Artıq özümüz
informasiyanı yarada, paylaşa və iqtisadiyyatını qura
bilərik
“Azerspace-2”
artmaqda olan tələbləri qarşılamaq
üçün yüksək texniki imkanlar, əlverişli əhatə
zonası və keyfiyyətli xidmət təklif edəcək
Azərbaycanın "Azerspace-2” peyki sentyabrın 26-da Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb. Bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyev xalqımızı təbrik edib. O bildirdib ki, bu, ölkəmizin həyatında çox əlamətdar bir hadisədir: "Bu gün "Azerspace-2” peykimiz orbitə çıxarıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm. Bu, ölkəmizin növbəti qələbəsidir, dövlətimizin növbəti uğurudur. Son beş il ərzində Azərbaycan orbitə 3 peyk çıxara bilmişdir. Azərbaycan bu gün dünyanın kosmik klubunun üzvüdür və dünyanın kosmik sənayesində öz mövqelərini möhkəmləndirir. Peyklərin orbitə çıxarılması dövlətimizin gücünü göstərir, bizim siyasətimizi göstərir”.
Prezident bildirib ki, kosmik sənayenin inkişafı bu sahədə beynəlxalq əməkdaşlığımızı da dərinləşdirir: "Biz dünyanın bu sahədə böyük təcrübəyə malik olan aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edirik. Peyklərin, eyni zamanda, kommersiya tərəfi var. Bu gün Azərbaycan öz məhsulunu ixrac edir və peyklərin fəaliyyəti nəticəsində ölkəmizə valyuta gəlir. Azərbaycanın kosmik sənayedə əldə etdiyi uğurlar, eyni zamanda, qeyri-neft sektorumuzu inkişaf etdirir, qeyri-neft sənayemizi irəliyə aparır”.
Prezident vurğulayıb ki, müdafiə və hərbi potensialının gücləndirilməsi işində ""Azerspace-2”” peykinin xüsusi rolu vardır: "Bu peykin fəaliyyəti nəticəsində biz bu sahədə də xaricdən asılılığı tamamilə aradan qaldırdıq və bir çox ölkələr üçün peyk xidməti göstəririk”.
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi Babək Nəbiyev "Kaspi”yə açıqlamasında bildirdi ki, informasiya təhlükəsizliyi özlüyündə bir qədər geniş anlayışdır: "Buraya təkcə informasiya texnologiyaları və proqram təminatı aid deyil. Əslində, biz informasiyanın özünün təhlükəsizliyindən danışırıq. Yəni söhbət təkcə rəqəmsal deyil, həm də fiziki informasiyadan gedir. İnformasiya təhlükəsizliyinin əsas aspektlərindən biri də onun əlçatan olmasıdır. "Azərspace-2” kosmik peykinin buraxılması, həm də televiziya və radio yayımına dəstək oldu. Kosmik sənaye vasitəsi ilə artıq televiziya və radio yayımını təkcə yerüstü deyil, həm də peyk vasitəsilə realizasiya edə biləcəyik. Əsas üstünlük isə ondan ibarətdir ki, informasiya blokadasına düşmək təhlükəsinin qarşısı alınır və bütövlükdə informasiya suverenliyi təmin olunur. Artıq biz xarici ölkələrdən asılı deyilik. Özümüz informasiyanı yarada, paylaşa və onun iqtisadiyyatını qura bilərik”.
Millət vəkili Sevinc Fətəliyeva bildirdib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən uğurlu xarici və daxili siyasət ölkənin iqtisadi potensialının hərtərəfli inkişafının təməlini qoyub: "Nəticədə bu gün Azərbaycan dünyada ən sürətli iqtisadi inkişaf tempinə malik dövlətlər sırasında özünəməxsus yer tutur. Azərbaycanın kosmos ölkələri sırasına qoşulması da bu inkişafın əyani nümunəsidir. Son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə əlaqədar həyata keçirilən dövlət proqramları və əməli tədbirlər iqtisadiyyatın diversifikasiyası və yeni sənaye sahələrinin inkişafı üçün geniş imkanlar açıb. Azərbaycan hökuməti isə iqtisadiyyatın diversifikasiyası üçün qeyri-neft sektorunun inkişafında yeni və iddialı sahə olan müasir kosmik sənayenin inkişafını qarşıya məqsəd qoyub. Yəni, Azərbaycanda İKT-nin inkişafı ilə bağlı ən prioritet sahələrdən biri, kosmik sənayenin inkişaf etdirilməsidir”.
Millət vəkili qeyd etdi ki, Azərbaycanda
kosmik sənayenin yaradılması və ölkəmizin fəzaya
artıq üçüncü milli peykini
çıxarması, iqtisadi baxımdan səmərəliliyin
artmasına xidmət etməklə yanaşı,
iqtisadiyyatın digər sahələrinin inkişafı
üçün də stimul deməkdir. Eləcə də,
telekommunikasiya peykinin orbitə çıxarılması ilə
Azərbaycan MDB məkanında Rusiyadan sonra süni peykə
malik ikinci ölkə olmaqla, regionda bu sahədə
mövqeyini daha da möhkəmləndirir: "Bu gün orbitə
buraxılan "Azerspace-2” peyki Avropa, Mərkəzi və Cənub-Qərbi
Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini
əhatə edəcək. Yeni peyk "Azərkosmos”un xidmət
spektrinin və fəaliyyət coğrafiyasının
genişləndirilməsi ilə yanaşı, birinci
telekommunikasiya peyki – "Azerspace-1” peykinin orbitdəki
ehtiyatı olacaq. Peyk regionda dövlət və özəl
qurumlara şəbəkə xidmətləri sahəsində
artmaqda olan tələbləri qarşılamaq
üçün yüksək texniki imkanlar, əlverişli əhatə
zonası və keyfiyyətli xidmət təklif edəcək”.
Şəbnəm
Kaspi 2018.- 28 sentyabr.- S.6.