“24-lər”dən iyirmincisi
BDU-100
O, Azərbaycanın
müasir riyaziyyat məktəbinin banisi hesab edilirdi
"1926-cı ildən sonra ilk dəfə olaraq BDU-da demokratik
yolla elmi şura tərəfindən
universitetə rektor seçildi. 1990-cı ilin 19
fevralında universitet
kollektivi görkəmli
riyaziyyatçı alim,
Azərbaycan SSR EA-nın
akademiki Mirabbas Göycə oğlu Qasımovu yekdilliklə rektor seçdilər”.
28 yaşında MDU-nun Elmi Şurasında doktorluq dissertasiyasını uğurla
müdafiə edən,
1974-cü ildə Varşavadakı
S.Banax adına
Beynəlxalq Riyazi Mərkəzdə mühazirələr
oxumağa dəvət
edilən "ən yaxşı Sovet alimi” adı ilə şöhrət tapan Mirabbas Qasımov kim idi?
Mirabbas Göycə
oğlu Qasımov
1939-cu ilin yay axşamı Şamaxının
Nərimankənd kəndində
(indiki Qobustan şəhərində) anadan
olub. Şamaxıda orta təhsilini
başa vuran Mirabbas, 1956-cı ildə Bakıya gəlir və BDU-nun fizika-riyaziyyat
fakültəsinə daxil
olur. Əlaçı olduğu üçün
onu 1958-ci ildə
MDU-nun mexanika-riyaziyyat fakültəsinə
köçürürlər. 1961-ci ildə həmin
fakültəni əla
qiymətlərlə başa
vuran Mirabbas, MDU-nun aspiranturasına daxil olur. Görkəmli alim B.M.Levitanın
xüsusi məhəbbətlə
yanaşdığı Azərbaycanlı
balasını, yalnız
bir istək düşündürürdü. Təkcə SSRİ-də
deyil, dünyada tanınmaq, Vətənə
alnıaçıq-üzüağ qayıtmaq, öyrəndiklərini,
öyrətmək...
1964-cü
ildə namizədlik dissertasiyası müdafiə
edən gənc alimin işi MDU-nun Elmi Şurasının xüsusi qərarına görə, "görkəmli
iş” hesab edilir və "Monrealda (Kanada) keçirilən ümumdünya
sərgisində nümayiş
etdirilir. M.Qasımov əmək fəaliyyətinə
ilk dəfə 1964-cü ildə
Moskva Fizika-Texnika İnstitutunda assistent kimi başlayır. Bir il sonra onu F.Dzerjinski
adına Hərbi Mühəndislər Akademiyasına
dəvət edirlər
və orada baş müəllim işləyən M.Qasımov,
1968-ci ilə kimi burada çalışır.
O, pedaqoji fəaliyyəti
ilə yanaşı, elmi axtarışlarını
da davam etdirir. 1967-ci ildə
M.Qasımov MDU-nun Elmi
Şurasında doktorluq
dissertasiyası müdafiə
edir. Şura bu dissertasiyanın
Moskva Riyaziyyatçılar
Cəmiyyətinin məcmuəsində
çap olunmasını
tövsiyə edir.
Hətta bir il sonra
bu elmi iş
ABŞ-da ingilis dilinə tərcümə
edilərək çap
olunur. Bu zaman
Mirabbasın 28 yaşı
var idi. Boy-buxunlu, şux
qamətli qafqazlı balasını heç bir vəd yolundan
döndərə bilmir.
O, 1968-ci ildə tanınmış
bir alim kimi vətənə qayıdır və BDU-da fəaliyyətə başlayır. Elə həmin ilin sentyabrında BDU-nun professoru
adına layiq görülən gənc alim, 1969-cu ildə universitetin mexanika-riyaziyyat fakültəsinə
dekan təyin edilir və 1970-ci ilə qədər bu vəzifədə çalışır.
1972-ci ildə Azərbaycan
SSR Nazirlər Sovetinin
göstərişi və
Azərbaycan Respublikası
Təhsil Nazirliyi Kollegiyasının qərarı
ilə ADU-nun (indiki
BDU) mexanika-riyaziyyat fakültəsinin
bazasında tətbiqi
riyaziyyat kafedrası yaradılır və ilk gündən kafedraya
(2008-ci ilə kimi) Mirabbas müəllim rəhbərlik edir. Bilgisini səbir
və təmkinlə tələbələrinə, aspirantlarına
öyrədən Mirabbas
müəllimin rəhbərliyi
ilə 80-dən artıq
namizədlik və doktorluq dissertasiyaları müdafiə edilib. Həmçinin BDU-da müasir,
yeni tətbiqi riyaziyyat və kibernetika fakültəsinin
yaranması və təşəkkülü də
Mirabbas müəllimin
adı ilə bağlıdır.
1980-ci ildə Azərbaycan
EA-nın müxbir üzvü, 1990-cı ildə
isə həqiqi üzvü seçilən
Mirabbas Qasımov riyaziyyatçıların üç
beynəlxalq konqresində
iştirak edərək,
iki dəfə məruzə ilə çıxış edib. Müəllifin onlarla elmi məqaləsi
ABŞ-da, İngiltərədə,
Fransada və dünyanın bir çox başqa ölkələrində dərslik
və monoqrafiyalarda çap edilib.
İstedadlı alim tərəfindən Dirak sistemi üçün
tərs məsələlərin
tamamlanmış nəzəriyyəsi
yaradılmış, periodik
əmsallı geniş
sinif adi diferensial operatorların spektral təhlili verilmiş, kəsilən əmsallı Şturm-Liuvill
tənliyi üçün
səpilmə verilənlərinə
görə tərs məsələ isə bütün oxda tamamilə həll edilmişdir. O, ilk dəfə
olaraq çoxölçülü,
öz-özünə qoşma
olmayan Şredinger operatoru üçün səpilmə nəzəriyyəsi
məsələsinin həllinə
görə ayrılış
problemini həll etmiş və M.V.Keldiş operator dəstələrinin
məxsusi və qoşma elementlərinin bir hissəsinin çoxqat tamlığını
göstərmişdi.
1991-ci ildə M.V.Keldaş adına medala
layiq görülən
alim, 1990-91-ci illərdə
Türkiyənin Konja-Səlcuq
və İzmir -Egey Universitetlərinin fəxri doktoru seçilmişdir. Dünya miqyasında
tanınmış alim
Mirabbas Qasımov, BDU-ya rektor seçilməmişdən
əvvəl - 1989-cu ildə
Azərbaycan Respublikasının
təhsil nazirinin I müavini təyin edilib. O, 1990-cı ilin
19 fevralından -1992-ci ilin
8 oktyabrına kimi BDU-ya rəhbərlik edib. 1926-cı ildən
sonra ilk dəfə olaraq BDU kollektivi demokratik yolla görkəmli riyaziyyatçı
alim Mirabbas Qasımovu yekdilliklə rektor seçdilər.
Bir faktı da qeyd
etmək yerinə düşərdi ki, elə həmin günü - 1990-cı ilin
19 fevralında universitetin
əvvəlki adı
(Bakı Dövlət
Universiteti) bərpa edilmişdir.
1990-cı ilin ilk günləri və ayları. Bu zaman ölkəmizdə
baş verən hadisələri görən
və yaşayan insanlar bilir ki, vəziyyəti çox çətin və ağır idi. İnsanlar həyəcan, qorxu
və təşviş
içində yaşayırdı.
Amma o günləri görməyən
gənc nəsillər
bu haqda həmin dövrün mətbuatından informasiya
almalı olur. Elə çaşqınlıq da
bu zaman yaranır. Çünki, ölkədə çap olunan rəsmi mətbuatda hər şeyin öz qaydasında olduğu yazılırdı.
Qarşımda Azərbaycan
KP MK- orqanı olan
"Kommunist” qəzetinin
15, 16, 17 yanvar 1990-cı il tarixli sayları var. Ölkədəki
gərgin vəziyyəti
əks etdirən heç bir məlumat yoxdur (əksinə, qəzet yenə də əvvəlki kimi Kommunist Partiyasına istək və sədaqətdən bəhs
edir). Məsələn,
"Kommunist”in 17 yanvar
1990-cı il tarixli sayında Bakı Şəhər Partiya Komitəsinin plenumundan çıxışlar
verilib. Çıxışlardan birinə diqqət
yetirirəm. Bakı Şəhər
Partiya Komitəsinin Birinci katibi M.R.Məmmədov çıxışında
qeyd edib ki, yanvarın 13-də və 14-də xuliqan ünsürlər Bakıda
yaşayan ermənistanlı
köçkünlərin səbatsız
qismini qanunsuz hərəkətlərə sövq
edə bilmişdir.
Vəssalam! Hörmətli katib çıxışının
sonunda insanları partiyanın irəli sürdüyü "quruculuq
proqramı” ətrafında
daha sıx birləşməyə çağırır.
Bax, belə
bir zamanda Mirabbas müəllim BDU-ya rəhbərlik etməyə başladı. Amma bunlara
baxmayaraq, M.Qasımov
BDU-da çətin də olsa, bir
çox yeniliklərə
imza atdı. 1990-91-ci tədris ilində Universitet Elmi Şurası beynəlxalq münasibətlər
və beynəlxalq hüquq fakültəsinin
yaradılması barədə
qərar qəbul etdi. Fakültə 1991-1992-cı tədris ilində beynəlxalq hüquq, beynəlxalq münasibətlər və
beynəlxalq jurnalistika
ixtisaslarına tələbə
qəbulu aparmaqla fəaliyyətə başladı. 1991-ci ildə rektorun əmri ilə şərqşünaslıq
fakültəsinin nəzdində
ərəb dili və Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedralarının bazasında
ərəb filologiyası,
Yaxın Şərq dilləri və Yaxın Şərq xalqlarının ədəbiyyatı
tarixi kafedraları əsasında İran filologiyası və türk filologiyası, kitabxanaçılıq-informasiya fakültəsinin nəzdində
kitabxana fondu və kataloqların təşkili kafedraları,
habelə biofiziki və molekulyar biologiya kafedrasının nəzdində biotexnologiya
elmi-tədqiqat laboratoriyası
yaradıldı. 1991-ci ilin 18 mayında geologiya-coğrafiya fakültəsi
iki müstəqil fakültəyə geologiya
və coğrafiya fakültələrinə ayrıldı.
1991-ci ildə BDU-da Avrasiya Universitetləri
Assosiasiyasının III qurultayı
keçirildi. Universitet
ali təhsilin
çoxpilləli sisteminə
də məhz Mirabbas müəllim BDU-ya rəhbərlik etdiyi zaman keçdi.
Bu, 1992-ci ildə müstəqil Azərbaycan
Respublikasının ilk "Təhsil Qanunu”na uyğun olaraq hazırlandı və həyata keçirildi.
Rektorun yeni bir əmri ilə
tarix fakültəsində
Azərbaycan tarixi kafedrası iki müstəqil kafedraya ayrıldı: Azərbaycanın
qədim və orta əsrlər tarixi; Azərbaycanın yeni və müasir
tarixi. Sosial elmlər və
psixologiya fakültəsi
də məhz 1991-ci ilin 5 avqustunda yaradıldı. Bir sözlə,
iqtisadi, ictimai və mənəvi böhran şəraitinə
düşmüş universitetdə
təlim-təhsili yenidən
axarına salmaq müşkül məsələ
olsa da, Mirabbas müəllim bunun öhdəsindən gələ bildi.
O, rektor seçilən günü BDU kollektivi qarşısında çıxış edərək demişdir: "Gəlin əl-ələ verib, düşdüyümüz böhrandan çıxmaq üçün şərəfli yollar axtaraq. Xalqın yolunda, universitetin yolunda mən hər şeyə hazıram. Kollektivin və onun hər bir üzvünün üzünə düz baxa bilərəm, heç kəsin yanında kölgəli və qəbahətli işim yoxdur. Odur ki, xahiş edirəm, hərə öz yerində öz vəzifə borcunu ziyalıya məxsus səliqə və nizamla yerinə yetirmək üçün əlindən gələni etsin” (Bax: "Lenin tərbiyəsi uğrunda” qəzeti, 26 fevral 1990-cı il). Mirabbas müəllim bu sözləri cəsarətlə dedi. O, zaman hər rəhbər belə üzüağ, alnıaçıq danışa bilmirdi. Çünki artıq insanlar yalandan əl çalaraq susmurdular. Hər kəsin qəbahəti düz üzünə deyilirdi. Mən o illərdə "Ədalət” qəzetində müxbir işləyirdim və BDU-nun bütün tədbirlərində yaxından iştirak edirdim və hər şeyi görürdüm. Kiminin iş gördüyünü, kiminin də "iş verdiyini”...
Azərbaycanın müasir riyaziyyat məktəbinin banisi hesab edilən Mirabbas müəllim, 2008-ci ilin 6 sentyabrında haqq dünyasına qovuşdu. Onun universitet üçün necə bir rəhbər olduğu barədə kimdən sordumsa, bir cavab aldım: "Yaxşılığı, xeyirxahlığı özünə məslək seçən bir insan”. Nə gözəl. Unutmayaq ki, başqa insanların həyatlarını aydınladanlar özləri də bu işıqdan uzaq qalmazlar.
Qərənfil Dünyaminqızı
Kaspi 2018.- 26 sentyabr.- S.15.