Tariximizə qızıl hərflərlə yazılan gün

 

Ziyalılar Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibətilə keçirilən paradı tarixi gün kimi dəyərləndirirlər

 

Bakının Qafqaz İslam Ordusu tərəfindən bolşevik-daşnak, menşevik-eser qüvvələrindən azad edilməsinin 100 illiyi münasibətilə keçirilən parad və nümunəvi çıxışlar təkcə ölkə daxilində deyil, həmçinin xaricdə də böyük əks-səda doğurub. Ordumuzun qüdrətinin, Türkiyə-Azərbaycan münasibətlərinin möhkəmliyinin və sarsılmazlığının bariz nümunəsi olan paradda ölkə başçısı İlham Əliyev bu əməkdaşlığa xitabən "Yüz il bundan əvvəl biz bir yerdə idik, bu gün də biz bir yerdəyik. Yüz il bundan əvvəl Nuru paşanın komandanlığı altında yeni yaradılmış Azərbaycan Milli Ordusu könüllülərlə birlikdə Bakını işğalçılardan azad etdi” deyə qürurla səslənib.

Türkiyə-Azərbaycan əlaqələrinin ən yüksək zirvədə olduğunu deyən prezident "Məncə, dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, bu qədər bir-birinə arxa-dayaq olsun. Bizim birliyimiz bütün sahələrdə özünü büruzə verir” - deyə keçirilən paradı bu sarsılmaz dostluğun və əbədi qardaşlığın ifadəsi kimi dəyərləndirib.

Qafqaz İslam Ordusunun xilaskarlıq missiyası, 100 il sonra bu zəfərin təntənəsinin qeyd olunması ölkənin ziyalı təbəqəsi, o cümlədən sadə insanlar tərəfindən qürurla qarşılanır.

 

Azərbaycan-Türkiyə dostluğunun əbədi möhkəmliyi

 

Millət vəkili Aydın Mirzəzadə Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunan paradın böyük siyasi əhəmiyyəti olduğunu söyləyir: "100 il bundan əvvəl Azərbaycan Milli Ordusu Osmanlı dövlətindən gəlmiş Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni daşnak və bolşevik və menşevik dəstələrindən xilas etdilər. Bakının işğaldan azad edilməsinin böyük strateji əhəmiyyəti var idi. Həmin dövrdə hər iki düşmən qüvvə bacardığı qədər Bakı və ətraf zonanı öz nəzarəti altında saxlamaq istəyirdi. Məqsəd gələcək Azərbaycan dövlətinin dənizə çıxışını bağlamaq, onu zəif, əlaltı bir dövlət kimi görməkdən ibarət idi. Həmin dövrdə düz Göyçaya qədər ərazi düşmən qüvvələrinin nəzarəti altında idi. Amma iki qardaş xalqın hərbi birləşmələri gərgin döyüşlərdən sonra tədricən torpaqları işğaldan azad etdilər və sayca üstünlüyə malik oldular. Nəticədə düşmən qüvvələri darmadağın edildi. Bu, Azərbaycan hökumətini paytaxta köçürməyə, öz müstəqilliyini tanıtmaq üçün daha diplomatik addımlar atmağa imkan verirdi. 100 il sonra bizim babalarımızın qurduğu bu dövlətin nəticəsi olaraq müstəqil Azərbaycan Respublikası ayaq üstədir”. Bu gün dünya birliyinin dəyərli bir üzvü olan Azərbaycanı iqtisadi, siyasi, hərbi, diplomatik cəhətdən nüfuzlu bir ölkə kimi dəyərləndirən millət vəkili qeyd edir ki, 100 il bundan əvvəl olduğu kimi, Türkiyə və Azərbaycan yenə də yanaşıdırlar: "Bu dövlətlər yenə də bir-birinə dostluq və qardaşlıq yardımı etməkdədirlər. Bu parad dostluğumuzu pozmaq, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almaq istəyən qüvvələrə qarşı ciddi bir mesaj idi. Ən müasir silahlarla silahlanan Azərbaycan bu gün özünün hüquqlarını müdafiə etmək gücündədir. Hesab edirəm ki, bu möhtəşəm parad bir tərəfdən Azərbaycanın gücünü, digər tərəfdən Azərbaycan-Türkiyə dostluğunun əbədi möhkəmliyini sübut etdi».    

 

Vətəndaşlıq borcu

 

 

 

Hərbi paradı qürur hissi ilə izlədiyini deyən Xalq şairi Sabir Rüstəmxanlı həm əsgərlərin hərbi keçidləri, həm müasir silahların nümayişindən ibarət mükəmməl bir parad keçirildiyini bildirir: «Düzdür, hazırda texnika dünyanın bütün ölkələrində var. Ancaq Azərbaycan ordusu peşəkarlıq baxımından xeyli inkişaf edib, ən müasir silahlarla silahlanıb. Hərbi-hava Qüvvələri, Hərbi Dəniz Donanması, piyada qoşunlarını izləyən elə bir adam olmaz ki, ordumuzun qüdrətindən qürur duymasın. "Əgər içində Azərbaycan sevgisi varsa, hər bir vətəndaşı mütləq ordumuzun bu uğurları sevindirməlidir. Hərbi paradın digər bir əlamətdar cəhəti mərasimdə Türkiyə Cümhuriyyətinin başçısı Rəcəb Tayyib Ərdoğanın iştirakı idi. 100 il bundan öncə Bakını işğaldan azad etmiş Nuru Paşanın komandanlığı və İslam Ordusunun qiyafətində hərbi hissələrin paradda iştirak etməsi də gözəl tarixi bir hadisə idi. Bu parad bizə o möhtəşəm tarixi bir daha yaşatdı. Qafqaz İslam Ordusu olmasaydı, təkcə Bakı deyil, Kürdəmirdən başlayaraq Azərbaycanın bütün şərq bölgələri - ta Cənubdan Şimala qədər bölgələr düşmən işğalında qalacaqdı. Bu ordu həmin bölgələr boyunca vuruşaraq Bakıya gəlib çıxmışdı. Eləcə də Qarabağda, Güney Azərbaycanda da vəziyyət eyni idi: ermənilər dinc əhalini qırırdılar. Bu ordu sayəsində işğala son qoyuldu. Belə bir orduya qayğı və hörmət, onların Azərbaycan şəhərlərinin xilası uğrunda vuruşlarını xatırlamaq bizim vətəndaşlıq borcumuzdur. 100 illik yubileyin qeyd olunmasının mahiyyəti də bu idi». S.Rüstəmxanlı yubiley ərəfəsində bir sıra tədbirlərin də həyata keçirildiyini deyir. Belə ki, Vətəndaş Həmrəyliyi Partiyasının və Dünya Azərbaycanlıları Konqresinin rəhbəri kimi Şəhidlər Xiyabanındakı Türk şəhidliyini ziyarət ediblər: "Xiyabanda Bakının azad olunması uğrunda savaşlarda şəhid olan 1130 insanın ad və soyadı yer alıb”. Xalq şairi sosial şəbəkələrdə bəzi istifadəçilərin həmin orduya da birmənalı yanaşmadığından narazılığını ifadə edir: "İndi bəziləri o orduya da dodaq büzürlər. Təbii ki, bu fikirləri səsləndirənlərin Azərbaycana aidiyyəti yoxdur. Onlar Azərbaycanın düşmənləri, bu xalqı sevməyənlərdir. Bu savaşda həlak olanların hamısı seçmə insanlardır. Onlar özləri könüllü surətdə vuruşmağa gəlmişdilər». S.Rüstəmxanlının sözlərinə görə, bu günlərdə Bakıda qonaq olan tarixçi alim İlbər Ortayla görüşlərdə ordunun Bakıya gəlməsinin bizlərə bəxş etdiyi töhfələr bəlli olmayan sənədlərlə müzakirə olunub. Həmçinin Bakı Kitab Mərkəzində tarix elmləri doktoru Dilarə Seyidzadənin "Azərbaycan XX əsrin əvəllərində: müstəqilliyə aparan yollar” adlı kitabının təqdimatı keçirilib ki, həmin nəşr ADR hökumətinin 17 sentyabr, 1918-ci ildə Gəncədən Bakıya köçürülməsinin 100 illiyinə həsr olunur: «Hesab edirəm ki, bu cür görüşlər gənclər qarşısında, auditoriyalarda keçirilməlidir». S.Rüstəmxanlı Bakıda soyqırımı muzeyinin açılmasını arzulayır: «İstərdim ki, bu hadisələrin əks olunduğu soyqırımı muzeyi yaradılsın. Həmçinin Nuru PaşaTürk İslam Ordusuna möhtəşəm bir abidə ucaldılsın!» 

 

Parad ondan xəbər verir ki...

 

Hələ də möhtəşəm paradın təsiri altında olduğunu deyən AMEA Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov Bakıda keçirilən paradı təkcə ölkəmizdə deyil, ümumən dünyada yaşayan azərbaycanlılar üçün dəyərli və əvəzolunmaz gün adlandırır: "Bakının azad edilməsi Azərbaycan ruhunun bədənə dönməsi idi. Bakı qədim Azərbaycan şəhəridir. Bizim həyatımızın müxtəlif sahələrində, o cümlədən siyasi, hərbi, iqtisadi, mədəni, psixoloji və s. sahələrdə mühüm yeri olan bir məkandır. Bu şəhərə azı beş dəfə hücum olub. Bakı talan olunub, işğal edilib. 1918-ci ildə bu şəhəri əldə saxlamaqla bütün Azərbaycan ərazisində – istər cənubda, istərsə də şimalda 500 mindən çox azərbaycanlını qətlə yetiriblər. Dünyanın coğrafi şəraitinə görə təbii sərvətlərlə zəngin olan ikinci belə bir şəhəri yoxdur. Təsadüfi deyil ki, vaxtilə ingilislərin buralara göndərdiyi işğalçı qoşunların generallarının Uinston Çörçillə verdiyi məlumatda: "Əgər neft bir krallıqdırsa, Bakı onun tacıdır” fikirləri yer alıb. Bakının nə qədər böyük əhəmiyyət kəsb etdiyini göstərən başqa bir fakt: 1918-ci ildə Bakıda hakimiyyəti əlində saxlayan Şaumyana Moskvadan belə bir tapşırıq verilir: "Şəhəri əlinizdə saxlaya bilməsəniz, yandırın”. Rus tədqiqatçılarından biri "belə əmri yalnız cəllad verə bilərdi” - deyə yazıb. Ona görə də 1918-ci ildə Bakının işğaldan azad edilməsi Azərbaycan xalqı üçün milli bayram günüdür. Bu, haqqın, ədalətin təntənəsidir”. Qafqaz İslam Ordusunu bir millətin, iki qardaş dövlətin yaratdığı müştərək bir ordu adlandıran tarixçi alim qeyd edir ki, Nuru Paşa Azərbaycana gələrkən onun tabeliyində çox az sayda zabit və əsgər heyəti olub. Belə ki, Qafqaz İslam Ordusu Azərbaycanda formalaşıb: "Bakının azad olunmasında şəhid olan əsgər və zabitlər 1130 nəfərdir. Şəhid olan azərbaycanlı əsgərlərin sayı isə 3000 nəfərdən çoxdur. Bu iki qardaşın birləşdirdiyi bir qüvvə Qafqaz İslam Ordusu adı altında Bakını işğaldan azad etdi və Azərbaycan xalqına qaytardı”. Bakının azad edilməsinə həsr edilən paradın yüksək səviyyədə təşkil olunduğunu deyən tarixçi alim o günü vətənini, millətini sevən hər bir insan üçün qürur mənbəyi kimi dəyərləndirir: «Bu hadisə milli tariximizə qızıl hərflərlə yazılacaq. Bu parad qardaşlığın, birliyin təntənəsi, nümayişi idi. Parad göstərdi ki, biz bir atanın, bir ananın övladlarıyıq. Getdikcə dərinləşən Türkiyə-Azərbaycan münasibətlərinin inkişafı belə bir fikir söyləməyə imkan verir ki, Azərbaycan nəinki işğalda olan torpaqlarına, hətta Azərbaycan xalqının iradəsi əleyhinə verilmiş İrəvana, Zəngəzura, Göyçəyə qayıdacaq. Bu möhtəşəm parad ondan xəbər verir ki, biz bundan sonra heç bir dövlətin işğalı altında olmayacağıq. "Müstəqilliyimiz, dövlətçiliyimiz əbədidir” fikrini həyat nə qədər varsa yaşadacağıq”. Tarixçi alim bildirir ki, hər bir azərbaycanlı dünyanın hansı nöqtəsində olmasından asılı olmayaraq «Mən azərbaycanlıyam», «Azərbaycan vətənimdir» sözlərini əsas götürməlidir: "Biz hər yerdə birliyimizi, Vətənimizə olan sevgimizi nümayiş etdirməliyik. Biz birlikdə olanda güclüyük”.

 

Təranə Məhərrəmova

 

Kaspi.-2018.-19 sentyabr.-S.4.