“Anamın göz
yaşlarını unutmuram”
Mərahim Fərzəlibəyov:
“Yaxşı oxumadığım üçün sinifdə
qaldım”
Qismətə inanır. Deyir ki, istər şəxsi həyatında, istərsə də karyerasında o qədər nüanslar olub ki, onları Allahın hədiyyəsi hesab edir. Çətinliklərdən qorxmur. "Bir qapı bağlanırsa, digəri mütləq açılır” prinsipi ilə hərəkət edir. Ən çətin günündə belə, işıq axtarır və o işığa doğru gedir. Müsahibimiz Xalq artisti, rejissor Mərahim Fərzəlibəyovdur.
Qeyd edək ki, M.Fərzəlibəyov 1949-cu ildə Bakıda anadan olub. Ali təhsilini Sankt-Peterburqda Dövlət Teatr, Musiqi Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində alıb. Müəllimi dünya şöhrətli rejissor Georgi Tovstonoqovdan ixtisasının incəliklərini öyrənib. İnstitutda təhsilini başa vurandan sonra təyinatı Çeçenistan Muxtar Respublikasının paytaxtı Qroznı şəhərindəki Mixail Lermontov adına Dövlət Rus Dram Teatrına verilib. Sonra Sumqayıt Dövlət Dram Teatrında baş rejissor işləyib. Azərbaycan Mədəniyyət Nazirliyinin əmri ilə Akademik Milli Dram Teatrına rejissor təyin olunub. Burada əsasən, çağdaş Azərbaycan dramaturqlarının, həmçinin dünya klassiklərinin əsərlərinə müxtəlif janrlarda səhnə quruluşları verib.
"Uşaqlar məni özlərindən uzaqlaşdırdı”
Uşaqlıq illərindən danışanda köks ötürür. Deyir ki, insan yaşa dolduqca, ömrün qayğısız illərini tez-tez xatırlayır: "Ailəm Bakıda yaşasa da, hər yay Şəkiyə, baba yurduma gedirdim. Həmin yaşıllıq hələ də gözümün önündədir. Yadımdadır, 3 təkərli velosipedim var idi, bir dəfə o qədər pis yıxılmışdım ki, xatırlayanda o ağrını bu gün də hiss edirəm. 12 yaşıma qədər Şəkidə pioner düşərgəsinə gedirdim. Oğlanların ən sevdiyi oyun futbol olsa da, mənə maraqlı gəlmirdi. Amma oynamaq xatirinə uşaqlara qoşulurdum. Özüm də bilmirdim ki, niyə məndə futbola maraq oyanmır. Sonra fikirləşdim ki, qapıçı olum. Onda da topları buraxırdım. Yaxşı oynaya bilmədiyimə görə, uşaqlar məni özlərindən uzaqlaşdırdı”.
Deyir ki, ən sevdiyi məşğuliyyəti kitab dükanlarını gəzmək olub: "Həmişə çalışırdım ki, kitab almasam belə, dükanları ziyarət edim. Kitab oxumağı çox sevirdim. Kitab oxumaq mənim üçün futboldan da, digər dəcəlliklərdən də maraqlı idi. Yay mövsümünü demək olar ki, yaşıllıq qoynunda bədii əsərlər oxumaqla başa vururdum”.
"Pioner qalstukum ütülü qaldı”
Bədii ədəbiyyata marağı olsa da, məktəbdə oxumaqla arası olmayıb. Hətta 10-a qədər saya bilmədiyi üçün birinci sinfə bir il gec edib: "Birinci il imtahanda 10-a qədər saymağımı istədilər. 7-dən o tərəfə saya bilmədim. Mənə dedilər ki, get öyrən və məni məktəbə götürmədilər. Növbəti il öyrənib getdim. Yaşıdlarım ikinci sinifdə oxuyarkən, mən birinci sinfə qəbul oldum. Amma bundan da biabırçı hadisə 2 il sonra baş verdi”.
Məktəblə barışa bilməyən həmsöhbətimiz 4-cü sinfə keçə bilməyib: "3-cü sinfi başa vura bilmədiyim üçün məni 4-cü sinfə keçirmədilər, sinifdə qaldım. O vaxt yaradıcılığa marağım var idi. Təhsillə heç cür anlaşa bilmirdim (Gülür-A.Ə.) Amma məhz bu hadisə mənə çox pis təsir etdi və oxumağa başladım. Bilirdim ki, oxumasam kəsiləcəm və məktəbi bitirə bilməyəcəm. Həmin vaxt anamın göz yaşlarını unutmuram. Anam direktor müavinin yanına gəlmişdi ki, məni sinifdə saxlamasınlar. Çünki 4-cü sinfə keçsəydim pioner olacaqdım. Anam da mənə pioner qalstuku almışdı. Qalstukum elə ütülü qaldı. Bəlkə də elə bu hadisə, məni oxumağa vadar etdi”.
"Universitetə qəbul olmağım möcüzədir”
4-cü sinifdən isə rejissor olmağa qərar verib: "4-cü sinifdə ədəbiyyat müəllimi bizə Cəfər Cabbarlının "1905-ci il” əsərini oynatdı. Biz parta arxasında rolları canlandırırdıq. Demək olar ki, ədəbiyyat müəllimiminin bu dərsi məni sənətə bağladı. 5-ci sinifdə uşaqları yığdım və dram dərnəyi yaratdıq. Abdulla Şaiqin "Məktub yetişmədi” hekayəsini səhnələşdirdim. Məni kədərləndirən və sənətə bağlayan məhz bu əsər oldu. Bundan sonra dram dərnəyinə həvəs göstərdim. Sonra 26-lar bağında Lüfti Məmmədbəyovun dərnəyinə yazıldım, Lütfi müəllimin köməkçisi işlədim. Tamaşalar qururdum. Bununla bağlı qəzetdə yazılar gedir, məni çox həvəsləndirirdilər”.
Orta məktəbi bitirdikdən sonra universitetə qəbul prosesi də uğurlu alınmayıb: "Sənədlərimi rejissorluq fakültəsinə verdim. Lakin birinci mərhələdən qəbul ola bilmədim. Rejissor olmağı çox istəyirdim. Sankt-Peterburqa gedib sənəd vermək qərarına gəldim. Anam narahat oldu və dedi ki, 18 yaşın var, tək gedib neynəyəcəksən? Amma mən rejissor olmalı idim. 4 turdan rahatlıqla keçdim. Hətta rus və ingilis dilini bilmədiyim halda ikinci imtahanları da rahatlıqla verdim. Sonra məlum oldu ki, birinci imtahanda müəllimim məni bəyənib və tapşırdığı üçün digər imtahanlardan keçməyimə dəstək oldular. Sankt-Peterburqda universitetə qəbul olmağım mənim üçün möcüzədir”.
"Həyatımın ikinci hədiyyəsi”
Dili yaxşı bilmədiyi üçün rus dilində təhsil də asan başa gəlməyib: "Rus dilində pis danışırdım. Universitetdə hər 6 aydan bir imtahan verməli idim. İmtahanda müəllim həyəcanımı və zəif olduğumu hiss etdi. Mənə dil biliyimin zəif olduğunu dedi və bildirdi ki, ya dili öyrənməliyəm, ya da Azərbaycanda universitetə köçürəcəklər. Bunu çox pis qarşıladım və söz verdim ki, 6 aya rus dilini öyrənəcəm. Lakin müəllim məni dinləmədi və göndəriş məktubunu yazdı. Məktubu götürüb, rektorun yanına getdim. Rektor müəllimimə zəng vurdu ki, Mərahim bizdə təhsil alan vyetnamlılar, polyaklardan yaxşı bilir. İnanıram ki, o, rus dilini öyrənəcək və mən zamin dururam. Bu da həyatın mənə ikinci bir hədiyyəsi idi. Mənə rus dili müəllimi yazıldı və 6 ay tək mənimlə məşğul oldular”.
"Məktubuma "yox” yazdı”
Rejissorun ilk sevgisi də 4-cü sinifdə olub. Deyir ki, qızın siması hələ də yadındadır: "İlk sevgim 4-cü sinifdə olub. Adı Elmira idi. Oxuyan qız idi. Mən "2-3” alsam da, o, ancaq "5” alırdı. Oxuyan qız olduğu üçün hamıdan seçilirdi və mənim də diqqətimi çəkdi. Əvvəlcə dost olduq. Sonra gördüm ki, mən artıq bu qızı sevməyə başlamışam. 8-ci sinifdə sevgi məktubu yazdım. O qız mənə "yox” yazdı və həmin ildən axşam məktəbinə getdiyim üçün bir də o qızı görmədim. Amma çöhrəsi hələ də yadımdadır”.
"O işığa görə, yaşamağa dəyər”
Rejissorun həyat fəlsəfi
bütün çətinliklərdə
işıq tapmaqdır. Deyir ki, məhz o
işığa görə yaşamağa
dəyər: "Həyatın əzabları xoş
günlərdən daha çox
olur. Amma mən həmişə
çalışmışam ki, pis günlərdə özümə
işıq tapım və o
işığa doğru gedim.
O vaxt
"Toz və almaz” adlı bir Polşa filmi var idi.
Filmin qəhrəmanı vurulub zibilliyə atılır.
Çirkabın içində almazın
işığını görür
və o işıq onu ölməyə qoymur. Bu, mənə
təsir etdi. Onda sonra dedim
ki, nə qədər çətinliyim,
əzabım olsa da o işığı axtaracam”.
Həmsöhbətimizin gənclərlə münasibətləri yaxşıdır. Deyir ki, gənclər həmişə yaşlılardan bir addım öndə olmalıdır: "Yaşlı nəsil öz dövrünə görə gənclərin fikirlərini asan qəbul etmir. Hətta bu mövzu Azərbaycan ədəbiyyatına da dəfələrlə sirayət edib. Mən çalışıram ki, cavanlarla aramda fikir anlaşmazlığı olmasın. Həmişə gənclər yaşlılardan bir addım qabaqda olmalıdır, bu, həyatın qanunudur. Biz yaşlılar da cavanları başa düşməyə meyilli olmalı, onlara dəstək olmalı və motivasiya etməliyik. Belə olanda gənclərlə yaşlıların ünsiyyəti də normal alınır”.
“Bəzən təəssüf edirəm”
Sonda gənclərə məsləhət verən müsahibimiz vurğuladı ki, gənclər kitaba meyilli olmalıdırlar: "Texnologiya əsrinin üstün cəhətləri olsa da, mən bəzən təəssüf edirəm. Çünki informasiya dövrü günləri an etdi, həyatı qısaltdı. Həyatın dinamikasını artırdı. İnsanlar texnologiyanın içində qaynamağa başladılar. İnformasiya bolluğunun çoxluğu gənclərin analiz etmə qabiliyyətlərinə mane olur. Hər şey daha konkretləşdi. 500 səhifəlik kitabı oxumaqdansa, internetdə araşdırıb qısa məlumat ala bilirlər. Təkcə Azərbaycanda deyil, bütün dünyada hansısa əsəri oxuyub imtahanı verməyə ehtiyac yoxdur. Qısa variantını tapıb, oxuyub imtahan verirlər. Gəncliyə arzum odur ki, kitab oxusunlar. Kitabı heç nə əvəz edə bilməz”.
Aygün ƏZİZ
Kaspi .- 2018.- 28 sentyabr.- S.12.