Üzeyir Hacıbəyli
işığında Azərbaycan mədəniyyətinin nümayişi
Teatrlarımız X Beynəlxalq Musiqi
Festivalına hazırdır
Bu gün Azərbaycan musiqisi əsl çiçəklənmə dövrünü yaşayır desək, yəqin ki, yanılmarıq. Ölkəmizdə davamlı olaraq keçirilən beynəlxalq musiqi festivalları, müxtəlif müsabiqələr, bütövlükdə Azərbaycan mədəniyyətinin, Azərbaycan musiqisinin daha geniş miqyasda təbliğinə xidmət edir. Dünya musiqi xəzinəsinə parlaq incilər bəxş edən Üzeyir Hacıbəyli Azərbaycanda peşəkar musiqinin banisidir, bəstəkarlıq məktəbinin, musiqili komediya janrının yaradıcısıdır, Şərqdə operanın, operettanın əsasını qoyub, dövlət xorunu, simfonik orkestri yaradıb, dünya musiqi xəzinəsini ölümsüz əsərləri ilə zənginləşdirib.
Hər il sentyabrın 18-də keçirilən Üzeyir Musiqi Günləri artıq ənənə halını alıb. Həmin gün ölkəmizin hər yerində bu münasibətlə müxtəlif tədbirlər keçirilir, bu tədbirlərə dünyanın məşhur sənət adamları qatılır. Ənənəyə uyğun olaraq, bu il də Bakıda Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-26 sentyabr tarixində X Beynəlxalq Musiqi Festivalı baş tutacaq. Bu ilki festivalda Rusiya, ABŞ, Türkiyə, İtaliya və Slovakiyadan tanınmış musiqiçilər və kollektivlər – T.Dokşitser adına "New life brass” kvinteti, "Dədə Qorqud” kamera orkestri, Murad Kajlayev, Murad Annamamedov, Sergey Roldugin, Pavel Milyukov, Azər Dəmirov, Fərhad Aşumov və başqalarının iştirakı ilə 30-a yaxın tədbirin keçirilməsi nəzərdə tutulub.
Teatrlarımızın da iştirakı ilə baş tutan festival
Festivalın təntənəli açılış
mərasimi 18 sentyabrda
saat 19:00-da Azərbaycan
Dövlət Akademik Filarmoniyasında baş tutacaq. Tədbirdə Xalq artisti, dirijor
Fəxrəddin Kərimovun
rəhbərliyi ilə
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası (bədii rəhbər Gülbacı
İmanova) çıxış
edəcək. Açılış
mərasimində görkəmli
Azərbaycan bəstəkarı,
SSRİ Xalq artisti, akademik Arif Məlikovun
85 illiyi münasibətilə
fortepiano və orkestr üçün konserti səslənəcək.
Festival çərçivəsində
görkəmli müğənni,
SSRİ Xalq artisti Firəngiz Əhmədovanın
90 illiyinə həsr olunmuş "Azərbaycan
opera səhnəmizin Nigarı”
adlı silsilə tədbirlər təşkil
olunacaq.
Azərbaycan Dövlət Akademik
Opera və Balet Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı, Ü.Hacıbəylinin
Ev Muzeyi, Musiqi Mədəniyyəti
Dövlət Muzeyi, Ağcabədi rayonu "Qarabağ Muğam Mərkəzi”ndə müxtəlif
tamaşa, konsert və sərgilər təşkil olunacaq.
Bəli, adlarını siyahıda gördüyünüz teatrlarımız
mövsümü məhz
musiqi festivalı ilə açacaqlar. Musiqi ilə
yoğrulan sözügedən
teatrlarımız tamaşaçılarını
məhz bu festivalda salamlayacaqlar.
Hansı
ki, artıq ənənə halını
almış festival çərçivəsində
artıq bir neçə ildir ki, teatrlarımız mövsümü açıq
elan edirlər. Festival çərçivəsində
teatrlarımız mövsümün
ilk tamaşalarını göstərmiş
olurlar.
110-cu yubiley mövsümü və 10-cu Musiqi Festivalı
Azərbaycan Dövlət Akademik
Opera və Balet Teatrının mətbuat xidmətinin rəhbəri
Şükufə Ağamirzəyevanın
sözlərinə görə,
teatr 110-cu yubiley mövsümünün açılışına
hazırlaşır: "Mövsümü
ənənəvi olaraq
sentyabrın 19-da görkəmli
bəstəkar Ü.Hacıbəylinin
"Leyli və Məcnun” operası ilə açacağıq.
Tamaşa bu il 10-cu dəfə
keçiriləcək Ü.Hacıbəyliyə
həsr edilmiş Beynəlxalq Musiqi Festivalı çərçivəsində
nümayiş ediləcək.
Səhnə əsərində
əsas rolları Əməkdar artist Elnur Zeynalov (Məcnun), gənc muğam ifaçısı Rəvanə
Əmiraslanlı (Leyli),
Əməkdar artistlər
Cahangir Qurbanov (Nofəl), Təyyar Bayramov (İbn-Salam) və başqaları ifa edəcəklər. Operanı dirijor, Əməkdar incəsənət xadimi Sevil Hacıyeva idarə edəcək”.
Teatrın sözçüsü festival çərçivəsində,
həmçinin sentyabrın
22-də A.Pyatsollanın "Məhəbbət tanqosu” baletinin, 23-də isə M.Maqomayevin "Şah İsmayıl” operasının
təqdim olunacağını
bildirdi. Şükufə
xanım dahi bəstəkarımızın adı
ilə bağlı olan festivalın yarandığı gündən
etibarən teatrın mövsüm açılışlarının
məhz o günə təsadüf etdiyini deyir: "Bu mötəbər
festival 10-cu ildir ki, keçirilir. Biz də hər il
mövsümü festival zamanı
açıq elan edirik. Belə ki, Ü.Hacıbəylinin
yaradıcılığının ən gözəl əsərləri ilə mövsümü açırıq.
Buna "Koroğlu”, "Leyli və Məcnun”,
"Arşın mal alan”
kimi operaların adlarını misal göstərə bilərik.
Mütləq hər il mövsümü
məhz dahi bəstəkarımızın yaradıcılığına
müraciət edərək,
onun əsərləri
ilə açırıq.
Festival çərçivəsində
öz tamaşaçıları
ilə görüşən
kollektivimiz də bundan məmnundur. Festival rəngarəng olduğundan tamaşalarımız
seyrçi marağına
səbəb olur.
Tamaşaçıların diqqətini görürük.
Bilet satışlarımız uğurla
gedir. Ü.Hacıbəyli yaradıcılığına məxsus əsərləri
ilə bərabər,
onun yaxın dostu, məsləkdaşı
Müslüm Maqomayevin
də doğum günüdür. Bəzən festivalda
Müslüm Maqomayevin
yaradıcılığına da müraciət edirik. Elə dönəm olub
ki, festivalda yeni tamaşanın premyerasını da keçirmişik. Bu da bizim sözügedən
festivala olan rəğbətimizdən qaynaqlanır.
Bu il teatrımızın
110-cu mövsümü başlayır.
Bizim üçün də bir yubileyidir. Ümid edirik ki, maraqlı
bir mövsüm olacaq. Teatrımızın solistləri, yaradıcı
heyəti tamaşalarda
məhz musiqi günündə musiqi ilə bağlı tədbirlərdə yaxından
iştirak edirlər.
Ayrı-ayrı televiziya kanallarına
dəvət olunurlar.
Musiqi günündə musiqi kanalları proqramlarını
Ü.Hacıbəyli yaradıcılığına
həsr edirlər.
Birinci növbədə bizim kollektivin üzvləri dəvət olunur”.
Festivala
marionetkalar da gələcək
Marionet Teatrında
musiqi fırtınası
qopacaq. Belə ki, teatrdan verilən məlumata görə, Üzeyir Hacıbəyli festivalında
pərdələr yeni
mövsüm üçün
açılacaq. Sentyabrın
23-də Bakı Marionet
Teatrında Üzeyir Hacıbəylinin "Arşın
mal alan” marionet tamaşası təqdim ediləcək. Tamaşa Üzeyir Hacıbəyli X
Beynəlxalq Musiqi Festivalı çərçivəsində
nümayiş olunacaq.
Tamaşanın quruluşçu-rejissoru və rəssamı Əməkdar incəsənət
xadimi Tərlan Qorçudur.
Məlumat üçün bildirim ki, Marionet Teatrı
dünyada məşhur
olan teatr incəsənəti janrlarındandır. Çətin olduğuna görə əksər ölkələrdə
belə teatr ənənəsi mövcud
deyil. Ölkəmizdə bu teatr növünün 30 ilə
yaxın yaşı
var. Azərbaycanda marionet
kuklalarla ilk tamaşa
1980-ci illərin sonlarında
rejissor və rəssam Tərlan Qorçunun təşəbbüsü
ilə hazırlanıb.
Aktyorlar
festivala ürəklə
hazırlaşıb
Azərbaycan Dövlət Musiqili Teatrı da 109-cu teatr mövsümünə
festivalla başlayacaq. Teatrın mətbuat
xidmətinin rəhbəri
Fəridə Aslanova deyir ki, Üzeyir
Hacıbəyliyə həsr
olunmuş X Beynəlxalq
Musiqi Festivalı çərçivəsində "O olmasın, bu olsun” tamaşası ilə mövsümə
start verəcəklər. Fəridə Aslanova bildirir ki, açılış
mərasimində nümayiş
olunacaq bu ölməz əsər Xalq artisti, "Şöhrət” ordenli, milyonların sevimlisi olan gülüş ustası Afaq Bəşirqızının (Sənəm)
və Əməkdar
artist, Prezident mükafatçısı,
"Zirvə” mükafatı
laureatı Şövqi
Hüseynovun (Məşədi
İbad) iştirakı
ilə təqdim ediləcək.
Fəridə xanım qeyd edir ki, bu
festivalda Musiqili Teatrın iştirakı artıq ənənə halını alıb:
"Artıq 10 ildir teatrımız dahi bəstəkarın ölməz
əsərləri - "O olmasın,
bu olsun”, "Ər və arvad”, "Arşın mal
alan” tamaşaları ilə festivalda iştirak edərək mövsümü
açır. Musiqili Teatrın
tarixi 1910-cu ildə yarandığı gündən
Üzeyir Hacıbəylinin
adı ilə bağlıdır və bu da teatrımızın
üzərindəki məsuliyyəti
daha da artırır.
Aktyorlarımız festivala ürəklə
hazırlaşıblar. Xalq artisti Afaq Bəşirqızının
iştirakı ilə
nəzərdə tutulan
bu tamaşanın nümayişi göstərir
ki, Musiqi festivalı bizim teatr üçün nə dərəcədə
önəmlidir”.
Bu festivalın keçirilməsi
təqdirəlayiqdir
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov
bizimlə söhbətində
bildirdi ki, teatrlarımızın mövsümü
məhz festivalda salamlaması təbii haldır: "Azərbaycan
teatr məkanında adları musiqi ilə bağlı olan teatrlarımız fəaliyyət göstərir ki,
onlar mövsümü
məhz bu festivalla salamlayacaqlar. Üzeyir Hacıbəyli festivalında
nümayiş olunan tamaşaların böyük
rolu və əhəmiyyəti var. Bu mövsüm
festivalda iştirak edəcək tamaşaların
adlarına nəzər
yetirsək - "Leyli
və Məcnun”,
"O olmasın, bu olsun” kimi tamaşaları
görəcəyik. Bu
tamaşaların seçilməsi
heç də təsadüfi deyil. Bunlar Üzeyir Hacıbəylinin
ən çox sevilən əsərləridir.
Düzdür, bizim başqa musiqili teatrımız da var ki, onları
da bu festivala
cəlb etmək yaxşı olardı - Azərbaycan Dövlət Şuşa və
Sumqayıt teatrlarını
buna misal göstərmək olar. Onları da festival proqramına daxil etmək məqsədəuyğun olardı.
Üzeyir Hacıbəylinin
əsərlərinin səhnələşdirilməsində
Şuşa teatrının da böyük xidmətləri
var və həm də bu, rəmzi bir məna daşımış
olardı. Üzeyir Hacıbəyli Azərbaycan
mədəniyyətinin dahi
simalarından biridir.
Onun yubileyinin festival şəklində
keçirilməsi çox
yaxşı haldır.
Amma
festival tək Ü.Hacıbəylinin
əsərləri ilə
bağlı deyil, proqrama nəzər yetirdikdə görürük
ki, festival çərçivəsində
Arif Məlikovun 85 illik yubileyi də keçiriləcək.
Digər
tədbirlər də
var ki, festivala
daxil olunub. Bu festival Ü.Hacıbəylinin
işığında Azərbaycan
mədəniyyətinin nümayişidir.
Bu mənada, festivalın
keçirilməsini təqdir
edir, alqışlayıram”.
Beləliklə, teatrlarımız da festivalın başlanmasına
hazırdır. Üzeyir Hacıbəylinin operaları teatrlarımız
üçün əvəzsiz
bir töhfədir.
Bu, heç vaxt təravətini itirməyən
irs, misilsiz
sərvətdir. Festival günlərində bu mədəni xəzinə
bir daha gündəmə gələcək.
Xəyalə Rəis
Kaspi 2018.- 12 sentyabr.-
S.12.