Hacıbaba yolu

 

 Rafael Hüseynov

 

Onun həyat tarixçəsi bir neçə cümləylə də verilə bilər, yaxşılı-yamanlı günləri yerli-yataqlı yazılarsa, bir neçə yüz səhifəyə də sığmaz. Xeyli üstdən baxılarsa, insanın ömür yolu bitəndən sonra onun tərcümeyi-halının bircə kəlməsiz də, yalnız rəqəmlərlə, bircə xəsis cızıqla ifadə olunması mümkündür. Hacıbaba Hüseynəli oğlu Hüseynovun, bu cür yazılacaq olarsa, ən qısa ömür hekayəti belədir: 15.III.1919–24.III.1993. Doğuldu və öldü. Rəqəmlər arasındakı o balaca cızıq qədər qısa həyat! Sənədlərində, onun məhz burada dəfn olunduğunu nişan verən başdaşında bioqrafisi elə bu təhər həkk olunsa da, dərindəki həqiqət başqadır. Hacıbaba Hüseynov gələn və getməyən müstəsnalar zümrəsindəndir. Ömrünün 75-ci baharını qarşılamaq ona nəsib olmadı.

  Ağsaqqal sinnində asta-asta coşqun şöhrət köhləninə əyləşdiyi, nəhayət ki, möhtəşəm sənətinin səfasını görməyə, dünyaya çıxmağa başladığı vaxtlarda, 74-nü tamamlayandan yeddi ay sonra bizlərdən cismən ayrıldı. Lakin musiqi tariximizin bu nadir incisi millətimizə və sənət xəzinəmizə həmişə yaz təravətini hifz edəcək bir irs yadigar qoyaraq millət və yurdla birgə əbədi yaşamaq haqqı qazandı. Nəfəsi dayanandan, yolu bitəndən sonra insanlar başladı onun yeni oxumalarını aramağa. Və tapdılar! El şənliklərində, ailə məclislərində, dost yığnaqlarındakı söhbətlərini, oxularını bir-bir arayıb üzə çıxarmağa başladılar. Tapanlar da gizlətmədi, "yalnız mən feyzyab olum” demədi, hamıya görünməsi, eşidilməsi üçün yaydı. Çünki bildi ki, bu əməldə savab var. Çünki Hacıbaba avazı, o avazın məlahətinə qovuşmuş Hacıbaba ruhu el bulağı, hamının olan çay kimidir.   Hamının olandan hamıya da gərək pay çata!

 Beləcə, Hacıbaba ustadın nəfəsi əvvəlkindən də gur gəlməyə başladı.

Hacıbaba Hüseynov bu gün sağlığında olduğundan da çox sevilirsə, arzulanırsa, dinlənilirsə, dil necə dönər ki, ona "yoxdur” desin! Hacıbaba Hüseynovun əsl böyüklüyünün rəsmən və hamılıqla etirafı bir qədər gec baş verdi. 70-nə gəlib yetişəndən sonra.

  Yaddaşı güclü və mütaliəsi də mütəmadi idi. Onu tək musiqi yox, dünya siyasəti və tarixi də maraqlandırırdı. Hərdən dünyanın uzaq ölkələrinin, müasir siyasi həyatın elə məsələlərindən söz açırdı ki, məəttəl qalırdım. "Bunları hardan bilirsiniz” soruşanda ya hansısa kitabı nişan verirdi, ya Moskva televiziyasının hansısa proqramında görüb-eşitdiyini söyləyirdi. Təbii ki, Parisin də adını eşitmişdi və gözəlliklərindən xəbərdar idi, Fransanın digər məşhur şəhərləri barədə də bilgisi vardı. Ancaq haradan ağlına gələrdi və lap Volf Messinq (yeri gəlmişkən, Hacıbaba ustad onun haqqında da az şey bilmirdi) kimi bir sabahı görən adam 1960–1970-ci illərdə ona qəti şəkildə bəyan etsəydi ki, taleyində yazı var, 70 yaşına çatanda əməkdar artist olacaqsan, üstündən 7 ay keçəcək, xalq artisti adına da layiq görüləcəksən. 70 yaşın olandan sonra İrana da yolun düşəcək, İraqa da, Türkiyəyə də səfərə çıxacaqsan. 1991-ci ildə səni 1 aylığa yollayacaqlar Fransaya, şəhər-şəhər gəzib-dolaşacaqsan, Paris, Marsel, Leon, Monpelyedə olacaqsan, Belçikanın Brüssel şəhərində, İsveçrədə, Hollandiyada konsertlər verəcəksən, oralarda səni dinləməyə yalnız azərbaycanlılar, farslar, türklər deyil, əsl avropalılar, fransızlar, almanlar, hollandlar da gələcək, onlar səni bizimkilərdən də çox alqışlayacaq, oxu tərzinə məftun kəsiləcəklər. İnanmazdı və nə o, nə də bir ayrısı bunları təsəvvürünə belə gətirə bilməzdi, amma bütün bunlar oldu.

 

  Hacıbaba Hüseynov böyük sənətə gəc gəlsə də, bu gur meydanda öz ağayana yerini tez tuta bilmişdi və sözdə deyib-deməmələrindən asılı olmayaraq dostları, yaxınları, sevənləri də, rəqibləri, həsədini çəkənlər də təsdiqləyirdilər ki, Hacıbaba sadəcə yaxşı sənətkar deyil, ustaddır! Bu nə şişirtmədir, nə də Hacıbabaya vurğunluqdan irəli gələn ifrat tərif. Bizim muğam aləmində indiyədək sözlə muğam musiqisinin vəhdətini yaratmaqda, irsinin daxili rəngarəngliyi və zənginliyində, muğam içərisində şöbədən şöbəyə, guşədən guşəyə keçməkdə, bir muğamı ifa edərkən üzvi şəkildə əlaqələndirərək bir və bir neçə başqa muğama adlayaraq təzədən çıxdığın nöqtəyə qayıtmaqda, həm də bu əsnada yaradıcılıq, yenilikçilik, bəstəçilik nümayiş etdirməkdə ondan üstünümüz olmayıb. XIX yüzilin ikinci yarısında, XX əsrin əvvəllərində Şamaxıda Mirzə Məhəmmədhəsənimiz olub ki, yaxşı şair idi, bəstəçiliyi də vardı, təsnifləri də qalıb.

  Fəqət bizə bircə qəzəli, bir məsnəvisi çatıb. Eləcə də eyni cür həm bəstəçiliyi, təsnifsazlığı, həm də şairliyi olmuş Cabbar Qaryağdı oğlunun bircə məşhur qəzəlini bilirik, kimsə yenilərini axtarıb tapsa da, barmaqla sayılacaq qədər az olacaq, çünki çox olmuş olsaydılar, zamanında dillərə düşər, məşhurlaşardılar. Hacıbabanınsa qəzəllərinin, müxəmməslərinin, təxmislərinin, qoşmalarının ümumi sayı 400 civarındadır. Hamısı da musiqi ilə doludur, başqa klassik üslubda yazıb-yaratmış və yaratmaqda olan şairlərin doğurduqlarından ilk növbədə onunla seçilirlər ki, musiqi saçırlar, yalnız şeir yox, həm də musiqi qaydaları və qəliblərinə uyğun yaradılıblar. Ona görə də çoxu xanəndələrimizin oxularındadır, dillərində əzbərdir və həm də Hacıbabadan oxuyanlar müxtəlif yaş nəsillərinin təmsilçiləridir. Böyük xanəndələrimiz, klassiklərimiz sıra dağlardır – Keçəçioğlu Məhəmməd, Ələsgər Abdullayev, Məşədi Məmməd Fərzəliyev, İslam Abdullayev, Seyid və Xan Şuşinskilər, Mütəllim Mütəllimov, Zülfi Adıgözəlov, Yaqub Məmmədov, Əbülfət Əliyev, Alim Qasımov... Hamısının irsi ortada, Hacıbaba Hüseynovdan qalan səs yadigarları da gözümüzün qarşısında. O misilsiz sənətkarlarımızın hərəsinin bir gözəlliyi var. Səsinin uçuş imkanları, bəlkə də, o məşhur xanəndələrimizin hamısından məhdud olan Hacıbaba Hüseynov fitri istedadı və dərin bilikləri ilə elə möcüzəli bir sənət dünyası yaradıb ki, miqyasda, daxili üfüqlərinin genişliyində, əlvanlıqda, zənginlikdə onunla kiminsə bəhsə girməsi ağlasığan deyil. Ömrü boyu öyrənməyi özünə şüar etmiş Hacıbabanın mirası muğam gülüstanımızda, xanəndəlik sənətimizdə yaxşı olanların hamısının toplusudur.

  Bu irsin içərisində, sərraf nəzəri ilə baxılarsa, keçmiş əvəzsiz xanəndələrimizin hamısından bir iz, rayihə, çalar, dad mütləq var. Və Hacıbaba Hüseynov musiqi və muğam həyatında heç vaxt böyük iddialara düşməsə də, müdam təvazö ilə öz sənətini içəridən cilalamaqla, xalqa xidmət etməklə məşğul olsa da, hər halda bir an belə sayıqlığını itirmədən həmişə musiqimizin saflığının qorunmasındakı ali məsuliyyəti və cavabdehliyini hiss etmiş, ifası və sözü ilə ötkəm mübarizə də aparmışdır. 1970-ci illərdə muğam gerçəkliyimizə çəyirtkə sürüsünün qəfil hücumu kimi umulmaz axınların, yad xalların, qırmızı gitaraların, ucuz ara musiqisinin sirayət etdiyi və sanki öz çirkabları ilə illərlə təmizliyini qoruduqlarımızı yuyub aparacağı təsəvvürü oyananda sinəsini mərd-mərdanə irəli verənlərin ilkinlərindən biri Hacıbaba Hüseynov idi:

 

Zənn eyləməyin ki, şairəm mən,

Xanəndəliyimdə mahirəm mən.

Dərdim budu, bəs bu növcəvanlar,

Nazəndə, gözəl sevimli canlar

Yaddan çıxarıblar el havasın,

Tarın, kamanın, neyin nəvasın,

Tarın yerinə çalar gitara,

Kimlər edəcək bu dərdə çara?

Güldü, dedi ol biləndə ustad:

"Ariflər edər, yəqin ki, imdad.

Xanəndəliyin bilir xəlayiq,

Şairliyə vardı səndə layiq”.

"Əhsən! – dedi – Hacı! Var kəmalın,

Xəlq ənənəsindədir cəlalın!”

 

  Hacıbaba ustad, əslində, bu gün də həmin mübarizəsini davam etdirməkdə və uğur qazanmaqdadır. Ənənəyə, öz xalis Azərbaycan musiqi dilimizə sədaqət, yüksək zövq, zəriflik, sözə nəvaziş, sözün ən dərinliklərindəki şəhdi, şəkəri son qətrəsinəcən sıxıb çıxarmaq, dinləyənin ruhuna çiləmək, muğamın keçmişin qalığı, qocafəndi oxu deyil, ən yeni günün damarından tuta bilən, nəbzi ilə həmahəng vurmağa qadir incədən-incə könül musiqisi olduğunu hər an ürəklərə və şüurlara yeritmək xanəndə Hacıbaba Hüseynovun bu gün bizimlə birgə yaşayan oxularının gündəlik dərsləridir. Başlıca hikmət, zəfərin açarı isə Hacıbaba ustadın şeirinin son misrasında söylədiyidir. Nə qədər ki kökə, əsilə, tarix sınaqlarından ötüb gələn ənənələrə sadiq qalacağıq, zaval bizdən uzaq olacaq.

 

  ...O vaxt hələ heç mən dünyaya gəlməmişəmmiş, Hacıbabanı da bir kimsə xanəndə kimi tanımırmış, amma bu dəftər açıqca söyləyir ki, Hacıbaba o vaxtlar kim imiş, hansı duyğularla yaşayırmış, hansı şairlərin hansı sözlərinə könül verirmiş. Ustaddan mənə yadigar qalmış dəftərlər arasında məncə bu, ən köhnəsidir. Latın qrafikası ilə, öz səliqəli xəttiylə köçürüb. 1940-cı illərə aiddir.Bir başqa dəftəri açıram. Köçürdüyü bu şeirin altında tarixi də göstərib: 1952-ci ilin 4 noyabrı. Təbii, o dövrdə də bizdə Racini tanıyanlar vardı. Ancaq kimlər? Əlbəttə ki, yalnız tək-tək tədqiqatçılar, Həmid Araslı, Mirfeyzulla Qasımzadə, Əkrəm Cəfər, Əli Fəhmi kimi seçmə ədəbiyyatşünaslar. Geniş kütlənin nə Racidən və o qəbil şairlərdən xəbəri vardı, nə də onların mərsiyələrindən, növhələrindən, qəsidələrindən. Hacıbaba isə hələ o vaxtlar bu şeirləri arayıb tapırmış, dəftərlərinə köçürürmüş, əzbərləyirmiş və oxuyurmuş.  Adam arasında yox, ürəyində oxuyurmuş. Çünki allahsız sovet dövlətinin nəzərlərində elə bu cür şeirləri oxumaq, yaymaq da qatı mövhumatçılıq, din təbliği, hökumətin xoşuna getməyən, cəzaya layiq əməl sayılırdı.

 

 Raci, tovlanma bu bimehr ü vəfa dünyayə,

 Əldə bir tuşə gərək çün səfər-i üqbayə.

 Nəqd-i eşq ilə bu gün cəm elə bir sərmayə,

 Göz yaşı xərc olunur həşridə göhər yerinə.

 

  Hacıbaba düşünmürmüş ki, haçansa gün gələr, bu şairlər də hamınınkılaşar, bu cür şeirlər də xəlvətdə yox, adam arasında, məclislərdə, toy-düyündə oxunar və oxuyana da hikkə ilə "dərviş” deyib damğa-filan vurmazlar, sevərlər, təqdir edərlər. Lap cavanlığından zəmanənin yelləri əsən səmtə əyilmədiyindən, həmişə ruhunun ehtiyac duyduğuna, qəlbinin umduğuna üz tutduğundan, oxuduqlarından sonsuz zövq alıb bu zövqə başqalarını da tamarzı qoymamaq nəcibliyindən o, tək, özünəməxsus olan bir yol, üslub, tərz yaratdı.

  Hacıbaba yolu! Elə füsunkar bir yol ki, Azərbaycanın Muğam Səltənətində ən cazibədarlardan oldu. Oldu və yaşayır. Hacıbabanın yaratdığı, tək onun olan bu yoldan indi çoxları keçir və hələ çoxları da keçəcək. Ən gözəl olansa budur ki, həmin yoldan keçənin kimliyindən asılı olmayaraq dinləyən hal əhli dərhal duyur – nə yaxşı, bu, Hacıbaba yolu gedir.

  Bir sənətkar üçün yolunun yaşamasından, yolu ilə yeni-yeni gedənlərin var olmasından böyük nə bəxtəvərlik olar!

 

 

Kaspi 2018.-22-24 sentyabr.- S.17.