Üzeyir musiqisi əsl
bayramdır
Bu gün Üzeyir Hacıbəyli X
Beynəlxalq Musiqi Festivalına start verilir
Musiqi həyatımızın ayrılmaz hissəsidir və
biz ona çox bağlıyıq. Bu bağlılıq
insan ömrünün ilk anlarından başlayır. Beşikdə yatan körpə anasının
şirin laylasına qulaq asdıqca rahatlaşır. Həyatımızın sevincli, qürurlu, eləcə
də kədərli anları müxtəlif xarakterli musiqilərlə
müşayiət olunur. Göründüyü
kimi, musiqi insanın bütün həyatını
müşahidə edir.
Maestro Niyazi tərəfindən elan
olunan musiqi günü
Dünyada elə bir xalq yoxdur ki, onun özünəməxsus
musiqi mədəniyyəti olmasın. Musiqi millətləri
birləşdirən, onların qarşılıqlı
anlaşmasını təmin edən universal bir dildir. Bu gün mədəniyyətin ən kamil təbliğatçısı
olan musiqinin günüdür. Bu
günün musiqi günü elan edilməsi də təsadüfən
seçilməyib. Məhz 18 sentyabrda dahi
Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli
dünyaya göz açıb. Məhz bu
günü Azərbaycanda Milli Musiqi Günü kimi qeyd edirik.
Böyük bəstəkarın ad
gününün bayram kimi qeyd edilməsi ənənəsinin
əsası maestro Niyazi tərəfindən qoyulub.
Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin
vəfatından sonra hər il bu
günü qeyd edərmiş. Maestro Niyazinin təşəbbüsü
ilə XX əsrdə hər il
sentyabrın 18-i böyük bəstəkarımız
Üzeyir bəy Hacıbəylinin anadan olduğu gün kimi
respublikamızda xüsusi təntənə və mərasimlərlə
qeyd edilirdi. Elə bu gün də qeyd edilməkdədir.
Heydər Əliyevin sərəncamı
və Üzeyir Musiqi Günü
Böyük bəstəkarın özfəaliyyət səviyyəsində
xatırlanması isə narahatlıq doğururdu. Mədəniyyətimizin
böyük hamisi, ümummilli lider Heydər Əliyev məhz
bu günü də unutmadı. Unudulmaz
Niyazinin təşəbbüsü ilə keçirilən
Üzeyir Musiqi Günü 1995-ci ildə dövlət statusu
aldı. Ulu öndərin sərəncamı ilə hər
il 18 sentyabr – Üzeyir Musiqi Günü
kimi qeyd olunmağa başlandı. Bu nəcib qərar
bütün insanların, xüsusilə də musiqisevərlərin
ürəyincə oldu.
Bu gün Azərbaycan musiqisi əsl çiçəklənmə
dövrünü yaşayır. Ölkəmizdə
davamlı olaraq keçirilən beynəlxalq musiqi
festivalları, müxtəlif müsabiqələr
bütövlükdə Azərbaycan mədəniyyətinin,
Azərbaycan musiqisinin daha geniş miqyasda təbliğinə
xidmət edir. Dünya musiqi xəzinəsinə parlaq
incilər bəxş edən Üzeyir Hacıbəyli Azərbaycanda
peşəkar musiqinin banisidir, bəstəkarlıq məktəbinin,
musiqili komediya janrının yaradıcısıdır, Şərqdə
operanın, operettanın əsasını qoyub, dövlət
xorunu, simfonik orkestri yaradıb, dünya musiqi xəzinəsini
ölümsüz əsərləri ilə zənginləşdirib.
Və ən əsası, Azərbaycan musiqisinin
fəxridir. Bəzən ona Azərbaycan
musiqisinin atası da deyirlər.
Hər ilin sentyabrın 18-də keçirilən
Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı ənənə
halını alıb. Bu il artıq X Beynəlxalq Musiqi
Festivalı ilə musiqi gününü qeyd edəcəyik. Hər
il məhz musiqi günündə ölkəmizin
hər yerində bu münasibətlə müxtəlif tədbirlər
keçirilir, bu tədbirlərə dünyanın məşhur
sənət adamları qatılır.
Bu musiqi günündə biz də Azərbaycanın
sayılıb-seçilən musiqiçiləri
danışdırdıq. Musiqi ilə
yoğurulan sənət adamlarının bu bayram günündə
fikirlərini xəbər aldıq.
Onlar Üzeyir Hacıbəylinin
davamçılarıdır
Musiqişünas
pedaqoq, Sәnәtşünaslıq üzrə
fəlsəfə doktoru, Azərbaycan Bəstəkarlar
İttifaqının katibi, Bakı Musiqi Akademiyasının
professoru Zemfira Qafarova deyir ki, musiqi onun həyatıdır:
"Musiqisiz yaşamaq mümkün deyil. Uşaqlıqdan
musiqi mənimlədir. O vaxtdan bu aləmdə
yaşamışam. Düzdür, valideynlərim
rəssam olublar. Buna baxmayaraq, anam
fortepianoda, atam isə tarda ifa edirdi. Mən
İçərişəhərdə böyümüşəm.
Ətrafımızda Azərbaycan mədəniyyət
tarixinə öz adını qızıl hərflərlə
yazdıran bir çox yaradıcı insanlar yaşayıblar.
Onların da mənim musiqi sevgimə
böyük təsiri olub. Musiqi insanın
həyatda təsəvvür edə bilməyəcəyi
gözəl duyğulardan ibarətdir. Musiqilər
fərqli olurlar. Var irihəcmli əsərlər,
simfoniyalar, operalar, baletlər, bir də var demokratik, xalqa daha
yaxın janrda olan mahnılar. Çox
arzulayıram ki, milli musiqilərimizin tarixində gözəl
musiqilər yaddaşda qalsın”.
Z.Qafarova Ü.Hacıbəylinin Azərbaycan musiqi mədəniyyəti
tarixində yeni istiqamət və milli bəstəkarlıq məktəbinin
özülünü qoyduğunu qeyd edir: "Azərbaycan
musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra
digər janrlarda ilk nümunələrin yaradıcısı
kimi tanınmış dahi bəstəkarımızın bu
gün doğum günüdür. O, ilk azərbaycanlı
folklorçu-bəstəkar və Azərbaycan musiqisinin dərinliklərini
və istiqamətlərini araşdırıb üzə
çıxarmış və əsaslandırmış ilk azərbaycanlı
musiqişünas alimdir. 50-ci illərdə Qara
Qarayevin təşəbbüsü ilə kvarteti yaratdılar.
Bunlar çox önəmli hadisələrdir.
Bu günkü bayramımız məhz
Ü.Hacıbəylinin adı ilə bağlıdır.
Çox istərdim ki, festivallarda, konsertlərdə
onun yaratdığı kollektivlər iştirak etsin. Bilirsiniz ki, Xalq Çalğı Alətləri
Ansamblını, Xor kollektivini o yaradıb. Onlar Ü.Hacıbəylinin
davamçılarıdırlar. Ü.Hacıbəyli
həmişə deyirdi ki, "xalq musiqisi də
lazımdır, Avropa musiqisi də. Milli
musiqimizdə istəyərdik ki, dünya musiqi incilərimiz
olsun”. Təbii ki, bu, Ü.Hacıbəylinin
bizə miras qoyduğu tövsiyə idi və hansı ki, biz
bu gün o tövsiyəyə əməl edirik”.
Üzeyir bəyin Azərbaycan musiqisi
üçün etdiklərini unutmuruq
Üzeyir
Hacıbəylinin Ev Muzeyinin direktoru, Əməkdar
incəsənət xadimi, fəxri mədəniyyət
işçisi Sərdar Fərəcovdeyir ki, musiqi
bütün dünyada xalqların mədəniyyətinin
göstəricisidir: "Dünyada elə bir xalq yoxdur ki, onun
musiqisi olmasın. Onların içərisində
Azərbaycan musiqisi ən mükəmməlidir. Bizim xalq mahnılarımız, aşıq musiqimiz,
muğamlarımız, daha sonra peşəkar bəstəkarlarımızın
yaratdığı musiqilərin hamısı bizim mədəniyyətin
ən gözəl incilərindəndir. Azərbaycan
xalqı da bu musiqilərlə öz mədəniyyətini
qoruyur, gözəlləşdirir, saflaşdırır. Mənim üçün musiqi həyatın ən
gözəl, mənalı məfhumudur. Günümün
çoxu musiqi ilə keçir. Məhz bu
günkü musiqi bayramı dahi bəstəkar Üzeyir
Hacıbəylinin adı ilə bağlıdır. Ü.Hacıbəylinin Azərbaycan musiqisi
üçün etdiklərini unutmuruq. Bu
gün də onlar Azərbaycan xalqının mənəviyyatını
saflaşdırır, gözəlləşdirir. Üzeyir musiqisi əsl bayramdır. Dövlətimiz də bizim musiqilərimizə
çox böyük əhəmiyyət verir, dəyərləndirir.
Keçirilən musiqi festivalları buna əyani
sübutdur. Məhz bu gün start götürən
Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı buna
bariz misaldır. Bu festivala dünyanın hər
yerindən musiqiçilər, orkestrlər, ifaçılar təşrif
buyurub. Bütün bunların
çıxışları, xalqa bəxş etdiyi ifalar əslində
böyük bayramın bir hissəsidir. Güman
edirəm ki, Üzeyir Festivalında bizim də töhfəmiz
olacaq”.
Musiqi ilə yaşamaq bir
bağlılıqdır
Xalq
artisti, "Şöhrət” ordenli Faiq Sücəddinov bizimlə
söhbətində bildirdi ki, ömrünü musiqiyə həsr
edib və musiqisiz özünü təsəvvür edə
bilmir: "Hər gün musiqi ifa edirəm və mən musiqi ilə
nəfəs alıram. 4 il Asəf Zeynallı
adına Musiqi Texnikumunda, 5 il də Azərbaycan Dövlət
Konservatoriyasında təhsil almışam. Bu
enerji ilə yaşayıb, çalışmışam.
7 yaşımdan musiqi ilə məşğulam.
Musiqi həyatımın bir parçası olub.
Musiqi mənim balamdır, nəvəmdir, ailəmdir.
Hər zaman məni musiqi əhatə edir. Mənim musiqisiz bir günüm də olmur. Getdiyim hər yerdə Azərbaycan musiqisi mənimlə
olub. Bu gün biz musiqiçilərin
bayramıdır. Azərbaycan musiqisi
çoxəsrlik inkişaf yolu keçib. Onun
kökləri əsrlərin dərinliklərinə gedib
çıxır. Onunla yaşamaq, işləmək,
əhatə olunmaq o deməkdir ki, sən gözəllik
içərisində yaşayırsan. Hər
zaman da demişəm ki, musiqi ilə yaşamaq bir
bağlılıqdır”.
F.Sücəddionov Azərbaycanın zəngin musiqi sənətinin çoxəsrlik inkişaf tarixinə malik olduğunu qeyd edərək Ü.Hacıbəylinin yaradıcılıq yolundan danışdı: "Ü.Hacıbəyli bizə öz gözəl musiqisini ərməğan qoyub gedib. O, Şərq dünyasında ilk opera yazıb. Üzeyir bəy Azərbaycan musiqisində köklü dönüş yaratmış dahi bəstəkardır. O, 20-ci əsrin əvvəllərinədək şifahi xalq musiqi sənəti şəklində mövcud olan Azərbaycan milli musiqisini Qərbi Avropa bəstəkarlıq məktəblərinin nailiyyətləri, forma və janrları ilə zənginləşdirib. Azərbaycan və ümumiyyətlə Şərq musiqisinin gələcək inkişaf perspektivlərini, estetik prinsiplərini müəyyənləşdirib. Müsəlman Şərqində ilk operetta da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Bu gün onun doğum günü, bizim isə bayramımızdır. Bayramımız mübarək!”
Ekspertlərin də dediyi kimi, Üzeyir Hacıbəyli kimi dahilərin sənət dünyası ilə daha da zənginləşən Azərbaycan musiqisi bu gün çiçəklənmə dövrünü yaşayır. Üzeyir bəyin heç vaxt təravətini itirməyən irsi misilsiz sərvətdir. O, bu sərvəti bütün bəşəriyyət üçün qoyub gedib. Bizə də bu sərvəti qorumaq və gələcək nəsillərə səviyyəli şəkildə ötürmək qalır.
Musiqi hisslərin uğultusudur. Musiqi göylə yer arasında bir ahəngdir. Bayramınız mübarək, əziz musiqisevərlər! Musiqi Günü ilə başlayan Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalında görüşmək ümidi ilə.
Xəyalə Rəis
Kaspi 2018.- 18 sentyabr.- S.12.