Sözdən başlayan
sevgi
Böyük Vətən sevgisi doğulduğun yuvadan,
eldən-obadan başlayır. Doğma kəndindəki
dağı-dərəni, bulağı, çayı, ən zərif
çiçəyi, gülü sevməsən dünyanın
gözəlliklərini necə duyarsan, dəyərləndirərsən.
Bu sevginin dərinləşməsində
sözün də öz təsiri və rolu var. Bu istiqamətdə
söz adamlarının xidmətləri əvəzsizdir.
İçi mən qarışıq söz
bizim üçün bütün varidatlardan yuxarıda
dayanır. Onun məlhəmi əvəzsiz,
zərbəsi ağırdır. Atalar
boşuna deməyib ki, güllə yarası sağalar, söz
yarası yox. Allah bizi bu hədəfə gətirməsin!
Xoş söz adamı mənən ucaldar, qərəzli
münasibətdən doğan ifadələr adamın yeddi
yerindən geçər, səni üzər,
ömrünün xərçənginə çevrilər, həyatına
son qoymayınca əl götürməz. Nə
isə, lap mətləbdən uzaq düşdüm. Əslində mənim məqsədim başqadır.
Söz adamından, bizə sözün minbir hikmətini
aşılayan sevimli müəllimim Cahangir Məmmədlinin yeni kitabından
danışmaq istəyirəm. Sadəcə,
kitabın adı o qədər xoşuma gəldi ki, bir qələm
adamı kimi sözə bağlılığımı şərtləndirən
bəzi məqamları bir daha xatırlatdım.
Müəllifin
"Öncə söz gəldi...” adlanan yeni kitabında son
illərdə qələmə aldığı
yazıları toplanıb. Filologiya elmləri
doktoru, professor Nəsir Əhmədlinin yeni nəşrlə
bağlı bir fikri əvvəldən düşüncələrimə
aydınlıq gətirdi. Hansı məqaləni oxudumsa
məhz bu işığın nurunu gördüm: "Cahangir
Məmmədlinin publisistikasında ən çox
özünü göstərən bir məqam var: Vətən
sevgisi, Azərbaycan deyilən bir məmləkətə vətəndaşlıq
məhəbbəti. Ümid edirik ki, bu sevgi və bu məhəbbət
duyğuları mütləq oxucunun da qəlbinə yol tapacaq”.
Əlbəttə, söz yerində deyilirsə,
millət, Vətən, Azərbaycan sevgisini ifadə edirsə,
onun ucalığı şəksizdir. Bu
zirvədə biz kimləri görürük? Otuzdan
artıq məqalənin yer aldığı kitabın ilk yazısı "Vətənə
sevginin ölçüsüzlük ölçüsü”
adlanır. Ulu öndər Heydər Əliyevlə
bağlı olan bu məqalə müəllifin səmimiyyətini,
dahi liderə bəslədiyi ehtiramını əks etdirir.
Bir etirafında da haqlıdır ki, ulu öndərin
xalqımız qarşısındakı xidmətlərini əks
etdirən yazılar, kitablar, filmlər çoxdur, amma tarix
elmləri doktoru, professor Əli Həsənovun dediyi kimi
"Heydər Əliyev irsi təkcə bu gün
üçün yox, həm də gələcək
üçün lazımdır”. Cahangir Məmmədli məhz
bu irsi dürüst mənimsətmək yolunda gələcək nəslin
dövlətçilik, siyasi liderlik, insanlıq, bəşərilik,
millilik fəlsəfəsinə ləyaqətlə
hazırlanmalarının zəruri detallarından söz
açır. "Demokratik mətbuatın Heydər
Əliyev konsepsiyası” adlı məqalədə də məhz
milli liderin jurnalistikaya və jurnalistlərə, medianın nəzəri
konsepsiyasının zənginləşməsinə, ölkədə
kütləvi informasiya vasitələri sisteminin sürətli
inkişafına göstərdiyi qayğıdan, dövlət
köməyindən danışılır.
Cahangir Məmmədli
hər şeydən əvvəl pedaqoqdur. Uzun
illərdir ki, Bakı Dövlət Universitetinin jurnalistika
fakültəsində dərs deyir. Açıq
deyim ki, istər keçmiş tələbələri, istərsə
də indiki gənclər onu çox sevirlər. Əlbəttə, tələbə yaddaşında
qalmaq, həmişə izzət və hörmətlə
anılmaq, ehtiramla qarşılanmaq hər müəllimə
qismət olmur. Mən də onun tələbəsi
olmuşam. İnsanlıq,
mehribançılıq, həssaslıq, diqqətli olmaq kimi məziyyətlər
əsas xüsusiyyətləridir. Tələbəsi ilə
doğması kimi rəftar etmək, onu həm öyrətmək,
həm də öyrənmək Cahangir Məmmədlinin ali cəhəti və bir çox həmkarlarından
fərqidir. Yeni kitabında onun iki məqaləsini maraqla oxudum
və anladım ki, ondakı bu ali
xüsusiyyətlər əsasən hardan gəlir. İlk olaraq "Bir müəllim
tanıyırdım” yazısı barədə. Müəllifin bu xatirələrinin qəhrəmanı
görkəmli yazıçımız və çoxumuzun
sevimli müəllimi olmuş Mir Cəlaldır. Cahangir Məmmədli
öz müəlliminin məziyyətlərindən, heç
kimə bənzəməyən xüsusiyyətlərindən
məhəbbətlə söz açır: "Bu dünyada
bir müəllim vardı, bir yazıçı vardı. Sözü gənclərəydi, əsərləri
gənclərdən idi, gənclərə yönəlmişdi.
Oxumuşuq, öyrənmişik, dərs
almışıq. Oxuyacaqlar, öyrənəcəklər,
dərs alacaqlar. "Klassik müəllimin
sənət həqiqətləri” isə unudulmaz mətbuat
xadimi və pedaqoq Nəsir İmanquliyev barəsindədir.
Müəllifin yazdığı kimi
"Jurnalistika fakültəsində oxuyanların bəxti gətirmişdi.
Biz Nəsir İmanquliyev, Şirməmməd
Hüseynov, Həsən Şahgəldiyev kimi müəllimlərin
illərlə qurduqları və təmizlik qeyrətini
qoruduqları bir fakültədə oxuduğumuzu hiss edirdik”.
Cahangir Məmmədli böyük məhəbbət və
ehtiramla etiraf edir: " Mənə elə xoşbəxtlik nəsib
olub ki, tələbə kimi həm Nəsir müəllimin, həm
də Mir Cəlal müəllimin dərslərini
keçmişəm və həm də universitetdə onlarla
bir yerdə işləmişəm. Həyatımızda
belə adamların olduğu bir şəraitdə bizim xeyirxah
olmamağa, başqasının problemlərinə yanmamağa
haqqımız yoxdur”.
Bakı Dövlət
Universiteti ilə əlaqədar müəllifin kitabda
bir-neçə yazısı da verilib. Bu
da təsadüfi deyildir. Öncə bu təhsil
ocağı müəllif üçün doğma bir
ünvandır. İkinci əsas səbəb
"Bakı Dövlət Universiteti 22 minlik tələbə
ordusunu, 2500-dən çox əməkçini birləşdirən
nəhəng bir müəssisədir.” Bu mənada "Vətəndaşlığın,
yaradıcılığın, şəxsiyyətin ziyalı
monoloqu”, " Universitetdən dünyaya- dünyadan universitetə”,
"Xalqa, dövlətə xidmətin universitet missiyası”
adlı yazılarda bu ali məktəbin dünyanın bir
çox ali təhsil ocaqları ilə yaratdığı elmi
əlaqələri, ölkənin ictimai-siyasi həyatında
iştirakı, gənclərin dövlətçilik ruhunda
böyüməsi əsas faktor kimi diqqətə
çatdırılır.
Müəllifin
"Dünənin, bu günün, sabahın ustad sənətkarı”
adlı düşüncələrində isə görkəmli
nasir İlyas Əfəndiyev son dərəcə milli ruhlu bir
yazıçı, dramaturq kimi xalqımızın tarixi
keçmişini ədəbiyyata gətirən ədib olaraq səciyyələnir.
"Ədəbiyyat xalqı ifadə edir”də isə xalq
yazıçısı Elçin məhsuldar bir
yaradıcı kimi dəyərləndirilir
Ənənələrə sadiqliyi, yaradıcı şəxsiyyətlərə,
istedadlı qələm sahiblərinə diqqət və
qayğısı ilə seçilən müasir "Kaspi” qəzeti
haqqında Cahangir Məmmədlinin silsilə
yazılarını da diqqətlə oxudum. Bəri
başdan bu məqalələrdə öz adımı görəndə
sevindim. Təbii ki, müəllimimdən
xoş sözlər eşitmək, bir tələbəsi kimi yazılarımın
təqdir edilməsi məni sevindirməyə bilməzdi.
"Əvvəllər müxtəlif qəzetlərdə
çalışmış Flora xanım bu gün İctimai
televiziyadakı fəaliyyəti ilə "Kaspi”dəki müəlliflik
fəaliyyətini birləşdirən məhsuldar bir
jurnalistdir”. Sevinirəm ki, məni belə
məhəbbətlə dəyərləndirib. Təvazökarlıqdan uzaq olmasın, mən bunu da
yazmalıydım. Çünki bu qiyməti
müəllim böyük ürəklə öz
keçmiş tələbəsinin əməyinə verir.
Var olsun! İnsanı ruhlandırmaq bax budur!
"Zaman xəbərsizmi
ötdü?” yazısı məni yaman kövrəltdi. Bu, bir ovqat yazısıdır, bu Qarabağ həsrətilə
üzülən bir ürəyin səsidir. Məqalə
şeirləri ilə ruhumuzu tərpədən qələm
dostumuz, şair
Sona xanım Vəliyevanın poetik dünyasına
həsr olunub. "Qarabağ onun şeirlərində
baş mövzu kimi görünür (əslində elə belədir-F.X.).
Bəzən əlacı hər yerdən
üzülən şair üzünü Allaha, Tanrıya tutub
Qarabağ həsrətini çözməyə
çalışır. Bəlkə elə
buna görədir ki, Allah, Tanrı, Yaradan kəlmələri
bu poeziyanın əsas rəngini təşkil edir. "Bir az möhlət ver, Allah” sərlövhəli
şeirində bu dünyadan, ömürdən gileylərin
hamısı Qarabağ dərdində birləşir.”
Əl uzatdım dalınca,
əlim qoldan kəsildi,
Yol
başladım Şuşaya, yolum yoldan kəsildi.
Hanı ağ
atlı oğlan, səbrim kəsik-kəsikdi,
Möhlət ver bizə, Allah,
bu torpağı almağa
Bir az
möhlət ver, Allah, dünyanı tanımağa.
Cahangir Məmmədlinin qətiyyət və bələdliklə
söylədiyi fikirlər bizim də ürəyimizdən xəbər
verir. Həqiqətən
də "Sona Vəliyeva kimi
dünyanı dərk edən, xalqa, millətə sevgi ilə
yoğrulmuş bir yaradıcılıq ömrü yaşayan,
klassikamızın hər an yenidən bizə
qaytarılmasında xidmətləri olan və nəhayət,
Ulu Öndərimiz Heydər Əliyevin
formalaşdırdığı azərbaycançılıq
ideoloğiyasının yorulmaz təbliğatçısı...”dı.
Bu amalla yaşamaqsa şərəfli ömür
sahibi olmaq deməkdi. Belə şəxsiyyətlərdən isə zaman heç vaxt xəbərsiz
ötə bilməz.
Kitabda
AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri
doktoru, professor Səlahəddin Xəlilovla
bağlı yazılar da oxuculara təqdim edilib. Müəllif bir-birindən maraqlı və oxunaqlı
olan bu məqalələrdə görkəmli alimin elmi fəaliyyətinə,
yaradıcılığına güzgü tutub. Mənim ən çox diqqətimi çəkən
və düşündürən
"Səlahəddin Xəlilovun hikmət dünyası”
oldu. İstər Cahangir müəllimin şərhi, istərsə
də Səlahəddin Xəlilovun fikirləri ruhuna bir
sığal çəkir, mənəvi aləminin
rahatlığının yollarını arayır, müəyyən
suallar qarşısında qalır və cavablarını
tapırsan: "Mənəvi dünya "iç aləmi”
sayılsa da, onun da öz içi, çölü və əlçatmaz
göyləri vardır”, "Ləyaqətli adamlar
yaxşılığı, naqislər isə pisliyi unutmurlar.
Riyakarlıq zəiflərin silahıdır”, "Mənəviyyatca
zəngin adamlar sadə, maddi imkan baxımından zəngin
olanlar təkəbbürlü olurlar”, "Müqəddəslik
duyğusu itən yerdə şər ağacı bitər”,
"Yolu ağıl seçir, iradə hərəkətə
gətirir, inam isə o yola işıq saçır”, "Biz
böyük Yaradan qarşısındakı borcumuzu onun
yaratdıqlarına ödəməliyik”, "Elm beyni, sənət
ürəyi, din ruhu qidalandırır...”
Kitabda toplanmış digər yazılarda da bir sıra
alim və qələm sahiblərinin elmi fəaliyyətlərindən,
yaradıcılıqlarından söz açılır. Cahangir Məmmədliyə
xas olan səmimiyyət, mövzuya orijinal yanaşma tərzi, təqdim
etmə ustalığı, axıcı, rəvan dil, özünəməxsus
üslub bütünlüklə yeni nəşrin
aparıcı qüvvəsi və təsir gücüdür. Müəllif
böyük sevgi ilə "Öncə söz gəldi...”
dedi və yazdı. Etiraf edim ki bizə də belə
öyrətdi. Məhz sözün sayəsində
ucaldıq, tanındıq. Məhz
sözün qüdrətinə sığınaraq vətənimizi
vəsf edirik. Sözün də vətəni var!
Anamızın laylalarında doğulan sözlər! İlk dəfə
eşitdiyimiz o müqəddəs oxşamalar! Sözlə əzizləndik,
sözlə tərifləndik, sözlə vətənimizin
dağını-dərəsini tanıdıq,
ünvanımızı, kimliyimizi bildik! Elə
sözün gücünə istəkli müəllimimizə
- Cahangir Məmmədliyə olan rəğbət və
hörmətimizi bildiririk. Vətən
övladları haqqında yazdığı bu kitab da elə
sözün qələbəsidir, tarixə çevrilir.
Qarabağ - Ağdam, Şuşa adı gələndə
necə qəmləndiyinin dəfələrlə şahidi
olmuşam. Ürəyimdən keçən budur ki, Cahangir Məmmədli
tez bir zamanda gözlədiyi o müjdəli sözləri
eşitsin:
- Qələbə!
Qarabağa-yurd yerlərimizə qayıdırıq!
Flora
XƏLİLZADƏ,
Əməkdar journalist
Kaspi 2018.- 18
sentyabr.- S.11.