Rauf Hacıyevin Əlcəzairdə
keçirilən 50 illik yubileyində
aparıcılıq edən azərbaycanlı xanım
Safura Əsgərova: “Raufun Əlcəzairin
musiqi həyatındakı xidmətləri çox
böyükdür”
Bu günlərdə Azərbaycanda neft geologiyasının korifeylərindən olan akademik Həsən Əhmədov barəsində İTV kanalı üçün növbəti verilişin hazırlığı ərəfəsində yadigarı –sevimli qızı Safura Əsgərova ilə görüşdüm. Söhbətimiz uzun sürdü, diqqətimi elə maraqlı məqamlar çəkdi ki, yazmaya bilməzdim. O, 1961-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsini bitirdikdən sonra təyinatla Bakıdakı 2 nömrəli məktəbdə musiqi müəllimi işləyib. Sonra isə ömrünün Əlcəzairli günləri başlayıb. Safurə xanım uzun illər bu ölkədə musiqi müəllimi kimi fəaliyyət göstərib. Yadıma haqqında dəfələrlə yazdığım böyük bəstəkarımız Rauf Hacıyev düşdü. Məlumdur ki, Rauf Hacıyev 1971-ci ildə Əlcəzairə göndərilib. O, bu ölkə üçün milli musiqi kadrlarının hazırlanması və peşəkar musiqi təhsil sisteminin yaradılması ilə məşğul olub. Əlcəzair Milli Teatrının açılmasında fəal iştirak edib. İlk Əlcəzair baletlərini- " Üç inqilab”, "Alov”, "Hürriyyət” əsərlərini yazıb. Bundan başqa, "Əlcəzair silsiləsi”ndə skripka və orkestr üçün konsert, fortepiano və müxtəlif alətlər üçün pyeslər, orkestr üçün 15 xalq mahnısı işləyib. "Əlcəzair suitası” yaradıb. Niyə bunları xatırladıram? Məhz həmin vaxt Safurə Əsgərova da həmin ölkədə olub.
- Safurə
xanım, Əlcəzairə getməyiniz nə ilə
bağlı idi?
- Vaxtı ilə Əlcəzair Respublikasında neft-kimya sahəsilə əlaqədar lazımlı mütəxəssislər yetişdirmək üçün Sovet İttifaqından alimlər göndərilərdi. Azərbaycanın Neft və Kimya İnstitutundan gedən müəllimlər içərisində mənim həyat yoldaşım Firidun Əsgərov da var idi. Mən və iki oğlum onunla birlikdə 1971–ci ilin sentyabrında Əlcəzairə getdik. Orada Sovet İttifaqının əksər respublikalarından göndərilmiş çoxlu sayda mütəxəssis çalışırdı. Yaşadığımız şəhərcik Bumerdes adlanırdı. Orada 3 institut fəaliyyət göstərirdi. Hamını evlə təmin etmişdilər. Hasara alınmış bu şəhərciyi polislər qoruyurdular. Çıxış-giriş nəzarət altında idi. Aralıq dənizinin sahilində yerləşən şəhərciyin yolunu portağal və mandarin ağacları bəzəyirdi, yaşıllıq göz oxşayırdı. Düz sahildə böyük bir Mədəniyyət evi ucalırdı. Bundan başqa rus dilində məktəb, klub, poçt – mətbuat, telefon da var idi. Moldovalı bir qadın xor dirijoru xor kapellası yaratmışdı, Tez-tez xarici səfirliklərə konsert verməyə gedirdik, mən də pianoçu kimi onlarla birlikdə çalışırdım. Şopenin, Debüssinin, Elmira Nəzirovanın əsərlərini çalırdım. Ancaq vətənpərvərlik hissi məni yerimdən oynatdı və qərara gəldim ki, öz gözəl musiqimizi, 2 minlik konsert zalında, çoxlu xalqın nümayəndələri olan alimlərə və ərəblərə çatdırım. Beləliklə, bizim müəllimlərdən ibarət mahnı və rəqs ansamblı yaratdıq. Hətta ailə üzvləri – qadınlar da iştirak edirdilər. Xalq mahnılarını və rəqslərimizi hərarətlə qarşılayırdılar, ələlxüsus da ərəblər.
Belə konsertlərin birində Bakıdan yeni gəlmiş gənc müəllim Vaqif ailəsi ilə birlikdə iştirak edirdi. Səhəri gün qapımız döyüldü, mənə bir zərf verdilər. Zərfi açdım və gördüm ki, mənə həsr olunmuş şeirdi, müəllifi də Vaqif Nasir. Sən demə, o, həm də şair imiş!
Safura xanıma
həsr olunur.
Əlcəzair 30.04.1984
Uzaq Əlcəzairdə,
Neft İnstitutunun zalı,
Bayıra köklənibdir
Bax, hamının əhvalı .
İtirdiyin adam
Asanca tapar burda,
Neçə millət söyləsən
Ondan inam var burda.
Bax bu zalda Şopendən
Elə ilhamla çalır,
Azərbaycan qadını,
Deyim Safurədir,
Siz də bilin adını.
Çalır, zalda hamını
Haldan-hala
salır o,
Məncə pianonu yox
Ürəkləri çalır o.
Üzeyir
bəy dil açır
Onun barmaqlarında
Ruhum gəzir Bakıda,
Xəzərin sularında.
O çalır, çalır,
çalır,
Yadıma Həcər düşür.
O, çalır, çalır,
çalır,
Yadıma nələr düşür.
Yadıma
Almaz düşür,
Yadıma Sevil düşür.
Ağ çarşaba bürünmüş
Neçə qara gün düşür.
Neçə qara il
düşür.
Alqışdan az qalır ki,
Partlasın bu dolu zal.
Yanımda oturansa
Sual eyləyir dər hal:
Bilmirəm ölkənizdə
Yüz millət var, bu qadın
Hansına məsubdur, mən
Bunu anlamıram?
Bəli,
cənab həmkarım,
Çalan azərbaycanlıdır!
O, Sevil amallıdır,
Həcər istiqanlıdır.
Qalmayıb o, artıq
Təkcə Şərq musiqisində.
Gördün necə bələddir
Bəşər musiqisinə?
Sən mənə ilham verdin,
Həcər qeyrətli bacım,
Sevil cürətli bacım,
Səninlə fəxr edirəm
İncə sənətli bacım!
Yadımdadır ki, Vaqif müəllimin
ailəsi 2-3 gün qabaq bizə gəlmişdilər, yoldaşımla
mən onlara bəzi məsləhətlər
verdik, oranın yaşayış tərzini
başa saldıq, çox səmimi söhbətlər etdik. Sonralar görüşəndə həmişə
sual verirdilər: bu cəsarət sizdə haradandır? Mən onlara başa salmağa çalışırdım: Konservatoriyada
oxuduğum zamanlar səhnəyə çıxıb
imtahan verdiyim vaxt çox həyəcan keçirərdim,
ancaq burada xalqımın və Azərbaycanın adı mənə güc verdi, cəsarətli
oldum.
- Maraqlıdır
ki, elə həmin vaxtlarda bizim görkəmli bəstəkarımız Rauf
Hacıyev də orada çalışırmış.
Təsadüfən görüşməmisiniz?
- Sualın
ürəyimdən xəbər
verdi. Elə istəyirəm
ki, bu barədə
danışım, Xatirələr
mənə dinclik vermir. Görüşmüşük, nədir, biz ailəvi
dostluq edirdik. O vaxtlar paytaxt Əlcəzairdə Konservatoriya
yaratmaq üçün
görkəmli bəstəkar
Rauf Hacıyev də ora göndərilmişdi.
Həyat
yoldaşı və qızı ilə bazar günləri Bumerdesə gələrdilər,
Həmin günlər
hamımız üçün
bayram olurdu, qeyri millətlərdən
olan müəllimlər
də kluba yığışardıq. Pianonun arxasına keçib, öz əsərlərindən,
Azərbaycan musiqisindən
çalardı. Bütün zal
onu alqışlarla qarşılayardı. Biz azərbaycanlı olaraq çox fərəhlənərdik.
Yad bir ölkədə Azərbaycan
musiqisinin səslənməsi
bizi təkcə sevindirmirdi. Həm də qürur
duyurduq. Onu bu ölkədə hamı sevirdi. Mərd və mehriban
insan idi. Bizə bir tapşırığı
vardı: "Azərbaycandan
və azərbaycanlı
olduğunuzu unutmayın.
Yaxşı işimiz
də, uğursuzluğumuz
da millətimizin adına yazılır”.
Onun bu ölkənin musiqi həyatındakı
xidmətləri çox
böyükdür.
-
Bir musiqiçi kimi ünsiyyət qura bildinizmi?
- Əlbəttə,
Əlcəzairdə çalışdığım
illər həyatımın
qızıl çağlarıdır,
desəm, inanın ki, səmimi sözümdür. Heç
unutmuram, bir dəfə də bizə gələndə mənə dedi: "Safuroçka, xor üçün yazdığım
oratoriyanı gətirmişəm.
Verdim rus xorunun dirijoruna,
hazırlasınlar. Sən
də pianoda xoru müşayiət et. Olarmı?” Mən də notları
alıb, gözdən
keçirdim, razı oldum. O əlavə etdi: "Moskvadan 4 pianoçu gəlib, heç biri çala bilmədi. Sənə
3-4 gün vaxt verirəm”.
Hər gün kluba gəlib, çaldım, öyrəndim. Çox çətin
idi. Çünki orkestrin çalmağını
1 pianoçu ifa etməli idi. Raur Hacıyev konsert günü bir dəstə ərəb, konservatoriyasının işçiləri
və rektoru ilə gəlmişdi Bumerdesə .Əvvəlcə
xor çıxış
etdi, sonra isə mən Şopenin, Skarlattinin və Elmira Nəzirovanın
əsərlərini çaldım.
Sonra Azərbaycan mahnı və rəqs ansamblı çıxış
etdi, axırda bir vokalçını müşayiət etdim.
Gurultulu alqışlardan sonra Rauf müəllim sevincindən səhnəyə
çıxdı, məni
qucaqlayıb əlimdən
öpdü, dalıyca
da rektor əlimdən öpdü.
Bizim azəri qadınlarımız
sevinclərindən ağlayırdılar.
Rektor və Rauf Hacıyev mənə paytaxtda, öz yanlarında iş təklif etdilər. Dedilər ki, həftədə
3 dəfə maşın
göndəririk, səni
gəlib aparar, qayıdanda da gətirər, bir saatlıq yoldur. Yoldaşım razı olmadı,
iki oğlumun körpəliyini nəzərə
alıb razılıq
vermədim. Ancaq ansamblımız
mütəmadi olaraq Bumerdesdə, səfirliklərdə,
başqa şəhərlərdə,
teatrlarda çıxış
edirdi. Demək olar ki, Rauf Hacıyev həmişə bizim musiqili tədbirlərimizdə
iştirak etməyə
çalışırdı.
- Əlcəzairdə hətta Rauf Hacıyevin anadan olmasının 50 illik yubileyi də keçirilib.
- Bəli, bu yubiley paytaxtın ən böyük teatrında keçirildi. İndi də xiffətlə xatırlayıram, o tədbirin
aparıcısı da
mən idim. Öz adımızdan ona hədiyyə də aldıq. Xalqımızın bu dərəcədə
bacarıqlı və
istedadlı olduğunu
görüb, həddən
artıq sevinib, fərəhlənirdi. Axı ansamblın
bütün üzvləri
musiqiçi deyildilər,
hamısı başqa-başqa
ixtisaslı müəllimlərdən
ibarət idi. Mən də bacarığımı
əsirgəmədim. Rauf Hacıyev Üzeyir bəy Hacıbəylinin tələbəsi olmuşdu.
Böyük ürəyi var
idi. Onu həmişə minnətdarlıqla xatırlayıram.
- Maraqlıdır, siz o günlərinizdən necə
həsrət və məhəbbətlə söz
açırsınız..
- Bilirsiniz, Flora xanım, mənim ürəyim Əlcəzairlə bağlı xatirələrlə doludur. Bundan başqa Rus Səfirliyi nəzdində musiqi məktəbində dərs deyirdim 1980-84-cü illərdə. Çox tələbələrim var idi: ərəb, rus, ukraynalı, latış, azərbaycanlı, uşaqları idilər. Bayramlarda çıxış edirdilər. Bir dəfə də Yeni ili qeyd edirdik, aparıcı Saşaya tapşırdım ki, bir iri qırmızı torba hazırla, neçə uşaq varsa hamısına ayrı-ayrı hədiyyə al, kiçik torbalara yığ tök böyük torbaya. Səhnədə çıxış edib qurtaranda paylayarsan onlara. Mən "Cücələrim” mahnısını çaldım, uşaqlar oxuya-oxuya oynadılar. Bütün zal ayağa qalxıb, əl çala-çala oxuyurdular, bizi səhnədən buraxmırdılar "Ded Moroz” da bir-bir uşaqların hədiyyələrini paylayırdı. İşin qurtarıb gedən müəllimlərə də "provadı” düzəlirdi – yemək -içmək. Hər gedən adam Bumerdesdən nə aparmaq istədiyini öz arzusunu kağıza yazıb qutuya atırdı: bir gənc valideyn yazmışdı: "Bumerdesdən biz ancaq musiqi müəlliməsi Safura xanımı aparmaq istəyirik”. Həmin uşaqlardan 3-ü də öz şəhərlərindəki istedadlı uşaqlar məktəbinə qəbul olmuşdular. Mənə məktub yazdılar, mən də sevindim. Sizə minnətdaram ki, məni o günlərə apardınız.
...Söhbətimiz sona çatsa da, Safurə xanımdan heç ayrılmaq istəmirdim. Qəribə bir sükut yaranmışdı. Fikri uzaqlarda idi. Sağollaşanda gözləri dolmuşdu, qəhərli səslə dedi: "Rauf Hacıyev böyük bəstəkar idi, oktyabrın əvvəlində Bakıda onun əsərlərindən ibarət konsert olacaq...” Mənsə başqa bir sualın cavabını bilmək istəyirdim, görən bilirlərmi Əlcəzairdə Rauf Hacıyevin 50 illik yubileyinin aparıcısı musiqi müəllimi Safura Əsgərova olub. Elə yazımın əsas məqsədi də bu oldu.
Flora
XƏLİLZADƏ,
Əməkdar jurnalist
Kaspi 2018.- 26 sentyabr.-
S.15.