Bakı azad olunarkən oxunan Osmanlı marşları

 

Bu marşlar haqqında başqa isə bilənlər var?

 

Artıq neçə illərdir 15 sentyabr 1918-ci ildə Türk İslam Ordusunun Bakını erməni daşnaklarının terrorundan, qətliamından xilas etməsi  haqda yazılar, kitablar nəşr olunur, telekanallarda tarixi verilişlər göstərilir. Məhz bu verilişlər, kitablar, yazılar 100 illik tarixi bir daha gözlərimiz önündə canlandırır, bizi əsl həqiqətlə üz-üzə qoyur. Xilaskar Türk İslam Ordusunun gəlişi Azərbaycanın ictimai-siyasi həyatına yeni ruh, yeni dinamizm, yeni məzmun verməklə yanası, Bakı əhalisinin həyatında, məişətində silinməz izlər qoydu. Bu izlər Bakının mədəni həyatında – teatrda, musiqidə belə öz əksini tapmışdır...

 

... Bu yaxınlarda arxivimi araşdırarkən özümün belə unutduğum üç not vərəqi diqqətimi cəlb etdi. Bu,  özümün nota saldığım üç türk marşı - "Qafqaz dağı, yol ver bizə”,  "Səməd Paşa”, "İzmirin çocuqları” idi. Hər üç marş əski Türk-Osmanlı marşları olsa da, onlar Azərbaycanla, Bakı ilə bağlı olmuş, müzəffər ordunun Bakı səfəri zamanı oxunmuş, o zamankı gənclərin, yeniyetmələrin hafizəsində əbədi yaşamışdır. Bu marşların tarixçəsi də bunu bir daha təsdiq etmişdir.

 

Təxminən 20-25 il əvvəl Üzeyir Hacıbəyovun ev muzeyinə 70-75 yaşlarında İsmayıl adlı bir kişi gəlmişdi. O, 1918-20-ci illərdə atasının Azərbaycan Demokratik Respublikasının milli ordusunda xidmət etməsindən, İslam Türk Ordusu ilə bərabər erməni xainlərinə qarşı vuruşmasından bəhs etdi. Türk əsgərləri ilə qaynayıb-qarışan bizim əsgərlər də onlarla hərbi təlimlər keçir, döyüş qaydalarını öyrənirlər. Bizim əsgərlərin öyrəndikləri daha bir şeyvar imişTürk marşları!

 

İsmayıl kişinin atası o illərdə öyrənib, ruhuna, canına məhrəm etdiyi bu marşları Azərbaycanda bolşevik çevrilişindən sonrakı illərdə hər yerdə oxumamışdı. Lakin ömrünün sonuna doğru, artıq həkim təhsili alaraq çalışan oglu İsmayıla bir çox olayları danışan ata, 1918-20-ci azərbaycanlılardan və türklərdən ibarət Qafqaz İslam Ordusunun müzəffər yürüşlərindən, lovğa erməni ordusunun ağır itkilər verərək qaçmasından və qalib türk əsgərinin oxuduğu marşlardan söz açmışdır. İsmayıl kişi də atasının xatirələrini əziz tutaraq qəlbində saxlamış, uzun illər heç kimlə bu haqda kəlmə kəsməmiş, 1991-ci ildən sonra müstəqillik qazanan Azərbaycanın yeni durumu onu da ruhlandırmışdır. Maraqlıdır ki, İsmayıl kişi xatirələrini söyləmək üçün məkan axtararkən, üz tutduğu ilk ünvanlardan biri də Ü.Hacıbəyovun ev muzeyi olub.

 

Muzeydəki görüşdən sonra onun, xatirə dəftərini mənə etibar etməsi, həm təəccübümə səbəb olmuş, həm məni şərəfləndirmişdi. Doğrusu, uzaq illərin  xatirələrini, tarixi həqiqətlərini eşitmək mənim üçün gözəl bir şansböyük bir fürsət idi. İsmayıl kişi Türk İslam Ordusunda oxunan marşları oxuyanda onun musiqi duyumuna, yaddaşına heyran oldum. Öz atasından diqqətlə öyrəndiyi marşları itib-batmasın deyə, həvəslə mənim üçün oxuyurdu (Axı onun ailəsində musiqiçi yox idi). Royal arxasına keçdim, o oxuduqca çalır, onun fikrini soruşurdum. O, bəzi yerləri təkrar-təkrar oxuyur, marşın melodiyasını mənim daha dəqiq mənimsəməyimi istəyirdi. Nəhayət, onun tam razı qaldığı zaman həmin marşları birsəsli olaraq not vərəqinə köçürdüm.

 

İsmayıl kişinin dilindən iki türk-osmanlı marşını nota salaraq, marşda səslənən şeirin ilk misralarına uyğun adlandırdıq: "Qafqaz dağı, yol ver bizə, "Səməd Paşa əsgərlərin pədəri”.

 

O vaxtlar İsmayıl kişi ilə daha bir-neçə görüşümüz olsa da, daha sonra əlaqəmiz kəsildi. Onun yaşı və ailə problemi muzeyə gəlməsinə imkan vermirdi. Mən isə bu marşları redaktə edərək, orkestr üçün işləsəm də, başa çatdırmadım, daha sonra unutdum.

 

Lakin bir müddət sonra buna bənzər daha bir əhvalat oldu və muzeyə gəlmiş başqa bir yaşlı kişi, daha bir Osmanlı marşından soraq verdi. Təxminən 5 il əvvəl Bahadır Qasımoğlu adlı bir yaşlı kişi muzeyə gəlib mənimlə tanış oldu və 1918-ci ildə Bakıya gələn Qafqaz İslam Ordusunun oxuduğu "İzmirin çocuqları” marşı barədə məlumat verdi. Bu marşı da Bahadır kişi Qafqaz İslam Ordusunda xidmət etmiş atasından eşidib və yaddaşına yazıb. Bahadır kişibu marşın unudulmamağı üçün muzeyə gəlib mənimlə məsləhətləşmək istəyib.

 

Yenə royal arxasında melodiyanı dəqiqləşdirib nota saldım, Bahadır kişi üçün ifa etdimo, razı qaldı. Muzeydən gedərkən tezliklə qayıdacağını deyən Bahadır Qasımoğlu hələ ki, qayıtmayıb. Lakin onun muzeyə hədiyyə etdiyi Osmanlı marşını biz Qafqaz İslam Ordusunun Bakıya gəlişinin 100 illik yubileyi ərəfəsində mətbuata təqdim etməyi qərara aldıq. Bəlkə, bu marşlar haqqında başqa nə isə bilənlər var. Elə olarsa nə yaxşı...

 

Sərdar Fərəcov,

Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru,

Azərbaycan Bəstəkarlar İttifaqının katibi

 

Kaspi  2018.- 18 sentyabr.- S. 15.