Bir yol, üç
ömür
Bəkir müəllimin xatirəsinə
Avqustun 21-də
unudulmaz Bəkir müəllimin növbəti ad günü
idi.
Onsuz
qarşıladığımız daha bir doğum
günü. Akademik Bəkir Nəbiyev 1930-cu ildə
dünyaya gəlmişdi və onu 2012-ci il
martın 15-də itirdik. Bəkir müəllim
yetərincə gümrah, qıvraq idi və hələ gedən
vaxtı deyildi. Onu sarsıdan nəvə
itkisi olmasa idi, bəlkə, indi də yaşayırdı.
Xatirimdədir,
başda Anar olmaqla bir dəstə yazıçı,
tanınmış ziyalı getmişdik Bəkir müəllimə
başsağlığı verməyə. Məclisə daxil
olduq, bu qədər söz adamı nəsə bir təsəlliverici
söz tapıb deməyə aciz qalmışdıq. Yenə
hamımızdan güclü elə Bəkir müəllim
özü çıxdı. Bizim lal-dinməz
oturduğumuzu görüncə ağır sükutu pozdu, hətta
o müdhiş vəziyyətində də adətən həmişə
nurlu olan, indi isə sınıxmış, solğun
görünən çöhrəsindən təbəssümə
bənzər bir işıq keçdi.
Söhbəti
özü yönəltməyə başladı. Tam ayrı
mövzulardan, dünya hadisələrindən, mədəniyyətdən,
ədəbiyyatdan danışdıq. Elə bil
hamımızın çiynindən ağır daş
götürülmüşdü.
Sanki Bəkir müəllim
amansız qəzavü-qədərin ürəyindən
sıyırıb qopardığı ciyərparasının
matəmində deyildi, adətən ustaca idarə etdiyi ədəbi-elmi-mədəni
yığnaqlardan birini aparırdı. Hamımız
ürəyimizdə ona minnətdar idik. Qalxdıq. Gələnlər
bir-bir Bəkir müəllimə yaxınlaşıb
görüşür, bu an üçün ənənəvi
olan sözləri deyirdilər.
Axıra mən qaldım. Bir söz deyə bilmirdim. Gözlərimə
baxdı. Bu,
bir neçə dəqiqə əvvəlki Bəkir deyildi. Birdən-birə sanki neçə
yaş qocaldı, səsi də heysizləşdi, deməyə
dərindən-dərin ehtiyac duyduğu sözləri dilə
gətirdi, etiraf etdi: "Dəhşətdir dəhşət!
Dözmək mümkün deyil!". O da, mən də qəhərləndik...
Torpağın yox, əslində, vaxtın
üzü soyuqdur. Yel kimi uçub gedir, hər
acını da, ən yeridoldurulmaz itkiləri də soyudur,
unutdurur. Artıq Bəkir müəllimlə
ayrılıqdan da xeyli zaman keçir. İnsanıq,
bu yoxluğa da alışdıq, bu itkiylə də
barışdıq. Hərçənd
müxtəlif söhbətlərimizdə,
yaddaşlarımızda, gündəlik həyatımızda Bəkir
müəllim elə indi də hər gün mənimlədir.
Uzun müddət Bəkir müəllimin direktoru olduğu və
az iş görmədiyi Nizami muzeyinə
illərdir ki, mən rəhbərlik edirəm. Buradakı ənənəvi
işlərimizdən biri ayrı-ayrı ədəbi şəxsiyyətlərlə
bağlı sərgilərin hazırlanmasıdır. Elə bu günlərdə akademik Bəkir Nəbiyevə
həsr olunmuş sərginin tərtibatını başa
çatdırdıq. Rəssamlarımızdan
xahiş etmişdim ki, lövhələrdən birində mənim
də qısa qeydlərimə yer saxlasınlar. 2-3 gün öncə
xəbər verdilər ki, hər şey hazırdır, bircə
sizin sözlər qalır, təqribən 5 min işarəlik
mətn lazımdır. Hərdən
televiziyaların cavan əməkdaşları hər hansı
mövzuda məndən müsahibə almaq istəyəndə
ilk növbədə soruşuram ki, nə qədər
danışım? Çox vaxt: "Nə qədər
istəyirsiniz danışın”, – cavabını eşidirəm.
Qayıdıram ki, mən mövzu ilə
bağlı 1 saat da danışa bilərəm, 10 dəqiqə
də, 3 dəqiqə də. Həm də
elə danışaram ki, ifadə etmək istədiyimi
ayrılmış ən qısa zaman ərzində də
çatdıraram. Məni çox
danışdırıb öz bildiyiniz kimi ixtisar etməklə
isə siz nitqin bütövlüyünü pozarsınız.
Bəkir müəllim elə bütöv və
miqyaslı şəxsiyyətdir ki, onun haqqında bir
kitablıq da yazmaq olar, iri bir məqalə də. Həmin qələmin sahibi Bəkir müəllimin
dünyasına bələd adamdırsa, nə həcmdə
yazmağından asılı olmayaraq mütləq sevimli surətin
hansısa başlıca cizgilərini canlandırmağı
bacaracaq. Sərgimizdə Bəkir Nəbiyev
haqqında düşüncələrimi yazmaqçün mənə
ayrılan yer aşağı-yuxarı 5 min işarəlik
olduğundan o qədər də yazdım. Sağlıq olsun, bunu unudulmaz Bəkir müəllim
haqda gələcəkdə yazacağım hansısa daha
sanballı yazıya müqəddimə sayaq.
...Ayrı-ayrı ədəbi
simalara həsr edilmiş muzey sərgilərinin bir özəlliyi
də var ki, onlar daim deyil, təsadüfdən-təsadüfə,
uyğun münasibətlərlə nümayiş etdirilirlər. Yəni yubileylər,
hansısa əlaqədar tədbirlərlə bağlı. Odur ki, Nizami muzeyində
akademik Bəkir Nəbiyevə həsr etdiyimiz 9 lövhəlik
böyük sərgini yaxın zamanda hamının görəcəyinə
ümid bağlamaq düz olmaz. Həmin səbəbdən
də o sərgi üçün Bəkir müəllim haqda
yazdıqlarımı burada da yerləşdirirəm ki, ən
azı doğmaları oxusun.
Bir yol və üç ömür
Onu yaxından tanıyanlar da, uzaqdan
bələd olanlar da, hətta birbaşa, canlı yox, televiziya
ekranından müşahidə edənlər də
hamısı təsdiqləyirdilər ki, bilikli adamdır,
yaxşı alimdir, insanlığına da söz ola bilməz. Yaxından tanıyanların dilində Bəkir Nəbiyev
haqqında bu fikirlərin səslənməsində təəccüblü
heç nə yoxdur. Çünki ortada 60 ildən artıq
davam edən yaradıcılıq yolu boyunca yazdığı
dəyərli əsərlər, kürsülərə
qalxanda istənilən mövzuda gözəl Azərbaycan
dilində səlis, rəvan, cazibəli nitqi vardı ki,
alimliyi barədə aydın şəhadət verirdi.
Onunla birgə işləyənlər,
yol yoldaşı, qonşu olanlar səmimiyyətini,
mehribanlığını, tikansız insan olduğunu etiraf
edirdilər. Və bu keyfiyyətlər Bəkir müəllimdə
o qədər qabarıq idi ki, lap üz-üzə ünsiyyətdə
olmayanlar da televiziya ekranından onu seyr edərkən, radioda
sifətini görməyib səsini eşidərkən belə
həm mükəmməl savadını, haqqında bəhs
etdiyi mövzulara incəliyinə qədər bələdliyini,
həm də səsinin həlimliyindən, istiliyindən qəlbindəki
hərarəti, təbiətindəki gizlədilməsi
mümkünsüz qabarıq rəhmdillik ovqatını hiss
edirdilər. Bəkir müəllim hamımınkı hesab edə
bilən az adamlardan, nadir alimlərdən,
öz varlığında yaxşı adam və yaxşı
alim anlayışlarını üzvü şəkildə
qovuşdurmağa nail olmuş təklərdən idi.
Bəkir Nəbiyev
özü söyləyirdi və xatirlərində də
yazıb ki, ondan əvvəl də ailələrində Bəkir
olubmuş. Lakin bu uşaq körpə ikən
vəfat etmişdi və qəlbi yanıqlı ana növbəti
oğlu dünyaya gələndə həyat
yoldaşının vasitəsilə qayınatasından
xahiş edir ki, bu övladının da adını Bəkir
qoymağa icazə versin. Beləcə, 1300 il əvvəl Məhəmməd Peyğəmbərə
xüsusi səmimiyyəti və bağlılığına
görə "sədaqətli” ləqəbi almış
Əbu Bəkir Siddiqin şərəfinə
Ağdaşdakı sadə bir azərbaycanlı ailəsinə
gəlib çatmış bu ad həmin ocaqda səslənməkdə
davam etmişdi.
Bəkir müəllim anasını
xatırlayarkən bunu da həmişə
dalğınlaşaraq yada salırdı ki, Seyid Zəhra
xanım hər namaz qılanda dua edərmiş: "İlahi
Bəkir balama iki ömür ver. Uzun, xoşbəxt
yaşasın! Həm öz ömrünü, həm də
körpəykən itirdiyimiz qardaşının
ömrünü!”. Və
ananın məhəbbət dolu ürəyinin dibindən qopub
gələn bu israrlı arzu Allahın dərgahına
çatıbmış. Bəkir Nəbiyev
həqiqətən iki ömür yaşadı. Yaşadığı
illərin çoxluğuna görə demirəm.
82 il az deyilsə də, bunu iki ömür qədər uzun müddət də saymaq düz olmazdı. Mən iki ömür deyəndə Bəkir müəllimin yaşadığı həyatın mündəricəsini, mahiyyətini, siqlətini nəzərdə tuturam. Bu ilk növbədə işıqlı, xeyirxah, nəcib bir Azərbaycan kişisinin ömrü idi. O, rəvan, əziyyətsiz həyat sürməmişdi. Atası yaxşı təhsil almış, savadlı adam olsa da, çətin güzəran onu fəhləlik etməyə, anasını isə külfətin maddi vəziyyətinə az-çox yüngülləşdirməkdən ötrü qohum-qonşu üçün yorğan sırımaq, bəkməz qaynatmaq, nişasta hazırlamaq kimi ağır işləri görməyə yönəltmişdi. Bəkir 12 yaşından işləməyə başlamışdı. Pinəçi yanında şəyird də olmuşdu, barama fabrikində fəhlə də işləmişdi, diktorluq da eləmişdi, müəllimlik də. Sovet repressiyaları zamanında, 1937-ci ildə atası və əmisi həbs olunaraq Sibirə sürgün edilmişdi və "xalq düşməni”nin oğlu damğası ilə yaşamağa məcbur qalan gəncin aldığı ilk ağır zərbələrdən biri bu olmuşdu ki, orta məktəbi bitirərkən ona "qızıl medal” verməməkçün sonralar akademikinə çevriləcəyi ədəbiyyat fənnindən "əla” qiymətini "dörd”ə endirmişdilər. Ali məktəbə daxil olmuşdu. Ən nümunəvi tələbə kimi müəllimlərin hörmətini, sevgisini qazanmışdı. Onu "Stalin təqaüdü”nə təqdim etmişdilər. Lakin növbəti zərbə gəlmişdi – "xalq düşməni”nin oğluna bu şərəfi göstərməkdən imtina edilmişdi. Neçə illər elə həmin siyasi səbəbə görə Bəkirin aspiranturaya qəbuluna da əngəllər törədilmişdi. Lakin ruhdan düşməyərək, sınmayaraq addım-addım irəliləmiş, məqsədlərinə çatmaq üçün çalışmaqdan heç vaxt usanmamışdı. Ən mühümü isə həyatı boyu rastlaşdığı xoşagəlməz münasibətlər, sərt davranışlar, bədxahlıqlar onu daxilən küskün edə, qabalaşdıra, qəddarlaşdıra bilməmişdi. O mülayimlik, o səbirlilik, o qılıqlılıq, o xoşrəftarlılıq ki, Bəkir müəllimdə vardı, deyərdin bu insanın ömrü elə həmişə naz-nemət içində, rahatdan-rahat ötüşüb. Əslində isə, bunun tam əksi idi axı! Pərvərdigarın ana duasını eşidərək Bəkir Nəbiyevə bağışladığı iki insan ömründən biri onun sürdüyü böyük alim həyatı idisə, Tanrı töhfəsi sayılası ikinci ömrü də örnək insan həyatını yaşaması sayılmalıdır. İki paralel və bir-birinə dayaq olan ömür.Demək, Bəkir müəllimə, əslində, elə anasının niyyət etdiyi kimi iki həyat nəsib olmuş və o, 82 illik deyil, 164 illik uzun ömür sürmüşdü. Fəqət bir tərcümeyi-hal içərisindəki o iki ömrə artıq bitib də demək olmaz. Çünki üçüncü ömür başlanıb. Unudulmaz Bəkir müəllimin şəhid ədəbiyyatşünasımız və müstəsna millət aydını Firidun bəy Köçərliyə həsr edilmiş ilk böyük əsəri də daxil olmaqla 50 kitabı onun davam edən varlığıdır. Bu gün Ağdaşda insanların hər gün keçdiyi "Akademik Bəkir Nəbiyev” küçəsi, hər səhər sinif otaqları şagirdlərlə dolan Bəkir Nəbiyev adına məktəb, bütün Azərbaycan boyu doğmaların, dostların, yetirmələrin qəlbindəki saysız-hesabsız məhrəm Bəkir Nəbiyev xatirələri bu əziz insanın və qiymətli alimin bitməyən yolu deməkdir. Sınaqlarla dolu və şərəfli həyat yolu keçən akademik Bəkir Nəbiyevin son ucu mütləq ölümlü dünyadakı qazancı bu qədər oldu. İftixar etməyə, ibrət götürməyə layiq deyilmi?!
Akademik Rafael Hüseynov
Kaspi 2018.- 8-10 sentyabr.-
S.12.