Türk dünyasının Fikrət Türkməni

 

“Azərbaycan bu gün dünyada səsi eşidilən ölkələrdən biridir”

 

Türkiyənin  Egey sahili boyunca göz işlədikcə uzun bir məsafədə uzanan üçüncü böyük şəhəri olan İzmir bu gün də  sanki zamanın fərqində olmadan yeni yüksəlişini yaşamaqdadır. Dünya çapında  Roma dövrünün ən böyük şəhərlərindən olan İzmiri, həm də tarixən neft qoxulu Bakımızın qardaşı kimi tanıdığımız sovetlər dönəmindən də elə uzun vaxt ayırmır. Efes, Müqəddəs Məryəm Ana məbədi kimi tarixi, həm də iqlimi, təbii zənginlikləri, geotermal qaynaqları ilə məşhur olan şəhəri bu dəfə lacivərd sularına, termal su hovuzlarının müalicəvi üstünlüyünə, turizm məkanı olaraq dünya miqyasında cəlbedici yerinə görə yox, adamlarına görə tanımaq istədik. Vaxtı ilə Ulu öndər Heydər Əliyevin məmləkətimizin dəyərli guşələrindən biri haqqında dediyi kəlamı az qala izmirlilərlə tanış olanda da   xatırladım: insanları  bu diyarın da ən böyük sərvətlərindən imiş...

 

Araşdırmaçı dostum Atif Akgün Ankarada olduğundan Türkiyənin məşhur universitetlərindən olan Egey Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutun yaradıcısı və uzun illər rəhbəri olmuş professor Fikrət Türkmən ilə tək görüşməli oldum. İnstitut binasının 4-cü mərtəbəsində qapısı üzərində məşhur alimin adı yazılmış otaq bağlı idi. Telefonumdakı saata baxdım, deyəsən vədləşdiyimizdən tez gəlmişdim.

 

Hər halda gözləməliyəm. Foyenin baş tərəfində divara vurulmuş bir lövhə diqqətimi cəlb edir: Egey Unuversitetinin keçmiş rektoru Candəyər xanım Yılmaz kitabxananın açılışını edir. Qısa məlumatdan bəlli olur ki,  Fikrət hocanın uzun illərdən bəri, dünyanın hər yerindən gətirdiyi və ona bağışlanan 20 min nüsxədən çox kitabın universitetə bağışlanılmasından sonra bu kitabxana yaradılmış və dəyərli alimin  şərəfinə "Fikrət Türkmən kitabxanası” adlandırılmışdır...

 

Beş dəqiqə keçmir ki, liftdən nurani, bəstəboy bir kişi  çıxır, yaşına uyğun olmayan bir cəldliklə mənə doğru addımlayır, sifətində və gözlərində seziləcək sevgi dolu bir təbəssümlə çoxdan tanıyırmış kimi adımı söyləyir. Görüşürük. Ara verməyən telefon zənglərindən hiss edirəm ki, nəsə yeni bir uğuru var və onu harayasa dəvət edənlərə incə bir nəzakətlə  "Azərbaycandan qonağım var” deyərək dəvətlərini qəbul etmir. Az sonra öyrənirəm ki, görüşdüyümüz 4 iyul günü həm də ad günüdür. Otağa təbrikə gələnlərin arzularına mən də qoşuluram. Amma bu əziz gündə vaxtını almağımdan bir sıxıntı keçirdiyimi hiss edir və üzrxahlıq etməyə belə macal vermir, suallarımı eşitmək istədiyini bildirir.

 

-        Bildiyimə görə hələ Sovetlər dönəmində Türkiyədən SSRİ-yə ən çox gedib-ələn alimlərdən olmusunuz. Yadınızda o illərdən nələr qalıb?

-         Sovetlər Birliyinin dağıldığı 90-cı illərə qədər Sovet-Türkiyə münasibətləri heç də hamar olmayıb. Atatürk və Leninin vaxtlarında təməli qoyulan tarixi dostluq əlaqələri müəyyən zaman kəsiyində düşmənçilik səviyyəsinə qədər yüksəlib. Amma Stalinin ölümündən sonra münasibətlər yumşaldı. Bu dönəmdə belə, Sovetlərə gedib-gəlmək ciddi yasaqlarla məhdudlaşdırılmışdı. Xoşbəxtlikdən bu yasaqları aşan ilk insanlardan biri də mən oldum. SSRİ EA-nin dəvəti ilə bir aylıq sovetlərə getdim, Rusiyada, Azərbaycanda, Özbəkistanda, Qazaxıstanda və Qırğızıstanda oldum. Soyadımdan yana Türkmənistana getməyimə viza vermədilər. Bu, 1984-cü ilə təsadüf edir. Daha 4 il sonra Tacikistanda bir tədbirdə iştirak etdim. Gördüklərim məni xeyli təəccübləndirməkdə idi, zaman dəyişirdi. Atatürkün hələ 1932-də uzaqgörənliklə söylədiyi sözləri xatırladım: "İndiki Sovetlər Türkiyənin dostudur. Zaman gələcək  dağılacaq, türk dövlətləri azadlıqlarına qovuşacaq...” Bəli, o deyilən zamanın yaxınlaşmaqda olduğu artıq hiss olunurdu.

 

-        Hər dəfə haqqınızda eşidəndə bir təqdimat diqqəti cəlb edir: Türk Dünyası Araşdırmaları İnstitutunun yaradıcısı. Bunun açıqlaması nədir?

-        Düzü illər boyu, hələ gənc yaşlarımda belə bir mərkəzin yaradılması, bu sahədə tədqiqatlar aparılmasını ciddi və vacib hesab edirdim. Amma ilk illər bu Türkiyədən köç edib gedən Balkanlarda məskunlaşan türk xalqlarının folkloru və ədəbiyyatı ilə bağlı idi. Amma Sovetlərə gedib-gələndən sonra bu fikir məcrasını xeyli dəyişdi: bizim köklərimizin olduğu Sibir, Altay, Orta Asiya türklərinin tarix və ədəbiyyatının öyrənilməsi, təqdim edilməsi artıq tam başqa reallıqları ortaya qoydu. Beləcə, Türk Dünyası Araşdırılması İnstitutunun yaradılması ideyası ortaya çıxdı. Düzdür, bu dönəmdə özəl bir vəqf  Turan Yazqan tərəfindən yaradılmışdı, əslində özlüyündə bu, olduqca mütərəqqi və alqışlanası bir addım idi. Amma Sovetlərin dağılmasından sonra bu məsələnin dövlət xətti ilə öyrənilməsi və daha geniş ampluada öyrənilməsi olduqca vacib idi. İdeya belə yarandı.

 

-        Bəs onun həyata vəsiqə alması...

-        Bu, daha geniş bir söhbətin mövzusudur və maraqlı tarixçəsi var. Təbii ki, hər bir ideya və yenilik təpkilərlə qarşılanıb, uzun zəhmət və çabalardan sonra həyata vəsiqə ala bilib. Eləcə də bizim bu ideyanın həyata keçməsi üçün uzun illər lazım oldu, diləkçələr yazıldı, iclaslar keçirildi. Hər dəfə qarşılaşdığımız maneələr bizi üzsə də, fikirlərimizdə və əməllərimizdə qəti olduğumuzu ortaya qoya bildik. Fikirimi anlatmaq üçün ideyanın qanunlaşdırılmasının hansı mərhələlərdən keçdiyini qısaca şərh edim: fakültə yığıncağında və universitet senatosunda, Yüksək Öyrətim Kurulunda (YOK), Təhsil Nazirli və parlamentin Təhsil komitəsində müzakirələr və nəhayət, belə bir dövlət qurumunun yaradılması haqqında qanunun qəbulu. Mən çox qısaca bu tarixi yolun trayektoriyasını qeyd etdim. İlk baxışda hər şey asan, tez bir zamanda həll olunan kimi görünürdü, amma heç də belə deyilmiş...

 

-        Yəni, qanun da hazırlandı,  bundan sonradamı problemlər oldu?

-        Bəlkə də ən ciddi problemlər elə bundan sonra başlandı. Bir var ideyanı ortaya qoyasan, bilik və təcrübənlə onun həyata vəsiqə almasına çalışasan, bir də var onu böyük maliyyə hesabına həyata keçirəsən. Yəni artıq ideyanın reallaşması üçün böyük vəsaitin olması lazım idi. Fəaliyyət üçün sənəd, layihə var, amma bina və sairənin adını belə çəkən yoxdur. Universitet vəsait olmadığını söyləyir, dövlətə yazılan müraciətlər min cür bəhanələrlə ildən-ilə atılırdı. Tanışlardan istifadə edib binanın layihəsini və digər lazımı işləri gördürməkdə idim. Qatıldığım dövlət tədbirlərində əlim çatandan, sözümü eşidəndən dəstək olmasını xahiş edirəm. Hətta dəvətli olduğum bir dövlət tədbirində baş nazir Bülənd Ecevitə yaxınlaşıb bu barədə kömək istəməyi qərarlaşdırdım. Onunla bir dəfə Bakıda görüşmüşdüm, "İnturist” (indiki "Hilton”) otelində. Çox səmimi və ədəbiyyata, sənətə qiymət verən bir insan idi. Elə də etdim, tədbirdə Bülənd bəyə yaxınlaşdım, heç fikrimi deməyə macal verməyib, sənin bir layihən var idi, nə oldu deyə soruşdu. Çox qısaca hər şeyin qaydasında olduğunu, amma fəaliyyət üçün bina və vəsait olmadığı üçün bina inşa edə bilmədiyimizi söylədim. Nə qədər vəsait lazım olduğunu soruşdu. İlkin hesablamalarımıza görə 50 milyon lazım olacağını bilirdim, amma 75 milyon türk lirəsi söylədim. Təqdim etdiyim vizit kartımın arxasına 75 milyon lirə yazdı və köməkçisinə verərək, "mütləq yadıma sal” dedi. Mənə baxaraq, "paran çərşənbə günü universitetdə olacaq, Fikrət bəy” dedi. Düzü, görüşdən məmnun olsam da, içimdə tərəddüdlərim qalmaqda idi. Nəhayət ki, çərşənbə günü rektorluqdan bir zəng gəldi: "75 milyon paranız gəlib, təyinatı da göstərilib: Türk Dünyası Araşdırmaları İnstitutunun tikintisinə”. Beləcə institut üçün yer ayırdılar, binanın tikintisinə başladıq, indi oturub söhbət etdiyimiz bu binanı inşa etdik. Deyim ki, bizə ayrılan vəsaitin hamısını ala bilmədik, layihəmiz korrektə olundu, dəyişdirildi. Amma şükürlər olsun ki, nəyəsə nail ola bildik. İndi yeri gəlmişkən bu ideyanın reallaşmasına dəstək olanları, başda rəhmətlik Ecevit olmaqla xoş duyğularla anırıq. Bu sırada keçmiş təhsil nazirimiz Köksal Topdan,  o zamanki rektorumuz rəhmətlik  Sermet Akgün, YOK baş katibinin müavini olan İsmət Atik kimi dəyərli və xeyirxah insanları yad etməyi mənəvi borcum hesab edirəm, ölənlərə rəhmət, qalanlara can sağlığı arzulayıram.

 

-        İnstitutun fəaliyyəti, gördüyünüz işlər gözləntilərinizi doğruldurmu?

-        Düzünü deyim ki, fəaliyyətə başladığımız gündən ideoloji sıxıntılarla müşayiət olunmuşuq. Egey Universitetində solçuluq tarixən və həmişə güclü olduğundan, millətçi adıyla problemlərlə üzləşmişik, bəzi qısqanclıqlar və kadr problemləri də bu sıxıntıları daha da gücləndirdi. Buna baxmayaraq, uğurlar qazandıq, böyük akademik uğurlara imza atdıq. İndi nəinki Türkiyənin, az qala dünyanın hər yerində bizi tanıyır, fəaliyyəti haqqında dəyərli fikirlər söyləyirlər. Türk dünyasına verdiyimiz kadrlar da əslində bizim ideyaların davamçılarıdır. Qazaxıstanda, Qırğızıstanda, eləcə də Azərbaycanda çalışan məzunlarımızın uğur və fəaliyyətləri bizləri çox qürurlandırır. Əslində bunlar bizim böyük işlərimizin üzə çıxan uğurlarıdır.

 

-        Fikrət bəy, Azərbaycanın adını çəkdiniz, mümkünsə bu barədə bir az geniş danışın...

-        Təbii ki, Azərbaycanla bağlı danışa biləcəyim fikirlər  geniş və əhatəlidir. Bu, birincisi mənim Azərbaycanla şəxsi əlaqələrimə, oradakı dəyərli dostlarıma, fəaliyyətimə aiddir. İkinci deyəcəklərim institutumuzun yetişdirdiyi kadrların Azərbaycanda fəaliyyətinə, onların burada qazandıqları bilik və təcrübələrin orada həyata uğurla keçirə bildikləri işlərə aiddir. Bir az irəlidə dediyim kimi indi bizim  məzunların sorağı türk dünyasının hər yerindən gəlməkdədir, o cümlədən Azərbaycandan. Türkiyədə təhsilini başa vurduqdan sonra Azərbaycanda çalışan kardioloq-həkim Rəşad Mahmudovu bildiyimə görə ölkədə tanıyanların saya yüzlərcədir. İndi  millət vəkili olan Rəşad bəy bizim yetirmələrimizdəndir. Başqa bir həkim məzunumuz, onun da adı Rəşaddır, təəssüf ki, soyadını unutdum, urologiya sahəsində məşhur bir mütəxəssisdir. Yaxud gömrük orqanlarında uzun illər çalışan, indi bu sahəyə rəhbərlik edən Səfər Mehdiyev bizim məzunlardandır. Bu siyahını uzatmaq da olar, amma yekun olaraq söyləyim ki, cəmiyyətin elə bir sahəsi yoxdur ki, bizim məzunlar orada olmasın. Müstəqil Azərbaycanın çiçəklənməsi naminə böyük  işlər həyata keçirən ölkə prezidenti İlham Əliyevin layiqli icraçıları sırasında bizim məzunlarımızın olması qürurvericidir.

 

-        Nəhayət ki, Azərbaycanla bağlı əlaqələriniz, onun tarixi və səbəbləri haqqında danışmağın da məqamı çatdı...

-        Bir az əvvəldə dediyim kimi  SSRİ Elmlər Akademiyasına ezam olunanda Azərbaycanla ilk tanışlığım başladı. Əslində buna qədər də Azərbaycan haqqında, onun tarixi və ədəbiyyatı haqqında kifayət qədər  məlumatım var idi. Azərbaycan bütün parametrlərdə Türkiyənin Sovetlərə, eləcə də bu məkandakı türk dünyasına açılan önəmli qapısı olmuşdur. Bu tarixən təsdiqini tapdığından və haqqında çox geniş araşdırmalar aparıldığından geniş danışmaq fikrindən uzağam. Ən yaxın tariximizdə - Birinci Dünya müharibəsi zamanından tutmuş, Bakının Nuru paşa tərəfindən xilası, AXC dövrü əlaqələr, Sovet hökumətinin ilk illərində Bakının türkçülüyün mərkəzinə çevrilməsi tarixi faktlardır. Təbii ki, bu kimi həqiqətlər bizim tale yolumuzu, alimlərimizin tədqiqat işlərini müəyyən edən zəngin faktlardır. Azərbaycan müstəqilliyini qazanandan sonra isə bunlar dövlətlərarası münasibətləri təyin edən amillər oldu və nə yaxşı ki, indi biz dünyada analoqu olmayan müttəfiqlərik. Mənim Azərbaycana yolum haradan başlayır, rəhmətlik Əhməd Cəfəroğlunu Aşıq Qərib haqqında məqaləsindənmi, Molla Nəsrəddindənmi, Koroğludan, Tahir və Zöhrədənmi, yaxud yadıma sala bilmədiyim yüzlərcə ortaq dəyərdənmi? Düzü, bunu söyləməkdə bir az çətinlik çəkirəm. Azərbaycan həmişə türk dünyasının önəmli bir məkanı olmaqla içimdə olub. Buraya gəlişim, insanlarla əlaqələrim və dostluğum bu bağlantıları daha da artırıb və zənginləşdirib. 20 Yanvar hadisələrindən az sonra Bakıya gəldim, daha doğrusu, bu gəlişimlə sıxıntılarımı, üzüntülərimi dəfn etdim. Azadlıq qanla alınıb, əbəs yerə deyilməyib ki, "bayraqları bayraq edən üstündəki qandır...”. 1990-cı ilin mayında qaldığım oteldən sübhə yaxın rus qoşun hissələrinin nizamsız bir axınla oteli, sonra da o dönəmki Lenin meydanını (indiki "Azadlıq”) tərk etdiyini görəndə Xəzərin üstündən doğan günəş zərrin şəfəqləri ilə oteldəki otağımı işıqlandırmaqda idi. Mən onda bu günəşin təkcə mənim otel otağıma yox, bütün Azərbaycanın üzərinə doğduğunu görmüşdüm, üstəlik bir şer də yazmışdım. Çox sonralar dəyərli dostlarımızdan biri bu şerin əlyazmasını o tarixi xatırlatmaqla mənə təqdim edəndə bu gün nələrə nail olduğumuzun fərqindəyəm, ən önəmlisi, Azərbaycan bu gün dünyada səsi eşidilən ölkələrdən biridir. Əminəm ki, ən böyük problemimiz olan Qarabağ məsələsi də həllini tapacaq. Ayrı cür olması mümkünsüzdür.

 

Azərbaycanla əlaqələrim bu gün də qalmaqdadır. Yeri gəlmişkən xatırladım ki, 1992-ci ildə Bakı Dövlət Universitetində mənə "Faxri doktor” adı verildi. Türkiyə Prezidenti Süleyman Dəmrəl  "Türk Dünyasına xidmət” mükafatını təqdim edəndə sanki o anları yenidən yaşadım.  Bu, mənim elmi fəaliyyətimə verilən dəyər olmaqla, həm də uğurum və Azərbaycana bağlılığımın bir nişanəsidir. Dostlarla ara-sıra zəngləşir, hal-əhval tuturuq. Onların böyük bir qismi – Rəsul Rza, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Tofiq Hacıyev həyatda olmasalar da, xatirələri mənim üçün əzizdir. Kamal Abdulla, Anar, Elçin, İsa Həbibbəyli, Əsgər Rəsulov, Oqtay Səmədov, Muxtar İmanov, İntiqam Qasımzadə və adlarını bu anda unutduğum dostlarıma salamlarımı çatdırmağı xahiş edirəm....

 

Namiq Əhmədov,

İzmir-Bakı.

 

Kaspi 2018.- 11 sentyabr.- S.11.