“Özümü
şahzadə kimi hiss edirdim”
Oksana Rəsulova: Gözəllik pula
baxmır. Elə ucuz vasitələr var ki, onlarla da istədiyiniz
nəticəni əldə edə bilərsiniz
"Məşhurların gözəllik sirrləri”
rubrikamızın qonağı istedadlı aktrisa, hind
mahnılarının peşəkar rəqs
ifaçısı Oksana Rəsulovadır. Aktrisa hər
zaman medianın və tamaşaçıların diqqət mərkəzində
olub. Biz də onun gözəllik sirrlərini
öyrənmək üçün suallarımızı
ünvanladıq.
- Oksana Rəsulova gözəlliyini
nəyə borcludur?
-
Özümü gözəl hesab etmirəm. Çünki həyatda
məndən də gözəl xanımlar var. Mən ki,
gözəl deyiləm... O ki qaldı sualınıza, xarici
görünüşümü öncə Allaha, daha sonra
valideynlərimə borcluyam. Valideynlərim
çox yaraşıqlıdır.
- Gözəl, cazibədar və
baxımlı olmağın avantajları nələrdir?
- İnsan simasının gözəl olmasını istəyirsə,
ilk növbədə daxilini təmizləməlidir. Daxilində
olan paxıllığı, pis niyyətliliyi təmizləsə,
bu onun simasına da yansıyacaq. Mənim
üçün ilk növbədə xarici
görünüş deyil, insanın daxili gözəlliyi
önəmlidir. Hər bir qadın
özünə baxmalı və baxımlı
olmalıdır. Bəzən deyirlər ki,
filankəsin imkanı var deyə gözəldir. Mən bu fikirlərlə razı deyiləm. Gözəllik pula baxmır. Elə
ucuz vasitələr var ki, onlarla da istədiyiniz nəticəni
əldə edə bilərsiniz. Hər kəs
öz cibinə görə özünə baxmalıdır.
- Uzun müddətdir ki, sizi
tanıyırıq və hər zaman efirdə, gündəmdə,
mediada sizi fit, formada, baxımlı görürük. Bunlara
necə nail ola bilirsiniz? Və
rəqsin bu işdə hansı rolu var?
- Əlbəttə ki, rəqs insanı hər zaman cavan
göstərir. Rəqslə sağlam olmaq və istədiyin
bədən formasında qalmaqda mümkündür. Ancaq mən fiquramı qorumaq üçün fitnesə
gedirdim. Hazırda fasilə vermişəm.
Bir neçə aydan sonra yenidən fitneslə məşğul
olacağam. Onu da deyim ki, indiyə qədər
heç bir dietadan istifadə etməmişəm. Dieta saxlamamışam. Hər bir
insanın bədən forması onun genindən
asılıdır. Bizim ümumiyyətlə
nəslimizdə kök insan olmayıb. İnsan
yaşlandıqca kökəlir. Hər
şey yemək lazımdır. Mən özümü
heç nədən məhrum etmirəm, hər şey yeyirəm,
amma çox az miqdarda. Bədəni
buna öyrəşdirmək lazımdır. Dərim və saçlarıma qulluq edirəm.
- Hindistanda keçirilən festivalda
"Müsabiqənin ən gözəl qızı” tituluna
layiq görüldünüz. Sizcə, efir
üçün gözəllik nə qədər önəmlidir?
- Bu,
tamaşaçıların seçimi idi. Ekran
tələb edir ki, aktrisanın üzü baxımlı,
saçları parlaq, dərisi şəffaf olsun. Ümumiyyətlə, efirə çıxan hər
bir insan bu qaydalara riayət etməlidir. Səhnə
gözəllik tələb edir. Tamaşaçının
gözü tərəzidir. Göz də
baxanda efirdə gərək istirahət etsin. Aktrisalar, müğənnilər gərək gözəl
formada, geyimdə, şəffaf olsunlar. Tamaşaçı
onlara baxanda valeh olsun, onlar da gözəl görünməyə
çalışsın. Efirə çıxan hər
bir insan tamaşaçıya müsbət emosiyasını, qüvvəsini
ötürməlidir. Amma elə kök adamlar
var ki, min arıq insana dəyər. Kök
olmaq ayıb bir şey deyil. Elə kök
xanımlar tanıyıram, daxilləri o qədər gözəldir
ki, köklüyü o qədər də üzə vurmur.
O, həmin çəki ilə də qəbul edilir və
sevilir.
- Sosial şəbəkədən izlədiyimiz
qədəri ilə, hər zaman stilist Nura xanımla
çalışırsınız. Simanızı
başqa stilistlərə etibar etmirsiniz?
- Mən Nura Babayeva ilə 10 ildir ki, işləyirəm. Ona qədər
bir çox stilistlər mənə müraciət etmişdilər
ki, sizinlə çalışaq və yeni imic yaradaq. Mən o təkliflərin heç birinə razı
olmamışam. Çünki Nuranın
işi məni qane edir. O, öz işinin peşəkarıdır.
İşini bilir, onun dünya şöhrətli
işləri var. Nurayla işləmək hər bir
tanınmış sima üçün fəxrdir. O mənimlə
uzun müddətdir ki, işləyir və artıq üz
cizgilərimə bələddir. Harada necə
görünmək lazım olduğunu yaxşı bilir. Əvvəllər onun yanına gedəndə
düşünürdüm ki, onunla bundan sonra işləməyəcəm.
Ancaq gördüm ki, başqa stilistlər də
ya şaçımı yandırır, ya da üz cizgimə
yaraşmayan makiyaj edir. Nuranın işlərini
isə nəinki mən, tamaşaçılarım da bəyənir.
Onun müştəriləri mənim şəklimi
göstərib, həmin cür makiyaj olunmaqlarını istəyirlər.
Nura eyni zamanda gözəl insandır, onunla
işləmək mənim üçün böyük həzdir.
Bir-birimizi başa düşürük,
artıq rəfiqə olmuşuq. Onu bir
bacı kimi çox istəyirəm.
- Əvvəllər sizi hind
rəqslərinin mahir ifaçısı kimi tanısaq da,
sonradan aktrisa kimi məşhurlaşmağa
başladınız. Xanım
həmkarlarınızdan sizə paxıllıq edənlər
varmı?
- Son 4
ildir ki, aktrisa kimi fəaliyyətə başlamışam, təbii
ki, rəqqasəlik də öz yerində. Paxıllıq edənlər
yəqin ki, var, ancaq onların kim
olduqlarını bilmirəm. Paxıllıq,
qısqanclıq daxildən gələn bir şeydir. Nəinki tanınmış sima, adi insanların
yanında, ətrafında belə paxıl insanlar olur. Gərək o insanlara baş qoşmayasan.
Çevrəmdə bu tip insan olanda, onlara əhəmiyyət
vermirəm. Əsas odur ki, sən özün
paxıl olma, qalanı boş şeydir.
- Dost seçərkən ən
çox hansı keyfiyyətlərə üstünlük
verirsiniz?
- Mənim
üçün dost seçmək dövrü artıq
gecdir. Neçə illərdir ki, dostluq etdiyim
insanlar var. Hazırda onlar mənim ətrafımdadır.
Artıq seçilmişik və onlar da
seçiliblər. Bundan sonra ətrafımda
olan insanlarda mərdliyə, dürüstlüyə, sirr
saxlamaq bacarığına, sözübütövlüyə
daha çox önəm verirəm. İnsan
gərək ətrafında nə
danışdığını bilsin. Çünki sabah sən onunla münasibətlərini bitirdikdə,
siz dost olmasanız belə, bu insan sənin haqqında
artıq-əskik danışmasın. Amma indiki zamanda dost
çox azdır, demək olar ki, yoxdur. Ona
görə də dostları diqqətlə seçmək
lazımdır. 2 yaxın dostun olsun, amma əsil dost
olmağı bacaran insan olsun.
- Ötən mövsüm Xəzər
televiziyasında ən baxımlı seriallardan olan, "Oksi
media” tərəfindən çəkilən "Lal yuxu”
serialının davamı olacaqmı?
- Əfsuslar olsun ki, bu mövsüm onu verə bilmədik. Əslində
bu mövsüm davam etməli idi. Serialın
davamının çəkilişləri üçün
sponsor çətinliyimiz oldu. Məhz bu səbəbdən
çəkilişlərimiz yarımçıq qaldı.
Ona görə "Lal yuxu” serialının
davamı olmayacaq. Sponsor tapılsa, ola
bilsin ki, çəkdik. Amma hələ ki
çəkilişlər dayandırılıb.
- "Oksi media” hazırda
hansı işləri görür?
-
Hazırda bir neçə reklam işləri
görürük. Gələn il komediya
filmi çəkməyi düşünürük. Filmin ideyası artıq hazırdır, ssenarisi isə
hələ ki yazılmayıb. 2019-cu ilin
yayında filmin çəkilişlərinə
başlayacağıq.
- Yeni çəkilən
"Qaragöz” filmində əsas obrazlardan birini
canlandırırsınız. Bu filmdə bizi nələr
gözləyəcək və siz orada necə bir obraz təqdim
edəcəksiniz?
- Ekran
işinin rejissoru Orxan Mərdan, ssenari müəllifləri
Vüqar Hüseynov və Talıb Əhmədov,
quruluşçu operatoru isə Elman Əliyevdir. Bu filmdə Elməddin Cəfərovla birlikdə
çəkildik. Bundan əvvəl onunla 6
ay ərzində "Bacanaqlar” serialında çəkilmişəm.
Yaxşı komandamız var idi. Gözəl filmdir, komediya janrındadır. Film haqqında danışmağa icazə yoxdur.
Amma onlarla işləməkdən həzz
aldım. Özümü şahzadə kimi hiss edirdim. Böyük hörmət, izzət gördüm.
Çəkiliş prosesləri də gözəl
keçdi. Oktyabrın 18-də təqdimatı
olacaq.
- O dinamik həyatınıza nə
zaman qayıdacaqsınız?
-
İnşallah, dinamik həyatıma bu il
oktyabr ayından qayıtmaq fikrindəyəm. Lap
dinamik həyatıma isə yanvardan qayıdacam. İki yeni premyeramız olacaq. Xatırladım
ki, "Qış nağılı” filmində də rol
almışam. Ümumiyyətlə rol
aldığım hər iki film çox gözəl
komediyalardır.
- Həyatınızda şansın,
uğurun yeri haradadır?
- Onu deyə
bilmərəm, uğur Allahdan gəlir, insan gərək məqsədə
çatmaq üçün işini sevsin. Qarşısına
qoyduğu məqsədə doğru iri addımlarla getsin ki, nəticə
əldə edə bilsin. Şans insanın
qapısını oturduğu yerdə döymür. Bu, çox nadir hallarda olur. Amma mənə
aid olan şey deyil. Yəni oturduğum yerdə
uğur əldə etməmişəm,
çalışmışam, əziyyət çəkmişəm.
Biz hər şeyi özümüz etmişik,
çətinliklərlə nəyəsə nail olmuşuq.
Şikayətimiz yoxdur, qoy belə də davam eləsin.
Çəkişməsən bərkişməzsən.
- Həyatınızı gizli
yaşamağa qərar vermisiniz. Sizi bu addımı
atmağa nə vadar etdi?
-
Tanımış simalar daha çox danışılır,
müzakirə olunur. İnsanların bizimlə
maraqlanması normal haldır. Sadəcə,
şəxsi həyatımı artıq heç kimlə
bölüşmək istəmirəm. İndiyə qədər
özəl həyatımı hər kəslə yetərincə
bölüşdüm, yetərincə uğursuzluqlarla
qarşılaşdım. Hamı bilir ki, mənim ailə həyatımda
nələr olub... Bundan sonra istəmirəm mənim
özəl həyatımı bilsinlər. Ailə mənim şəxsi həyatımdır, bu
heç kimi maraqlandırmasın. Xahiş
edirəm ki, şəxsi həyatımla bağlı sual verməyin.
"Ərim kimdir?”, "hardadır?”, "nəçidir?”,
"nə problemi var?” kimi suallar lazım deyil. Bəsdir, artıq çox gündəmdə oldum,
şəxsi həyatımla bağlı ona görə də
xoşbəxtlik əldə edə bilməmişəm. İndi də istəmirəm bununla bağlı mətbuatda
yazılsın. Sizin vasitənizlə media
nümayəndələrinə demək istəyirəm ki,
yaradıcılığımla bağlı nə sual olsa
verin, mən hazıram, amma ailəmlə bağlı heç
bir sualı cavablandırmayacam.
Xəyalə Rəis
Kaspi.-2018.-19 sentyabr.-S.12.