25 il
yol gələn “Söz”
Qələmin, sözün fəhləsi
ola bilmək elə çətin
yükdür ki...
"Söz” özünə geniş auditoriya qazanıb. Jurnalın nəinki
ölkəmizdə, onun hüdudlarından kənarda da
oxucuları var. Bu, nəşrin rəhbərliyinin və
kollektivinin əməksevərliyindən və fədakarlığından
irəli gəlir. 25 il ərzində dövriyyəsinə bircə dəfə
də fasilə verməyən dərginin başlıca peşəkarlıq
meyarı azərbaycançılıq mövqeyinə əsaslanmaqdadır”.
"Söz” jurnalının 25 illik yubileyinə ünvanlanan
bu təbrik, dərginin
müstəqil ədəbi-publisistik jurnal kimi
ölkənin ictimai həyatında mühüm yer
tutduğundan xəbər verir. Yubiley münasibətilə
jurnala ünvanlanan təbriklər, Azərbaycanın görkəmli
ziyalılarının, söz və sənət
adamlarının, millət vəkillərinin xoş ürək
sözləri 25 illik zəhmətin boş yerə sərf
olunmadığını təsdiqləyir.
Dərgini
müntəzəm izlədiyini qeyd edən Qafqaz Müsəlmanları
İdarəsinin sədri Şeyxülislam
Allahşükür Paşazadə
mövzu rəngarəngliyini bəyəndiyini də
bildirib: "Habelə dinimiz, mənəviyyatımızla
bağlı mövzulara, İslamı qəbul edən
dünya şöhrətli insanlara xüsusi yer verilməsini təqdir
edirəm”.
"Yubilyar
nəşr yüksək səviyyəli poeziya, publisistika
nümunələrinin yayımlandığı mətbu mərkəz
statusundadır”- deyə Mətbuat Şurasının sədri,
millət vəkili Əflatun Amaşov "Söz”çülərə
ən xoş arzu
və diləklərini çatdırıb.
Lənkəran
şəhər icra hakimiyyətinin başçısı Taleh
Qaraşov "Azərbaycan
dövlətçiliyinə məhəbbət və sədaqət "Söz”ün ana xəttidir”-
deyərək, jurnalı dəyərləndirib: "Söz”
müasirlərdən də yazır, klassikləri də
xatırlayır, unudulanları
da yada salır. İnanıram ki, mütərəqqi ideyalardan qaynaqlanan
və dünyanın əksər ölkələrində
yaşayan soydaşlarımızın həmsöhbətinə
çevrilən "Söz” bundan sonra da seçdiyi şərəfli
yola sadiq qalaraq səhifələrində Azərbaycan
xalqının milli-mənəvi dəyərlərinin ən
gözəl təbliğatçısı olacaq”.
Xalq
yazıçıları Anar, Elmira Axundova, Çingiz
Abdullayev, xalq şairləri Fikrət Qoca, Sabir Rüstəmxanlı,
professor , Əməkdar elm xadimi Sudeyif İmamverdiyev, professor
Əjdər Ağayev, yazıçı Hidayət, akademik, millət vəkili Ziyad Səmədzadə
və b. ziyalılar jurnalın, yaşadığı 25 il ərzində
söz sahiblərinə məhəbbət və tələbkarlıqla,
hörmət və qayğı ilə yanaşmasını
önə çəkiblər. "Söz”ə verilən dəyər,
jurnalın həmçinin bugünkü elektron medianın və
vətəndaş mediasının sərhədlərinin
genişləndiyi bir vaxtda, fərqli yükə malik
olmasının ifadəsidir.
"Söz”ün mənəvi
atası
"Söz” - Şəkər Aslanın
yadigarıdır. Jurnalın baş redaktoru Sevda Əlibəylinin
jurnalın yubiley nömrəsində qələmə
aldığı "Baş redaktordan” adlı yazısı
jurnalist kimi peşəsinə, ona tapşırılan əmanətə
sadiqliyinin təsdiqidir: "Cənub zonası üçün
nəzərdə tutulmuş bu jurnal birbaşa Şəkər Aslanın
adına təsis olunmuşdu. "Söz”ün
yaranması ilə şair bəlkə də,
ömrünün ən bəxtəvər illərini
yaşadı. Jurnalın hər sayı
işıq üzü görəndə sanki yenidən
dünyaya gəlib uşaqlaşırdı. Təəssüf ki, bu sevinc uzun sürmədi.
Jurnalın cəmi altı sayını imzalaya
bildi. Şəkər Aslansız ilk sayı çapa
imzalayanda dediyim fikrə bu gün də sadiqəm: "Şəkər
Aslan yaratdığı "Söz”ün mənəvi
atası olaraq əbədi yaşayır”.
«Söz»ün işıq üzü görməsi ədəbi
hadisə idi.
O illərdə jurnalların sayı indiki qədər deyildi:
"Haqqında qəzet-jurnallar yazdı, radio-televiziya təbliğ
etdi. 3 min tirajla çıxan jurnal əl-əl
gəzdi, respublikanın bütün rayonlarına
yayıldı”.
"Söz”ə təkbaşına çiyin verənədək,
Sevda Əlibəylinin yaradıcılıq yolu müxtəlif
mətbu orqanlardan keçib. 1980-ci ildə ADU-nun (BDU) jurnalistika
fakültəsinə qəbul olan S.Əlibəylinin imzası
hələ tələbəlik illərindən respublikanın
müxtəlif mətbu orqanlarında - "Kommunist”, "Sovet
kəndi”, "Vışka”, "Azərbaycan qadını”,
"Azərbaycan təbiəti,” "Kənd həyatı” və
s. qəzet və jurnal səhifələrində
tanınıb. Oçerk və reportajları əsasında
Azərbaycan radiosunda verilişlər hazırlanıb. Yazıları müxtəlif qəzet və
jurnalların qiymətli mükafatına layiq
görülüb.
S.Əlibəyli qiyabi təhsil aldığına görə,
III kursdan «Leninçi» («Lənkəran») qəzetində fəaliyyətə
başlayıb. Həmin illərdə qəzetdə «Həssas
olaq, qayğı göstərək» rubrikasını
açmaqla, rayonda ehtiyaclıların, gözləri yolda,
qulaqları səsdə olan yüzlərcə kimsəsizin
problemlərinin həllinə nail olub. Onlarca Qarabağ əlilinin,
şəhid ailəsinin dərdinə həmdərd olmaqla
yanaşı, peşə və insani borcunu yerinə yetirməyə
çalışıb: "Peşəm təkcə bu
problemləri yazıb dərc etməklə bitmirdi. Problemlərin
tam həllinə nail olunca mübarizə aparırdım. Bu yazıların əksəriyyəti respublika mətbuatında
da öz əksini tapır və həllinə nail olurdu”- deyə
Sevda xanım xatırlayır.
1993-cü
ildə Cənub bölgəsi üçün «Söz»
adlı jurnal təsis olunanda 22 il rayon qəzetinə rəhbərlik
etmiş şair, publisist, dramaturq Şəkər Aslan baş
redaktor, S.Əlibəyli isə baş redaktorun müavini təyin
olunub: "Jurnal Cənub bölgəsi üçün nəzərdə
tutulsa da, ilk saydan yayım ərazisi dünyanın müxtəlif
ölkələrini əhatə etdi. Jurnalın müxtəlif
rayonlara - Masallı, Astara, Lerik, Bakının Xətai rayonuna
və s. xüsusi buraxılışlar həsr etməsi
özünün imkanlarını Azərbaycan
sözünün anlaşıldığı coğrafi
genişliyə çatdıra bilməsi demək idi”.
"Söz”ün amalı
"Söz” ün yubileyi jurnalın fədakar baş
redaktoru Sevda Əlibəylinin jurnalistlik fəaliyyətinin 35
ili ilə yanaşı addımlayır. Bu illər
xanım jurnalisti, peşəsinin fədakar yolçusu, zəhmətkeşi
kimi tanıdıb. Akademik, millət vəkili Rafael
Hüseynovun qeyd etdiyi kimi: "Qələmin, sözün fəhləsi
ola bilmək elə çətin
yükdür ki, onu nə hər ürək, nə hər
çiyin çəkə bilər. Çünki qələmə,
sözə fəhlə ola bilmək fədakarlığında
və təmənnasızlığında millətə xidmət
var. Sevda xanım Əlibəyli onillərdir ki, bu çətin
və şərəfli yolun yolçusudur”.
S.Əlibəyli Azərbaycan Jurnalistlər Birliyi (1987) və
Yazıçılar Birliyinin üzvü (2003), 8 kitab müəllifidir. «Xəzərin general
oğlu» («Adiloğlu», 2002) daxili xidmət general-mayoru Aydın
Məmmədovdan, «Tanrısı haqq olan aşiq»
(«Adiloğlu», 2004), Əməkdar artist İmamverdi
Bağırovdan, «İlk poliqrafçı alim» («Gənclik»
2010) Şəddat Cəfərovdan, «Ömrün mənası»
(«Elm və təhsil», 2012) müəllim və
hüquqşünas Sabir Qarayevdən, «Bilsəm ki, həyatda
izim qalıbdır…» («Vətən», 2014) ərəbşünas
alim Malik Qarazadədən, əmək fəaliyyəti
yarım əsrdən artıq dövrü əhatə edən,
qəhrəmanın adı ilə adlandırılan «Səadət
Tağıyev” («Vətən», 2016), şair-publisist Allahverdi Məmmədli
haqqında «Ayrılıqla görüşə gedən
şair» («Vətən», 2016) kitabları nəşr olunub.
Sevda Əlibəyli yaradıcılığına
görə müxtəlif mükafatlara layiq
görülüb. Rəsul Rza adına beynəlxalq ədəbi,
Dədə Qorqud, Qızıl Qələm, Məhsəti Gəncəvi,
Xan qızı Natəvan və s. media mükafatları
laureatıdır. Prezident
mükafatçısıdır. "İlk
poliqrafçı alim” kitabı ilin araşdırma-sənədli
kitabı nominasiyası üzrə Milli Kulturoloji mükafata
layiq görülüb. 2013-cü ildə Lənkəran
şəhər bələdiyyəsi Sevda Əlibəylini
publisistika üzrə «İlin laureatı» elan edib.
Sevda
Əlibəylinin fəaliyyəti dəfələrlə Lənkəran
şəhər İcra Hakimiyyətinin Fəxri fərmanlarına
layiq görülüb
Baş redaktor bu gün "Söz”ün
yaradıcılıqdan tutmuş, texniki problemlərinə, nəşrinə
qədər çətinliyini öz çiyinlərində
daşıyır. Xalq şairi Sabir Rüstəmxanlının yubiley təbrikində
yer alan fikirlər bu zəhməti
olduğu kimi işıqlandırmağa gözəl
misaldır: "Maddi sıxıntılara, poliqrafik çətinliklərə,
mənəvi təzyiqlərə məruz qalmaq, müxtəlif
icra başçılarının müxtəlif münasibətlərinə
dözüb davam gətirmək "Söz”ə nəsib
olub. "Sözü”ün
yaşaması Sevda xanımın iradəsinin, fədakarlığının,
ədəbi iddiasının nəticəsidir. Dövlət dəstəyi, heç bir himayədarı
olmadan jurnalı yaşatmaq sözün həqiqi mənasında
fədakarlıqdır. Onun söz sevdası
”Söz”ün ömrünün davamlı olmasına təminat
yaradıb. Ədəbi jurnallar arasında
özünəməxsus yeri var. Özünə davamlı oxucu
kütləsi toplayıb. Davamlı müəllifləri var”.
Hazırda "Söz” rüblük
jurnaldır. Lənkəranın ədəbi həyatını
əks etdirmək vəzifəsini hədəf seçsə də,
dərgi bu gün də yalnız bir bölgənin ədəbi
həyatını əks etdirmir. Jurnalın səhifələrindən
Azərbaycanın işıqlı adamları, füsunkar təbiəti
boylanır: Sevda xanım deyir: "Əsas oxucularımız Cənub
bölgəsindədir. Paytaxt
ziyalılarından çox razıyam. Azərbaycan
Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov
"Söz”ü respublikanın bütün bölgələrinə
yaymaqla əsl ziyalılıq nümunəsi göstərir.
"Söz”ün İranda, Rusiyada, Orta Asiya və
Avropa ölkələrində, hətta okeanın o tayında
- ABŞ-da da oxucuları var”.
«Söz»də əsas amal azərbaycançılıq
mövqeyidir.
Azərbaycan dövlətçiliyi, millət, yurd sevgisi, milli
dəyərlərin qorunması jurnalın ana xəttidir:
"Söz”də bütün Azərbaycan yazarlarının
imzaları ünvanını tapır. Müəllif
və oxucu coğrafiyası yalnız Cənub bölgəsi ilə
məhdudlaşmır, tərcümələrə də
geniş yer verilir”.
S.Əlibəyli
övladı qədər əziz olan jurnalın nəşri
üçün müəyyən problemlərlə üzləşsə
də, peşəsinə olan sevgisi, SÖZə olan məhəbbəti
nə əlini sevdiyi işindən soyudur, nə də
şükranlığına mane olur: "Söz” 5 il ulu
öndərin sərəncamı ilə ayrılan maliyyə dəstəyi
hesabına işıq üzü görüb. Sonra
qaldı satışın öhdəsinə. Satışın gəliri borcu ödəmir. Poliqrafiya materiallarının qiymətləri
zaman-zaman qalxsa da, biz oxucuları itirməmək
üçün qiymətləri qaldırmırıq. Həyatda hər şey pulla
ölçülmür. Amma pulsuz da
heç nə əmələ gəlmir. Bu illərdə
heç bir qapı döyüb sponsor axtarmamışam. Amma məəttəl də qalmamışam.
Özümə ən böyük sponsor Yaradanı - Ulu
Tanrını sayıram. Qurban olduğum gözləmədiyim
yerdən yollar açır. "Söz”ə
diqqət, qayğı göstərən ziyalıların
adlarını çəksəm, böyük bir siyahı
alınar və kimsəni unutmaqdan qorxuram. Bütün
"Söz”sevərlərə kiçik kollektivimiz adından
minnətdarlığımı bildirirəm!”
Biz də
"Söz”ə əbədi yaşamağı, dəyərini
itirməməyi, rəngarəng mövzular, yeni qəhrəman
və layihələr, ən əsası geniş oxucu auditoriyası
arzulayırıq!
Təranə Məhərrəmova
Kaspi 2018.- 13 sentyabr.- S.15.