“Peşəkarlığın
artırılmasına hər zaman ehtiyac var”
Müşfiq
Ələsgərli: “Jurnalistlərin biliklərinin
dövrün cağırışlarına
uyğunlaşdırılması üçün GİZ-in
keçirdiyi təlimlərin əhəmiyyəti
böyükdür”
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) "Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramı çərçivəsində hər il jurnalistlər üçün təlim kursları, seminarlar təşkil edir. "Mülkiyyət hüququ”, "Mediada müəllif hüquqları: rəqəmsal mediada müəllif hüquqlarını necə qorumalı”, "Media və uşaq hüquqları: uşaqlar haqqında informasiya hazırlanmasının şərtləri”, "Mediada gender hüququ və cəmiyyətdə gender balansın təşviq edilməsində medianın rolu” və sair mövzuları əhatə edən belə təlimlərdə tanınmış ekspertlər tərəfindən media mənsublarına yerli və beynəlxalq qanunvericiliyin tələbləri, jurnalistlərin peşə davranış qaydaları bir daha xatırladılır, onların biliklərinin təkmilləşdirilməsi üçün praktik məşğələlər keçirilir. Artıq bir neçə dəfədir ki, belə seminarlarda Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri, Azərbaycan Mətbuat Şurası (MŞ) sədrinin müavini Müşfiq Ələsgərli ekspert qismində iştirak edir. Onunla görüşüb bu təlimlərin mövzusu, aktuallığı, əhəmiyyəti ilə bağlı fikirlərini öyrəndik.
- Müşfiq müəllim,
GİZ-in və digər beynəlxalq təşkilatların Azərbaycanda
media ilə əlaqəli seminar və təlimlər
keçirməsini necə dəyərləndirirsiniz?
- Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin təşkil etdiyi, mənim, eləcə də digər ekspertlərin təlimçi kimi iştirakçısı olduqları təlimlər jurnalistlərin peşəkarlıq qabiliyyətlərinin artırılması yönündədir. Bu təlimlərdə jurnalistlərə ayrı-ayrı sahələr üzrə hüquqi bilgilər verilir, yazmaq, etik standartlara əməl etmək və hər bir sahə üzrə, xüsusən də jurnalistika və hüquq sahəsində bilgilərin inkişaf etdirilməsinə yardım göstərilir. Düşünürəm ki, bu, olduqca mühüm məsələdir. Çünki, dünyada, o cümlədən Azərbaycanda jurnalistika təhsilini ixtisaslaşmış, peşəkar ali təhsil müəssisələri verir. Tələbə təhsil ocaqlarında 4 illik bakalavr təhsili alır. Ardınca müxtəlif media qurumlarında jurnalist kimi çalışır. Ola bilsin kimsə bu təhsillə kifayətlənsin. Amma jurnalistika elə bir dinamik sahədir ki, burada günlər, həftələr, aylar, illər ərzində çoxsaylı texnoloji, o cümlədən, peşənin fəlsəfəsinə aid dəyişikliklər baş verir. Jurnalistika texnoloji imkanlar kimi, Etik Kodeks baxımından da intensiv şəkildə yenilənir. Təbii ki, ali təhsilini illər öncə başa vurmuş jurnalist bu proseslərdən, dəyişikliklərdən, yeni standartlardan da xəbərdar olmalıdır, özünün peşə bacarıqlarını dövrün tələblərinə uyğun olaraq inkişaf etdirməlidir. Bunun üçün də dünyada müxtəlif təcrübələr tətbiq olunur. Misal üçün, hansısa qurumlar tərəfindən jurnalistlər üçün yay, qış məktəbləri, bir-iki aylıq təlim kursları, yaxud beynəlxalq jurnalist təşkilatları tərəfindən seminarlar, konfranslar, dəyirmi masalar təşkil olunur. Belə tədbirlərdə dünyada jurnalistika sahəsindəki trend sayılan məsələlər, qlobal media siyasəti, müsbət və mənfi dəyişikliklər, tendensiyalar media mənsublarının diqqətinə çatdırılır. Bütün bunları təşkil etmək üçün beynəlxalq və yerli jurnalist təşkilatları var. Beynəlxalq jurnalist təşkilatları dünyada meydana çıxan yeni çağırışları dəyərləndirmək kimi bir funksiyanı da həyata keçirirlər. Bu təşkilatlar ayrı-ayrılıqda il ərzində bir neçə dəfə beynəlxalq konfranslar, dəyirmi masalar, seminarlar keçirirlər. Həmin tədbirlərə müxtəlif ölkələrdən lokal səviyyədə əməkdaşlıq etdikləri jurnalist təşkilatlarını da dəvət edir, çoxsaylı səmərəli müzakirələr təşkil edirlər. Mən özüm də jurnalist təşkilatının rəhbəri olaraq il ərzində belə tədbirlərdə bir neçə dəfə iştirak edir, media sahəsinə aid yeni çağırışlar, proseslər, dəyişikliklərlə tanış oluram. Bu tanışlıqdan sonra öyrənilənlərin yerli media mənsublarına çatdırılması prosesi olmalıdır. Sözügedən prosesin həyata keçirilməsi üçün hər bir ölkədə qısa və uzunmüddətli seminarlar, təlimlər təşkil olunur.
- Dünyanın
bəzi ölkələrində jurnalistlərin peşəkarlıq
səviyyəsini daha da artırmaq üçün media
akademiyaları yaradılır. Sizcə, belə bir
akademiyanın Azərbaycanda da yaradılmasına ehtiyac
varmı?
- Bəli, dünyanın bəzi ölkələrində media akademiyaları yaradılıb. Media akademiyaları praktik jurnalistlər üçün dövri olaraq seminarlar, müddətli kurslar təşkil edirlər. Azərbaycan Mətbuat Şurası tərəfindən belə bir akademiyanın yaradılması üçün müəyyən təkliflər hazırlanıb. Təkliflərdə media akademiyası tərəfindən jurnalistlər üçün il ərzində fasiləli şəkildə, yəni, iş mühitini pozmamaq şərtilə qısa və uzunmüddətli kursların keçirilməsi nəzərdə tutulub. Bu, praktik jurnalistlərin işlədikləri müddətdə öz sahələri üzrə yeni biliklər əldə etməsinə səbəb olacaq. Media Akademiyasının üstünlüyü ondadır ki, burada kurslar sistemli şəkildə təşkil olunur. Amma Akademiya olmayanda, iş yalnız donor təşkilatların təşkil etdikləri təlimlərə qalanda, vəziyyət bir az dəyişir. Bilmək olmur ki, həmin donor təşkilat jurnalistika üzrə təlimləri, seminarları özünün illik prioritetləri sırasına daxil edəcəkmi, etməyəcəkmi. Başqa bir məqam da var: belə ki, donor təşkilatların belə seminar və kursları təşkil etməkdə özlərinin də maraqları olur. Bəzən, "jurnalistika üçün” elan edilən seminar və kurslar hansısa xarici donor təşkilatın maliyyəsi ilə bizə məlum olmayan məqsədlər üçün keçirilir. Biz bunun acı nəticəsini uzun illər görmüşük. Amma Media Akademiyası yaradılarsa, burada məqsəd də, maliyyə də, iş prinsipləri də bəlli olacaq, görülən işlər sistemli şəkildə, media mənsublarının peşəkarlığının daha da artırılmasına, onlar arasında ixtisaslaşmanın aparılmasına xidmət edəcək. Lakin hələlik bu ideya Azərbaycanda reallaşmadığı üçün, jurnalist peşəkarlığının artırılmasında ayrı-ayrı beynəlxalq və yerli donor təşkilatların yardımı ilə gerçəkləşdirilən kurslardan istifadə edilir. Sevindirici haldır ki, indi Respublikamızda Prezident İlham Əliyevin təşəbbüsü ilə milli donor təşkilatlar yaradılıblar. Yerli donor qurumlara misal olaraq Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunu, QHT-lərin İnkişafına Dövlət Dəstəyi Şurasını, Bilik Fondunu və digərlərini göstərmək olar. Bununla yanaşı, bir qədər əvvəlki suala cavabda vurğuladığım kimi, bir sıra beynəlxalq donor təşkilatlar da, hansılar ki, öz fəaliyyətlərində şəffaflığa üstünlük verirlər, Azərbaycanda fəaliyyətlərini davam etdirirlər. Onlardan biri olan Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti də jurnalistlər üçün mütəmadi olaraq seminarlar, təlimlər keçirir. Təbii ki, bu fəaliyyəti yüksək qiymətləndirirəm. Bunun səbəbini də bir qədər əvvəl diqqətə çatdırdım. Belə ki, jurnalistin ali təhsil dövründə aldığı ixtisas təhsili sonrakı müddətdə ona kifayət etmir. Peşəkarlığın artırılmasına hər zaman ehtiyac var.
-
Ötən illərin təcrübəsi göstərdi ki, bir
sıra hallarda beynəlxalq təşkilatlar seminar, təlim və
ya konfranslar keçirmək adı altında bəzi ölkələrin
daxilində insanları hakimiyyət əleyhinə fəaliyyətə
kökləyir, qanuna tabesizliyi azadlıq kimi təbliğ edirlər. Siz də ötəri olaraq
yuxarıda bu məqama toxundunuz. Bu məqam üzərində
fikirləri bir qədər genişləndirə bilərsinizmi?
- Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəyə çoxsaylı xarici donor təşkilatlar axın etdilər. Həmin donor təşkilatlar vasitəsilə burada bir çox sahələr üzrə, xüsusən də media və insan hüquqları sahəsində müxtəlif layihələr həyata keçirilib. Həmin illərdə Azərbaycanın media sektorunda çalışan, təşkilat rəhbəri olan və qeyd edilən xarici donor təşkilatları ilə əməkdaşlıq edən birisi kimi deyə bilərəm ki, həmin donor təşkilatlardan bir qisminin fəaliyyətində qeyri-şəffaflıq və qeyri-uyğunluq var idi. Misal üçün, jurnalistlərin peşəkarlığının artırılması üçün təlim keçən xarici donor təşkilatlar və onların "ekspertləri” media mənsublarına aşılayırdılar ki, guya jurnalistlər istənilən durumlarda toxunulmaz şəxslərdir, onların hüquqları hüdudsuzdur, heç bir sosial məsuliyyət daşımırlar və sair. Biz bu tipli xarici donor təşkilatların "yetişdirdiyi” "jurnalist təbəqəsinin” fəaliyyətini Azərbaycanda görmüşük. Jurnalist adını daşıyan həmin şəxslər sonradan icazəli və ya icazəsiz aksiyalarda öz peşə fəaliyyətləri ilə məşğul olmaq əvəzinə, yəni aksiyadan reportajlar hazırlamaq əvəzinə, əllərinə daş-kəsək götürüb aksiyalarda asayişi qoruyan polisin işinə mane olur, onu daşa basır, haqqında neqativ rəy formalaşdırır, son nəticədə Azərbaycan dövlətini və dövlətçiliyini hədəf seçirdilər. Belələrini zərərsizləşdirəndə şüvən salırdılar ki, guya ölkədə media işçilərinə qarşı basqı var. Məlum olurdu ki, jurnalistlərə təlim keçmək adı altında Azərbaycana gələn xarici donor təşkilatlar media camesində idarəolunmaz, məsuliyyətini dərk etməyən bir komanda formalaşdırmağı, zamanı gəldikdə bu qruplardan öz məqsədləri üçün istifadə etməyi planlaşdırıblar. Lakin belə hallar ifşa edildi. 2014-2016-cı illər arasında bu tip "donor təşkilatlar”ın işi araşdırıldı, fəaliyyəti qeyri-məqbul olanların işləri öz qiymətini aldı.
- Qeyd olunan məqamlar
baxımından Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin
fəaliyyətini necə dəyərləndirərdiniz?
- Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin keçirdiyi təlim və seminarların mahiyyəti birbaşa mediaya aid mövzulardır. Cəmiyyətin təşkil etdiyi təlimlərin mövzuları müəyyən edilməzdən öncə, yerli ekspertlərlə məsləhətləşmələr aparılır. Təlim üçün seçiləcək mövzunun aktuallığı, jurnalistlər üçün əhəmiyyəti nəzərdən keçirilir, müzakirələr aparılır, sonda jurnalistikaya fayda verəcək qərar qəbul edilir. Üstün cəhətlərdən biri də budur ki, seminar və təlimlərdə iştirakçılıq tam şəffaf formada olur. Cəmiyyət əvvəlcədən öz saytında, sosial şəbəkələrdə, müxtəlif kütləvi informasiya vasitələrində təlimin keçiriləcəyi barədə elan verir. Hər bir jurnalist bu təlimdə iştirak etmək üçün öz CV-sini elektron qaydada təqdim edir. Həmin CV-lərdə hər bir jurnalistin indiyə qədər harada fəaliyyət göstərməsi ilə yanaşı, təcrübəsi, marağı və sair əks olunur. Təqdim edilmiş CV-lərlə tanışlıqdan sonra praktik jurnalistlər seçilərək təlimlərə cəlb olunurlar. Beləliklə də təsadüfi adamlar təlim və seminarlara qatıla bilmirlər. Hər halda, GİZ-in mənim iştirakımla keçirilən təlimləri bu formada olub. Halbuki, bir çox xarici donor təşkilatlar belə etmirlər, yerli ekspertlərlə məsləhətləşmələr aparmırlar, təlimə cəlb edilənləri şəffaflıqla seçmirlər, özlərinin formalaşdırdıqları "jurnalist şəbəkələri” ilə işləməyə üstünlük verirlər.
- Təlimlərə seçilən
jurnalistlərin öyrəndiklərini təlimdən
sonrakı müddətdə öz fəaliyyətlərində
tətbiq edib-etmədiklərinə hansısa formada nəzarət
olunurmu?
- Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin fəaliyyətində üstün cəhətlərdən biri də budur ki, jurnalistlər üçün təşkil olunan seminar və təlimlər davamlı, sistemli xarakter daşıyır. Bu təlimlərin əsas məqsədi jurnalistlərə yeni bilgiləri öyrətmək və bu yolla jurnalistikaya fayda verməkdir. Bu faydalılığın hansı səviyyədə olduğunu müəyyən etmək üçün də müsabiqələr təşkil olunur. Yəni, öyrədilmiş biliklərin sonradan necə tətbiq olunduğu araşdırılır, təhlil olunur, nəzarətdə saxlanılır. Belə müsabiqələrə təqdim olunan yazıların dəyərləndirilməsi prosesində şəxsən iştirak etmişəm. Ona görə də deyə bilərəm ki, bu proses də tam şəffaf formada həyata keçirilir. İş prinsipinə görə, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti əvvəlcədən elan etdiyi mövzuda jurnalistlər üçün təlim keçir, bu mövzuya dair bilgiləri, o cümlədən yerli və beynəlxalq qanunların tələblərini, standartları təlimçilər vasitəsilə media mənsublarına çatdırır, ardınca da həmin mövzuda jurnalistlər arasında yazı müsabiqələri təşkil edir. Məhz həmin müsabiqəyə təqdim olunmuş yazılarla təlimə cəlb olunmuş jurnalistlərin yeni bilik və vərdişləri hansı səviyyədə mənimsədiyi, yaxud peşəkarlıq standartlarını hansı səviyyədə tətbiq etdiyini müəyyən etmək olur. Ən əhəmiyyətlisi budur ki, bütünlüklə bu prosesdə həm jurnalistlər fayda götürürlər, həm də ümumilikdə cəmiyyət bundan faydalanır. Çünki, yaxşı yaradıcılıq məhsulu ortaya qoyan, keyfiyyətli araşdırma yazısı yazan jurnalist şəffaf şəkildə keçirilən müsabiqə nəticəsində qalib olur, mükafat olaraq maddi gəlir və sertifikat qazanır. Bununla paralel olaraq, təlimlərdə peşəkarlığını artıran, jurnalistika yeniliklərindən, yeni standartlardan, qanunvericiliyin tələblərindən xəbərdar olan jurnalist daha peşəkar fəaliyyət ortaya qoymaqla təmsil olunduğu cəmiyyətdə düzgün ictimai rəy formalaşdırır, insanları düzgün istiqamətləndirir, maarifləndirir. Bu da ümumilikdə jurnalistikanın əsas prinsipi sayılır.
Rufik İSMAYILOV
Kaspi 2018.- 27 sentyabr.- S.13.