“24-lər”dən on doqquzuncusu
BDU-100
O, ömrünün
sonuna kimi elmi fəaliyyətini davam etdirib
17 aprel 1989-cu il.
Azərbaycan SSR Kommunist
Partiyası Mərkəzi
Komitəsinin birinci katibi Əbdürrəhman
Vəzirovun bir başa göstərişi
ilə BDU-ya Cəmil Bahadur oğlu Quliyev rektor təyin edilir (Bolşeviklər Azərbaycanı silah gücünə işğal
edəndən sonra BDU-nun taleyi
həmişə Mərkəzi
Komitədə həll
edilib. Hörmətli oxucum! Cəmil Bahadur oğlu Quliyevin kimliyi və rektor olduğu illərdə
BDU-da gördüyü
işlərdən bəhs
etməzdən əvvəl
bu qarma-qarışıq
dövr haqqında bir az məlumat vermək yerinə düşərdi.
Ermənistanın
Azərbaycana qarşı
hərbi təcavüzü,
ağır iqtisadi böhran, ölkə rəhbərliyinin idarəetmə
qabiliyyətinə malik
olmamasının nəticəsi
olaraq, ölkədə
baş verən özbaşınalıq, xaos
BDU-da tədris prosesinin ahəngini pozdu. Uzun illər zülm
ilə "abad” olan "nəhəng və əzəmətli”
SSRİ - şər imperiyası
dağılmağa başladı.
Doğrudur, onun dağılmasını
istəməyən, nəyin
bahasına olursa-olsun inzibati amirlik sistemini dirçəltmək
istəyən qüvvələr
də tapıldı.
Amma xoşbəxtlikdən, onların
bu planı baş tutmadı.
"Kommunist rejiminin və qızıl rus işğalının”
xeyir-duası ilə baş verən faciələr artıq xalqın səbir kasasını doldurmuş,
qan yaddaşını oyatmışdı.
Cəmil Bahadur oğlu Quliyev 1927-ci ildə Şuşada (bəzi mənbələrdə Ağdam
yazılır) dünyaya
göz açıb. Şuşada
orta təhsil alan Cəmil,
1944-cü ildə BDU-nun tarix
fakültəsinə daxil
olur və ikinci kursdan təhsilini Moskva Dövlət Universitetində
davam etdirir. 1949-cu ildə universitetdə
təhsilini başa vuran gənc, aspiranturaya daxil olur. Bir müddət Marksizm-Leninizm
institutunda da təhsil alan
Cəmil Quliyev, 1952-ci
ildə namizədlik,
1971-ci ildə isə doktorluq dissertasiyalarını
müdafiə edir.
1952-ci ildə Mərkəzi
Komitə C.Quliyevi təyinatla Bakıya göndərir. O, ilk əmək
fəaliyyətinə bir
zaman tələbəsi
olduğu BDU-dan başlayır. 1958-ci ildə MK gənc kadrı daha məsul vəzifəyə
irəli çəkərək,
Azərbaycan KP MK yanında
Partiya Tarixi İnstitutunda elmi işlər üzrə direktor müavini təyin edir. 1972-78-ci illər ərzində
isə C.Quliyev həmin instituta direktorluq edib. Mərkəzi Komitənin ilk təyinatı
gənc tarixçi alimə düşərli
olur, o, ömrünün
sonuna kimi yüksəlişə doğru
addımlayıb. Məsələn,
1975-1988-ci illərdə Azərbaycan
Sovet Ensiklopediyasının
baş redaktoru,
1976-1991 və 1997-2010-cu illərdə
Azərbaycan EA-nın
vitse-prezidenti, 1990-1997-ci illərdə
Azərbaycan Elmlər
Akademiyası Tarix İnstitutunun baş elmi işçisi,
1997-2010-cu illərdə Azərbaycan
Milli Elmlər Akademiyası Rəyasət
Heyətinin üzvü,
2007-2010-cu illərdə Milli
Elmlər Akademiyasının
müşaviri olmuş
və digər vəzifələrdə çalışmışdır.
Bunlarla yanaşı,
C.Quliyev 20 ildən artıq tarixçi kadrlar hazırlayan Dissertasiya Şurasının
sədri də olmuşdur. Rəhbərliyi
ilə 12 nəfər
namizədlik, 3 nəfər
doktorluq dissertasiyası
müdafiə etmiş
və 400-dən çox
elmi əsər yazmışdır
Əməkdar elm xadimi, Dövlət
mükafatı laureatı,
"Şöhrət” və
"İstiqlal” ordenləri
ilə təltif edilən C.Quliyevin redaktorluğu ilə
(1999-2002) "Naxçıvan ensiklopediyası” və rəhbərliyi ilə 7 cildlik "Azərbaycan tarixi” nəşrə hazırlanıb. O, ömrünün
sonuna kimi (2010) elmi fəaliyyətini davam etdirib.
Cəmil müəllim 1989-cu ilin 17
aprelindən 1990-cı ilin
19 fevralına kimi BDU-ya rəhbərlik edib. Doğrudur, 10 ay vaxt ərzində
universitetdə mühüm
işlərin görülməsindən,
qərarların verilməsindən
danışmaq mümkün
deyil (Səbəbi zaman azlığı ilə deyil, o illərdə ölkədə
baş verən siyasi hadisələrlə
bağlı idi və məqalənin əvvəlində bunu qısa da olsa
izah etdim).
1989-cu ilin əvvəli
və sonu. Azərbaycanda, xalqın milli azadlığı uğrunda
mübarizə apardığı
ən qızğın,
çətin günlər
və aylar. BDU-da isə
ideya-siyasi işin partiya təşkilatının
vəzifələrinə uyğun
həyata keçirilməsi
üçün görülən
tədbirlər haqqında
verilən qərarlar,
əmirlər hazırlanırdı.
Bu əmirlər hələ də Mərkəzin diktəsi ilə hazırlanırdı.
Məsələn, "Sovet
İKP MK-nın Aprel
(1989) plenumunun” qərarlarından
"ruhlanan” BDU rəhbərliyi
hələ də kollektivi "sosializmin qələbəsi uğrunda
mübarizə”yə səsləyirdi.
1989-cu il də BDU-nun jurnalistika fakültəsinin sonuncu kursunda təhsil alırdım və müntəzəm olaraq, siyasi hadisələrin önündə duran ziyalılarla təmasda olurdum (Onlardan aldığım müsahibələr,
söhbətlər o dövrün
qəzet və jurnallarında çap olunub). Ona görə də,
bu illər ölkəmizdə və universitetdə baş verən bütün hadisələrin şahidi
oldum. Olduqca mürəkkəb dövr
və təlatümlü
hadisələr baş
verdi. Həm dünyada,
həm də Azərbaycanda. Xoşbəxtlikdən, uzun və çətin
bir inkişaf yolu keçən BDU bu sınaqlardan da üzüağ çıxdı.
Qərənfil Dünyamin qızı
Əməkdar journalist
Kaspi 2018.- 20 sentyabr.- S.15.