Gərək insan öz
ölümünün də müəllifi olsun
"Sevdiyim əsər” layihəsində
yazarların, elm, sənət adamlarının ən çox
sevdikləri əsər haqqında söhbət
açırıq. Budəfəki həmsöhbətimiz
şair, yazıçı Həmid Herisçidir. Onun sevdiyi əsər
Aleksandr Dümanın "Qraf Monte-Kristo” romanıdır.
–
Hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə
görə Aleksandr Dümanın "Qraf Monte-Kristo” əsəri
sizin sevdiyiniz əsərdir?
– Uşaqlıqda çox tənha günlərim olub. Xəstə olmuşam. Böyrək çatışmazlığından, nefrit xəstəliyindən uzun müddət əziyyət çəkmişəm. Əvvəl Bakı xəstəxanalarının acısını yaşamışam. Sonra Moskva xəstəxanalarının. Balıncım altından o vaxt müxtəlif kitablar əskik olmazdı. Biri də bax bu "Qraf Monte-Kristo” romanı. Onu zəif, xəstə barmaqlarımla çox vərəqlərdim. Bəzən susuzluqdan ağzım quruyardı. Ağzımda tüpürcək tapmazdım ki, barmağımı yaşlayaraq o biri səhifəni çevirim. Məcbur qalardım bir səhifəni dönə-dönə oxumağa. O vaxt ən çox bax bu "Qraf Monte-Kristo”ya ilişib-qaldım. Başım dumanlıydı. Əsərin süjet xətti, gərgin epizodları ilə reallığı səhv salmağa başladım. Hərdən elə bilərdim Edmond Dantes elə özüməm. Təkadamlıq xəstəxanadakı hücrəm, İf qalasını xatırladırdı mənə. Romanın qəhrəmanını özümə doğma bilirdim. Sonra başladım əsərin qəhrəmanı kimi azadlığa doğru yeraltı lağım atmağa. Hə... divarı eşməyə başladım. Masamdakı qaşığın küt ucu az zamanda xeyli itiləndi. Həkimlər bu şücaətimə, azadlıq eşqimə cavab olaraq atamla vaxtaşırı görüşməyə icazə verdilər.
Romanda qəhrəman Dantes öz lağımını qazarkən özü kimi bir başqasıyla – dustaq Abbat Fario ilə görüşür. Mənim üçün oxşar Abbat doğmaca atamdı. Güney Azərbaycan inqilablarını canlı rejimdə yaşamış bu insanın şirin-acı söhbətləri "Qaraf Monte-Kristo”yla xeyli səsləşirdi. Söhbətimizin bu yerində kiçik haşiyəyə ehtiyac görürəm: Abbat Fario, əslində, real personajdır. Uzaq Hindistanda, Portuqaliya müstəmləkəsində doğulmuş bu körpənin atası portuqal, anası isə hind məşəli olub. Hələ uşaqkən o hipnoz elminə ciddi yiyələnir. Habelə digər ciddi elmlərə. Sonra atası ilə kral sarayına, Lissobona dəvət alır. Tale sonra onu Fransaya, Parisə sürükləyir. Abbat Fario məşhur Bastiliya qalasının alınmasında fəal iştirak edib. Sonra uzun müddət həbsdə qalıb. Aleksandr Dümanın qələmi nəticəsində ölməzliyə qovuşub. Mən isə yaşadığım bioqrafiyanı "Solaxay” romanımda qələmə almışam.
– Əsərdə iştirak edən obrazların heç biri halal yolla pul qazanmır. Edmond Dantes də heç yerdən sərvətə sahiblənir. Belə çıxır ki, Monte-Kristonun dövrü halallıqdan uzaq sərvətlər dövrüdür. İstərdim əsərdəki dövrü xarakterizə edəsiniz...
– Bəli, romanın bir başqa qəhrəmanı Hüseyn Cavid demiş "altun”dur. Abbat Fario, kardinal Çezare Spadaya məxsus xəzinəni acgöz Roma papası 6-cı Aleksandrdan qorumaq naminə onu Monte-Kristo adasında gizləyir. Əcəl başının üstünü kəsdirərkən xəzinənin dəqiq ünvanını, gizli xəritəsini Edmond Dantesə ötürür.
Mən də ömrüm boyu oxşar xəzinəni axtarmışam. Xəzər dənizində öz Monte-Kristo adamı aşkarlamışam. Adanın mənzərəsi, kiçicik ərazisi, qayalıqlar, yeraltı-sualtı mağaralar romandakı romantik səhnələri xatırladır. Xəzinənin yerini mənə yerli balıqçılardan biri nişan verib. Qədimlərdə Bakı neftinin alveri bu adada baş verərmiş. Gəmiyə minib Bakıya yaxınlaşan əcnəbilər əvvəl bu adada lövbər atardılar. İki qaya arasında gəmilərini vəhşi küləklərdən qoruyardılar. Kiçik qayıqda sahilə yaxınlaşıb yerli sakinlərlə neft barədə sövdələşərdilər. Pul, adətən, adada olardı. Belə xəzinələrin, batmış gəmilərin çoxu indi həmin adanın ərazisində, ətrafındadır. Su altındadır. Bu adadakı qayaların üzərinə səma bürclərinin təsviri mövcuddu...
Qısası, Edmond Dantes kimi mən də öz xəzinəmi aşkarlamışam. "ANS”-də işləyərkən bu adada onlayn rejimdə qazıntılar, axtarışlar aparmaq, xəzinəni tapmaq istəyirdim. Ancaq, axırmacalda "ANS” geri çəkildi. Çəkilişlər yarımçıq qaldı. İnşallah bir gün ordan öz xəzinəmi çıxararam. Sonra başlayaram öz Qraf Monte-Kristo həyatıma. Dostlarıma yardım edərəm, düşmənlərimi haqq məhkəməsinə çəkərəm.
– Qraf Monte-Kristo əsərində ölüm və dirilmə var – o mənada ki, Edmond Dantes İf qalasına əsir alınaraq ölümə məhkum edilmişdi. Ancaq Abbat Farianın yerinə keçməklə – əsl ölünü əvəz etməklə azadlığa qovuşdu. İstərdim bu "çevrilmə”nin mahiyyətini şərh edəsiniz.
– Həyatın bir vacib şərti var: gərək diriykən ölüb-diriləsən. Çoxlarımız bu epizoddan, bu imtahanlardan ya çıxıb, ya çıxmayıb. Sovet pasportumun verilmə tarixi 15 oktyabr 1981-ci ildi. Qəribədir, 2014-cü ilin eyni günündə mən təsadüfdənmi, yaxud taleyimin hökmüylə, bu pasportu əlimə aldım. Sonra, axşam tərəflərində klinik ölüm səhnəsini yaşadım. Ölüb-dirildim, sözün əsl mənasında. Ölümdə reallıqdan çox mistika mövcuddu. Bunu ölümü yaşayarkən hiss etdim. Sözlərimə fikir verin: "ölümü yaşamaq”. Edmond Dantes ölümü yaşayıb. Oxşar təcrübə bir azacıq məndə də var.
– Əsərdə ateist Kadrusun peşmanlığı diqqət çəkir. Macəra romanında belə bir sxolastik məqamın yer alması, əslində, romanın tipinə uyğun gəlmir. Bu barədə siz necə düşünürsünüz?
– Kaspar, Madlen Kadruslara aid epizodlar romanın ən dramatik səhnələridir. Səhnələr çox kinomotoqrafikdir. Dünya kinomotoqrafında bu epizod çox ustalıqla, gərginliklə lentə alınıb. Qeyd edim ki, romanın gərgin süjetində oxşar dramatizmlər sayca çoxdur. Dünya kinomotoqrafı buna görə romanı dəfələrlə səhnələşdirib. Edmond Dantes surəti isə aktyorlar üçün əsl imtahan sayılır. Roman, ilk dəfə 1908-ci ildə, səssiz lentə alınıb. Sonralar Jan Mare, Jerar Departye kimi səhnə ulduzları bu əsərdə öz istedadlarını sınayıblar. Edmond Dantes surətini canlandırıblar. Romanın növbəti çəkilişləri hələ irəlidədir.
– Edmon Dantesin qalada keçirdiyi illər – bu müddət romana elə daxil edilib ki, sanki o vaxt kəsiyi həm var, həm də yoxdur. O mənada ki, həmin illər həm nələrinsə gələcəkdə dəyişəcəyini şərtləndirir, həm də sanki donmuş zaman təsiri bağışlayır.
– İnsan cəmiyyətdə deyil, təklikdə, tənhalıqda formalaşır. Cəmiyyətin insana təsiri azdı. Təkliyin isə çox. Hər insanın təkliyini öyrənin. Görün nə qədər ciddi nəticələr qazanacaqsınız.
– Qraf Monte-Kristo gecikmiş qalibdir, aldığı qisas gecikmiş sayıla bilər. Siz onu qalib hesab edirsinizmi və ən əsası qisas insanın həyatında nələri dəyişməyə qabildirmi?
– Bu məhşər günü estetikasıdır. Hər insanın öz apokalipsisi var. Gərək bu psixoloji anda səviyyəni itirməyəsən.
–
"Monte-Kristo” – Məsih dağı deməkdir. Sizcə,
əsərin hansısa mənada dini mahiyyəti varmı?
– Bütün bədii mətnlər, bəli, dindən törəmədir. Ö cümlədən dartışdığımız bu roman. Bu süjetdə Məhşər gününün təsdiqi, nidası mövcuddu. İslamda belə epizodlar "nida” adlanır. Ateistik, nihilist əsaslar üzərində ədəbiyyat yaranmır. Yaranmayacaq da. Ədəbiyyat, gizli və yaxud açıq şəkildə həmişə məhz dini məzmunludur. Hətta ilk baxışda anti-dini görünən ədəbiyyatın da alt qatında qədim dini mətnlər gizlənib.
Misal üçün,
götürək Maksim Qorkinin məşhur "Ana"
romanını. Əslində, bu əsər
"İncil”dəki Müqəddəs Məryəm hekayətinin
müasir dilə tərcüməsidir. Yəni,
dekonstruksiyasıdır. Paleqeya Nilovna
öz dövrünün Müqəddəs Məryəmi,
oğlu Pavel Vlasov isə İsa peyğəmbəridir.
Sovet dövründə
bu kitab məktəb dərsliklərinə
salınmışdı. Demək.... Demək
sovet ateizmi vaxtları Qorkinin tərcüməsində bizə
gizlicə, konspiroloji şəkildə "İncil” tədris
edilirdi. "Qraf De Monte-Kristo” da eynən bu
cür İsa Məsih, İmam Mehdi misteriyasının
növbəti yeni nəqlidir.
– Bəzi tənqidçilər
əsərin baş qəhrəmanını İsa Məsihlə
müqayisə edirlər. Əsərin qəhrəmanı
da sanki əvvəlcə İsa Məsih kimi məhv edilir,
sonra yenidən dirilir.
– Anarın sonuncu romanında –
"Göz muncuğu"nda da dirilmə motivi var. Ancaq o bunu mənfi
mənada – xortlama kimi qələmə alıb. Öz
qəhrəmanını Xortdan kimi qələmə alıb.
Xortdan, yadda saxlayın, Zombidir. Aləmə ölüm, dağıntı gətirir.
O, Mehdi ola bilməz. Qraf
Monte-Kristoda hər iki xüsusiyyət vəhdətdədir.
Romanın süjetini hər birimiz
yaşayıb, yaxud yaşayır hələ. İntəhası, bunu çoxları dərk etmir.
– Əsərin baş qəhrəmanı
ateistdir. O deyir ki, mən Allahı heç zaman görməmişəm,
ona inanmıram və özüm Allah olmaq istəyirəm. O
sanki şeytanla saziş bağlayır. Şeytan
ona deyir ki, Allah var, sadəcə sən Allahın vasitəçilərindən
birinə üz tutmalısan. Monte-Kristo da
Allahın vasitəçisi kimi şeytana üz tutur.
– Bu xırdalıqlardı. Aldadıcıdırlar. Əsər
sırf dini məzmunludur. Yəni,
ölülər dirilir. Qiyamət
günü qaçılmazdı.
– Əsərdə Napoleonun yenidən
insanlara bədbəxtlik gətirməsi məsələsi də
var. Əsər də elə həmin hi
– Əsərdə görünən
və görünməyən qəhrəmanlar mövcuddu. Misal üçün abbat Faria görünən qəhrəmandı.
Məhz o Edmond Dantesə düşdüyü
faciənin düyününü açır. Həqiqəti üzə çıxaran kimi hadisələr
bir gur axara qovuşur. Sürətini
artırır. Görünməyən qəhrəmana
gəldikdə isə bu şəxs imperator Napoleon
Bonapartdır. Əsərdə o, elə
bil laməkandı. Sanki artıq adi insan
deyil – əbədi, həmişəyaşar ruhdu. Əsərdəki bütün səhnələrin
görünməz qəhrəmanı odur. Süjetin baiskarı, ana nüvəsi də odur.
Bizim zamanımızda oxşar ruh Lenin idi. Bu ruh, indi də zəmanəni öz oxu ətrafında
hərləyir.
– Bəzi
ədəbiyyatşünaslar Monte-Kristo ilə Yusif peyğəmbəri
müqayisə edirlər. Yusif peyğəmbəri
qardaşları quyuya atırlar, Monte-Kristonu adaya, sonra onlar
tanınmayacaq qədər varlanırlar. Sadəcə Yusif
peyğəmbər qisasdan sözün geniş mənasında
imtina edir, Monte-Kristo isə qisas alır. Yusif peyğəmbər
düşünür ki, mən insanları cəzalandıra
bilmərəm, çünki mən Tanrı deyiləm, amma
Monte-Kristo əksini fikirləşir. Bu bənzərliklər
və fərqlər barədə nə
düşünürsünüz?
– Yaşadığım 9 mərtəbəli
evin bloku Yusif quyusunu xatırladır. Qonşularımızdan
biri Yusifkənan soyadını vurub qapısı üzərinə.
Yəni mən bu süjeti də
qaldığım binada təkrarlayıb yaşayıram.
Bunlar əbədi həyat süjetləridir.
Sualınızın cavabı "Mehdi” adlı
hekayəmdədir.
– "Bədbəxtlik
insanı ucaldır” ideyası əsərdə nə dərəcədə
aparıcıdır?
– Həyat imtahanları
insanı ucaldır. Gərək insan nəinki
öz həyatının, həm də ölümünün
müəllifi olsun. Edmond Dantes kimi. Məşhur
italyan rejissoru Makelandjio Antanioni Qraf Monte-Kristo süjetini bu
baxımdan özünün "Professione: Reporter” filmində
(1975) bir başqa cür dekonstruksiya edib. Filmdə,
baş qəhrəman Devid Lokk dünya çapında məşhur
reportyordur. Növbəti sifariş onu uzaq
Afrikaya, səhralıqlara gətirir. Düşdüyü
mehmanxanada o, özü kimi bir başqası – səyyah Devid
Robertsonla görüşür. Az
sonra bu müəmmalı şəxs ürək
çatışmazlığından vəfat edir. Reportyor Devid Lokk qərara gəlir, "Qraf
Monte-Kristo” romanındakı kimi, Devid Robetsonun sənədlərini
özünküylə əvəzləsin. Nəticədə otel xidmətçiləri
Robertsonu bir başqası kimi – Devid Lokk kimi dəfn edirlər.
O, Edmond Dantes kimi özünə, öz dəfninə kənardan
baxmaq imkanı yaşayır. Dönüb olur
Devid Robertson kimi silah alverçisi. Bu
çevrilmələr filmə xüsusi dramatizm, konflikt gətirir.
Gördüyünüz
kimi mən bu əbədi süjeti təkcə Aleksandr
Dümanın təhkiyəsində yox, rejissor Antanioninin
"ifasında” da eşitməyi, görməyi
bacarmışam. Burda maraqlı müqayisələr
aparmaq mümkündü. Hər iki əsər,
çevrilmə, qayıdış süjetinin bir növ yeni
versiyasıdır.
– Əsərin baş qəhrəmanı öz
enerjisini xeyrə yox, üç insanın məhvinə xərcləyir.
Sonda baş qəhrəmanın, sözün geniş mənasında,
qazancı nə olur?
– O, təkcə öldürmür. Həm də dirildir. Məsələn, "Faraon” gəmisi sahibi Morreli o, labüd bankrotluqdan, əslinə qalsa, ölümdən qurtarır. Bu mənada o, həm də müəyyən qədər İmam Mehdi kodunu ədəbi əsərə gətirməyi bacarıb. Bəziləri o dünyada deyil, bu dünyada da cəzalandırılmalıdırlar. Edmond Dantesin şinelindən inqilabçılar çıxıb. O cümlədən, Çe Gevara.
– Həmid
Herisçinin dünyagörüşünə görə
qisas inanın şəxsiyyətində hansı dəyişikliklərə
səbəb olur? Qisasla xilas mümkündürmü, yoxsa
insanlar bir-birini hər dəfə bağışlayaraq
xoşbəxt ola bilərlər?
– Qisasın dramaturgiyası "Qraf Monte-Kristo” romanında mükəmməl qələmə alınıb. İnsan psixologiyasının təməlində bu epizod mövcuddu. İntiqam labüddür. Bütün canilər, saxtakarlar növbəti Qraf Monte-Kristolar tərəfindən cəzalandırılacaq.
Söhbətləşdi: Fərid
Hüseyn
Kaspi 2018.- 8-10 sentyabr.-
S.13.