“Keçmişinizi lənətləməyin”

Zurab Sereteli: Sənət əsərini bir anda qiymətləndirmək olmaz, vaxt hər şeyi öz yerinə qoyacaq

Onun hazırladığı heykəllər təkcə doğulduğu Gürcüstanda və vətəndaşı olduğu Rusiyada deyil, dünyanın bir çox ölkələrində müxtəlif məkanları bəzəyir.

Heykəltəraş, rəssam və Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli Tbilisidə gürcü ailəsində anadan olub. Atası Konstantin Qeorqiyeviç Gürcüstanda inşaat mühəndisi kimi məşhur olub. Köhnə Sereteli nəslinin titullanmayan çələngini daşıyırdı. Anası Tamara Semyonovna Nijaradze, həmçinin knyaz qəbiləsinin nümayəndəsidir. Görünən odur ki, gənc Zurabın tərbiyəsində dayısı, rəssam Georqi Nijaradzenin təsiri olub. Gənc oğlan vaxtının çoxunu onun evində keçirirdi. Bu evdə adətən müxtəlif rəssamlar olurdu.

1958-ci ildə Zurab Tbilisi Rəssamlıq Akademiyasını bitirir və Gürcüstan Elmlər Akademiyasının Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutuna daxil olur. 1964-cü ildə Fransada oxuyanda Pavlo Pikasso və Mark Şaqal kimi görkəmli rəssamlarla ünsiyyəti ona incəsənətin sirlərini öyrədir. 1960-cı ilin sonlarından başlayaraq özünü monumental incəsənət sahəsində sınayan Seretelinin əsərləri illər keçdikcə doğulduğu Gürcüstanla yanaşı, Rusiya, Braziliya, Böyük Britaniya, İspaniya, ABŞ, Fransa, Belarus, Yaponiya və Litvanı bəzəyir. 1997-ci ildə Rusiya Rəssamlar Akademiyasının prezidenti seçilən Sereteli 2003-cü ildə Rusiya Federasiyası qarşısındakı xidmətlərinə görə prezident Vladimir Putin tərəfindən Rusiya vətəndaşlığına layiq görülüb. O, ilk gürcü və rus rəssamıdır ki, ABŞ-ın qızıl «Şərəf Ordeni» ilə mükafatlandırılıb. 

Z.Seretelinin əsərləri içərisində ölkəmizlə bağlı olan abidəsi – Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlunun bürünc heykəli də var. "Müasirlərim” silsiləsindən olan abidənin iki il əvvəl Rusiya Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində keçirilən təntənəli təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib. Sereteli heykəlin açılışında qeyd edib: "Bu əsər vasitəsilə qəhrəmanın özünəməxsusluğunu, heç kimə bənzəməyən səhnə üslubunu ifadə etdim. Bir çoxları məndən xahiş edir ki, onların heykəlini hazırlayım. Ancaq mən razılaşmıram, çünki heykəltəraşlıq əsərində obraz, xarakter olmalıdır. Polad Bülbüloğlu yaradıcı şəxsiyyətdir. O, məxsus olduğu böyük xalqın ənənələrini, dahi atası Bülbülün yaradıcılıq yolunu davam etdirir. Bunu qiymətləndirmək lazımdır. Polad Bülbüloğlunun yubileyi münasibətilə ona hədiyyə etdiyim heykəlin qalereyada Rusiyanın və dünyanın bir çox məşhur şəxsiyyətlərinin bürünc abidələri ilə bir sırada yer alması Rusiya ilə Azərbaycan arasında mehriban qonşuluq və dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək”.

Görkəmli heykəltəraş Rusiya mətbuatına müsahibəsində incəsənətin bütün sahələrin fövqündə durduğunu bildirib.

Hökmdarlar silsiləsi - Siz onlarla tanınmış insanın heykəllərini hazırlamısınız: Kolumb, Balzak, Brodski, Vısotski, Rostrapoviç, Soljenitsın, II Aleksey, II İlya və Kirilla, Şestakoviç, Aksyonov, Pavarotti, Pasternak və Svetayev. Növbədə kimdir?

- Mənim yeni işlərim – Mikelancelo və Leonardo da Vinçidir. Bunlarla yanaşı, Maleviç və Kandinski – dörd heykəl bir kompozisiyada əsərini hazırlayıram. Bu, bütünlüklə klassika və avanqard sənətdir. Həmçinin "Heykəltəraşlar” seriyası ilə başlanmış, Romanovlar ailəsinin bir sıra heykəllərinin bərpası başa çatıb. Rusiya dövlətinin tarixi (Romanovlar evi) dövrü üzərində iş 30 ildən çoxdur ki, davam edir. Seriya - hökmdarlara həsr edilmiş 18 bürünc heykəl və heykəltəraşlıq kompozisiyalarından ibarətdir - sülalənin qurucusu Çar Mixail Fedoroviçdən İmperator II Nikolaya qədər. Heykəllərin hündürlüyü 3 m-dən 8 m-ə qədərdir. Bütün heykəllər Preçistenka qalereyasında sərgilənir.

- Hökmdarlardan ən sevimlisi kimdir?

 - Mən bu yolda nə sonuncu, nə də ilk yaradıcıyam. Rusiyadakı hökmdarlar üçün abidələrin yaradılması ənənəsi 18-ci əsrə aiddir. İlk dəfə 1-ci Pyotra həsr olunmuş abidələr ortaya çıxdı. Mən yalnız bu davamlılığı qəbul etdim. 

- Romanov xanədanının nümayəndələrindən kim sizə daha çox əzizdir?

- Hamısı eyni cür qiymətlidir. Nəyə görə kimisə ayırmalıyam? Mənə görə, ölkənin tarixi ayrılmazdır. Böyük Pyotrdan əlavə, heykəllər seriyasına onun bacıları Sofiya Alekseyevna, imperatriçalar Yekaterina I   Yekaterina II, Elizaveta Petrovna, imperatorlardan Pavel I, Nikolay II, həmçinin imperatriça Mariya Feodorovna da daxildir. Üstəlik, Rusiya tarixində az tanınan personajlardan sayılan I Pyotrun qardaşlarından V Çar İvan və III Fyodor Alekseyeviçin, II Pyotr və III Pyotorun abidələri daxildir. Bütün heykəllərin bərpası sülalənin nümayəndələrinin ömür boyu portretlərinin ikonoqrafiyasına uyğun olaraq aparılır. Bunların hamısı Rusiya üçün də vacibdir. Epoxanın ruhunun fəryadı - Keçən ilin may ayında Moskvada Rusiyanın Hərb Tarixi Cəmiyyətinin ərazisində çar dövründən başlayaraq sovet dövlətinin məmurlarına qədər - 42 büstün yerləşdiyi Qubernatorlar Xiyabanının açılışı oldu. Bunlar sizin işinizdir. Sonra Yeltsinin büstünü açdılar. Bu insan haqqında nə deyə bilərsiniz? Rusiyanın tarixində onun rolu, yumşaq şəkildə desək,  birmənalı deyil - Kimi birmənalı olaraq qiymətləndirmək olar? Belə bir rəqəm deyə bilərsinizmi? Yaxşı, deyə bilərəm, Yeltsinin vaxtında Rusiya İncəsənət Akademiyası YUNESKO-nun Dünya İrs Siyahısına yazılıb. Buna görə ona "çox sağ ol” düşür.

- Heykəllərin dağıdılmasına necə baxırsınız - məsələn, Stalin, Dzerjinski və inqilabın digər liderlərinin heykəlləri?

- Çox pis... Niyə, bilirsiniz? Çünki bunlar özümüzlə aparmalı olduğumuz bir yaddaş anıdır. Hər bir epoxa özündən sonra, necə deyərlər, ruhunun fəryadını qoyub gedir. Ədəbiyyat, kino, musiqi, rəsm və monumental heykəltəraşlıq da daxil olmaqla.

Bütün bunları məhv etmək üçün biz kimik axı? Bundan əlavə, hər zaman sənətin şah əsərləri var və ideologiyanın bununla heç bir əlaqəsi yoxdur. Əhəmiyyətli deyil ki, kim nə vaxt əbədiləşdirilib - Stalin, Lenin və ya Dzerjinski - bu anılar toxunulmazdır. İnsanlar özləri kimin doğru və səhv olduğunu anlayıblar. Xalqı aldatmaq olmaz. Bütün millətlərin nağılları - Sizcə, əvvəlki dövrlərin rəmzləri xalqı sındırır?- İnsanları deyil, kütləni! Əslində Rusiyada sovet hökuməti xadimlərinin hələ də çox sayda abidələri var - hər bir küncdə - artıq qoymağa başqa yer də yoxdur. Buna görə də insanlar nadir istisnalarla, ümumiyyətlə, dövlət xadimlərinin heykəllərini rədd edir. Xalq köhnə dövrdə rus çarının heykəllərini necə vurduğunu xatırlayır, Xilaskar Məsihin məbədində partlayıcı qurulduğunu da unutmayıb. Nələri itirdik. Nadir yaradıcılıq nümunələri dağıdıldı. Bir təsəllimiz var ki, hər şeyi yenidən yarada bilərik.Xaricdə bir çox ölkələrdə qeyri-müəyyən xadimlərə aid abidələr var və heç kim onlara toxunmur. Orada başa düşürlər ki, sənət əsərini bir anda qiymətləndirmək olmaz, vaxt hər şeyi öz yerinə qoyacaqdır. Tez qərar vermək, səhv etmək deməkdir. Hətta əgər çoxlarına abidə və ya binada bir şeylər xoş gəlmirsə, bu o demək deyil ki, bunlar məhv edilməlidir. İstəyirsiniz, sübut edim? Məsələn, Rio de Janeyroda Xilaskar Məsihin heykəli. Braziliyada çox işləmişəm və bu heykəli ilk növbədə necə dağıtmaq istədiklərinin və əksinə, sonralar təqdir etdiklərinin şahidi olmuşam. Yaxud Eyfel qülləsi. Fransalıların buna etiraz etdiyini xatırlayın! Həmçinin də məşhur yazarlar Emil Zolya və kiçik Aleksandr Düma. Bu gün isə Qustav Eyfelin yaratdığı abidə Paris və bütün Fransanın ən tanınan memarlıq məkanı olub. Məsələn, mən 1945-ci ildə Yaltada keçirilən konfransın motivləri əsasında heykəllər işləmişəm – Stalin, Ruzvelt və Çörçil məşhur şəkildəki kimi oturublar. 2015-ci ildə bu heykəli Yaltada qoydular. Tək təşəkkürdən başqa bir şey qazanmıram. Eşitmişəm ki, Dzerjinskinin fiqurunu Lubyanski meydana qaytarmaq istəyirlər.  Tamamilə düzdür! Çığırmışam və yenə də təkrar edirəm: öz keçmişini lənətləmək lazım deyil. Zaman gələr, bizi də gələcək nəsil, nəvələr lənətləyər. Gəlin, hər şeyə incəsənət tərəfindən baxaq. O zaman hər şeydə çoxlu yaxşılıqlar, xeyirxahlıqlar görərik, Allaha və yaxınlarına qarşı sevgi, məhəbbət hiss edərik. Mən rəssam olduğumdan bu cür də düşünürəm. Təbiəti xeyirxah gözlərlə görürəm. Lakin nə vaxt ki ambisiyalar, emosiyalar başlayır, o zaman hökumətlər və insanlar arasındakı münasibətlər pozulur. Uşaqlıqda nənəm mənə təkcə gürcü nağıllarını deyil, bütün millətlərin nağıllarını danışırdı. Və o haqlı idi. Mən həyatı yaşadıqca bunu anlamışam. Hər şey bu dərəcədə asan deyil

 

 

 

- 85 yaş zarafat deyil. Buna baxmayaraq, sizi tez-tez ildönümlərində, yubileylərdə görürlər. Eyni zamanda, işinizin miqyası və əhatə dairəsi inanılmaz dərəcədədir. Bütün bunları necə çatdıra bilirsiniz? Ümumiyyətlə, heykəltəraş saat neçədə oyanır? 

- Kim məni görür? Harada? Mən bayramları qeyd etmirəm, sadəcə işləyirəm. İstəyirsinizsə, sizə səhər reseptimi deyim? Səhər tezdən, obaşdan oyanıram: valideynlərim də belə yaşayıblar. Görünür ki, bu məndə gendən gəlmədir. Atam səhər saat altının yarısında yuxudan oyanırdı, radionu, televizoru, elektrik ülgücünü işə salır və oxumağa başlayırdı. Mən artıq bunlara öyrəşmişdim. Yadıma gəlir, yazıq anam hər səhər atamla birgə oyanar və mənim başımın üstünü odeyalla örtərdi ki, bu səsləri eşitməyim və yuxumu alım. İndi isə mən özüm atam kimiyəm. Gimnastika ilə məşğul oluram, vanna qəbul edirəm və tələm-tələsik emalatxanama yollanıram.

Mənim üç emalatxanam var. Jivopisnaya - burada mənim ideyalarım doğulur, heykəltəraşlıq - orada qəlibçilər çalışır və əsas məsələ - o məkanda əsərlərim ərsəyə gətirilir. Və mənim bütün günüm bunların arasında keçir. Hamı düşünür ki, Sereteli imicini dəyişdi. Hər şey bu dərəcədə asan deyil.

 

Rusiya mətbuatından çevirdi

Təranə Məhərrəmova

Kaspi.-2018.-29 sentyabr.-1 oktyabr.-S.8.