Belə bir Kobzon
vardı
O, rus klassik mahnılarının
simvolu idi
İnsanlar var ki, abidə kimidir. Onlardakı qürur,
kübarlıq yaradıcılıqlarının lap əvvəlindən
bayağı əsərlər yazmağa, yüngül
komediyalarda oynamağa, bəsit mahnılar oxumağa mane olub.
Sovet ədəbiyyatında Mixail Şoloxov,
kinoda Mixail Ulyanov, estradada əlbəttə, İosif Kobzon
kimi. Kreml sarayı və İttifaqlar Evinin
sütunlu salonu onun ideal səhnəsi olub. Qara kostyumu, ağ köynəyi, boynundakı «kəpənəyi»
- dəyişməz imici ilə müğənni həmişə
bu səhnəyə vüqarla çıxıb.
Bütöv
bir epoxanın səsi sayılan müğənnini elə həmin
səhnədən son mənzilə yola saldılar...
Səhnəyə
yol
İosif Davıdoviç Donetsk vilayətində
doğulub. Kobzonun uşaqlığı çox çətin
keçib. Gələcək
müğənni bir neçə dəfə
yaşadığı yeri dəyişməyə məcbur
olub. Müharibədən əvvəl ailə
Lvova köçüb. Balaca İosifin
atası cəbhəyə gedib, anası isə Özbəkistanda
yaşamağa məcbur olub. Ona bir daha
atasını görmək qismət olmayıb.
Aldığı yaralardan uzun müddət hospitalda müalicə
olunduqdan sonra, atası tanış
olduğu qadınla evlənib və Moskvada yaşamağa
başlayıb. Atası onları tərk edəndə
Kobzonun 13 yaşı vardı. 1944-cü
ildə anası yenidən Donetskə qayıdıb. Kobzon bu şəhərdə birinci sinfə
yollanıb. Anası vaxtından əvvəl
qocalmışdı. Zavallı qadın ailəni
saxlamaq üçün gecə-gündüz
çalışırdı. Ona görə də
müğənni həmişə müsahibələrində
«Anam mənim mənəvi yol göstərənim olub» deyirdi. İki il sonra anası yenidən ailə qurub. İosif 8-ci sinfi bitirəndən sonra Dnepropetrovskda
texnikuma daxil olub. O, təhsil aldığı illərdə
boksa maraq göstərir, ancaq ilk aldığı ciddi zədədən
sonra idmanın bu təhlükəli növünü tərk
etmək qərarını verir və musiqini seçir. Texnikumun səhnəsi gənc bariton
üçün ilk yaradıcılıq meydanına
çevrilir.
1956-cı ildə sovet estradasının gələcək
patriarxını orduya çağırırlar. 50-ci illərin
sonunda o, Zaqafqaziya hərbi dairəsinin mahnı və rəqs
ansamblında oxuyurdu. Tərxis olunduqdan
sonra yenidən Dnepropetrovska qayıdır. Yerli
tələbə sarayında özünün ilk müəllimi,
xorun rəhbəri Leonid Treşenko ilə yenidən
rastlaşması, onun həyatını həmişəlik dəyişir.
Treşenko fərdi proqram üzrə məşğul
olaraq, gənci konservatoriyaya hazırlayır. Uzaqgörən müəllim qarşısında
nadir istedadın oturduğunu bilirdi. Hətta,
əmin idi ki, bu cavan oğlan tezliklə ulduza çevriləcək.
O, şagirdinin çətinlik çəkməməyi
üçün iş tapmasına da kömək edir.
Artıq 1959-cu ildə İosif Kobzon Ümumittifaq Radionun
solisti idi. Estrada artistlərinin ümumittifaq müsabiqəsində
və Sopot şəhərindəki musiqi festivalında laureat
olması isə artıq musiqiyə yeni bir nəfəsin gəlməsindən
xəbər verirdi. 1986-cı ildə Kobzon
artıq SSRİ Xalq artisti idi. Nəhəng
ölkədə elə bir insan yox idi ki, onun adını
eşitməsin və lirik baritonu dinləməsin. O,
öz konsertləri ilə SSRİ-nin bütün
diyarlarını gəzirdi...
1990-cı
ilin sonlarında o,
səhnədən ayrılmağı qərar verir. Sentyabr ayının 15-də "Ginnesin rekordlar
kitabı”na düşəcək vida konserti axşam saat 6-dan
səhər 7-dək davam etdi. "Mən
səhnəni öpdüm və zalı tərk etdim. Üç gün sonra məni Dövlət
Dumasına deputat seçdilər” - deyə
xatırlayırdı.
İ.Kobzon həmişə aktiv həyat tərzi ilə
fərqlənib. O, məşhur siyasi xadim idi. 1990-cı
ildə siyasi karyerasına SSRİ Ali Sovetinin deputatı kimi
başlamışdı. Ölkənin ən
mürəkkəb regionlarından olan Zabaykalye dairəsindən
deputat seçilmişdi. Buna görə,
müğənni həmişə öz seçicilərinə
kömək etməyə və onların problemlərini həll
etməyə çalışırdı.
Ukrayna ilə Rusiya arasında baş verən
münaqişədə Kobzon, Krıma görə prezident
Vladimir Putinin siyasətini dəstəkləyirdi. Avropa
İttifaqı mövqeyinə görə, Kobzonu Rusiya vətəndaşı
kimi qara siyahıya saldı və onun, Avropa İttifaqı ərazisinə
daxil olmasına qadağa qoydu. Bir çox
Ukrayna şəhərlərində onu fəxri vətəndaş
statusundan məhrum etdilər. Hətta
doğulduğu Kramatorski əyalətində də müğənni
bu tituldan məhrum edilmişdi. Daha bir
qalmaqal isə onun 2014-cü ildə Ukraynanın Xalq artisti
adından imtinası oldu. Bu qərarı
o, özünün siyasi baxışları altında qəbul
etmişdi. Məşhur müğənni
hətta, Rusiyanın 2017-ci ildə Ukraynada keçirilən
"Avroviziya” müsabiqəsində iştirak etməkdən
imtina etməsini düzgün qərar sayırdı.
"Həyatın
bir anı”
SSRİ-nin dağılması İosif Kobzonun
karyerasına zərər vurmadı. Çünki onun
mahnıları artıq böyüyən nəslin də
yaddaşına köçmüşdü. Özü
isə ifası haqqında belə deyirdi: «Mən çox nadir
hallarda öz çıxışlarımdan razı
qalıram və başa düşmürəm: nə
üçün məni hər dəfə
alqışlayırlar. Axı mən qeyri-adi
heç nə etmirəm. Bəlkə sadəcə,
mən lazımlı yerdə, lazımlı sözü deyə
bilirəm». Kobzon müharibə bölgələrində,
əsgərlər qarşısında, təbii fəlakət
zonalarında çıxışlar edib, humanitar yardımlar
göstərib. Bunu vətəni
qarşısında borc hissi bilib. «Hesab
edirəm ki, bu, mənim vəzifəmdir. Xüsusilə
bu mənim vətənimdirsə, mən burada
doğulmuşamsa, çətinliyə düşən
insanların yanında olmaq lazımdır» deyirdi.
«Kobzon sovet mahnılarını yazılanlardan daha
çox oxuyub» - deyə Müslüm Maqomayev zarafat etməyi
xoşlayardı. Əlbəttə, onun repertuarında «Qaranlıq gecə»,
«Qələbə günü», «Mahnı insanla qalır» kimi
musiqi inciləri də var idi. Ancaq biz o mahnıları
xatırlayırıq ki, o, həmin mahnıları şəxsən
şöhrətləndirib və özü yaradıb: «Həyatın bir anı, «Uzaq Vətən
haqqında mahnı»...”
«Həyatın bir anı» mahnısının
yaranmasının maraqlı tarixi var. Deyirlər ki, bəstəkar
Mikael Tarıverdiyev və Robert Rojdestvenskiy «Baharın 17
anı» filmi üçün çoxlu mahnılar yazıblar. Rejissor Tatyana Lyoznova o mahnılardan
ikisini saxlayıb və bir neçə ifaçı
seçib: Valeriy Obodzinskiy, Valentina Tolkunova, Vadim Mulerman,
Müslüm Maqomayev, Nikolay Nikitski… Rejissorun istəyinə
görə, mahnı elə oxunmalı idi ki, guya onu
Vyaçeslav Tixonovun özü oxuyur. Maqomayev
bu təklifə «Mən Tixonov deyiləm, mən Maqomayevəm»
cavabını verib. Ancaq Mulermanın o
zaman televiziyanın rəhbəri ilə problemi olub. Rejissor Robert Rojdestvenskiyə bununla bağlı zəng
edəndə, dostu Kobzon da şairin yanında olub. Rejissor Kobzondan "Mahnını elə oxumalısan
ki, səsini tanımasınlar” deyə xahiş edib.
Kabzonun özü bu mahnını «rekviyem»
adlandırırdı. Bu kompozisiyanı oxumaq heç kimə
müyəssər olmayıb. Maqomayev deyirdi: "Kobzon həqiqətən
bu mahnını elə təsirli oxuyub ki, kişilərin də
boğazı qəhərdən tutulub”.
O
üçüncü qadın
Kobzonun şəxsi həyatı estradadakı
karyerası kimi o qədər də hamar olmayıb. 3 qadın,
uğursuz nikahlar. Veronika Kruqlova ilə
anasının məsləhəti olmadan evlənmişdi.
Anası əzəldən «gözüm bu
nikahdan su içmir» desə də, Kobzonun hissləri qəlbinə
hakim olmuşdu. İki il sonra
cütlük ayrıldı. Veronika başqa bir məşhur
ifaçıya - Vadim Mulermana ərə getdi. Bir müddət sonra isə Amerikaya
köçdü. Müsahibələrinin birində estrada ulduzu ilə nikahının onu azca da olsa
sındırmadığını demişdi. Kobzonun Lyudmila
Qurçenko ilə evliliyi 3 il keçdi. Sonradan Qurçenko bu ittifaqı həyatının ən
böyük səhvi olduğunu etiraf etdi. Aktrisaya
əvvəlcə elə gəlmişdi ki, ərini dəyişə
bilər. Onlar tez-tez qastrola
çıxırdılar və bu səfərlərdə məşhur
və gözəl cütlük ayrı-ayrılıqda romantik
macəralar yaşayırdı. İosifin
anası gəlinini sevmirdi. Nəhayət,
Qurçenko ərinin bütün qohumları ilə
münasibəti kəsdi. Onlar tez-tez
dalaşır və bir-birlərinə güzəştə
getmək istəmirdilər. Lyudmila Markovna öz
memuarlarında yazırdı ki, sevimli insanın onun
yaradıcılıq karyerasını lağa qoymasına
dözmək çətin idi: «Bu nədir, hamı çəkilir,
səni isə heç kim
çağırmır». O, inciyib ağlayır və
hansısa bir anda bir yerdə yaşamaq istəmədiyini
anlayır. Ayrılıqdan sonra ulduzlar 40 il
ünsiyyət saxlamadılar. Onlar bir-birlərinə
hər hansı tədbirlərdə rast gəlməməyə
çalışırdılar.
Müğənninin həyatının
üçüncü qadını isə 70-ci ildə ailə
qurduğu Ninel Mixaylovna oldu. Hamının
"gözəl” adlandırdığı Ninel müğənnidən
13 il kiçik idi. O, nüfuzlu yəhudi ailəsində
doğulan ağıllı və evdar qız idi. Ən əsası, Ninel şou-biznesdə
olmağı arzulamırdı. Baxmayaraq ki,
onun bütün göstəriciləri şou-biznesə
uyğun gəlirdi. Bu gün hamı bu
qadını Nelli Kobzon kimi tanıyır. Müğənninin
üçüncü seçimi anasının da xoşuna gəldi.
"Həmişə sevimli arvadımla yanaşı olmaq məni
xilas edib”- deyə İosif Kobzon müsahibələrində
deyirdi: "Ətrafımda ailə xoşbəxtliyindən məhrum
olan həmkarlarıma baxanda, onlara yazığım gəlir. Biz artıq uzun illərdir bir yerdəyik və iki
övladımız, nəvələrimiz var”. Onlar birlikdə
47 il ömür sürdülər. Oğlu Andrey əvvəlcə atasının yolu ilə
gedib musiqiçi olmaq istədi. Sonra
musiqini atıb bizneslə məşğul oldu. Son illər daşınmaz əmlak sferasında məşğul
olur. Qızı Natalya məşhur modelyer
Valentin Yudaşkinin mətbuat katibi idi. O, Avstraliya vətəndaşına
ərə getdi. Övladları ata-analarına 7
nəvə hədiyyə ediblər.
Təcili
yardım
Müğənni
15 il idi ki, onkoloji xəstəlikdən əziyyət
çəkirdi. Onun xəstəliyi 2000-ci ilin
ortalarından başlayıb. Kobzon Rusiya və
xarici ölkələrin məşhur klinikalarında
müalicə olunub. Ağır cərrahi
müdaxilələrdən sonra o, uzun müddət xəstəxanalarda
müayinə olunub. Baxmayaraq ki, xəstə
idi, ancaq işləyir, qastrollara gedirdi.
2009-cu ildə Kobzon Almaniyada əməliyyat olunandan 5
gün sonra Yurmala festivalına yollandı. Hətta, səhnədə
canlı oxuyaraq öz pərəstişkarlarını heyrətləndirdi.
2010-cu ildə isə pərəstişkarları
onun səhnədə iki dəfə yıxılması və
huşunu itirməsi xəbərini aldılar. Ancaq müğənni uzun müddət yataqda uzana
bilmədiyini etiraf edirdi. O, səhnəsiz yaşaya
bilmirdi. Səhnə və
tamaşaçılar onun xəstəliyinin ən
yaxşı dərmanı idi. Həmişə deyirdi:
"İstərdim ki, xatırlasınlar: Belə bir Kobzon
vardı”.
Kobzon 81 yaşında vəfat etdi. Görkəmli estrada müğənnisinin ölüm səbəbi
elə illərlə mübarizə apardığı onkoloji
xəstəliyi oldu.
Rusiya öz sevimli müğənnisini böyük təntənə
ilə son mənzilə yola saldı. Sentyabrın 2-də
İosif Kobzonun həyat yoldaşı Nelli əri ilə
vidalaşmaq üçün əlavə mərasim təşkil
etdi. Matəm mərasimi mühafizə
altında keçirilib və yalnız ifaçının
yaxın qohumları və dostları iştirak ediblər.
Gizli vidalaşma açıq mərasimdən
bir gün öncə keçirilib. Çaykovski adına konsert zalında keçirilən
açıq vidalaşmaya insan seli səhər saat 8-dən
axışıb. 3 saatlıq vidalaşma isə İosif
Kobzona yaradıcılığına görə "sağ
ol” demək istəyənlər üçün az idi. Kobzonun bütün həyatını musiqi
müşayiət edib. Ona görə də
minlərlə buketlərin üst-üstə
qalandığı səhnədə Kobzonun repertuarından kompozisiyalar
ifa olunub. «Bu, mümkün deyil,
ağlasığmazdır, ancaq təəssüf ki, bu,
baş verib. O, öz yaradıcılığına, həyatına
və davranışlarına həmişə vicdanla
yanaşıb. Əgər o, həyatında
yalnız bir hərəkət etsəydi – Nord-Ostda, Dubrovkaya gəlib
uşaqları və hamilə qadınları terroristlərin əlindən
xilas edib çıxartsaydı belə, yenə də tarixdə
qalacaqdı. O, heç vaxt fonoqramla oxumayıb, heç
vaxt fonoqramla dostluq etməyib» - deyə yaxın dostu Mixail
Şvıdko bildirib. «Bu gün onun sənətini
sevən bütün insanlar ona görə kədərlənir.
Çünki o, hər kəsə yaxın idi.
Onun ifası bu gün vidalaşmaq üçün gəldiyi
səhnədə öz ifasında az səslənməyib.
Onun ifasından göz yaşları axıdanlar az olmayıb. Biz onu «Təcili
yardım» - deyə çağırırdıq. O,
bütün yaxınlarının, doğmalarının və
özgə insanların köməyinə
çatırdı» - deyə Vladimir Vinokur bildirib.
Görkəmli
heykəltəraş Zurab Seretelli Kobzonun abidəsini
hazırlayacağını bəyan edib: "Onsuz da onun
mahnıları əbədidir. Kobzona bu
mahnılardan, sağlığında abidə qoyulub -
insanların qəlbində. Biz onunla - sovet epoxası ilə
bir daha vidalaşırıq...”
Rusiya mətbuatından
çevirdi
Təranə Məhərrəmova
Kaspi 2018.- 8-10 sentyabr.-
S.8.