Hüseynağa Atakişiyev: “Hamı
qocalır da…”
Sentyabrın 8-i Dövlət Gənclər Teatrının yaradıcısı, Əməkdar incəsənət xadimi, mərhum Hüseynağa Atakişiyevin doğum günüdür. 2006-cı il aprelin 9-da vəfat edən görkəmli rejissor yaşasaydı 69 yaşı tamam olacaqdı. Deməli, gələn il 70 illik yubileyini qeyd etmək çiyinlərimizə düşür. Hələliksə, düz 21 il əvvəl, 1997-ci ildə Hüseynağa müəllimdən götürdüyüm və “Press-Fakt” qəzetinin həmin ilin 02-08 may tarixli sayında çap olunmuş müsahibəni müəyyən redaktə ilə sizlərə təqdim edirəm.Xatırladım ki, Dövlət Gənclər Teatrı 1989-cu ildə yaradılmışdı. Martın 10-da Milli teatr günündə əmri verilmiş, martın 27-də Beynəlxalq teatr günündə Y.Səmədoğlunun “Qətl günü” əsəri ilə pərdələrini tamaşaçıların üzünə açmışdı. Amma təəssüf ki, 20 yaşlı Dövlət Gənclər Teatrı (həmçinin, Bakı Kamera Teatrı) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 mart 2009-cu il tarixli qərarı ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına birləşdirildi və beləliklə, müstəqil teatr kimi fəaliyyətini dayandırmalı oldu.Halbuki, hələ müsahibəni götürdüyüm ərəfədə, yəni 1997-ci ilin 26 aprel tarixində Gənclər Teatrı F.Mustafanın “Ağıllı adam” əsəri ilə özünün artıq 50-ci premyerasını oynamışdı. Deməli, Teatrda fəaliyyətinin ilk səkkiz ili ərzində hər il 6-7 tamaşa hazırlanmışdı. Və bunu Teatr 15 aktyor, 8 aktrisa olmaqla, cəmi 23 nəfərlik truppa ilə etmişdi. Bu, həmin Gənclər Teatrı idi ki, yeni yaranmasına baxmayaraq, 1990-cı illərdə, Akademik Milli Teatrın və Musiqili Komediya Teatrının təmirilə əlaqədar yaranan boşluğu aradan qaldırmağı YUĞ və Kamera teatrları ilə birgə öz üzərinə götürmüşdü… Bu, həmin Teatr idi ki, bu gün teatrlarımızın aparıcı sənətkarlarına çevrilən, tamaşaçıların sevimlisi olan neçə aktyorun, pyesləri teatrlarımızın repertuarını bəzəyən neçə dramaturqun üzə çıxarılmasında, yetişməsində və inkişafında müstəsna rol oynamışdı… Və bu, həmin Gənclər Teatrı idi ki, onu, quruluş verdiyi tamaşalarla Avropada keçirilən müxtəlif beynəlxalq festivalların yüksək mükafatlarına layiq görülmüş bir rejissor – Hüseynağa Atakişiyev yaratmışdı… Amma…bəzi məmurlar Yaşar Nuri demişkən, dedilər ki, “həə nooolsun?!”. Və…
– Həftənin birinci günü teatrlar adətən istirahət edirlər. Siz nə əcəb işləyirsiniz?
– Bizdə istirahət günləri yoxdur. Biz onu sürüşkən qrafiklə əvəz etmişik. Bu gün səhnədə yeni tamaşanın dekorasiyası quraşdırılır. Aktyorlarımız isə istirahət edirlər.
– Bu
yaxınlarında teatr işçilərinin əmək
haqlarını 50 faiz artırdılar. Amma nədənsə,
qərar sizə aid edilmədi. Səbəbini bilmədiniz?
– Bilirsiniz, əmr aparıcı teatrlar adı ilə verildi. Təkcə biz deyildik, “Yuğ”, Kamera teatrlarının da maaşları artırılmadı. Bəlkə başqa fikirləri var, bilmirəm. Amma mənə elə gəlir ki, bu, şəxsiqərəzlikdən irəli gəlmir.
– Bu, sizi ruhdan salmadı ki?
– Yox. Amma hökümət gərək bu teatrları da nəzərdən
qaçırmasın. Çünki
aktyorun ayrı yerdən qazancı yoxdur. Onun qazancı da
səhnədir, həyatı da.– Bəzən
adamın sizin tamaşalara heyfi gəlir. Texniki
imkanlarınızı nəzərdə tuturam…
– Bizim
çıxış etdiyimiz Aktyorlar evinin səhnəsi teatr
üçün uyğun deyil. Bura ilk növbədə
iclaslar, müxtəlif görüşlər, təbirlər
keçirmək üçün nəzərdə tutulub.
Yenə sağ olsun TXİ-nın rəhbərliyi ki, yer veriblər.
Biz də çalışırıq bu səhnədən
maksimum istifadə edək. Texniki imkanlar isə
doğrudan da inqilabdan qabaqkı səviyyədədir. Amma əsas aktyor oyunudur, rejissor işidir. Biz də işimizi daha çox bunların üzərində
qururuq ki, çatışmayan cəhətləri əvəzləyək.
– Gənclər teatrı fəaliyyətə
başlayandan 2-3 tamaşanı çıxmaqla bütün əsərlərə
özünüz quruluş vermisiniz. Bu sizi bir
rejissor kimi yormur ki?
– Əvvəla, teatrlarımız heç kəsin
üzünə bağlı deyil. Biz bütün gənc
rejissorları dəvət eləyirik. Məsələn,
bu il iki gənc rejissor bizim teatrda diplom
tamaşası hazırlayıb. Mən də
teatrın bədii rəhbəri kimi onlara nəzarət
etmişəm ki, teatrın dəst-xəttindən kənara
çıxmasınlar. Bundan başqa bizdə
Əliyar Əliyev, Rəhman Əlizadə, rəhmətlik Həsən
Əblüç tamaşalar hazırlayıblar. Yəni biz rejissorlara imkan veririk. Amma
bilirsiz ki, hər teatrın özünün bir xətti var. Və
ilk dövrdə, teatr formalaşan vaxtlarda ona müdaxilə edəndə
pis olur. Özünü tutanacan gərək
bir əldə olsun teatr. Sonra başqa
rejissorlar buyursunlar. Əgər bizim teatrın dəst-xəttinə
uyğun tamaşalar qoya bilərlərsə gəlsinlər.– Deməli, belə hesab edirsiz ki,
teatrınız hələ siz deyən mərhələyə,
yetkinlik mərhələsinə çatmayıb?
–
Bilirsiniz, teatrımız bu saat o səviyyədədir ki,
artıq söz deməyə qadirdir. Yəni
teatr bir vaxt ayaq üstə gəzməyi öyrənirdi, indi
artıq söz deyə bilir. Bu sözü
də sanballı demək lazımdır. Teatrın
bir xüsusiyyəti də var ki, gərək dayanmaya, daim
işləyə. İl boyu 7-8 tamaşa
verəndə, təbii ki, onların hamısı istədiyimiz
səviyyədə olmur. Biz də
çalışırıq ki, ildə teatrın pasportu ala
biləcək bir və ya iki tamaşa hazırlayaq.
– Siz
çox gənc yaşlarında Milli Dram Teatrına baş
rejissor təyin olundunuz…
– Hə,
düzdü, təyin olundum. Yəni ki, nazirliyin əmri ilə
oradan götürüb qoydular bura və beş
il orada işlədim.
– Sonra da
könüllü…
–
Könüllü deyəndə ki, necə deyərlər
könüllü olaraq ordan qaçdım və gəldim
öz teatrımızı açmağa.
– Qayıtmaq təklif olunsa, getməzsiz?
– Yox. Bilirsiz, hər bir teatrınn öz yolu var. Milli teatr
da bu günə kimi hansısa yol keçib. Bu, kimisə qane eləyir, kimisə eləmir. Amma bu, teatrın öz prinsipidi, öz yoludu. Lakin, nəzərə alaq ki, Milli teatr millətin
üzüdü. İndiki dövrdə isə
ordakı problemləri həll eləmək çox çətin
məsələdi. Mənə gəldikdə,
mən burada, öz teatrımızda daha çox söz deyə
bilirəm, nəinki orada.
–
Bioqrafiyanıza nəzər salsaq, siz yaradıcılığınızın
artıq üçüncü dövrünü
yaşayırsınız… Şəki teatrı,
Milli Teatr və Gənclər Teatrı. 4-cü
dövr olacaqmı?
– 4-cü
dövrdə bir arzum var. Heç olmasa bir binamız olsun. “Teatr asılqandan başlayır” deyirik, amma bizim
heç asılqanımız da yoxdur. 3-4
otağın içində çarpışıb
vuruşuruq.
– Ümumiyyətlə, sizcə
teatrı dövlət yaşatmalıdı, yoxsa özü?
– Sivil
ölkələrdə, yüksək demokratiyaya
çatmış ölkələrdə dövlət 3-4
teatrı özü maliyyələşdirir. Milli
teatr, milli opera, kral teatrı, prezident teatrı dövlət
datasiyasında olur. Qalan teatrlar isə bələdiyyədən
və s. qurumlardan maliyyələşir. Amma bu o
yerdə olur ki, ölkənin quruluşu, cəmiyyətin
formasiyası aydındır. Biz isə 1985-ci ildən bu yana keçid dövrünü
yaşayırıq və o da ki, uzanıb gedir. Bilmirik
hara keçib gedirik. Belə getsə, təxminən
1917-ci il inqilabından sonrakı vəziyyət
alınar, çox şeyləri itirə bilərik. Ona görə də hələ ki, hökümət
teatrlara baxmalıdır, əgər teatr dövlətə
lazımdırsa. Özü də
yaxşı baxmalıdır. Yox, əgər
lazım deyilsə, başqa məsələ. Bu saat Akademik teatrın aktyorları 50 dollara qədər
(söhbət 1997-ci ildən gedir-red.) pul alırlar. Onu da ən yüksək dərəcəli aktyorlar
alır. Amma o pul indiki dövrdə nəyə
çatır ki. Ziyalılar gərək
dövlət himayəsində olsunlar.
– Sponsorlara münasibətiniz necədir?
–
Baxır da sponsora… sponsor var təmənnalıdı, var təmənnasız.
Bilmirəm adamlar pullarını hara qoyurlar.
Amma bu yaxınlarda “Hamlet” tamaşası
üçün bizə köməklik oldu, Beynəlxalq əməliyyat
şirkətindən. Terri Adams çox sağ
olsun, hələ bir 3-4 dəfə üzr də istədilər
ki, pulumuz, azdır sizə ancaq min dollar pul verə bilərik.
– Tamaşaçılarla aranız
necədi? Daha doğrusu, tamaşaçıların sizinlə?
– Öz
tamaşaçılarımız var. Düzdür, anşlaq
olmur. Gəlirlər, baxırlar. Narazı da qalırlar, razı da olurlar. Bəzən ona görə narazı qalırlar ki,
niyə teatr bu əsəri tamaşa qoyub? Məsələn,
dünən “Neron”u görən sabahısı gün başqa
tamaşa görəndə deyir ki, “Neron”dan sonra niyə bu əsəri
qoymusuz? Amma teatrda belə olmur axı,
“Neron” dan sonra “Hamlet” qoyulmur. “Neron”dan sonra
nisbətən yüngül əsər qoyulmalıdır ki,
aktyorlar bir qədər boşalsınlar. Mən
həmişə deyirəm ki, aktyorlar gərək uşaq
tamaşalarında oynasınlar. Bu, aktyorlara daxili enerji
verir.– Bütövlükdə Azərbaycan
teatrının, onun daşıyıcılarından biri kimi,
Gənclər teatrının perspektivini nədə və necə
görürsüz ?
– Mən
bir şeyi bilirəm ki, Azərbaycan teatrında islahatlar
keçirilməlidir. Teatrımızın cərrahiyə
əməliyyatına ehtiyacı var. Biz isə həmişə
terapiya ilə məşğul oluruq. Konkret
bir teatrı düzəldib, o biri teatrı düzəltməmək
olmaz. Kökündən islahat
olmalıdır, kompleks halında. Və bu
zaman bir şeyi düşünmək, tapmaq lazımdır ki,
millətin teatrı gələcəkdə necə olacaq?!
Hələ ki, biz bunu bilmirik. Hər teatr özbaşına yaşamağa
çalışır. Bu islahat isə
çox böyük problemdir. Və burada
gənclərə yol vermək lazımdır. Qoy gənclər də özlərini yoxlasınlar.
– Perspektivdən danışdıq. Son dövrlər belə söhbətlər də
olur ki, Azərbaycan teatrı hansı istiqamətdə getməlidir?
Şərqə doğru, yoxsa Qərbə?
– Bütün Qərb teatrı Şərqə doğru
gedir. Biz niyə Qərbə doğru gedək? Bütün Qərb indi öz teatrlarını Yapon,
Çin, Hindistan teatr məktəbləri üzərində
qururlar. Amma biz nədənsə, rus
teatrından, onların realist teatr ənənəsindən
yapışıb, əl çəkmirik. Biz
öz kökümüzə qayıtmalıyıq. Çünki bizdə elə şeylər olub ki, biz
onları bilmirik. Çünki,
kökünü tapmaq üçün geri qayıtmaq, irəli
getmək üçün ən böyük şərtdir.
– Bir vaxtlar sizin dəsti-xəttinizi
Brextlə bağlayırdılar. Yəni, onun
epik teatrı ilə. Və siz bu gün də demək
olar ki, həmin üslubu davam etdirirsiniz. Amma arada bu xətdən
sapmalar da olur, sırf realist tamaşalar qoyursunuz. Bu nə ilə bağlıdır?
– Məsələn,
Şəki teatrı artıq o pilləyə gəlib
çatmışdı ki, orada meydan tamaşaları
hazırlanırdı. Şəki teatrında
son tamaşalarımız Karvansarayda, açıq havada
olmuşdu. Yəni bizim o oyun prinsipi,
kökümüzdən gələn oyun prinsipi Şəki
teatrnda var idi. Brext teatrı da meydan
teatrlarından, küçə teatrlarından
doğmuşdu. O da gəlib birləşir bizim milli
teatrımızın kökləri ilə. Qaldı
mənim öz üslubumu dəyişməyimə, Azdramada mən
bir-iki tamaşa qoydum realist üslubda. Tutaq
ki, “Yayda qartopu oyunu” (Səmədoğlu-red.) real üslubda
qoyulmuşdu. Bu da ondan irəli gəlirdi ki, bir ara Azdramanın özünün romantik teatrdan
qaçmaq prinsipi var idi.
– Axır
vaxtlar repertuarınızda milli klassikaya az
rast gəlirik…
– Sonuncu dəfə
C.Məmmədquluzadəyə müraciət eləmişik. “Qurbanəli bəy”i tamaşaya qoymuşuq, 96-cı
ildə. İndi fikrimiz var ki, “Hamlet”i təhvil
verəndən sonra M.F.Axundzadəyə müraciət edək.
– Dramaturqların ən çox üz tutduğu teatrlardan biri də sizsiniz. Bəzən adama elə gəlir ki, sizə təqdim olunan bütün əsərləri qəbul edirsiniz.
– Yox, elə
deyil. Biz təqim olunan tutaq ki, 10 əsərdən birini, ya
ikisini götürürük. Bizim üçün bir prinsip
var. Əsərləri yalnız aktyorlara görə
seçirik. Elə olur ki, kiçik bir əsərdə balaca
bir epizod hansısa böyük rolu oynamaq üçün
aktyora rüşeym verir.– Yaxın vaxtlarda
tamaşaçıları daha hansı əsərlər
gözləyir?
– Hazırda əlimizdə iki çətin əsər var. Biri “Hamlet”di, o biri də Atol Fuqardın “Dimetos” əsəridi. Bu əsər Edinburq festivalında 1-ci yeri tutub. Həm ən yaxşı pyes kimi, həm də ən yaxşı tamaşa kimi. Hər iki tamaşanın premyerası inşallah sentyabrda olacaq.
– Sizin teatrın adı Gənclər teatrıdır. Bu adı nə vaxtsa dəyişmək fikriniz yoxdur ki ?
– Bu teatr o vaxt komsomol xətti ilə yaranmışdı. Ona görə adını belə qoymuşduq. Dövlət teatrı statusu alanda Polad müəllimlə (keçmiş Mədəniyyət naziri Polad Bülbüloğlu-red) söhbətdə dedi ki, qoy bu ad qalsın. Mən dedim çaşacaqlar, Gənc Tamaşaçılar Teatrı, Gənclər Teatrı… O dedi ki, teatrınız özünü təsdiq etsə, tamaşaçılar çaşmazlar, qoy belə qalsın. Ona görə də adı qaldı Gənclər teatrı. Gələcəkdə, vallah nə deyim, hamı qocalır da…P.S. Amma Hüseynağa Atakişiyev qocalmadı, qocala bilmədi… 56 yaşında dünyasını dəyişdi… O, Azərbaycan teatr tarixində həmişə Gənclər Teatrının yaradıcısı və milli teatrımıza yeni estetika gətirən, orijinal tamaşaları ilə onu zənginləşdirən böyük rejissor kimi qalacaq!
Ruhu şad olsun!
Qafarov, Vidadi Ramiz oğlu. $c sənətşün. üzrə fəls. d-ru,
dos.
Kaspi 2018.- 13 sentyabr.- S.12.