Tofiq Abdin və…
sentyabr…
Kənan Hacı
Səhər yuxudan oyanıram və Tofiq Abdini xatırlayıram. Onun doğum günündən bir neçə gün keçir. Sentyabrın 1-i bizim üçün – onun dostları üçün xüsusi bir gün idi. Bu günlə bağlı hələ sağlığında "Tofiq Abdin günü” adlı bir yazı yazmışdım. Amma Tofiq abiylə tanışlığımızın tarixçəsi tamam başqa bir günlə bağlıdır. Gərək lap əvvələ qayıdım…
Hərbi xidmətdə olduğum günlərdən birində əlimə bir qəzet parçası keçdi, orda Tofiq Abdinin oğlu Mətinə əsgərlik günlərində yazdığı bir şeir çap olunmuşdu. Şeirdə təxminən, belə bir fikir vardı ki, çöldə yağış yağır, amma bu yağış qız öpüşü kimi deyil, damcılar sən yatdığın kazarmanı döyəcləyir, yəqin sən də üşüyürsən, amma bütün bu çətinlikləri keçəcəksən və dualarımla böyüyəcəksən...
Uzun
müddət idi ki,
anamı dörd divar
arasında tək-tənha buraxıb getmişdim.
Uzaq Naxçıvanda bu
şeir məni zar-zar
ağlatdı. Heç cür
təsəlli tapa bilmirdim.
Həmin qəzet parçasını hərbi xidmətin son gününə qədər kitelimin cibində saxladım və qayıdanda
da özümlə gətirdim. O şeir sanki içimdəki
qarışıqlığı nizama
saldı, özümü toparlaya
bildim. Soyuq havalarda, qan donduran şaxtalarda o şeirin istisi məni qorudu. Hərbi
xidmətdən qayıdandan
sonra "Dualarına görə çox sağ ol,
Tofiq Abdin” adlı bir yazı
da yazdım. Yüzlərlə yazım içində
ən çox sevdiyim yazılardan biridi o yazı. Və beləcə, Tofiq abiylə qəlb sirdaşlığımız başlandı.
O yazı bizi doğmalaşdırdı. Sonralar bir
neçə kitabı
haqqında yazılar yazdım.
O zamanlar hələ "abi” sözü çox istifadə olunmurdu, mənim abi deyə müraciət etdiyim ilk insan Tofiq Abdin oldu.
Özü bizi belə
öyrətmişdi. İşsiz qaldığım
dönəmlərdə Tofiq
abi məni Aqil Abbasın yanına apardı və xeyli təriflədi.
"Yaxşı qələmi
var, istedadlı oğlandır” dedi. Xatırlayıram, "Azərbaycan”
nəşriyyatının yeməkxanasında
oturmuşduq, Aqil müəllim qısa və konkret dedi: "Səhər çıx işə”.
Onun mənə bağışladığı
kitablarından birinin avtoqrafı belədir:
"Kaş sən bir az tez
doğulaydın, canım
Kənan!”
Valideynlərimi itirmişdim, təklik məni içimdən didirdi, özümə yer tapa bilmirdim. O narahat,
çətin illərdə
aramızda ata-oğul
münasibəti yaranmışdı,
tez-tez görüşürdük.
Heç
kimə deyə bilmədiyim sözləri
onunla bölüşə
bilirdim. Qara Qarayev
metrosunun yaxınlığındakı
9 mərtəbəli binada
yaşayırdı, binanın
altında xudmani bir kafe vardı,
hər dəfə zəng vuranda deyirdi gəl bir oturaq. Onun yeyib-içməyi də müstəsna idi, fərqli idi, zarafatlarında da bir əlahiddəlik vardı. Özünəməxsus
yumor hiss vardı. Onunla hər görüşdən,
hər söhbətdən
sonra özümdə
yenilməz güc, enerji hiss edirdim. Bir az içimə yüngüllük
dolurdu, onun yaradıcı stixiyası
mənə də sirayət edirdi. Bir çox sənət adamları ilə məni o tanış etmişdi. Ədəbi mühitdə ilk addımlarını atan hər bir gəncin
himayədarı olurdu.
Mənim
himayədarım Tofiq
Abdin idi. Məni sözün əsl mənasında zərbələrdən
qoruyurdu.
Son dərəcə
nikbin, həyatsevər
insan idi. Amma şeirlərində narın
bir nisgil dolaşırdı, əksər
şairlər kimi bu dünyanı özünə qürbət
bilirdi və bu qürbət ağrısı onun poeziyasından bir ana xətt kimi
keçir. Taleyində
7 il qürbət
həyatı yaşamaq
da vardı. Türkiyə bizə nə
qədər doğma məmləkət olsa da yaxınlardan, doğmalardan, dostlardan, tanışlardan, içində
olduğu ədəbi
mühitdən uzun müddət kənar düşmək o qədər
də asan deyildi. O da Tofiq abi kimi
həssas bir qələm sahibi ola. Orda da sözə üz çevirmədi, "Orta
Doğu”, "Yeni Asiya” qəzetlərinə
yazılar yazdı.
Bakıya qayıdandan
sonra o yazıların
böyük bir qismi "Ah, İstanbul… İstanbul” adlı kitaba çevrildi. Mən ilk dəfə
İstanbula gedəndə
bu böyük və müəzzəm şəhərə Tofiq abinin gözləriylə baxdım, onun yaşantılarına daha
dərindən vaqif olmaq üçün şəhərin havasını
ciyərlərimə çəkdim.
dünənmi ayrılmışdın
bu yerlərdən,
yoxsa əsrlərcə
öncə,
ölüb yenidən
dirildiyini
anladın,
ayrılığın o sahilindən
bu yerlərə dönüncə…
Dördüncü ildir ki, doğulduğu gün onsuz keçir. Dördüncü ildir ki, sentyabr gələndə onun "duaları”nı xatırlayıram. Biz onun
dualarıyla böyüdük,
onun arzuladığı
məqama çata bildikmi ya yox?.. Bu suala ancaq o cavab verə
bilərdi. Hər ilin
1 sentyabrında telefonu
götürüb ona zəng etmək istəyirəm. Səsi
hələ də qulaqlarımdadır…
Sonuncu görüşümüzü
xatırlayıram. Onun
iş yerinə – Tərcümə Mərkəzinə
getmişdim. Dedi düşək, birlikdə
nahar edək. Yazıçı-jurnalist Nemət Veysəlli
ilə zəngləşdilər,
o da gəlib çıxdı. Birlikdə oturduq,
olduqca maraqlı, qızğın müzakirəylə
dolu bir ədəbiyyat söhbəti
alındı. Dedim
abi, bəlkə bu söhbəti qələmə alaq? Zarafatyana "sən canın, qoy çörəyimizi yeyək”
dedi. Dillənmədim. Aradan bir müddət
keçəndən sonra
nə fikirləşdisə
"çox-çox illər
sonra biz bu dünyada olmayanda nə vaxtsa yazarsan” dedi. Tikəm boğazımda qaldı.
"Abi, bu nə sözdür” dedim. Araya söz
qatıb mövzunu dəyişdi. İndi o son görüşü
xatırladıqca içimə
qəhər dolur.
Nə biləydim… Hardan bilə bilərdim ki, bu bizim
Tofiq abiylə sonuncu görüşümüzdür?!
Düşünürəm ki, görəsən niyə qəfildən belə dedi, bəlkə ona nələrsə əyan olmuşdu?!
Yüngülcə nasazladığını bilirdim, amma onu həmişəki kimi şux gördüyümdən
içimdəki narahatlıq
da sovuşub getdi. Elə həmin dəli-dolu Tofiq Abdin idi
– ədəbi müzakirələrdə
kürəyini yerə
verməyən, sözünün
ovxarı da yerli-yerində!
Sən demə, ölüm pusqudaymış…
Sentyabrdır. Mən yenə Tofiq
Abdinlə həmsöhbətəm.
Onun şeirləriylə, publisistik
yazılarıyla, hekayələriylə
baş-başa qalmışam.
Onun yazılarını öz
səsindən eşidirəm.
Özü danışdığı
kimi…
Kaş mən bir az
tez doğulaydım, Tofiq abi!..
Kaspi 2018.- 22-24 sentyabr.- 16