövcud olan ara kateqoriyaları təsbit etdi. Bu nəzəriyyə açıqca görünməyən
çalarların haqlarını
tanıdıb. Konfliktlərin
aradan qaldırılması,
həqiqətin aşkarlanması,
hesablamaların dəqiqliyi
ara mərhələlərə
əhəmiyyət verilmədən
edilə bilməz. Edilmiş olursa, onlarda kifayət qədər qüsurlar mövcud olacaq.
Aparıcı dünya şirkətləri
tərəfindən tətbiq
olunan bu nəzəriyyə 1965-ci ildə
işlənib hazırlanıb. Nəzəriyyəni ilk olaraq iqtisadiyyata yaponlar tətbiq edib. Bu gün Yaponiyanın "Mitsubishi”, "Toshiba”,
"Nissan”, "Canon”, "Sanyo”, "Sharp” və
digər nüfuzlu şirkətləri qeyri-səlis
məntiq nəzəriyyəsinə
əsaslanan foto və video kameralar, paltaryuyan maşınlar, vakuum kimyəvi təmizləyicilər istehsalında,
avtomobillərin, qatarların,
sənaye proseslərinin
idarə olunmasında
geniş istifadə edirlər. Lütfi Zadə 1989-cu ildə
qeyri-səlis məntiq
nəzəriyyəsinin sənayedəki
uğurlarına görə,
Yaponiyanın elm adamlarına
verdiyi ən yüksək mükafat -
"Honda” mükafatı ilə
təltif olunub. Nəzəriyyə uzun müddət
amerikalılar tərəfindən
qəbul edilməsə
də, sonralar onlar da bu
nəzəriyyənin qiymətini
anlamağa, ondan yararlanmağa başlayıblar.
Hazırda bu nəzəriyyə Amerikanın
"General Motors”, "General Electric”, "Motorola”,”Dupont
”, "Kodak” və başqa
şirkətlər tərəfindən
istehsalda geniş tətbiq olunur.
Lütfi
Zadə dünyanın
25 ölkəsinin nüfuzlu
universitetlərinin fəxri
doktoru adına
layiq görülüb.
O, həmçinin Milli
Mühəndislik Akademiyasının,
Koreya Elm və Texnoloji Akademiyasının,
Bolqarıstan Elmlər
Akademiyasının, Polşa
Elmlər Akademiyasının,
Azərbaycan Milli Elmlər Akademiyasının
fəxri xarici akademiki seçilib. Lütfi Zadə dünyada əsərlərinə ən
çox istinad edilən alimlərdən sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36000-dən çox istinad edilib. Sağlığında Amerikadakı Azərbaycan
diaspor təşkilatlarının
fəxri sədri olub. 2012-ci ildən
fəaliyyətə başlayan
və qərargahı
Bakı şəhərində
yerləşən, görkəmli
elm və sənət
adamlarının, mütəxəssislərin
beynəlxalq birliyi olan Avrasiya Akademiyasının
qurucularından biri olub. Dünya şöhrətli alim 200-dən çox elmi məqalənin müəllifi və 70-dən
çox elmi jurnalın redaksiya heyətinin üzvü olub.
Lütfi Zadənin doğma Bakıya ilk səfəri 1965-ci ildə Qara dənizdə Odessa-Batumi istiqamətində üzən "Admiral Naximov” teploxodunda avtomatik idarəetmə problemlərinə həsr olunmuş beynəlxalq elmi konfransdan sonra olub. 1998-ci ildə Azərbaycan Dövlət Televiziyasının hazırladığı "Uzaq və yaxın Lütfi Zadə” adlı 4 seriyalı bioqrafik sənədli film görkəmli alimin həyat və fəaliyyətinə həsr olunub. 43 ildən sonra Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəvəti ilə professor Lütfi Zadə "Baku Tel” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransında iştirak edib. Bu, onun Bakıya ikinci səfəri idi (2008-ci il noyabrın 8-10-da). Səfər zamanı Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edən dünya şöhrətli alim, Prezident İlham Əliyev tərəfindən də qəbul edilib. Görüşdə Lütfi Zadə Bakıya səfərindən və ölkə başçısı ilə görüşündən məmnunluğunu ifadə edib. 4 fevral 2011-ci ildə Lütfi Zadənin 90 illik yubileyi silsilə tədbirlərlə qeyd edilib. Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2011-ci il tarixli sərəncamına əsasən elm və texnologiyaların inkişafına verdiyi töhfələrə və mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi xidmətlərinə görə, Lütfi Zadə "Dostluq” ordeni ilə təltif edilib.
Dünən dünya şöhrətli azərbaycanlı alimin ölümündən 1 il ötdü. O, 2017-ci il sentyabrın 6-da ABŞ-da Kaliforniya vaxtı ilə səhər saat 7:30 radələrində dünyasını dəyişib. Alimin nəşi öz vəsiyyətinə uyğun olaraq, Azərbaycana gətirilib. 2017-ci il sentyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının binasında Lütfi Zadə ilə vida mərasimi keçirilib. Vida mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib. Vida mərasimindən sonra görkəmli alim 1-ci Fəxri Xiyabanda dəfn edilib. Alimin vəfatının ildönümü ərəfəsində heykəltəraş, xalq rəssamı, akademik Ömər Eldarov tərəfindən hazırlanmış qəbirüstü abidəsi ucaldılıb. Dünya şöhrətli azərbaycanlı alim və böyük şəxsiyyət Lütfi Zadənin əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.
Ramal ƏMƏŞOV
Bakı İdarəetmə
və Texnologiya Kollecinin
müəllimi
Kaspi 2018.- 7 sentyabr.- S.6.