Nə məktəb məni
dartırdı, nə də ki futbol...
Elxan Cəfərov: “Fərdi nailiyyət
səni başqa insanlardan üstün edə bilməz”
Uşaqdan böyüyə, hamımız onu "Şir evdən getdi” filmi ilə tanıyırıq. Uşaq yaşlarında çəkildiyi filmlərlə, yaratdığı obrazlarla həmyaşıdlarının qibtə etdiyi şəxs olub. Amma bu məşhurluq xarakterini dəyişməyib. Çünki düşünür ki, heç bir fərdi nailiyyət səni başqa insanlardan üstün edə bilməz.
"Gör-götür” rubrikamızın budəfəki qonağı aktyor, rejissor, Əməkdar incəsənət xadimi Elxan Cəfərovdur.
- Mavi ekranın
sehrinə uşaq vaxtından qapılmısınız. Hər
kəsin qibtə etdiyi uşaqlığınız olub.
Uşaqlığınızla qürur duyursunuzmu?
- Keçmişə baxanda mənə elə gəlir
ki, o uşaq mən deyiləm. Sanki, balaca Elxan başqa oğlan idi. Düzdür,
hər hadisə, keçirdiyim hisslər
yaddaşımdadır. Amma o
uşağı özüm hesab etmirəm. Yadımdadır, özümü ilk dəfə
ekranda görəndə bəyənməmişdim.
- Həmyaşıdlarınız həyətdə
futbol oynayanda siz kinoya çəkilmisiniz... "O uşaq” çəkiliş
meydançasında darıxırdımı? "bitsəydim futbol oynayardım” düşüncəsi
olubmu?
- Çəkiliş
meydançası o qədər maraqlı idi ki... Düzdür, çox çətin idi. Qızmar günəşin altında 6 ağır
projektor yanır, üstünə tuşlanırdı. Amma meydançadakı yaradıcı ab-hava,
televiziyadan tanıdığım aktyorları görməyim,
onlarla tərəf müqabili olmağım çox maraqlı
idi. Həmin vaxt futbol yadıma
düşmürdü (gülür-A.Ə). Hər gün yeniliklərlə rastlaşmaq məni
darıxmağa qoymurdu. İlk dəfə
çəkiliş meydançasına 8 yaşımda
düşmüşəm. Uşaq kimi
formalaşmağım kinostudiyada olub. 6
yaşımdan kinostudiyada müntəzəm uşaq
obrazlarını səsləndirirdim. Bu
dünya mənim üçün çox maraqlı idi.
Nə məktəb məni dartırdı, nə
də ki futbol. Yaşıdlarımla təmasda
olmadığım üçün uzun müddət
dostlarım olmamışdı. Amma sonradan
o dövr keçdi. Əslində,10
film 2 ildə çəkildi və yenidən normal
uşaqlığıma qayıtdım. Adaptasiya
məsələsində çətinlik çəkdim.
Tanındığıma görə,
bütün uşaqların mənə qarşı reaksiyası
eyni olmurdu. Kimisi mənlə dostluq edirdi,
kimisi qibtə ilə yanaşırdı. Nifrət edənlər
də az deyildi. Ümumilikdə,
münasibət pozitiv idi.
- Psixoloqlar deyir ki, xüsusilə
uşaqlıq illərindən məşhurluq insanın
xarakterini dəyişir. Məşhurluğunuz
başınızı gicəlləndirdimi?
- Xeyr, o mərhələ
rahat idi. Eqo baxımından problemim olmadı.
Mən sovet dövründə
böyümüşəm. Məşhur
olduğuma görə, əlavə bonuslarım yox idi. Uşaq idim, məktəbli idim. Kinoya
çəkilən vaxtlarda kinoya gedirdim, məktəb
vaxtlarımda məktəbə gəlirdim. Uşaqlar qibtə edirdi düzdür, amma ona görə
deyildi ki, mən məşhur idim. Ona
görə idi ki, mən arada məktəbə gəlməyə
bilirdim. Anlayırdım ki, heç bir fərdi
nailiyyət səni başqa insanlardan üstün edə bilməz.
Ailəm, nəsil-köküm mənimlə fəxr
edirdi, amma məşhur olmağım özümə
çatmırdı.
-
Müsahiblərinizdən birində deyirsiniz ki, valideynlərinizdən
aldığınız ən önəmli öyüd
dünyanı sevmək və gözəlləşdirməkdir...
- Hər
bir valideyn övladına sevgi aşılayır, həyatda
özünü itirməməyi tövsiyə verir, çətin
vəziyyətlərdə düzgün addım atmağa
yönəldir. Atam rejissor, anam jurnalist idi.
Anam Azərbaycan ədəbiyyatının
gözəl bilicilərindən biri idi. Yadımdadır
ki, mənə şeirlər deyir, nəsr əsərlərindən
hissəciklər oxuyurdu. Bəzən
narazılıq edirdim, dinləmək istəmirdim. Amma valideynin və uşağın düşüncələri
arasında fərq odur ki, uşaq həmişə oyuncaq
axtarır, valideyn onu kamilləşdirir. Valideynlərimin
mənə aşıladığı sevgi, verdikləri
öyüd nəsihət, oxuduqları kitablarla mən
dünyanı gözəlləşdirə biləcəyimi
anladım. Həm də incəsənətin
ümdə vəzifəsi dünyanı gözəlləşdirməkdir.
- O qədər dəyərli işlərə
imza atmısınız. Amma etiraf edək ki, "Şir evdən
getdi” mütləq ilk anılır və xüsusi
tanınır. Bu, sizi
qıcıqlandırmır ki?
- Xeyr.
Əvvəllər bu barədə
düşünürdüm... Amma yaşlandıqca anlayırsan ki, hər bir
insanın taleyində simvolik nöqtələr olur. Məhz həmin nöqtələr həyatını
dəyişir. Bu, yəqin ki, mənim
taleyimdir. İndi əsəbiləşmirəm.
Etiraf edim ki, həmin filmdəki obrazımı
bu gün rejissor kimi bəyənmirəm. Mən
uşağı fərqli oynadardım. Bu
filmlə anılmaq əvvəl məni qıcıqlandırsa
da, artıq o həyatımı tam fərqli qiymətləndirirəm.
- İstedadı atanızdan
aldığınızı söyləmisiniz. Maraqlıdır, Mailə Muradxanlıdan
sizə nə keçib?
- Ana... nə
deyim ki... Ata aparıcı, təyinedici qüvvədir.
Amma dünya sevgisi, daxili stabillik,
özünü idarə etmək, insanlara qarşı həssas,
duyğulu münasibəti Mailə xanımdan öyrənmişəm.
Onun elə dahiliyi ana sözünün
özündədir.
- Uşaqlıqdan məşhur filmlərə
çəkilən Elxan Cəfərov niyə sonralar
aktyorluqdan rejissorluğa keçdi?
- Biz
Moskvadan qayıdanda SSRİ tam dağılmamışdı,
qarışıq dövr idi. O vaxt sənətlə məşğul
olmaq mənasız bir şeyə çevrilmişdi. Sənət sonradan dirçəldi. O dövrdə
aktyorluq etmək mümkünsüz idi. Aktyorluq
elə sənətdir ki, qəlbini açmalısan.
Aça bilmədinsə, yüksək sənətə nail ola bilməyəcəksən. Mən
o dövrdə aktyor kimi yaşayıb, fəaliyyətlərini
davam edən sənətkarlara pərəstiş edirəm.
Həmkarlarım aktyor peşəsində
çox çətinliklə üzləşdilər. Elə bil ki, kiməsə ürəyini
açırsan, səni veclərinə almırlar. Ona görə də aktyorluqdan rejissorluğa
keçdim. Valideynlərim də mənim
fikirlərimi hər zaman dəstəkləyiblər. Çin fəlsəfəsində belə bir söz
var ki, sən öz yolunu tapmısansa, artıq sənə
müəllim lazım deyil. Ondan sonra həyat
özü müəllimdir. Mənim də
bu yolda müəllimim əvvəlcə atam, sonra həyat
oldu.
- Elxan bəy,
xarici görünüşə önəm verirsiniz. Hətta
yeniyetməlik dövründəki dəyişikliyiniz sizi
depressiyaya salıb...
-
Gülür.(A.Ə). Uşaq
vaxtı yaraşıqlı idim. Saçlarım
da çox idi. Hətta dükandan su alanda,
mənə bəzən "qızım” deyə müraciət
edirdilər. Əsəbiləşirdim ki,
mən oğlanam, qız deyiləm. Birdən-birə
yeniyetməlik dövrü başladı, fizioloji dəyişikliklər
oldu. Üzüm yekəldi, burnum
böyüdü, əllərim dəyişdi. Bu, əhval-ruhiyyəmə öz təsirini göstərməyə
bilməzdi. Bəlkə də, aktyorluqdan
imtina etməyimdə bu vəziyyətin də rolu olub.
- Akrtisa Gülzar Qurbanova ilə evlisiniz. Tanışlıq
tarixçənizdən danışaq...
-
Gülzar xanımla eyni məktəbdə təhsil
almışıq. O, məndən iki sinif aşağı,
bacımla oxuyurdu. O vaxtdan münasibətlərimiz var idi. Mən onu birinci sinifdən tanıyıram. Amma ailə quracağımız haqqında heç
vaxt düşünməmişdim. Moskvaya
universitetə daxil olanda, onlar hələ oxuyurdular. Sonra mən əsgər getdim. Qayıdanda
Gülzarla münasibətlərimiz yenidən başladı və
ailə qurduq.
- Gülzar xanım 3 filminizdə rol
alıb. Maraqlıdır, aktrisa kimi hansısa təklifinizdən
imtina etdiyi olubmu?
- Sonucu
filmim "Yarımıq xatirələr”də ilk növbədə
Gülzar xanıma müraciət etdim, razılaşmadı. Gürcüstandan aktrisa tapdım, testlər edildi.
Hətta Belarusa çəkilişlərə də
getdim. Bir ay idi ki, çəkiliş
gedirdi Gülzar xanım mənə zəng vurdu ki, Elxan bilirsən,
mən fikirləşdim ki, bəlkə də oynayaram, amma mən
onu mənfi qəhrəman etməyəcəm. Rejissor kimi qəbul etdim və doğru da
alındı.
- Rejissorla aktrisanın
izdivacının hər iki şəxsin karyerasında
hansı izləri olur?
-
Yaradıcı prosesdir. Əlbəttə ki, həyat
yoldaşım da mənimlə məsləhətləşir,
mən də ondan məsləhət alıram. Biz ən əsası dostuq. Hər
hansı aktyor seçəndə, mütləq Gülzar
xanımla məsləhətləşirəm. Çünki o, teatrda işlədiyi
üçün daim onlarla sıx münasibətdədir.
Biz bir-birimizdən bəhrələnirik. Düzdür, toqquşmalar da olur, fikirlərimiz
üst-üstə düşmür. Amma
ümumilikdə biz ailəyik. Bir filmdə
izləmişdim. İnsanlarda həyat o qədər
idealdır ki, emosiyaya yer yoxdur. Emosiyasız
dünya süquta uğrayar. İnsan səhvləri
olduğu qədər insandır və səhv etdikcə təzələnir.
Ona görə də, toqquşmalar, təzadlar bizim
dostluğumuza mane ola bilmir.
- Həyat yoldaşınızla dost
olduğunuzu vurğulayırsınız. Maraqlıdır,
çəkiliş povilyonunda münasibətiniz necədir?
Kaprizlidirmi?
- Xeyr. Mənim
yanımda kapriz ola bilməz. Desport deyiləm.
Çalışıram hamıya məhəbbətlə
yanaşam, amma çox inadkaram. Fikirlərimi
aktyora, aktrisaya çox dəqiq çatdırıram. Sevgi dolu Elxanın iti fikirləri tez qəbul olunur.
Qəddar deyiləm, amma inadkaram. Bunu həyat yoldaşım da bilir və qəbul
edir.
- Olurmu
ki, həyat yoldaşınız olduğu üçün
Gülzar xanıma daha çox ərk edəsiniz...
-
Gülzar xanımı çəkdiyim ilk filmdə belə vəziyyət
yaranmışdı. Ondan daha çox tələb
edirdim. Amma sonra gördüm ki, rejissor
olaraq peşəyə düzgün münasibət deyil.
Bütün aktyorlardan nə almaq istəyirəmsə,
bunu hansı metodlarla edirəmsə, mütləq Gülzar
xanıma da elə yanaşmalıyam. Məxsusi
münasibət olmamalıdır. Gülzar
xanım birinci filmdə məndən küsmüşdü.
Çox təzyiq göstərirdim. Etiraz edirdi ki, hamıyla şirin
danışırsan, mənlə sərt. Sonra
başa düşdüm ki, mən öz düşüncəmi
deyil, onun fərdi düşüncəsini işə salmalıyam.
- İki uşaq atasınız. Elxan Cəfərov necə
atadır və tərbiyədə əsas prinsipləri nədir?
Deyirlər müasir dövrdə övlad böyütmək
çətindir...
- Ailədə
mənəvi mühit çox vacibdir. Biz
Gülzar xanımla çalışırıq ki, bu
mühiti qoruyaq. Əlbəttə,
övladlarıma aşılayacağım ən vacib fikir
sevgidir. Belə bir söz var ki,
övladlarınıza sevgi aşılayın, çirkinliyi
onsuz da dünya özü onlara göstərəcək.
Amma sevgisiz onlar məhv ola bilərlər. Əsas vəzifəmiz insanlara sevgi və vətənpərvərlik
hissini aşılamaqdır. Vətənpərvərlik
haqqında boğazdan yuxarı çox danışmaq olar.
Əsas onu hiss etməkdir.
- Adətən, orta və
yaşlı nəsil gəncləri tənqid edir, bəyənmirlər.
Həmçinin gənclər də, onların fikirləriylə
razılaşmırlar. Facebookda gənclərin
sizə olan xüsusi sevgisini görürük. Siz
buna necə nail olmusunuz?
- Qızımın 25, oğlumun 18 yaşı var. Qızım 14-15 yaşına çatdıqda, mən dərk etdim ki, artıq gənc deyiləm. Bu gün də hər hansı bir yerdə gənc görən kimi mənə elə gəlir ki, öz balamdır. Bu, mənim özümdən asılı deyil. Məncə, hər bir yaşlının içində gənclərə sevgi var. Yaşlılar ona görə gənclərdən gileylidirlər ki, gənclərin xoşbəxtliyini istəyirlər və böyüklərə elə gəlir ki, onların getdiyi yol gəncləri xoşbəxtliyə aparmır. Bu, həmişə belə olacaq. Amma yaşlılardan fərqli olaraq başa düşürəm ki, nailiyyət, inkişaf, xoşbəxtlik fərdi işdir. İnsan məsləhətə qulaq asmalıdır, ələlxüsus da gənclər. Amma yaşlılar da bilməlidir ki, Allah deyillər. Onların da səhvi var. Ona görə də istər gənci, istər yaşlısı əhval-ruhiyyən xoşbəxtdirsə, sən xoşbəxtsən. Xoşbəxtlik fərdi münasibətin nəticəsində yaranan haldır. Gənclərə dəfələrlə demişəm ki, hər hansı bir nailiyyət qazanmaq xoşbəxtliyin timsalı deyil. Nailiyyət gözəldir, o daha çox xalqına, ailənə lazımdır. Özün də qürurlanırsan, amma xoşbəxtliyin formulu daxil nailiyyətlərlə sıx bağlıdır. Ona görə də, gənclərin üzərinə getmək lazım deyil.
- Maraqlıdır, gənclərdə
bəyəndiyiniz xüsusiyyət hansıdır?
- İti zəka. Mən bugünkü gəncliyimizdə bunu görürəm. Müasir gənclikdə analitik düşüncə daha aktiv işləyir. Bundan əlavə, bütün dünya xalqlarının tarixçəsini oxuyanda, başa düşürəm ki, mənim xalqım dünyanın ən gözəl xalqıdır. Bizi bütün xalqlardan fərqləndirən sevgidir. Gənclik də sevgi doludur. Bizim qanımızda muğam, mədəniyyət, böyüyə hörmət var və bu gənclərə də aşılanıb.
Pozitivsiniz. Pozitiv
olmaq, günə po- zitiv başlamaq üçün
hansısa sirriniz varmı?
- Birinci növbədə Allaha inanmaq lazımdır. Bir dəfə qəbir üstündə ailə üzvlərimi ziyarət edərkən, molla mənə dedi ki, islam özünü həyata təslim etmək deməkdir. Allaha inam təkcə həyatdan yaxşı şeylər gözləmək deyil. İnsan inanmalıdır ki, bir qapı bağlanırsa, mütləq digər qapı açılır. Düzdür, o qapı bağlananda sənə elə gəlir ki, hər şey bitir. Amma sən özünü təslim et. Daha sonra anlayacaqsan ki, o qapı sənin xeyrinə bağlanıb, ardında mütləq yaxşı hadisə baş verəcək. Həyatı sevmək, gözəlləşdirmək lazımdır. Həyat şansdır və sınaqlarla doludur. Onu dərk edə bilirsənsə, xoşbəxt və pozitiv olursan.
Aygün
ƏZİZ
Kaspi 2018.- 21 sentyabr.- S.12.