“Mədəniyyətimizi dünyaya
çatdırmaq üçün kino ən ideal vasitədir”
Fehruz Şamıyev: “START” Beynəlxalq Qısa Filmlər film festivalı gənc rejissorlar üçün bir mərhələdir”
14-17 noyabr tarixlərində Bakıda keçiriləcək 9-cu "START” Beynəlxalq Qısa Filmlər Festivalına filmlərin qəbuluna start verilib. Festivalın direktoru Fehruz Şamıyev beynəlxalq tədbirdən öncə fikirlərini bizimlə bölüşdü. Artıq 9-cu ildir ki, beynəlxalq festivalın təşkilati işləri ilə məşğul olan kinoprodüser, eyni zamanda "Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin direktoru, Bakı Film İnstitutunun rəhbəridir.
- "START” Beynəlxalq Qısa Filmlər Festivalı bu il iştirakçılara nələr vəd edir?
- "Sinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festivala Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi dəstək göstərir. Layihəyə dəstək verən qurumlardan biri də Azərbaycan Prodüserlər Gildiyasıdır. Düşünürəm ki, bu qurumların dəstəkləməsi, layihənin, ölkəmizdə keçirilən ən böyük kino festivalı olmasına əsas verir. Əvvəlki illərlə müqayisədə, builki festivalda çox maraqlı proqram hazırlamışıq. Festival gənc kinematoqrafçıların özlərini inkişaf etdirmələri üçün nəzərdə tutulub. Belə ki, onlar həmkarları ilə canlı olaraq ünsiyyət qurur, fikir mübadiləsi edir, dünyagörüşlərini artır, başqa ölkələrdən olan həmkarları ilə tanış olmaq imkanı qazanırlar. Biz festival çərçivəsində müxtəlif layihələr də hazırlamışıq. Layihəmiz iki əsas proqramdan ibarətdir. Əsas proqramda xarici mütəxəssislərin, gənc kinematoqrafçıların çəkdiyi ən yaxşı animasiya, ən yaxşı bədii, ən yaxşı eksperimental və ən yaxşı sənədli film nominasiyaları təqdim olunacaq. İkinci proqramda isə gənc rejissorlarımızın yarışdığı yerli film nominasiyası təqdim etmişik. Hansı ki, bu nominasiyada ancaq yerli filmlər nümayiş olunacaq. Azərbaycan istehsalı olan filmlər məhz yeri mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Beynəlxalq proqramda əcnəbi ekspertlər üstünlük təşkil edəcək. Onlardan ən azı üçü xarici mütəxəssis olacaq. Beynəlxalq və yerli proqramdan əlavə, həvəskar və yaradıcı gənclər də proqrama cəlb olunacaq. "Cinemobil” adlı mobil filmlərin müsabiqəsini də keçirəcəyik. Burada əsasən telefonlarla çəkilmiş qısa filmlər müsabiqəsi olacaq. Telefonla çəkilib, müəyyən montaj proqramı ilə yığılan, 3 dəqiqəyə qədər olan filmlər yer alacaq. Bu filmlər həm sənədli, həm də bədii ola bilər. Bu 3 dəqiqəlik filmdə müəllifin fantaziyası, yanaşma tərzi, orijinallığına diqqət yetiriləcək. Düşünürük ki, həvəskar rejissorlar üçün müəyyən qədər maraqlı olacaq. Bu nominasiya üçün pul mükafatı təqdim edəcəyik. Bizə göndərilən filmlər arasından 10 film seçəcəyik. Bu filmlər onlar qiymətləndirəcək. Onlayın səsvermə ilə qalib elan olunacaq. Beynəlxalq və yerli proqramı isə xarici və yerli mütəxəssislər qiymətləndirəcək. Hazırda film qəbulu davam edir. Biz yekun olaraq, tam şəkildə, oktyabrın 5-nə qədər filmləri qəbul edəcəyik. Oktyabrın 5-də təşkilat komitəsi filmləri gözdən keçirəcək, proqrama uyğun olaraq, onları sistemləşdirəcək. Düşünürəm ki, builki festival həm film, həm də ölkə baxımından zəngin olacaq. Festivalın xaricdə təşkil olunan müxtəlif festivallarla əlaqəsi olduğu üçün bura yüksək səviyyəli filmlər göndərilir.
- Münsiflər
heyətində kimlər olacaq?
- Münsiflər heyəti tam olaraq təsdiq olunmayıb. Çalışırıq ki, münsiflər heyətində çox peşəkar mütəxəssislər yer alsın. Elə ekspertlər olsun ki, onlar həm Avropadan, həm Asiyadan gələn filmləri analiz edə bilsinlər. Yerli film müsabiqəsində isə münsiflər heyəti ancaq azərbaycanlı kino mütəxəssisləri olacaq.
- Bəs pitçinq layihəsi nədən ibarət olacaq?
- Gənc kinematoqrafçıların və rejissorların layihələrini, ssenarilərini qiymətləndirmək və onlara texniki dəstək göstərmək üçün festival tərkibində pitçinq təşkil edəcəyik. Burada kimin maraqlı süjeti, ssenarisi, yarımçıq qalmış hər hansı bir filmi varsa, təqdim edə biləcək. Pitçinqdə 35 yaşına qədər olan yerli rejissorların layihələri qəbul olunur. Daxil olan kinolayihələr "Qısametrajlı bədii film”, "Qısametrajlı sənədli film” kateqoriyaları üzrə nəzərdən keçirilir. Bir müəllif pitçinqə yalnız 1 layihə təqdim edə bilər. İlkin etapda Təşkilat Komitəsinin Seçim Komissiyası hər kateqoriya üzrə 3 layihə seçərək pitçinqə təqdim edəcək. İştirakçıların siyahısı "filmfestival.az” saytında yerləşdiriləcək və onlar şəxsən məlumatlandırılacaqlar. Pitçinqin ekspertləri qalib layihələrə texniki dəstək göstərən yerli kinoşirkətlərin və prodüser mərkəzlərinin nümayəndələrindən ibarət olacaq. Pitçinqin nəticələrinə əsasən, qaliblərə layihələrini reallaşdırmaq üçün texniki dəstək veriləcək.
- Bundan öncə keçirilən
"START” film festivallarında qalib olan iştirakçıların
sonrakı taleyi necə oldu?
- Keçirdiyimiz dördüncü festivalda Misirdən olan iştirakçının "Nura” adlı bir filmi Avropanın aparıcı festivallarında iştirak etdi. 5 və 6-cı festivallarda qalib olmuş şəxslər artıq beynəlxalq festivallarda görünür. "START” Beynəlxalq Qısa Filmlər festivalı gənc rejissorlar üçün bir mərhələdir. Bu mərhələni çox uğurla adlayan onlarla festival iştirakçıları var. Hansı ki, indi onların sorağı çox tanınmış festivallardan eşidilir. Həmin iştirakçılar ilk olaraq bizim festivallarda iştirak ediblər. Bizim festivalların fəaliyyəti gənc müəlliflərdə kinoya olan sevgini, yaradıcı enerjini saxlamağa kömək olur. Festivalımız iştirakçıların, yaradıcılıqlarında növbəti mərhələyə keçmək üçün bir pillədir. Avropanın əsas aparıcı festivalları ilə danışıqlar aparırıq. Bizim festivalların qalibi birbaşa olaraq Avropanın bəzi festivallarında qısametrajlı bölmələrinin əsas proqramlarında görünürlər. Biz də onlara yardımçı olmağa çalışırıq. Gələn festivallarda bu nəticəni tam olaraq əldə edəcəyik.
- "START” Beynəlxalq
Qısametrajlı Film festivalının
dünya film festivalları
arasında nüfuzu, çəkisi nə qədərdir?
- Dünyanın özündə qısametrajlı festivallar əsasən hər region üzrə daha çox söz sahibi olur. Hansısa bir ölkədə qısametrajlı filmlər festivalı keçirilirsə, o həmin regionun gənclərini özündə birləşdirməyə çalışır. Bizim 6-7-8-ci festivallarda Orta Asiyadan, İrandan, Avropa ölkələrindən daha çox filmlər gəlirdi. Festivalın özü Şərqi Avropa, MDB, Yaxın Şərq ölkələri üzrə aparıcı festivallardan birinə çevrilməkdədir. Onlayn təqdim olunan filmlərin sayına baxdıqca, bilmək olur ki, bu arenanın, coğrafi zonanın aparıcı festivallarından sayıla bilərik. Söhbət qısametrajlı filmlərdən gedir. İranın, Yaxın Şərq ölkələrinin marağı bizim festivala daha çoxdur. Almaniyadan, Fransadan, Avropadan filmlər gəlməkdədir. O filmlər ki, Avropanın aparıcı film festivallarında iştirak ediblər.
- Nə üçün festivalın adını məhz
"START” qoydunuz?
-
"Start” sözünün kökündə bir art
var. Bu, böyük kinoya,
sənətə addımlamağa
təkan verən anlamına gəlir. Məqsədimiz təkan olmaqdan
başqa, gələcəkdə
festivalın masştabını
daha da böyütməkdir.
- Müsabiqənin
sonunda qalibləri nə
gözləyəcək?
- Biz həm beynəlxalq, həm də yerli nominasiyanın qaliblərinə "Qızıl
Nar” mükafatı təqdim
edəcəyik. Qaliblər üçün
pul mükafatı da nəzərdə tutulub.
- Bizdə yerli film festivalı çox azdır, demək olar ki, yox
səviyyəsindədir. Artıq dünyaya
mesajların filmlə
ötürüldüyü bir zamanda, festival qıtlığını nə
ilə əlaqələndirirsiniz?
- Söhbət bədii film nümayiş olunan filmlərdən gedirsə, beynəlxalq səviyyəli heç bir festivalımız yoxdur. Ola bilsin ki, sosial layihələr üzərində qurulmuş yerli festivallarımız olsun. Bunlara siqaret əleyhinə çəkilən, ailə-qadın zorakılığı, məişət tullantıları və digər mövzulara dair sosial xarakterli qısametrajlı filmlər festivalları daxildir. Son iki ildə inkişafa doğru gedən "Doku Baku” sənədli filmlər festivalı var. Qeyd edim ki, beynəlxalq səviyyəli film festivallarımız yoxdur. Bu, çox acınacaqlı haldır. Festivalların sayı daha çox olmalıdır. Ancaq təəssüf ki, bizdə bu məqam gəlib çatmayıb. Qonşu ölkələrə baxanda daha çox festivallar keçirildiyinin şahidi olarıq. Biz də çalışmalıyıq ki, kinoya olan marağımızı artıraq. Mədəniyyətimizi dünyaya çatdırmaq üçün kino ən ideal vasitədir. Dünyaya görüntü ilə daha tez çıxa bilərik. Heç kim nəyisə dinləmək, nəsə oxumaq istəmir. Bu günün insanları real görüntü istəyirlər, kadrlara baxmağa daha çox meyllidirlər. Kino bir dövlətin təbliğat vasitəsidir. Kino rejissorun daxili aləmini açmaq üçün bir vasitədir. Buna görə də festivalların sayı daha çox olmalıdır...
-
Yaratdığınız Bakı film İnstitutunda vəziyyət
necədir?
- Bakı Film İnstitutu
bir kino mərkəzidir. Hazırda o mərkəz fəaliyyət
göstərir. Oradan çıxan
məzunların özləri
də bizim festivalın işində yaxından iştirak edirlər. Elə olur ki, mərkəzin məzunlarından
işini daha yüksək səviyyədə
bacaranlar, festivala dəvət olunanlar, kino təhsil mərkəzinin özü
də bizim bu layihənin gedişatında bizə dəstək olurlar.
- Filmlərin kinoteatrlara bu qədər çox ayaq açdığı bir zamanda, nə üçün film çəkmirsiniz?
- Əslində kino ilə bağlı bir
neçə layihələrim
var. Mən film çəkməyə
kommersiya işi kimi baxmıram. Kommersiya işi ilə məşğul olmaq, rejissordan tamam başqa bir xarakter istəyir. Gərək həmin işə fokuslanasan.
Fokuslanmaq üçün özümün xarakterim həmin layihəyə uyğun gəlməlidir.
Kommersiya
layihələrinin ustası
deyiləm. Daha çox
festival və dram filmlərinə
istiqamətlənmişəm. Neçə
illərdi festivalın
təşkili ilə məşğulam. Komediya janrında
film çəkən rejissorlar,
gənc istedadlı uşaqlar var. Hələlik
özümü bu layihədə görmürəm.
Bu, kino prosesinin
gedişatından asılıdır.
Növbəti illərdə müəyyən
qədər maraq yaradacaq komediyadan uzaq bir film olacaq.
Hesab edirəm ki, bu layihənin ekrana çıxması
tam şəkildə yetişməyib.
Xəyalə Rəis
Kaspi 2018.- 20 sentyabr.- S. 14.