Ədəbiyyata həm də
torpağı vətən qılmaq sənəti kimi
baxıram
Azər Turan: “Yaddaşımın
yolu təkcə kitablardan, doğulduğum torpaqdan deyil, həm
də müharibədən, Qarabağdan keçir”
Müsahibəmiz bu günlərdə (16 sentyabr) 55
yaşını qeyd edən "Ədəbiyyat qəzeti”nin
baş redaktoru Azər Turandır.
– Azər müəllim, 55 yaşınız tamam olur, bu münasibətlə sizi təbrik edir, uzun ömür və uğurlar arzulayırıq. 55 yaş kifayət qədər ciddi yaş göstəricisidir. Bu yaşa qədər geridə qalan ömür öz nəzərinizdə necə görünür?
– Dopdolu, bütöv. Abbas Səhhət demiş, məsləkim tərcümeyi-halımdır. Kitablarıma baxıram, yuxusuz gecələrimdir. Hər biri sanki kitab deyil, ruhdur. Sevindirdiyim çox ruhlar olub. Hər zaman boşluqların olduğu yerə can atdım. Çətinliklərim oldusa da, bu üzdən oldu. İnsani dəyərləri soruşursunuz... Platon deyirdi ki, qoy sənin yeganə Allahın vicdanın olsun. Çox şükür, 55 illik ömrümdə vicdanımı sızladan heç nə yoxdur. Bura qədər belə yaşadımsa, sonrasından da rahatsız deyiləm. Hər gün işdən evə qayıdanda yaddaşımda Kiplinqin bir şeiri qımıldanır:
Söylədiyin dîğrunu və gårçəyi yîzan riyakar
məsum insanları da inandıra bilsə dərd åtməsən bunu özünə
ömür vårdiyin işlər pîzulsa da usanmayıb
yånidən başlaya bilsən işə.
…îğlum, adam îlmusan dåmək
üstəlik adam kimi bir adam.
– "Ədəbiyyat qəzeti”nə baş redaktor təyin
edilməniz çoxlarına karyera
sıçrayışı, daha yüksək mənsəb
sahibi olmaq kimi göründü, ancaq işin gətirdiyi zəhmət,
qurbanvermələr də gözardı edilə bilməz. Sizcə, işiniz sizə nələr
verdi və sizdən nələr aldı?
– Karyera
sıçrayışı, daha yüksək mənsəb
sahibi olmaq heç şüuraltımdan da keçmir. Təbiətim etibarilə irəliyə
atılıb bir daha geriyə dönməməyi tərcih edənlərdənəm.
"Ədəbiyyat qəzeti”ndəki baş
redaktorluq görəvim məndən heç nə almadı.
Əksinə, ədəbi ideallarımı
gerçəkləşdirmək baxımından imkanlar,
özü də geniş imkanlar açdı. Modern Avropa ədəbiyyatına doğru yola
çıxdıq. Ədəbiyyatımızı
dünya ədəbiyyatı ilə paralel təqdim etdik.
Burda həm Apoliner var, həm də Çingiz Əlioğlu,
həm Musa Yaqub, həm də Bodler var. Həm Rembo var, həm
də Məmməd İsmayıl. Həm Sabir Rüstəmxanlı,
həm də Adonis. Həm Nəriman Həsənzadə, həm
də Andre Morua. Həm Anar, Elçin, Kamal Abdulla, həm də
Rolan Bart var. Həm Nizami Cəfərov, həm də İvan
Qoll. Həm Vaqif Səmədoğlu var, həm də
Van Qoq. Həm Mircavad var, həm də
Pirosmani. Həm Vaqif Mustafazadə var, həm
də Bayron. Həm klassika, həm
sürrealizm, həm də postmodernizm. Ən
əsası, bütün yersiz qarşıdurmaları, mənasız
qovğaları görməzdən gəlib ədəbiyyatı
önə çəkirik.
– "Ədəbiyyat qəzeti”nə "daş atanlar”
da olur, yaxud çap edilmək azarını düşmənliyə
çevirənlər də. Bununla yanaşı qəzetin
fəaliyyətini təqdir edənlər daha çoxdur.
Kəsəsi, "Ədəbiyyat qəzeti”
dostlarını və "yağılarını” necə
qazanıb?
– "Ədəbiyyat qəzeti” hər şənbə ədəbi
ictimaiyyətə təqdim olunur. Bununla dostmu qazanır,
düşmənmi, bu, daha qalır onu kimin hansı gözlə
oxumasına. Azər Turan üçün dost,
düşmən anlayışı yoxdur. Bütöv
vətən anlayışı olduğu kimi bütöv də
ədəbiyyat anlayışı var. Mən hər zaman ədəbiyyata
bu kriteriyadan baxdım və sonadək belə davam edəcəm.
Mehdi Bəyazid mənim barəmdə
yazdığı məqaləsində bildirirdi ki, "Ədəbiyyat
torpağı vətən qılmaq sənətidir”. Mən ədəbiyyata həm də torpağı vətən
qılmaq sənəti kimi baxıram.
Yaddaşımın yolu təkcə kitablardan,
doğulduğum torpaqdan deyil, həm də müharibədən,
Qarabağdan keçir...
–
Maraqlıdır...
–
1991–1993-cü illərdə mən Qarabağ müharibəsinin
elə üzünü görmüşəm ki, indi onları
xatırlamaq belə düşüncələrimi təngnəfəs
edir. Ön cəbhə öz yerində.
Arxadakı müharibə daha amansız idi... Rəsmi işim,
vəzifəm məni müharibənin fəlakətlərini
daha içdən görməyə imkan verdi.
Şəhid qanının qoxusunu duydum,
tanıdım və heç unutmadım. Müharibə
situasiyasında insanların başqa varlığa
çevrildiklərini gördüm. Dediyim
kimi, rəsmi işim elə idi ki, 130 şəhidin dəfnində
iştirak etdim. Bu, bəlkə də sadəcə
müharibə statistikasıdır. Amma... Məsələ
burasındadır ki, işimlə bağlı olaraq o 130 şəhidi
valideynlərinə təhvil vermək missiyası mənim
öhdəmə düşmüşdü. 130 ananın, 130 atanın, bir o qədər
bacının, qardaşın oğul, qardaş dağından
necə sarsıldıqlarının şahidiyəm. Hamısının o xəbəri alanda hansı hala,
vəziyyətə düşdüklərini gördüm.
Gözümün qabağında dəli olub
havalanan bacılar oldu. Çətin də
olsa bəzi məqamları xatırlamaq istəyirəm. Kəndlərimizdən birinə şəhid
aparmışdım. Gecədən
keçmişdi. Şəhid cənazəsi
qoyulmuş maşınla kənd yoluna daxil olduq.
Maşın kəndə yaxınlaşanda qarşıda əyninə
ağ gecə paltarı geymiş bir
qadın göründü. Maşına tərəf
qaçırdı. Çatdı və
özünü maşına çırpıb
yıxıldı. Kim olduğunu bilmirdim.
Sürücü ilə köməkləşib
qadını da maşına, maşındakı şəhid
cənazəsinin yanına qoyduq. Və kəndə
daxil olduq. Sonra... Bilirsinizmi, o qadın kim
imiş? Şəhidin anası. Sadəcə, ürəyinə damıb. Yola çıxıb və oğlunun cənazəsini
gətirən maşına çırpıb
özünü. Əvvəlcə
özünə təzəcə gələn anaya kömək
etdik, onu maşından düşürdük. Hələ özündə deyildi. Qonşular səsə çıxır. Və bu arada başqa bir qadın ortaya girib qol
qaldırır. Öz havasını
zümzümə edərək oynayır. Mən
130 belə müharibə anı yaşadım. Başqa bir kənddə şəhidin qardaşı
havalandı. Qardaşının yeddisi
günü onu ayağından bir ağaca zəncirlənmiş
gördüm. Başqa bir xatirə; eyni kəndə
bir gündə bir neçə şəhid aparmalı oldum.
Kənd camaatı dəli olmasın, bir yerdə
havalanmasın deyə, axundun məsləhəti ilə şəhidləri
bir-bir apardıq kəndə. Bir gündə bu qədər
şəhid qarşılayan və dəfn edən kənd... Təsəvvür edirsiniz? O illərdə
Qafqaz İslam Ordusunun bizim tərəflərdəki fəaliyyətini
araşdırırdım. 1918-ci ildə gənc
olan, indi isə qocalıb əldən düşmüş
adamları danışdırdım. Hamısının
söhbətini lentə alır, yazıya
köçürürdüm. Məlum oldu
ki, türklər bizim tərəflərdəki
döyüşlərdə 11 şəhid verib. Mən həmin qocaların yaddaşına, hafizəsinə
istinadən və onların iştirakı ilə türk
şəhidlərinin məzarının yerini bəllədim.
1918-ci ildə bu torpaqlarda şəhid olmuş 11 türk əsgərinin
məzarını tapmışam... Məzarları
tapdım. Sonra Azərbaycanla Türkiyənin
müştərək bir müəssisəsi o məzarların
üzərində böyük bir anıt ucaltdı. İndi o tərəflərə yolu düşənlər
görür o möhtəşəm abidəni. Bax o abidənin
təməlinə ilk daşı mən qoymuşam... Nə isə,
bəzən çox ağrılı, bəzənsə
çox həzin məqamlardır... O illərdə söhbət
etdiyim qocalar hamısı şahidlik edirdi ki, türk əsgərlərindən
biri geri qayıtmayıb. Burda qalıb.
Burda qalan mehmetciyin adını da unutmamışdılar: Həsən
Çavuş. Həsən Çavuşun
sorağına düşdüm. Ondan bir xəbər
tuta bilmədim. Kəndlərimizdən
birinə yenə də şəhid gətirilmişdi. Əbdülov Həsən. Həsənin məzarını
babasının məzarının yaxınlığında
qazdılar. Babasının baş
daşına da Əbdülov Həsən
yazılmışdı. Adaş idilər.
Sən demə, şəhid Əbdülov Həsən
həmin Həsən Çavuşun, burada qalıb Həsən
Əbdülova çevrilmiş Həsən Çavuşun nəvəsi
imiş. Əslində, mənim müharibə
mövzusunda yazılmış ədəbi əsərlərə
yanaşmamda da həyatdan gələn meyarlarım var.
Çoxları mənim halımı anlamır. 25 ildir ki, ürəkdən gülə bilmirəm.
25 ildir ki, o səslər, o gecələr, o kəndlər,
o atalar, o analar, o qardaş və bacılar, o qəriblər, o
talelər, o Həsən Çavuşların taleyi
yaddaşımdan çəkilmir.
– Əlbəttə, ağrılı xatirələrdir.
– 55
yaşımın tamam olması münasibətilə
reallaşan bu söhbətimiz məni o illərə
apardı. Çoxdandır ki, mənə sitəm
edən anlar və anılar yenidən yaddaşımda boy verib
göründü. Mənim 130 belə xatirəm
var. Qarabağla – Ağdərəylə bağlı güllə
səsi ilə dolu xatirələrimin isə yaddaşımda
heç qımıldanmasını belə istəmirəm.
Bircə onu deyim ki, Azər Turan həm də
şəhid qanının ətrini hiss etmiş, zamanında
düşmənlə qarşı səngərdə
dayanmış bir adamdır.
– Hər keçən gün Turan
Cavidsiz günlər daha da artır. Siz ona çox yaxın
olmusunuz, xeyir-duasını almısınız. Bu itkini illər
keçdikcə hansı anlarda, hansı durumlarda daha çox
hiss edirsiniz?
– Bunu cəsarətlə
deyirəm ki, Turan Cavidlə çox yaxın deyil, ən
yaxın dost olmuşam. Bütün ölkə
və Turan Cavidin yaxınları da bilir ki, dünyasını
dəyişdiyi gün o, son sözlərini mənə deyib.
Dediklərinin içində bir söz vardı
ki, uzun illər bu sözün fərqinə vara bilmədim.
Ölümündən bir az əvvəl
son söhbətimizdə dedi ki, məndən sonra sənə
çox çətin olacaq. Amma dözməyi
bacar. Çünki ən sonunda uğur səninlə
olacaq. İnanıram ki, zatən məni
hifz edən də elə onların və təkcə
onların deyil, həyatımı həsr etdiyim insanların –
Cavidlərin, Əli bəy Hüseynzadələrin ruhudur.
Təkcə Xalid Səid Xocayevin ruhu adamı
behiştin qapısına qədər aparmaq gücündədir.
Yəni onların ruhu adamı leptonlar kimi
qoruyur. 2005-ci ildə Ərtoğrol Cavidin
500 səhifəlik kitabını çapa
hazırlamışdım. İndi hər
dəfə o kitaba baxanda elə bilirəm canlı
varlıqdı, elə bil, Ərtoğrolun özüdür.
Turan xanımı xatırlamadığım
gün olmur. Şəkli iş otağımın
divarındadır. Deyirlər, ədəbiyyat,
yazmaq ağrıdan qurtulmağın xilas yoludur. Amma Turan xanımla bağlı yazdığım yazı
da onunla bağlı ağrılarımın üzərinə
su səpmədi.
– Siz Hüseyn Cavidin əsərlərinin ilk Türkiyə
nəşrini hazırlamısınız. İstərdim
söhbətimiz o məsələyə yön alsın.
– Bu
iş Azərbaycan Respublikası Prezidentinin Siyasi-ictimai məsələlər
üzrə köməkçisi, professor Əli Həsənovun
təşəbbüsü və "Kaspi” Təhsil Şirkətinin
layihəsi əsasında gerçəkləşdi. Kitab İstanbulda nəşr olundu. İstanbul, Ankara və Eskişehir Universitetlərində
geniş təqdimatlar keçirildi. Mənim
üçün çox önəmli olan böyük alim
Ahmed Bican Ercilasun kitab barədə dəyərli fikirlər
söylədi. Nəşr prosesində
oradaydım. Gecə oteldə
yatmışdım. Cavid əfəndi
yuxuma gəldi. İlk və sonuncu dəfəydi
ki, Hüseyn Cavidi yuxuda görürdüm. Əynində qara kostyum vardı. Söhbət etdik. Daha doğrusu,
o danışdı, mən isə susub dinlədim.
– Nə danışdı?
– Dedi, sən
elə bilirsən, Çingiz Attiladan əvvəldir? Yox... Çüngiz Attiladan sonradır. Bunu dedi və
mən yuxudan oyandım. Bilirsiniz, onun iki əsəri
– "Çüngiz” və "Attila” həbs olunduğu
gün müsadirə edilib, evindən aparılıb. Ömrümün hər anı mənim
üçün əzizdir. Elə anlar var
ki, hələm-hələm ələ düşməz.
Kitabın İstanbul Universitetində təqdimatından
sonra bu münasibətlə ziyafət verildi. Unudulmaz olan nədir, bilirsənmi? Hörmətli Əli Həsənov Əli bəy
Hüseynzadənin qızı Feyzavər Alpsarı da ziyafətə
dəvət etdi. O günlərdə Feyzavər xanım
ürək çatışmazlığından əziyyət
çəkirdi. Həkimlərin sözünə
baxsa, gəlməməliydi. Ona telefon
açdım. "Gəlmək istərdim.
Amma gələ biləcəyəmmi?” –
dedi. Hər şeyə rəğmən, gəldi.
İbrahim Yıldırımla və onun
xanımı, Molla Vəli Vidadinin nəticəsi, tarixçi
Vəli Orkunun qızı Fügen xanımla gəldi.
16-cı mərtəbədə, pəncərələrindən
işıqlara qərq olmuş İstanbulun
sayrışdığı məkanda Hüseyn Cavidin adına verilən ziyafətin yuxarı
başında Əli bəy Hüseynzadənin
dünyamızdakı yeganə yadigarı əyləşdi.
Sirli-sehrli İstanbul gecəsi... Gözəl və
misilsiz anlar. Pəncərədə mavi
işıqlarla süslənmiş Boğaz körpüsü
görünürdü. "Boğaz nə
Boğaz. Allah zaval verməsin!” (Cavid). Bakıda yeni çapdan
çıxmış "Əli bəy Hüseynzadə”
kitabımı Feyzavər xanıma təqdim etdim. Kitabdakı şəkillərin hamısını və
bəzi tarixi sənədləri mənə o, özü
vermişdi. Ön sözünü
yazdığı kitabı sevgiylə vərəqlədi.
Qəfil başını qaldırdı,
baxışlarında kədərli bir məmnunluq vardı.
Pıçıltıyla "Sağ ol!” –
dedi. Sonra yenidən təkrar etdi: "Sağ ol!” Belə anılarım çoxdur mənim. Xüsusən də, İstanbulda Cavidlə, Əli bəy
Hüseynzadə ilə bağlı.
– Unudulmaz
gün olub...
– Mən Boğaz körpüsünün üstündən
ilk dəfə Feyzavər Alpsarla birgə keçmişdim. Əli bəyin
ziyarətinə – Qaracaəhmədə gedirdik. Hələ körpünün üstündəykən
"Oralar Üsküdar tərəfdir”, – deyə Əli bəyin
qızı Feyzavər xanım Asiya səmtindəki
qarşı yaxanı göstərmişdi.
Mən isə
Yəhya Kamalın misralarını
xatırlamışdım:
Son günün cəngi olurkən, nə
şafaqmış bu şafaq.
Üsküdar gözləri
dolmuş təpələrdən baxaraq,
Görmüş İstanbula yüz
min mələyin uçduğunu…
Saxlamış
durmuş, əsrlərcə xəyalında bunu.
O zaman
Salyandan apardığım torpağı Əli bəyin məzarına
səpmişdik. Sonra isə Hüseynzadənin
ziyarətinə mədəniyyət nazirinin birinci müavini
Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin
tərkibində getdim. Həmin gün
günorta İstanbul Universitetinin Seyid Həsən Paşa mədrəsəsində
yerləşən konfrans salonuna gəldik. TÜRKSOY-un
baş katibi Düsen Kaseinov, nazir müavini Vaqif Əliyev,
İstanbul Universitetinin professorları Şəfəq Sahir
Qaramehmetoğlu, İbrahim Yıldırım, Xəlil Bal
çıxış etdilər. Mən də
danışdım. XIX yüzilin
yetmişinci illərində Qafqaz Şeyxülislamı Axund
Əhməd Hüseynzadənin yazdığı və o
çağa qədər türkolojidə bənzərinə
nadir təsadüf edilən "Tarixi-ədəbiyyati-türki”
barədə danışdım. Buna daha çox heyrətlənən
İstanbul Universiteti ədəbiyyat fakültəsinin
dekanı, professor Mustafa Özkan və
universitetin prorektoru Şəfəq Sahir Qaraməhmətoğlu
oldu. Konfrans bitdi. Düsen Kaseinov TÜRKSOY
adından Əli bəy Hüseynzadənin adına
bir ziyafət verdi. Yenə də axşamdır... Yenə də İstanbul işıqlara qərq olub.
"Həmdi” restoranının pəncərəsi
bir tərəfdə Yeni Cameyə, bir yanda Qalata
körpüsünə açılır. Düsen
Kaseinov Əli bəy Hüseynzadəni bizdən az tanımır. Kembric Universitetinin
professoru Razia Sultan da dəvətlilər arasındadır.
TÜRKSOY-un baş katibi Əli bəy
Hüseynzadə barədə unudulmaz və çox təsirli
sözlər deyir. Və mənə xitabən,
"çalışma ki, Əli bəy Hüseynzadəylə
milyonlar maraqlansın. Milyonlar futbolla
maraqlanar. Hüseynzadə kütlənin
deyil, intellektuallarındır. Hüseynzadəni hər
ölkədə on nəfər oxuyub öyrənsə bu, yetər”,
– dedi.
– Mahmud Kaşqarlı, Əhməd Yəsəvi,
İsmayıl bəy Qaspıralı, Əli bəy
Hüseynzadə, Əhməd Ağaoğlu, Cəmaləddin
Əfqani, Yusif Akçura, Mehmet Akif Ərsoy, Hüseyn Cavid,
Yahya Kamal Bayatlı, Fuad Köprülü, Nihal Atsız,
Rıza Nur, Zəki Vəlidi Toğan, Bəkir Çobanzadə,
Cənab Şəhabəddin, Əhməd Haşim, Nəcib
Fazil Kısakürək, Nazim Hikmət, Orxan Vəli, Edip Cansevər,
Cahit Sıtkı Tarancı, Cemal Süreya, Çingiz
Dağcı, Çingiz Aytmatov və s. kimi böyük şəxsiyyətlərin
həyat və yaradıcılığından
yazmısınız. Kifayət qədər əhatəli
siyahıdır. Bu müəllifləri sizə
doğma edən, yaxud onların yaradıcı, estetik
oxşarlığı nədədir?
– Siz Alp Ər Tonqanın, Ənvər Paşanın
adını çəkmədiniz. Mən Hüseyn Caviddən, Əli bəy
Hüseynzadədən yazdığım şövqlə Alp
Ər Tonqa, yaxud Ənvər Paşa barədə də
yazıram. Mənə elə gəlir ki, Alp
Ər Tonqadan başlayaraq, Ənvər Paşa da daxil, sizin
saydıqlarınızın hamısı eyni estetik cazibənin
çevrəsində, eyni estetik dalğanın qoynundadır.
2001-ci ildə "Yeni Azərbaycan” qəzetinin "Ədəbiyyat”
əlavəsinə məsul redaktor olanda Ənvər Paşa
barədə yazdığım məqaləni "Turan hərbinin
romantiki” adlandırmışdım. Xatırlayıram,
o zaman bu yazı bəziləri tərəfindən bizim
"Ədəbiyyat” əlavəsinin manifesti kimi dəyərləndirilirdi.
Hətta "Bizim əsr” qəzeti "Manifest.
"Yeni Azərbaycan”ın "Ədəbiyyat" əlavəsi
proqramını açıqladı” başlıqlı bir
yazı dərc etmişdi və həmin yazıda "Yeni Azərbaycan"ın
cümə əlavəsi – "Ədəbiyyat" qəzetində
Azər Turan "Turan hərbinin romantiki Ənvər
Paşa" adlı ön yazısında nəhayət, nəşrin
proqram əsasını genişliklə açıqladı”–
deyə qeyd olunurdu. Yenə də o
düşüncədəyəm. Barokkodursa
barokkodur, yaxud "Ədəbiyyat qəzeti”nin bugünkü
istiqamətini əsasən modernist estetika hesab edirlərsə
yanılmırlar. Amma gəlin bunu tarixin
öhdəsinə buraxaq. Tələsməyək, qoy son
sözü ədəbiyyat tarixinin özü desin. "Ədəbiyyat qəzeti”nə baş redaktor təyin
olunarkən verdiyim ilk müsahibədə
"Füyuzat”ın dayandığı yerdən
başlayacağımı açıq şəkildə
demişdim.
– "Füyuzat” harda
dayanmışdı?
– "Füyuzat” Şeksprin Yuli Sezarın dilindən
yazdığı sözlərdə dayanmışdı.
–
Hansı sölərzdə?
– "O halda məni təqib edin”. Bu,
"Füyuzat”ın son sözüydü.
– Siz də
təqib etdiniz...
– Bəli.
Amma Yuli Sezarı deyil, "Füyuzat”ı təqib
etdik.
– Akademik
İsa Həbibbəyli yəqin bunu nəzərdə tutub
"Azərbaycan ədəbi prosesi, onunla harmoniyada olan,
üzvi bağlı olan dünya ədəbi prosesini əks
etdirmək "Ədəbiyyat qəzeti"nin indiki
simasını müəyyən eləyir... Məncə,
Azər Turan bizim əsrin əvvəllərində olan Əli
bəy Hüseynzadədən, Əhməd Ağaoğludan
başlayan missiyanı layiqincə özündə simvolizə
edə bilir” – deyir.
– İsa müəllim XX əsrin əvvəllərindəki
ədəbi prosesi təfərrüatına qədər bilən
görkəmli mütəxəssisdir. Məramımızı
dəqiq ifadə edib.
– Ötən
il "Ədəbiyyat qəzeti”
yayınları seriyasından gənc və nakam şair Faiq
İsmayılov haqqında kitab çap etdirdiniz. Bu seriyadan nəşrin davamı olacaqmı?
– Bəli,
davam edəcəyik. Hazırda qəzetin layihələrindən
olan "Müzakirə saatı”nı kitab kimi
hazırlamışıq. Yaxın günlərdə
çap olunmalıdır. Müstəqillik
dövründə ədəbiyyatımızın müxtəlif
yaradıcılıq problemlərinə toxunan bu kitabın ədəbiyyatşünaslığımız
üçün faydası böyük olacaq. Ardınca digər layihələrimizi kitab kimi təqdim
etməyi düşünürük. Bir məqamı da
vurğulayım, bu il daimi müəlliflərimizdən
Rüstəm Kamalın və Məti Osmanoğlunun qəzetdə
çıxan məqalələrindən ibarət
kitablarının çap olunmasını da qəzetimizin
uğuru kimi dəyərləndirirəm.
– Elə
sizin son kitabınız – "Fəryadın metafizikası” da
qəzetdə dərc edilən məqalələrinizdən
ibarətdir.
– Elədir,
çap olunmayan, yaxud ixtisarla dərc etdirdiyim bəzi əlavə
yazılar da var kitabda.
– Kitabınızın təqdimatını
niyə Bakıda deyil, Neftçalada elədiniz?
– Həm fərqli təqdimat arzulayırdım, həm də atamın ruhunu sevindirmək istədim. Elə bildim ona belə daha xoş olar. Sağlığında ədəbiyyat adamları onu görmək üçün gəlirdilər ora. Yenə elə olsun istədim. Çox yüksək səviyyəli təqdimat oldu.
– Azər müəllim,
atanız İmamverdi Əbilovun vəfatından sonra
doğulduğunuz evə getmək çətin olar sizə?
– Çətindir. O evin hər tərəfi xatirələrdir. Səs-küy hələ də qulaqlarımdadır. Hərdən tar, yaxud piano çalmaq üçün rayona – evimizə gedirəm. Uşaqlığım Bramsın, Şopenin, Sen Sansın, Baxın, Bethovenin, Çaykovskinin, Rimski-Korsakovun, Musorqskinin musiqilərini dinləməklə keçdi. Atamın alıb gətirdiyi vallar patefonda hərləndikcə sanki xoşbəxt olurdum. Ən çox sevdiyim plastinka Emil Qilelsin ifasında fortepiano musiqisiydi. Qara rəngli "Belarus” pianomuzu evimizin relikviyası hesab edirəm. O pianoda hələ sovetlər dönəmində Emin Sabitoğlu Azərbaycan himnini çalıb. Bəstəkar Adil Gəray "Baxçasaray fantaziyası”nı ifa edib...
– Hazırda tədqiqat
apardığınız hansı mövzular var?
– Üçlü düsturun – milli triadanın yaranma tarixindən bəhs edən "Türkləşmək, islamlaşmaq, avropalaşmaq” adlı kitab yazıram. Bundan başqa, rejissor dostlarımdan biri ilə teatrlarımızdan birində tamaşaya qoyulmaq üçün Cavidlər ailəsi haqqında pyesin üzərində çalışırıq. Əli bəy Hüseynzadə ilə bağlı kitabım Türkiyədə çapa hazırlanır... Allah sağlıq versin, hələ görüləcək işlər çoxdur.
Söhbətləşdi:
Fərid Hüseyn
Kaspi.-2018.-15-17 sentyabr.-S.12-13.