Naxçıvanın musiqi
mədəniyyətinin inkişafında Hacıbəyovlar nəslinin
xidməti
Xidmətlərinə görə, muxtar
respublika əhalisi Üzeyir Hacıbəyovu deputat
seçmişdi
Əsrlərin yadigarı olan Naxçıvanın tarixi abidələrinin üzərindəki musiqi alətlərinin təsviri bu torpağın musiqi mədəniyyətinin çox-çox qədimliyindən xəbər verir. Onu da qeyd etmək lazımdır ki, musiqi alətlərinin rəsminə muxtar respublikamızın ucqar rayonlarından olan Şahbuz, Ordubad və Culfa ərazisində də rast gəlinib və qeydə alınıb. Bu cür rəsmlər qəbirüstü daş kitabələrdə də tapılıb.
Öz sənətinin incəliklərinə yiyələnmiş, el arasında məşhurlaşmış musiqiçilərin, tanınmış sənətkarların ölümündən sonra, qəbirlərin üzərində onların şərəfinə qoyulan abidələrdə, vəfat etmiş şəxsin sənətini əks etdirən alətlərin təsviri həkk edilmişdir.
Qədim Naxçıvan torpağında böyük sənət adamları, ustad ifaçılar, görkəmli səhnə ustaları mədəniyyət tariximizi inkişaf etdirmişlər. Bu sahədə əvəzsiz xidmətlər göstərən Hacıbəyovlar nəslinin adı muxtar respublikamızın mədəniyyət tarixinə qızıl hərflərlə həkk olunmuşdur.
Muxtar Respublikamızın mədəni həyatı ilə ilkin olaraq Maestro Niyazinin atası Zülfüqar Hacıbəyov maraqlanmış və diqqətəlayiq işlər görmüşdür. Zülfüqar Hacıbəyov ilk dəfə 1910-cu ildə Naxçıvana qastrol səfərinə gəlmiş və burada Üzeyir Hacıbəyovun "Məşədi İbad” əsərini tamaşaya qoymuşdur. Bundan əlavə o, bir neçə il Naxçıvanda fəaliyyət göstərərək dəyərli işlər görmüşdür.
Zülfüqar Hacıbəyov 1920-ci ildən başlayaraq bir neçə il Mirzə Əbdülqasım Sultanovun evində yaşamışdır. Bu illərdə o, eyni zamanda Tiflis teatrı ilə də əlaqə saxlayırdı. O, aylarla Tiflisdə qalmalı olurdu. Elə həmin il bəstəkara xoşbəxtlik üz verir. Onun ilk oğlu - gələcək bəstəkar-dirijor, maestro Niyazi dünyaya gəlir.
Zülfüqar Hacıbəyov yerli truppa ilə gərgin işə başlayır. O, Ü. Hacıbəyovun "Məşədi İbad” və özünün "Əlli yaşında cavan” əsərlərini tamaşaya qoyur. Onu da qeyd edək ki, bəstəkar özünün "Evliykən subay” operettasını Naxçıvanda olarkən tamamlamışdır. Bu operetta 1912-ci ilin mart ayında Naxçıvan şəhərində tamaşaya qoyulmuşdur. 1910-cu illərə qədər Azərbaycan qadınlarını teatrda görmədiyimiz bir halda, Naxçıvanda qadınlar üçün təşkil edilmiş teatr salonu həmişə başdan-başa qadınlarla dolu olurdu. Sözsüz ki, bu cür hallar Hacıbəyovların əvəzsiz xidmətləri nəticəsində mümkün olurdu. Zülfüqar Hacıbəyov, eyni zamanda, Naxçıvanda şərq musiqisindən ibarət məclislər də keçirərdi. O, xalq çalğı alətləri ifaçıları ilə mütəmadi olaraq məşqlər aparır, eyni zamanda dram dərnəyi üzvlərinin musiqi təliminə böyük diqqət verir, ifaçıların zövqünü və bacarığını inkişaf etdirmək üçün əlindən gələni əsirgəmirdi. Z.Hacıbəyov 1920-ci ildə "Ər və arvad” operettasından parçaları tamaşaya hazırlayırdı. Əsərdəki əsas obrazlardan birini mərhum Məmmədtağı Sidqinin oğlu Paşa Səfərova, Mərcan bəyin arvadı Minnət xanımın rolunu isə Antonina adında bir rus qızına tapşırmışdı. Tamaşa çox maraqla qarşılanmış, Paşa Səfərov öz rolunu məharətlə oynamışdır.
Bu da musiqi tariximizdə silinməz bir faktdır ki, Zülfüqar və Üzeyir Hacıbəyovların operettalarının Naxçıvan teatrında tamaşaya qoyulması böyük mədəni hadisəyə çevrilmiş, bu tamaşalar mədəniyyətin inkişafında mühüm rol oynamışdır. Bu operettalar oynanılan günlərdə Naxçıvan teatrı ağzına kimi dolu olmuş, hər kəs özü üçün bu əsərlərdən ibrət dərsi almışdır. 1917-ci ildə Z.Hacıbəyov Naxçıvan teatrında Ü.Hacıbəyovun "Məşədi İbad”, "Ər və arvad” musiqili komediyaları ilə yanaşı, özünün "Əlli yaşında cavan” əsərini, eyni zamanda, dövrünün bir sıra digər sənətkarlarının əsərlərini də tamaşaya qoymuşdur.
1917-ci il oktyabrın 18-də Ü.Hacıbəyovun "Arşın mal alan” musiqili komediyası Rza Təhmasibin rəhbərliyi ilə yeni quruluşda tamaşaya qoyulmuşdur. Tamaşada Əsgər rolunu Rza İsfəndiyarlı, Gülçöhrəni Teymur Qasımov, Asiyanı Mirhəsən Mirişli, Süleyman rolunu Həsən Səfərli, xalanı Muxtar Nəsirov, Tellini Heydər Muradov, Vəlini Qurbanəli Abbasov, Soltan bəyi Əli Xəlilov ifa edirdilər. Belə tamaşaya qadınlar xüsusi ilə həvəs göstərirdilər.
Məşhur müəllim və yazıçı Rəşid bəy Əfəndiyev 1917-ci ilin axırında Naxçıvanda qızlar məktəbinin müdiri vəzifəsində çalışarkən, həmin məktəbin müəlliməsi, qadınların maarifləndirilməsi yolunda var qüvvəsi ilə çalışan Nazlı xanım Nəcəfova Rza Təhmasibin köməkliyi ilə məktəbin qızlardan ibarət dram dərnəyini yaratdı. Bu, Naxçıvan tarixində görünməmiş mədəni inqilab idi. Naxçıvan dram teatrının aktyorları və qabaqcıl fikirli ziyalılar dram dərnəyinə köməklik göstərirdilər. 1917-ci ilin noyabr ayının 12-də qadınlar üçün "Arşın mal alan” musiqili komediyası göstərildi. Zal qadınlarla dolu idi. Tamaşada rolları ifa edən xanımlar - Soltan bəy - Süsən Sultanova, Cahan xala - Gövhər Kəngərli, Süleyman - Asiya Məmmədəliyeva, Vəli - Xanım Vəzirova, Gülçöhrə - Dilbər Sultanova, Əsgər - Günəş Kəngərli, Asiya - B.Naxçıvanskaya, Telli - Fatma Şeyxova öz rollarının öhdəsindən gəldilər və tamaşaçılar tərəfindən hərarətlə alqışlandılar.
Naxçıvanın mədəni həyatında mühüm rol oynamış Hacıbəyovların yaradıcılığına günü-gündən yerli əhali arasında maraq daha da artırdı. Bunu nəzərə alan Səməd Mövləri 1922-1923-cü illərdə Ü.Hacıbəyovun "Əsli və Kərəm”, "Leyli və Məcnun”, "Şah Abbas və Xurşud Banu”, Z.Hacıbəyovun "Aşıq Qərib” operalarını tamaşaya qoymuşdur. 1938-ci ilin əvvəllərində Naxçıvan əhalisi dahi bəstəkarımız Ü.Hacıbəyovu deputat seçir. Onu da qeyd edək ki, Ü.Hacıbəyov Naxçıvanın mədəni həyatı ilə yaxından maraqlanmış və onun inkişaf etdirilməsinə səylə çalışmışdır. Məhz bunun nəticəsidir ki, Ü.Hacıbəyov tərəfindən 1938-ci ildə Muxtar Respublikada professional musiqinin inkişaf etdirilməsinə yol açan 1 saylı musiqi məktəbi fəaliyyət göstərməyə başladı. Dahi bəstəkarımız həmin məktəbə bir ədəd piano bağışlamışdı. Bu məktəb Muxtar Respublikanın mədəni həyatında mühüm rol oynadı. Çox keçmədi ki, bu məktəbin yetirmələri Bakı Musiqi Texnikumunda təhsillərini davam etdirmək imkanı qazandılar. Həmin illərdə təhsilini davam etdirən tələbələrdən biri də Məmməd Qəzənfər oğlu Məmmədov olmuşdur. O, təhsil illərini bu cür xatırlayırdı: ”Musiqi texnikumunun 1-ci kursunda oxuduğum vaxtda bərk xəstələnmişdim. Musiqi texnikumuna rəhbərlik edən böyük şəxsiyyət, dahi bəstəkarımız, gözəl, xeyirxah insan Ü.Hacıbəyovun qayğısı nəticəsində məni xəstəxanaya apardılar. O, dolanışığımla maraqlandı, mənə maddi, mənəvi cəhətdən bir ata kimi köməklik göstərdi. Xəstələnməyimdən xəbər tutan atam Bakıya gəlib, hansı xəstəxanada olmağım barədə məlumatı Ü.Hacıbəyovdan alır. Ü.Hacıbəyov atamın cibinə pul qoyur, işçilərindən birinə tapşırır ki, atamı mənim yanıma - xəstəxanaya aparsın. Kaş, Üzeyir bəy kimi insanlar çox olardı”. 1946-cı ilin əvvəllərində Naxçıvan Dövlət Teatrının işçiləri Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyovu Naxçıvan seçki dairəsindən SSRİ Ali Sovetinin Millətlər Sovetinə deputatlığa namizəd göstərmişlər. Həmin müddət ərzində Ü.Hacıbəyov Ordubad şəhərində olmuş, oranın mədəni həyatı ilə maraqlanmışdı. Ordubadda yeganə tar ifaçısı olan Məmməd Qəniyevi Azərbaycan Dövlət Konservatoriyasına aparmış, ona tar ixtisası üzrə təhsil vermişdir.
Hacıbəyovlar nəslinin başqa bir nümayəndəsi, maestro Niyazi də Naxçıvanın mədəni həyatı ilə əlaqəli olmuşdur. O, 1974-cü ildə Naxçıvan Muxtar Respublikasının 50 illik yubileyinə həsr olunmuş dövlət konsertinin hazırlanmasına rəhbərlik etmişdir. Bu vaxt o, həm də Naxçıvan musiqiçilərinin problemləri ilə maraqlanmış və onlara dəyərli məsləhətlər vermişdir. Maestro Niyazi yubiley ərəfəsində Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevə müraciət edərək bildirmişdir ki, Naxçıvanda Musiqi Texnikumunun açılmasına köməklik göstərsin. Çox keçmir ki, 1975-ci ildə ulu öndərin qayğısı nəticəsində Naxçıvanda Musiqi Texnikumu fəaliyyət göstərməyə başlayır. Bunu da qeyd edək ki, bu məktəbin açılışında Niyazinin özü də iştirak etmişdir. Bu məktəb uzun illər dahi bəstəkarımız Ü.Hacıbəyov adına Musiqi Texnikumu kimi fəaliyyət göstərmişdir. Niyazi həmişə Naxçıvanın musiqiçiləri ilə maraqlanmış, onlara öz köməyini göstərmişdir. Mədəniyyət tariximizi izləyərkən rastlaşdığımız bütün bu faktlar göstərir ki, Azərbaycan musiqisinin inkişafında əvəzsiz xidmətləri olan Hacıbəyovlar nəsli Naxçıvanda musiqi mədəniyyətinin yüksəlməsinə də böyük töhfə vermişlər.
Bənövşə
Rzayeva,
Naxçıvan
Bəstəkarlar Təşkilatının üzvü
Kaspi.-2018.-15-17 sentyabr.-S.7.